Suverenlik günü dövlət və ictimai mənafeləri tam əks etdirən fəxri rəmzdir

 

Dövlət və ictimai maraqların uzalaşdığı, bir-birini tamamladığı hadisələrdən biri  Dövlət Suverenliyi Gününün təsis edilməsidir ki, bu Azərbaycanın əzəmətli Zəfərinin təntənəsidir. 23 saatlıq antiterror əməliyyatları nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, terrorçuların fəaliyyətinə birdəfəlik son qoyuldu və Azərbaycanın üçrəngli bayrağı Xocalıda, Xankəndidə, Ağdərədə də dalğalandı, dövlətimizin ərazi bütövlüyü bərpa olundu, ərazilərimizdə sverenliyimiz bərqərar edildi.

 

Şəhidlərimizin canı, qazilərimizin qanı hesabına, Müzəffər Ordumuzun rəşadəti ilə əldə etdiyimiz qələbə Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin alqışla qarşıladığı tarixi hadisə oldu.   Biz xalq və dövlət olaraq Dövlət Suverenliyi Gününü haqq etdik və qələbə bəxş edən bu günü əziz bayramlarımızdan biri olaraq qeyd edirik.

 

20 sentyabr müasir tariximizə Dövlət Suverenliyi Günü olaraq daxil edilib.

 

Biz buradayıq, Azərbaycan gerbi və Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də əbədi bu qələbə bizimlə olacaq, əbədi bu qələbə bizim tariximizdə olacaq. Bizdən sonra gələn nəsillər əbədi bu qələbə ilə haqlı olaraq fəxr edəcəklər”. Bu fikirlər Prezident İlham Əliyevin 20 sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı paylaşımında yer alıb.

 

Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır...

 

Sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

 

Sərəncamda bildirilir: “2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

 

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

 

“Dövlət Suverenliyi Gününün təsis olunmasının böyük əhəmiyyəti var

 

Müasir İnkişaf Birliyinin rəsbəri, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, Dövlət Suverenliyi Günün təsis edilməsi dövlət və ictimai maraqların təmin olunmasına tam olaraq uyğundur: Hesab edirəm ki, hər baxımdan bu Sərəncamın çox böyük əgəmiyyəti var. Çünki Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunması məsələsi bizlər üçün həyati önəm daşıyan tarixi bir hadisədir.  Qarabağ torpaqlarının 30 ilə yaxın işğal altında olması xalqımıza, dövlətimizə çox ciddi çətinliklər, mənəvi narahatlıqlar yaşadırdı. Bizim xalq olaraq, ictimaiyyət, dövlət olaraq bütün resurslarımız bu problemin həllinə yönəlirdi, istiqamətləndirdi. Bu baxımından, bu münaqişənin mövcudluğu  xalq və dövlət olaraq inkişafımıza çox ciddi maneə törədirdi. Başqa bir tərəfindən, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, yarıtmaz təşkilatçılığı ilə aparılan danışıqlarda da müşahidə edirdik ki, erməni tərəfi Xankəndi və onun ətraf əraziləri ilə bağlı məsələlərin müzakirə olunmamasına, bunun gündəmdən çıxarılmasına çalışırdı. Yəni deyək ki, digər rayonların azad olunması müzakirə predmeti olurdusa Xankəndi mövzusunu ermənilər gündəlikdən çıxarmağa cəhdlər edirdilər. 1923-cü ildə qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması baş verəndən, orada separatizm ocağı formalaşandan 2023-cü ilin sentyabrında baş verən lokal xarakterli antiterror tədbirlərinə qədər yüz illik bir “xərcəng şişi”Azərbaycan Respublikasının daxilində metastaz verən bir yaraya çevrilmişdi. Biz bu qanqren verən məsələni kəsib atmalı, onu kökündən həll etməli idik. Antiterror tədbirləri ilə biz bu problemi kökündən həll etdik və istəyimizə nail olduq. Antiterror tədbirləri ilə Xankəndini, Xocalını, Ağdərəni, digər işğalda olan ərazilərimizi tamamilə azad etdik. Bununla da bizim uzun illər arzusunda olduğumuz, uğrunda mübarizə apardığımız ərazilərimiz üzərində suverenliyimizin tam bərpa olunması, ərazi bütövlüyümüzün təmin edilməsi nəinki mümkün oldu, hətta biz tarixi ədalətsizliyə son qoyduq, böyük bir problemi həll etdik. Bu mənada Dövlət Suverenliyi Günün təsis olunmasının böyük əhəmiyyəti var. Bu bizə bütövlüyümüzü, gücümüzü özümüzə xatırladır,   əzəmətimizi dünyaya göstərir”-deyə bildirən M.Göyüşlü qeyd etdi ki, bu bizim birliyimizi, dövlət və xalq birliyinin, dövlət və ictimai maraqların bağlılğını, monolitliyini bir daha təsdiqləyir.

 

Bu həqiqətən də bizim birliyimizingücümüzün simvolu olacaq

 

Biz xalq olaraq göstərdik ki, bizim birliyimizi heç nə sarsıda bilməz. Dövlət Suverenliyi Günü bir daha sübut edir ki, biz xalq, dövlət və ordu birliyi nəticəsində çox şeyə nail olmuşuq, gələcəkdə də çox məsələlərə nail olacağıq. Bu, Azərbaycan dövlətində bu cür separatizm ocaqlarının yaradılmasının mümkün olmadığını düşmənlərimizə göstərir, bu niyyətə düşənlərin məkrli məqsədlərini bloklayır. Bu ermənilərə xatıraladaq ki, Azərbaycan Respublikasının daxilində heş bir separatizm ocağı yaradıla bilməz, Azərbaycanla diqtə dilində danışmaq olmazsair.

 

Bu baxımdan, hesab edirəm ki, Dövlət Suverenliyi Günün təsis olması həm dövlət, həm də ictimai əhəmiyyətli bir tarixi hadisəsdir. Bu tarix də xalqımız və dövlətimiz üçün əhəmiyyətli günlərdən biri kimi hər zaman qeyd ediləcək. Bunun çox böyük simvolik mənası var. Bu həm də bizim ərazi bütövlüyümüz uğrunda şəhid olan insanlarımız, əsgərlərimizi, hərbiçilərimizi, bu uğurda qan tökən qazilərimizi bizə xatırladacaq. Bu bütpvlükdə ictimaiyyətə, xalqa onu təlqin edəcək ki, dövlətin suverenliyini qorumaq lazımdır, onu heç bir halda təslim etmək olmaz, bu məsələdə heç bir zaman güzəştə gedilməz. Bu həm də xalqının bu məsələdə qətiyyətini bir daha dünyaya nümayiş etdirmiş olacaq. Bu həqiqətən də bizim birliyimizingücümüzün simvolu olacaq”-deyə M.Göyüşlü vurğuldadı.

 

İradə SARIYEVA

Bakı Xəbər .- 2024.- 21-23 sentyabr (¹170).- S.8.