Azərbaycançılıq
ideyası dövlətin və cəmiyyətin mənafelərini
eyni ruhda ifadə edə
bilir...
Bəllidir ki, ideologiya ictimai quruluşun tərkib hissəsi və dövlətin fəaliyyətinin mühüm elementidir.
Dünya təcrübəsi göstərir ki, heç bir dövlət ideoloji prosesdən imtina etməyib, çünki bir ölkədə transformasiyalar yaratmaq və həyata keçirmək üçün hər zaman irəli sürülən konsepsiyaya, ideala, ideyaya, baxışa sadiq insanlar lazımdır.
İdeologiya güclü birləşdirici vasitədir
Yuxarıda qeyd edilənlər fonunda ideologiyanın dəyər mənasının yüksək olduğunu görmək olar. Birincisi, o, əhaliyə cəmiyyətin və dövlətin hərəkət istiqamətini göstərir. Bu, həm də dövlətin mövcudluğunun ümumi prinsiplərinin formalaşmasını, əksəriyyət tərəfindən paylaşılan siyasətini nəzərdə tutur.
Beləliklə, ideologiya ictimai inkişafın hərəkətverici qüvvəsinə çevrilir və cəmiyyətin siyasi səfərbərliyi aləti kimi çıxış edir. Bu, onun əsas tətbiqi tərəfidir. Müəyyən dəyərlərin kifayət qədər uzun müddət ərzində milli həyatın həm səfərbər, həm də inteqrasiya prinsipinə çevrildiyinə dair çoxlu nümunələr var. Onların nə dərəcədə bütün xalq tərəfindən qəbul edildiyi başqa sualdır. Lakin ideologiya ların səfərbərlik gücü tarixən sübut edilib. İkincisi, dövlət ideologiyası hakimiyyətin qanuniliyi ilə bağlıdır. Əhali arasında dəstək tapan ideyalar onun legitimliyini artırır, dövlət hakimiyyətini gücləndirir və müvafiq olaraq sosial və hökumət islahatlarının səmərəsini artırır. Ona görə də dövlət, seçdiyi ideologiyanı gücləndirmək üçün bu və ya digər təbliğat maşınına, kütləyə və kütləvi şüura bu və ya digər təsir alətinə malik olmasaydı, dövlət olmazdı. İdeologiya güclü birləşdirici vasitədir, onsuz hər hansı dövlət dağılır və möhkəmliyini itirir, ona görə də heç bir dövlət uzun müddət qeyri-ideoloji ola bilməz. Bu mənada azərbaycançılıq ideyası müasir Azərbaycanın mövcudluğunun əsas təməl sütunlarından biridir. Qeyd edək ki, Azərbaycan dövlətçilik irsinin araşdırılması və təbliği, öz tarixinə və gələcəyinə, milli və mənəvi dəyərlərinə hörməti özündə əks etdirən azərbaycançılıq ideoliogiyası həm də milli dövlətçilik strategiyamızın təməl prinsiplərini təşkil edir. Onu da nəzərə almaq lazımdır ki, ideologiya təkcə dövlətə deyil, əhaliyə də lazımdır. İdeologiya sadəcə müəyyən ideyaların məcmusundan ibarət deyil. Bu, dünyaya, cəmiyyətə və insana, dövlətə və insana baxış sistemi, bu və ya digər dəyər oriyentasiyasını müəyyən edən sistem və davranış xəttidir. Onun olmaması insanın cəmiyyətdə naviqasiyasına imkan verən koordinatların itirilməsinə gətirib çıxarır və nəticədə bəziləri üçün sosial reallıq mənasız olur və gələcək qeyri-müəyyən görünür. İdeologiya, ilkin olaraq hansı ictimai-mənəvi yükü daşımasından asılı olmayaraq, dövlət ideologiyasının qanunları əsasında inkişaf edir.
Plüralizm prinsiplərinə əsaslanan, Azərbaycanın dinamik tərəqqisinə xidmət edən ideologiya...
İdeologiya müxtəlif yollarla formalaşır ki, bu da siyasi rejim tərəfindən müəyyən edilir. Normal, demokratik rejimlərdə hər bir ictimai qüvvə bir-biri ilə rəqabət aparan, öz haqlılığını siyasi arenada sübut edən öz baxış və ideyalar sistemini inkişaf etdirir. İdeologiyanın özü ictimai həyatın yalnız bir hissəsidir, onun əsas hissəsi sosial qrupların, siniflərin, mülklərin sosial, iqtisadi, siyasi və digər baxışlarından ibarətdir.
Siyasi mübarizə zamanı müəyyən cəmiyyətin inkişafının müəyyən mərhələsində öz vədini, mütərəqqiliyini sübut edən qüvvə hakimiyyətə gəlir və onun ideologiyası da rəsmi ideologiyaya çevrilir və dövlətin fəaliyyətinə rəhbərlik edir. Bu, o deməkdir ki, cəmiyyətdə iqtisadi və sosial proqramlar onun postulatları əsasında qəbul edilir və həyata keçirilir. Adətən cəmiyyətdə müxtəlif partiyalar fəaliyyət göstərir, mübarizə aparır və hakimiyyətə gələrək hökumət qururlar. Hakimiyyətin uğursuzluğu o deməkdir ki, ideoloji postulatlar situasiyaya uyğun gəlmir, onları islah etmək, təkmilləşdirmək, ideologiyanı vəziyyətə uyğunlaşdırmaq lazımdır. Əgər bu kifayət etmirsə və ya mümkün deyilsə, məsələ köklü şəkildə həll olunur, başqa ideologiyanı təcəssüm etdirən, cəmiyyətin fərqli hissəsinin maraqlarını təmsil edən ictimai xadimlər hakimiyyətə gəlir. Bunlar fonunda ən perspektivlisi milli ideyadır. Azərbaycançılıq ideyası məhz bu qəbildən olan haldır. O, xalqımızın, dövlətimizin ruhunu ifadə edən bir ideya kimi bu gün də, sabah da bizim yolumuzda yanan əbədi mayak rolunu oynayır. Burada nəzərə almaq lazımdır ki, yaşadığımız dünya yalnız iqtisadi, sosial-siyasi münasibətlər dünyası deyil, həm də etnik münasibətlər dünyasıdır. Odur ki, bu və ya digər xalqın ön sıralarda getməsi üçün tarixən qazandığı etnik potensialdan tələb olunan səviyyədə istifadə etməsi lazım gəlir. Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır: Bu, ana dilidir, Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir. Müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həm həmrəyliyi gücləndirməkdən, həmin köməyin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Azərbaycançılıq ideyası məzh buna xidmət edir. Azərbaycanda vətəndaş sülhünü, ümumxalq vəhdətini, milli və dini tolerantlığı təmin edən azərbaycançılığın digər tarixi missiyası müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinin təmin olunmasından ibarətdir. Bunlar fonunda bir daha dəqiq görünür ki, müasir Azərbaycana sözügedən ideologiya mütləq şəkildə lazımdır. Siyasi və ideoloji plüralizm prinsiplərinə əsaslanan ideologiya Azərbaycanın dinamik tərəqqisinə xidmət edir. O, dövlətçiliyin bünövrəsidir. Bütövlükdə cəmiyyət üçün məqbul olan vahid ideologiya bu gün həyati əhəmiyyət kəsb edir. Onsuz cəmiyyət təbəqələşir və birliyi itirir. Və belə bir vəziyyətdə hər hansı irəliləyişdən, o cümlədən demokratik inkişaf yolundan söhbət gedə bilməz. Azərbaycançılıq ideyası bu mənada sürətli inkişafın əsas zəminlərindən biri kimi ölkəmizin yüksəlişinə xidmət edir.
Tahir TAĞIYEV
Bakı Xəbər 2024.- 28-30 sentyabr (¹ 175).- S.8.