“Böyük
Qayıdışın” içində azad
rayonlara milli dəyərlərimiz
də qayıdır...
Torpaqlarımız işğaldan azad edildikdən sonra “Böyük Qayıdış” proqramı hazırlanıb icra edilməyə başladı.
Böyük Qayıdış İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın Qarabağın işğaldan azad edilmiş hissəsini və Şərqi Zəngəzuru bərpa etmək və bu ərazilərin yerli sakinləri olan azərbaycanlıları geri qaytarmaq prosesinə verilən addır. Bu layihəyə dağılmış şəhərlərin və binaların yenidən qurulması, ağıllı kəndlərin, eləcə də hava limanlarının tikintisi daxildir.
2026-cı ilə qədər Böyük Qayıdış proqramının I mərhələsinin tamamlanacağı və bu mərhələdə 140 min məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura qayıdacağı planlaşdırılır. Hazırda işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun 3 şəhərində (Laçın, Füzuli, Şuşa) və 4 kəndində azərbaycanlıların məskunlaşdırılması təmin edilib. Zəngilanın Ağalı kəndi azərbaycanlıların işğaldan sonra məskunlaşdığı ilk yaşayış yeridir. 10 may 2024-cü il tarixindən etibarən, keçmiş Laçın dəhlizinə daxil olan 3 yaşayış məntəqəsində də (Laçın, Zabux və Sus) azərbaycanlıların məskunlaşdırılması təmin edilib və proses davam edir.
“Böyük Qayıdış” çərçivəsində qədim Azərbaycan şəhəri Xocalıda da məskunlaşdırma qismən həyata keçirilib, Xankəndi şəhərində də bu proses davam etdiriləcək, keçmiş məcburi köçkünlər öz evlərinə dönəcəklər.
Azad ərazilərə “Böyük Qayıdış” özü ilə xalqımızın qədim toy və yas adətlərini də daşıyıb aparır. Öz yurdlarında məskunlaşan vətəndaşlarımız toy adətlərimizi bərpa ediblər. İndiyə qədər əhalinin məskunlaşdığı azad rayonlarda bir neçə toy məclisi təşkil edilib.
İşğaldan azad edilmiş ərazilərdə ilk toy təxminən 7 ay əvvəl Zəngilanda baş tutdu və 30 ildən sonra zəngilanlılar öz yurdlarında toy səsi eşitdilər. Bundan başqa yerlərdə də toy məclisləri qurulub. Bir neçə gün əvvəl isə işğaldan azad edildikdən sonra Xankəndidə ilk Azərbaycan toyu keçirildi. Bir vaxtlar mənfur ermənilərin toy-büsat qurduğu yurdlarımızda indi öz vətəndaşlarımız toy edirlər. O torpaqlar yağıya qalmadığı kimi, ö bölgənin toy adətləri, yas mərasimlərin keçirilməsi qaydaları da sıradan çıxmadı. İnsanlarımız o bölgənin adət-ənənələrinə uyğun toy mərasimləri keçirirlər. Toy adətlərimizin azad ərazilərdə bərpası o deməkdir ki, biz öz milli-mənəvi dəyərlərimizə, yerli adətlərə sahib çıxmağı, onları yaşatmağı bacarırıq.
“Bunun həm mənəvi, həm tarixi əhəmiyyəti böyükdür”
"Türk Dünyası İnfo" İctimai Birliyinin sədri Dəyanət Osmanlı “Bakı-Xəbər”ə bildirdi ki, qədim Oğuz yurdu Qarabağda və Şərqi Zəngəzurda toy və yas məraismlərinin bərpası, yerli adətlərə uyğun keçirilməsi çox mühüm məsələdir. D.Osmanlı hesab edir ki, hər bir xalq öz milli adət-ənənələri, mənəvi, mədəni dəyərləri, folkloru, etnoqrafiyası ilə özünü diri saxlaya bilir. O, bildirdi ki, toy adətləri etnoqrafiyamızın ən mühüm qollarından biri kimi öz ənənələri ilə seçilir. D.Osmanlı qeyd etdi ki, 28-30 ildən sonra azad ərazilərdə toyların keçirilməsi çox mühüm məsələdir və bu adətlərin bərpası bizim xalqa olaraq haqqımızdır. “Qarabağa və Şərqi Zəngəzura qayıdış, bu istiqamətdə “Böyük Qayıdış” proqramının həyata keçirilməsinin bütün mənalarda böyük əhəmiyyəti var. “Böyük Qayıdış”ın mahiyyəti sadəcə keçmiş məcburi köçkünləri öz evlərinə, yurd-yuvalarına qaytarmaq deyil, həm də onlarla bərabər bütün toy və yas, mərasim adətlərinin, bayram ənənələrinin geri qayıtması, bərpa olunmasıdır. Bunun həm mənəvi, həm tarixi əhəmiyyəti böyükdür. Bu gün əhalinin məskunlaşın nəticəsində xalqın adətləri bərpa olunur, orda toy, yas mərasimləri keçirilir. Milli bayramlar qeyd ediləcək. Bu yerlərdə həyat tamamilə özünə qayıdır. Bu isə xalqın özünə, öz mədəniyyətinə, adət-ənənəsinə bağlılığından keçən hadisədir.
Təsəvvür edin ki, o torpaqlar 30 ilə qədər işğal altında qalıb və işğalçı qüvvələr bu xaqlın bütün varidatını dağıdıb, ev-eşiyini talan edib, yurdunu, torpağını viran qoyub, amma bu 30 ildə o camaat öz inancını, adət-ənəsini saxlayıb, qoruyub, mühafizə edib. Bu əsas məsələlərdən biridir”.
“Məskunlaşma gedən azad rayonlarda, kəndlərdə biz öz adətlərimizi bərpa etməklə...”
D.Osmanlı bildirdi ki, “Böyük Qayıdış” keçmiş məcburi köçkünlərin tamamilə həyatını dəyişib. O, qeyd etdi ki, laçınlılar, kəlbəcərlilər, zəngilanlılar, şuşalılar, füzulilər, ağdamlılar, cəbrayıllılar, qubadlılar və sair öz yurdlarına qayıtdıca düşmənin söndürdüyü ocaqlar alışdırılacaq və daha şövqlə alovlanacaq. “Bu o fikri bir daha təsdiqləyir ki, biz erməni separatizmi, erməni lobbisi, onları dəstəkləyənlər, terrorçu Ermənistan üzərində yalnız hərbi, siyasi-diplomatik deyil, həm də mənəvi qələbə çalmışıq. Əhalinin əbədiyyən geri qayıtması, orada evlərinin işığını yandırması, ocaqlarını qalaması, yurdlarını sevindirməsi, orda toy-büsat qurması bizim xalq olaraq mənəvi qələbəmizin simvoludur. Azad ərazilərdə toylarımızın, qədim adətlərimizin bərpası hadisəsi bizim mənəvi qələbəmizin simvolu kimi çox dəyərlidir. Məskunlaşma gedən azad rayonlarda, kəndlərdə biz öz adətlərimizi bərpa etməklə düşmənə layiq olduğu cavabı veririk. Çünki əhali öz yurdlarına dönməklə ora özləri ilə bütün ənənələrimizi aparıb, onlar əsasında toylar qururlar.
Xankəndidə keçirilən ilk toy isə düşmənə ağır zərbə oldu. Baxın, orada Qarabağ Universiteti açıldı, müxtəlif dövlət qurumları fəaliyyət göstərir, şadlıq evində toy keçirilir, bunlar çox mühüm məsələdir. Biz o torpaqlara əbədi qayıtmışıq və öz yurdumuza qiyamətə qədər sahib çıxmışıq”-deyə D.Osmanlı bildirdi.
İradə
SARIYEVA
Bakı Xəbər 2024.- 26 sentyabr (¹ 173).- S.8.