Qədim tibb
kitabları Müzafəddin Əzizovun tərcüməsində...
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bir çox qədim tibbi əlyazmalar saxlanılır ki, zaman keçdikcə, institutumuzun əməkdaşları tərəfindən nəşrə hazırlanır, çap olunub oxuculara çatdırılır. İnstitutumuzun zəhmətkeş əməkdaşlarından biri də mərhum mətnşünas, ərəbşünas, tərcüməçi Hacı Müzafəddin Əzizovdur. Bu yazımızda onun bir neçə kitabından bəhs etmək istəyirik.
Dövrünün tanınmış alim və tərcüməçisi İshaq ibn Hüneynin “Sadə dərmanlar kitabı” Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüşdür. Kitabın redaktoru f.e.d. Nəsib Göyüşovdur. Hacı Müzafəddin Əzizov kitaba yazdığı “Ön söz”də İshaq ibn Hüneynin (830-910) Hirədə doğulduğunu, Bağdadda vəfat etdiyini, onun həkim kimi yetişməsində atası Hüneyn ibn İshaqın böyük rolu olduğunu, Bağdadda yaşıb-yaratdığını, ərəb, fars, yunan, siryani dillərini gözəl bildiyini, saray həkimi vəzifəsinə kimi yüksəldiyini, Yunan və Roma təbiblərinin sadə dərmanlar haqqındakı fikirlərini toplayıb ərəb dilinə tərcümə edərək bu kitabı ərsəyə gətirdiyini qeyd edərək yazır: “Bu əlyazmanın bir nüsxəsi Əlyazmalar İnstitutunda B-5409 şifrəsi altında saxlanılır və onun sanballı əsərlərindən sayılır. Kiçik formatlıdır, hər səhifəsi 14 sətirdən ibarət olub, həcmi 205 səhifədir. Kolofonu yoxdur. Tərtibatı çox sadə, mətni aydın, kifayət qədər oxunaqlı, kalliqrafik nəsx xəttilə köçürülmüşdür. Babaların, istinad edilən alimlərin (Hippokrat, Calinus, Qalen...) adları qırmızı rənglə yazılmışdır”.
Kitabda dərmanlar əlifba sırası ilə verilmişdir və əsər hərflərə görə 26 baba bölünmüşdür. Kitabın maraqlı tərtibatı vardır; müəllif bir dərmanın adını yazmış, sonra bir neçə alim təbibin həmin dərman haqqındakı fikrini vermişdir. Burada Dioskrid, Eginalı Pavel, Məğis, Andromax, Qalen, İryasus, Hippokrat, Ruf, Arxigen, Bucanəs, Fərfuryus, Masus, Quləs, Zəbucanis, Qərqubus, Sokrat, Bənaduq, Calinus kimi alimlərin fikirləri yer alır. Müxtəlif mənbələrdən istifadə etdiyi üçün müəllif həm Qalen, həm də Calinus yazmışdır. Müəllif təcrübə etdiyi dərmanlarda öz adını da qeyd etmişdir. Kitab tibb tarixinin öyrənilməsi üçün dəyərli mənbədir.
Hacı Müzafəddin Əzizovun növbəti tərcümələri Əbu Bəkir Məhəmməd ibn Zəkəriyya ibn Yəhya ər-Razinin əsərləridir. Razinin “Ət-tibbül-Mənsuri” (“Mənsur təbabəti”) adlı əsəri Elmi Şuranın qərarı, Valeh Vəliyevin redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında nəşr olunmuşdur. Kitabın “ön söz”ündə tarixə qısa ekskursiya edən, antik yunan və Roma alimlərinin təbabət haqqındakı əsərlərini mütaliə edib, onlara tənqidi yanaşaraq yeni əsərlər yazan alimlərin fəaliyyətini xüsusi vurğulayan müəllif yazır: “Belə alimlərdən birisi Əbu Bəkr Məhəmməd ər-Razidir. İslam dünyasının Calinusu və müsəlmanların baş həkimi adı ilə dünyada şöhrət qazanmış M.ər-Razi 240 h./854 m. İlində Tehran yaxınlığında Rey şəhərində anadan olmuş və 313 h./925 m. İlində orada da vəfat etmişdir. Böyük filosof, təbib, əczaçı alim, kimyagər, riyaziyyatçı və musiqiçi kimi şöhrət qazanmış M.ər-Razi yaradıcılığa Bağdadda başlamış və orada Calinus, Hippokrat və bir sıra Hind müdriklərinin yaradıcılığı ilə tanış olmuşdur”.
Deyilənə görə, təbabəti dirildən Calinus, onun pərakəndəliyini bir yerə toplayan M.ər-Razi, nöqsanlarını aradan qaldıran isə İbn Sina olmuşdur. XVII yüzilə qədər M.ər-Razi Avropada təbabət elminin ən mükəmməl bilicisi kimi şəhrət qazanmış, orada onun dərin elminə, əməli fəaliyyət sayəsində qazandığı çox dəyərli uğurlarına yüksək qiymət verilmiş və əsərlərindən stolüstü kitablar kimi faydalanmışlar. Onun 224 əsəri olmuş, yalnız 61 əsəri əldə edilmişdir. Razinin “Ət-tibbül-Mənsuri” əsərinin əlyazması Əlyazmalar İnstitutunda A-464 şifrəsi altında mühafizə edilir. Əsər 10 məqalədən ibarətdir, hər məqalə də bablara bölünmüşdür.
Müəllif əsərin əvvəlində dörd ünsürdən qısa məlumat vermiş, müxtəlif üzvlərdə xıltların yaranmasını, az-çoxluğunu qeyd etmiş və bəzi üzvlərin quruluşunun təsvirini vermişdir. Sonra mizaclara görə bədənlərin fiziki xassələri və hər üzvə görə insan təbiətinin təyini məsələləri işıqlandırılır. Daha sonra qidalardan, ədviyyatdan, hərəkətdən, yuxudan, geyimdən və onların hazırlanma materiallarından, ərazinin iqlimindən, qanalmadan, gigiyenik tədbirlərdən, xəstələrə qulluqdan, dəri xəstəliklərindən, səfər zamanı lazım olan profilaktik tədbirlərdən, sınıqçılıq peşəsindən, sınıqlardan, yaralardan, şişlərdən, zəhərlənmələrdən, həşərat və ilan sancmalarından və s. söz açılır. Nəhayət, bədənin başdan-ayağadək müxtəlif yerlərində əmələ gələn xəstəliklərdən bəhs edilir. Müəllif orqanların quruluşunu ayrı-ayrı fəsillərdə geniş şəkildə təsvir etmiş, hər orqanın xəstəliklərinin əlamətlərini vermiş və müalicəsində istifadə etdiyi dərmanları təqdim etmişdir. Burada baş ağrısı, miqren, başgicəllənmə, meningit, apopleksiya, letargiya, iflic, üzdə, dodaqda və alında yaranan çatların müalicəsi üçün, hətta boğazda tikan, sümük və s. ilişib qalması, dildə ağırlıq, yaralar, damaq xəstəliyi, diş xəstəlikləri, dilçəyin düşməsi və s. zamanı lazım olan müalicə üsulları və dərman vasitələri diqqətə çatdırılmışdır.
Kitabın sonunda qədim çəki və uzunluq vahidləri verilmişdir.
Əlyazmalar İnstitutunda B-615 şifrəli ərəb dilində olan bir əlyazma kitabında da Zəkəriyya ər-Razinin iki əsəri verilmişdir: “Əl-müxtəsər fit-tibb” (Tibbə aid müxtəsər) və “Bərüs-saət” (Bir saat ərzində sağalma). Həmin əsərlər elə bir kitabda H.M.Əzizovun tərcüməsində, Elmi Şuranın qərarı, f.e.d. Paşa Kərimovun redaktorluğu ilə “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur.
“Müqəddimə”də tərcüməçi müəllifin həyatı və elmi fəaliyyəti və həmin əsərlərin yaranması haqqında məlumat verərək yazır: “Əlyazma kitabının tərkibində olan hər iki əsərin bəzi paleoqrafik xüsusiyyətlərinə gəldikdə, deyə bilərik ki, əsərlərin mətnləri eyni xəttat tərəfindən, eyni vaxtda köçürülmüşdür. Mətnlər qara, başlıqlar isə qırmızı mürəkkəblə, kifayət qədər çətin oxunan, bəzi hallarda “şikəstə” xəttinin elementlərini özündə ehtiva edən nəstəliq xəttilə köçürülmüşdür. Səhifələrin haşiyələrində ərəb və fars dillərində qeydlər və izahlar verilmişdir, xəttin xüsusiyyətinə görə deyə bilərik ki, onlar da xəttata məxsusdur”.
“Müxtəsər tibb kitabı” 10 məqalədən ibarətdir. Birincidə ardıcıl olaraq dörd ünsürdən (od, su, hava, torpaq) və məzaclardan (isti və soyuq), xıltlardan, üzvlərdən (əsas, aparıcı, qeyri-əsas), qüvvələrdən (təbii, heyvani, nəfsani), ruhlardan (təbii, psixoloji, heyvani), ikincidə bədən üzvlərinin anatomik quruluşundan, üçüncüdə orqanizmin xəstəlik vəziyyətindən, xəstəliklərin səbəblərindən, dördüncüdə nəbzdən, sidikdən, çöküntülərdən, beşincidə qidalanmadan, bədən tərbiyəsindən, fizioterapevtik üsullardan, yuxudan, uşaqlardan, yeniyetmələrdən, qanalmadan, qusmadan, altıncıda baş, üz, göz, burun, qulaq, dil və s. xəstəliklərdən, yeddincidə tənəffüs, ürək, həzm, qara ciyər, dalaq xəstəliklərindən, səkkizincidə sidik-cinsiyyət üzvlərinin xəstəliklərindən, doqquzuncuda dəri xəstəliklərindən və qızdırmadan, onuncuda ət və süd məhsullarından, göyərtilərdən, meyvələrdən, yağlardan, ətirli bitkilərdən, içkilərdən bəhs olunur. Kitabda “Burunda yaralar barədə”, “Burunda babasillər yarsanması barəsində”, “İybilmə qabiliyyətinin itməsi barəsində” “Öskürək barədə”, “Ağ ciyər iltihabı barədə”, “Vərəm və plevrit barədə” başlıqları altında tənəffüs xəstəliklərindən, eləcə də digər daxili xəstəliklərdən, sarılıq xəstəliyindən və s. bəhs açılmışdır.
“Bir saat ərzində sağalma” çox bir neçə səhifəlik əsərdir, burada təcili yardım xarakterli müalicə və lazım olan dərman vasitəsi göstərilmişdir.
Kitabın sonunda tibbi terminlərin
lüğəti verilmişdir.
Hacı
Müzafəddin Əzizovun
ərəb dilindən
tərcümə etdiyi
növbəti kitab
XIII əsrin sonu, XIV əsrin əvvəllərində
əvvəlcə Şirvanda,
sonralar Türkiyə sultanlarının saraylarında
fəaliyyət göstərmiş
görkəmli Azərbaycan
alim təbibi Məhəmməd ibn
Mahmud ibn Hacı Şirvaninin “Ətriyyat bağı” əsəridir.
Kitab Elmi Şuranın qərarı ilə “Elm” nəşriyyatında nəşr
olunmuşdur. Kitabın elmi
redaktoru tarix üzrə elmlər doktoru, professor Fərid Ələkbərli, rəyçi
və ön söz müəllifi f.e.d., professor Kamandar Şəriflidir.
Kitaba yazdığı “Dövrünün
görkəmli təbibi”
adlı ön sözdə qədim tibb tarixindən qısa məlumat verən, Məhəmməd
Şirvaninin əsərlərindən
və tərcümələrindən
bəhs edən
professor Kamandar Şərifli
sonda təəssüflə
yazır: “Zəngin və çoxsaylı elmi irsi olan
Məhəmməd bin Mahmud bin Hacı Şirvaninin əsərlərinin orta əsr əlyazmaları dünya ölkələrində,
o cümlədən Türkiyədə,
Fransada, Suriyada, İraqda, Almaniyada, Misirdı, Vatikanda və başqa ölkələrdə geniş
yayılmasına və
ayrı-ayrı alimlərin
tədqiqat obyuektinə
çevrilməsinəbaxmayaraq, “Xəridət əl-əcaib
və fəridət əl-qəraib” tərcüməsi
və “Raudətül-ətr”
əsərinin bu tərcüməsi istisna olmaqla əsərləri indiyədək öz vətəni Azərbaycanda
nə araşdırılmış,
nə də nəşr olunmuşdur”.
Kitabın “Müqəddimə”sində müəllif Allaha həmdü səna edir, Allahın Peyğəmbərə (s) və ailəsinə (ə.m.) xeyir-dua etdiyini qeyd edir. Bədən elminin din elmindən əvvəl yarandığını, İmam Cəfəri-Sadiqin (ə) onların hər ikisinin əkiz yarandıqlarını söylədiyini diqqətə çatdırır və yazır: “Bizə bu gün məlum olan əczaçılıq elmi ümumən tibb elminin bir sahəsidir. Tibb elmi isə mövcud sağlamlığın qorunub saxlanmasında, itirildiyi halda isə onun bərpa edilməsinə xidmət edir. Və beləcə də təriflənir. Lakin ümumən tibb elmini və onun bir sahəsi olan əczaçılığı bir-birindən ayrı təsəvvür etmək olmaz”. Müəllif bu əsəri hazırlarkən “Əl-Qanun fit-tibb”, “Əz-Zəxirə”, “Əl-İrşad”, “Əl-Mələki”, “Əl-Mucəz”, “Əl-Kifayə” və s. əsərlərdən istifadə etdiyini və alim təbiblərdən eşitdiklərini və qazandığı təcrübəni də əlavə etdiyini bildirir. Əsər 44 fəsildən ibarətdir. İlk 10 fəsildə: “Əczaçılıqla məşğul olmaq istəyənlərə bəzi tövsiyələr”, “Əczaçılıq sənətinə necə başlamalı”, “Sadə dərmanların barəsində görülməli tədbirlər”, “Sadə dərmnların sınaqdan keçirilməsi barəsində”, “Sadə dərmanların yandırılması və qvrulması barəsində”, “Yandırılmış və yandırılmamış ədviyyənin yuyulması üsulları barəsində”, Mineral, bitki və heyvan mənşəli sadə dərmanların (təktərkibli) emalı və həll edilməsi barəsində”, “Əlifba sırası ilə ədviyyələrin şərhi barəsində”, “Sadə və mürəkkəb dərmanların əvəzlənməsi barəsində” (ərəb əlifba sırası ilə)”, “Bəzi çəki vahidləri (ərəb əlifbası sırası ilə)” kimi məlumatlar verilmişdir.
Sonradan sanki yeni bir əsər
başlayır. Burada 44 bab vardır.
I babın I fəsli
gülabların alınması
və şərabların
hazırlanması, II fəsil
müxtəlif şərablar,
onların faydası, qəbulu, dozası haqqındadır. Daha
sonra hər babda beləcə hər bir şey
haqqında məlumat verilmişdir ki, burada skəncəbinlər,
şirələr, mürəbbələr,
dərman məcunları,
gülablar, məcunlar
(qarışıqlar), ürəkfərəhləndiricilər,
keyləşdiricilər, xüsusi
şirniyyatlar, tiryaqlar,
iyarəclər, ətrifüllər,
həblər, bişmişlər,
quru meyvələrin şirələri, sular, qarqaralar, sürtkülər,
asqırdıcılar, kökəlmə
vasitələri, arıqlama
vasitələri, paraşoklar,
yastı həblər,
quru ədviyyədən
alınan şirələr,
imalə vasitələri,
tamponlar, sarğılar,
yaxmalar, mərhəmlər,
yağlar, dəmləmələr,
vannalar, kompreslər, qoxular, maskalar, kosmetik vasitələr, gözə sürmə kimi çəkilən dərmanlar, pəhriz yeməkləri vardır.
Bu kitablar tibb tarixi ilə məşğul olmaq istəyənlər, həkimlər, tələbələr, habelə bütün insanlar üçün gərəklidir. Müzafəddin müəllim gözəl, səmimi, dəyərli insan olduğu kimi, ömrünün bir hissəsini həsr etdiyi bu tərcümə kitabları da bizim üçün çox dəyərlidir. Allah rəhmət eləsin, ruhu şad olsun.
Sona Xəyal
Bakı Xəbər.- 2024.- 20 sentyabr (¹ 169).- S.15.