AZƏRBAYCAN DİLÇİLİYİNDƏ AFAD QURBANOV FENOMENİ

 

Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Türk Dil Qurumunun üzvü, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, professor Afad Qurbanovun elmi yaradıcılığı çoxşaxəli, dəyərli və mövzu dairəsi etibarilə olduqca geniş və əhatəlidir.

 

Onun mənalı yaradıcılıq yolu əsl ziyalılıq təcəssümüdür. Azərbaycan dilçiliyinin inkişafında əvəzsiz xidmətləri olan, adı Azərbaycan və türkoloji dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, görkəmli alim professor Afad Qurbanov 80 illik ömrünün 60 ilini Azərbaycan  dilçilik elminin inkişafına, Azərbaycan təhsilinə, elminə həsr etmişdir. Görkəmli alim Azərbaycan dilçiliyinin müxtəlif şöbələri, eləcə də ümumi dilçiliyin nəzəri problemləri ilə bağlı 70-dən çox kitab, monoqrafiya, dərslik və 500-dən artıq elmi məqalənin müəllifidir. Bu əsərlərində görkəmli türkoloq dillər ailəsində Azərbaycan dilinin yerini müəyyənləşdirmis, Azərbaycan dilinin inkişaf tarixini, dilin lüğət tərkibinin zənginləşmə yollarını, Azərbaycan dilinin leksik və fonetik sisteminin, qrammatik qurulusunu, funksional üslublar və onların təsnifi məsələlərini nəzəri dilçiliyin problemləri istiqamətində tədqiqata cəlb etmişdir. Dilçilik elminin obyekti, elmi və əməli əhəmiy­yəti və inkişafı, ictimai elmlərlə əlaqəsi faktlarla izah olunmuşdur. Dilin mahiyyəti, mənşəyi, işarəvilik sistemi və inkişafı məsələləri, dünya dilləri, dillərin genealoji bölgüsü, dil və yazı, yazının tipləri istiqamətinə görə yazıların təsnifi (üfüqi, şaquli), təhlil edilmişdir. Bununla yanaşı Afad Qurbanov tətbiqi dilçiliyin əlifba, qrafika, yazı və onun növləri, orfoqrafiya, orfoepiya, leksikoqrafiya şöbələrinin aktual problemləri ilə bağlı tədqiqatlar aparmışdır.

 

Azərbaycan dilçiliyində onomastikanın dilçiliyin bir şöbəsi kimi aktual problemlərinin sistemli şəkildə tədqiqi A.Qurbanovun adı ilə bağlıdır. Şəxs adlarının yaranma və inkişaf tarixi, onların mahiyyəti, sistemi, mənşəyi, yayılma regionu antrotoponimikanın əsas problemləri kimi ilk dəfə onun əsərlərində tədqiq olunmuşdur. Azərbaycan dilçiliyində onomastik vahidlərin formalaşmasını, inkişaf dövrlərini və hər bir dövrün səciyyəvi cəhətlərini dil faktları ilə araşdıran A.Qurbanov olmuşdur. Onomalogiyanın aktual problemləri ilə bağlı 100-ə qədər məqaləsi, “Antroponim nəzəriyyəsi”, “Azərbaycan onomastikası” və “Azərbaycan onomalogiyasının əsasları” (2 cild) monoqrafiyalarında onomalogiyanın elmi-nəzəri əsasları müəyyənləşdirilmişdir. Professor A.Qurbanov bu əsərlərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmış, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirməyə nail olmuşdur. Onun onomalogiya ilə bağlı ən fundamental əsəri  1988-ci ildə nəşr olunmuş, Dövlət Mükafatına layiq görülmüş “Azərbaycan dilinin onomalogiyası” kitabıdır. Afad Qurbanov yalnız Azərbaycan onomastikasının deyil, türkdilli xalqların onomastikası ilə bağlı tədqiqatlar apararaq ümumiləşdirmələr əsasında bəşər tarixində türk dillərinin qlobal problemlərini həll etmişdir. Çünki onomastikanın mühüm layını təşkil edən toponimlər qədim türk tayfalarının yaşayış yerlərini, yayılma areallarını müəyyənləşdirməyə zəngin faktlar verir. Alimin fikrincə,  toponimik layda  etnotoponimlər türk xalqlarının mənşəyini, kökünü özündə əks etdirən qədim leksik vahidlərdir. Həmin leksik layın təhlili göstərir ki, müxtəlif dövrlərdə coğrafi obyektləri adlandıran toponimlər müəyyən dövrdə yaşayan tayfa və qəbilələrin əsasında formalaşmışdır. Bu nəzərə alınaraq  Afad Qurbanov türkoloji və Azərbaycan dilçilik tarixində Azərbaycan onomalogiyasının əsas problemlərini, nəzəri əsaslarını tədqiq etmişdir. Ardıcıl olaraq onomastikanın əsas problemləri ilə bağlı olan “Azərbaycan onomastikası”(1986), “Azərbaycan onomalogiya məsələləri” (1986), “Azərbaycan dilinin onomalogiyası”(1988), “Poetik onomastika”(1988) əsərlərini yazmaqla Azərbaycan onomalogiyası elminin əsasını qoyaraq  elmi məktəb yaratmışdır.

 

Afad Qurbanov Azərbaycanda ümumi dilçilik probleminə dair fundamental araşdırmalar aparan ilk alimdir. 1976-cı ildə  nəşr olunan “Dilçiliyin sistemi” əsərində dilçilik elmi, dilçiliyin sahələri, dilçiliyin şöbələri, 1977-ci ildə çap olunmuş “Ümumi dilçilik” adlı dərsliyində dilçilik elminin obyekti, nəzəri və tətbiqi dilçilik, ümumi dilçiliyin aktual problemləri geniş səviyyədə tədqiq edilmişdir. Ümumi dilçilik məsələlərinin tam əhatə olunduğu   “Ümumi dilçilik” əsəri Azərbaycanın ali təhsil müəssisələrində  uzun müddətdir ki,  əsas dərslikdir. Afad Qurbanov respublikamızda ilk “Ümumi dilçilik” dərsliyini yazmaqla tələbələrə və bu sahə ilə maraqlanan tədqiqatçılara çox qiymətli töhfə verdi.  Sonradan nəşr olunanan irihəcmli “Ümumi dilçilik” əsərində ümumdilçilik problemləri sistemli şəkildə araşdırılmışdır. Alim dünya dillərinin genealoji bölgüsündə özünəməxsus bir mövqe tutaraq dünya dillərinin təsnifinə dair yeni bölgü vermişdir. Onun Altay dilləri ailəsi haqqındakı təsnifi bir sıra cəhətlərinə görə dünyada yeni, orijinal bölgü hesab olunur. Müəllifin yaradıcılığında Altay dilləri ailəsində türk dillərinin mövqeyi yeni istiqamətdə aydınlaşdırılır və ilk dəfə 20-yə qədər dil ailəsi haqqında sistemli elmi məlumat verilir. Ümumi dilçilik üçün ən mübahisəli və aktual problemlərdən olan dünya dillərinin genealoji bölgüsü təsnif edilmiş, dilçiliyinin inkişaf tarixi dövrləşdirilmiş, türk dilləri qrupunun yarımqruplara ayrılmasında  dəyərli konsepsiyalar irəli sürülmüşdür. Xü­su­sən, Al­tay dil­lə­ri ailə­si ilə bağ­lı verilən təsniflər tür­ko­lo­ji dil­çi­liyin inkişafına  ye­ni istiqamət verir. Mü­əl­lif ümu­mi dil­çi­lik prob­lem­lə­ri­nə və dün­ya dil­lə­ri­nin inkişaf prosesinə da­ir ye­ni fi­kir­lər söy­lə­mişdir. Bilinqvizm problemləri və onunla bağlı nəzəriyyələri təhlil edərək yazır ki, ikidillilik aydınlaşdırılarkən onun ərazi və dövlət əhəmiyyəti fərqləndirilməlidir. Bilinqvizmin əsas növləri olan saf və qarışıq bilinqvizmin əsas əlamətlərini nəzərə alaraq onların xüsusiyyətlərini müəyyənləşdirir. Qeyd edilir ki, bilinqvizm müxtəlfsistemli dillərin, diqlossiya etnik cəhətdən yaxın olan dillərin paralel işlədilməsidir. Uzunillik tədqiqatlarında monoliqvizm və polinqvizm və onun əsas xüsusiyyətləri təyin edilmişdir. İkidillik hadisəsinin nitqdə mövcudluğu nəzərə alınaraq onu nitq hadisəsi kimi canlı prosesdə öyrənilməsi əsas hesab edilir. Bu əsərlərdə nəzəri dilçiliyin əsas problemləri araşdırılmış, elmi anlayışlar dəqiqləşdirilmiş, dil və cəmiyyət, dil və təfəkkür məsələləri məntiqi, fəlsəfi, dilçilik baxımından təyin edilmişdir. Ümu­mu dilçiliyin problemlərinin tədqiqində  Afad Qurbanovun öz dəstxətti, kon­sepsiyası və həmin əsərin yüksək  fundamental elmi dəyəri nəzərə alınaraq üç cild­də Türk Dil Qurumun­da türk dilin­də və Rusiya Elmlər Akademiyasının Dilçilik İnstitutunda rus dilində, habelə digər beynəlxalq elmi təşkilatlar­da ingilis və fran­sız dil­lə­rin­də nəşr olun­muş­dur.

 

Türkologiya ilə bağlı önəmli və aktual prolemlrinin həlli istiqamətində Afad Qurbanovun apardığı araşdırmalar hələ sovet dönəmindən bütün dünyada böyük maraqla qarşılanmışdır. Alimin “Türkoloji dilçilik” monoqrafiyası, “Türk anroponimlərinin inkişaf dövləri”, “Ümumtürk antroponimiyası tarixi”, “Türkloji dilçiliyə dair biblioqrafiya”, “Türk xalqlarında ad­ver­mə ənənələri”, “Qədim türk adları”, “Ortaq türk dili” və s. kitabları alimin  bu sahədə ardıcıl axtarışlarının nəticəsidir. Afad Qurbanovun dünya dilçiliyinə və türk dillərinin mövqeyinə dair yeni elmi kon­sepsiyaları Azərbaycan dilçiliyi ilə yanaşı dünya və türkoloji dilçiliyin inkişafına öz töhfəsinin vermişdir. Ali­min türkoloji dilçiliyin müxtəlif sahələri ilə bağ­lı 10-a qədər monoqrafiyası, dərlik və dərs vəsaiti nəşr olunmuşdur. A.Qurbanov “Türkoloji dilçilik” kitabında türk dillərinin tarixi, türk xalqlarının yayılma arealları, türk dillərinin dünya dilləri arasında mövqeyi, dünya dillərinin təsnifi prinsipləri müəyyənləşdirilmiş, dilçilik tarixində türk dillərinə dair irəli sürülən təsnifatların təhlili verilmişdir. A.Qurbanov Altay dillər ailəsini altı qrupa 1. Türk dilləri  (23 dil), 2. Monqol dilləri  (3 dil), 3. Tunqus dilləri  (3 dil), 4. Mancur dilləri qrupu (5 dil), 5. Koreya dili (1 dil), 6. Yapon dili (1 dil) qrupuna   ayırmışdır. Müəllif doğru olaraq Altay dilləri ailəsinin tərkibində olan dillərin 64 faizini türk dilləri təşkil etdiyini xüsusi qeyd etmişdir. A.Qurbanov Altay dilləri ailəsində 23 türk dilinin olduğunu qeyd edərək, tarixi inkişaf və linqvistik əlamətlər əsasında beş yarımqrupda - oğuz dilləri, qıpçaq dilləri, bulqar dilləri, qarluq dilləri, tukyuy dilləri yarımqrupuna bölərək təsnif etmişdir. Türkoloji problemlərdən  biri kimi nitq hissələrinin dəqiq təsnifini vermiş, o cümlədən türkoloji dilçilikdə olan müxtəlif bölgülər nəzərdən keçirilmişdir.

 

Afad Qurbanov türkoloji əsərlərində türk tayfa dillərinin xüsusiyyətlərini müəyyənləşdirmiş, qədim türk yazılı abidələri və onların qədin leksikasının tədqiqi məsələlərinə münasibətini bildirmişdir. Alim müasir mərhələdə ümumtürk dünyası üçün aktual olan ortaq ünsiyyət dili, ümumtürk əlifba problemi və türk dillərinin qarşılıqlı əlaqədə inkişaf yolları təyin edilmişdir. Görkəmli altayşünas alimin yaradıcılığında aktual problemlərdən biri də ümumtürk əlifbası və ortaq türk dili yaradılması idi. Türk xalqlarının siyasi, iqtisadi və mədəni  əlaqələrinin, birliyinin yaranmasında ortaq türk dili  əlifbasının xüsusi tarixi əhəmiyyəti vardır. O, özü­nə­məx­sus yaradıcılığı ilə ortaq türk əlifbası və ortaq türk dili­nin yaradıl­ma­sı yonümündə fəaliyyət göstərmişdir.  A.Qurbanovun qeyd etdiyi kimi, ortaq əlifba türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynaya biləcəkdir.   O, ortaq türk əlifbası layihəsinin hazırlanmasının təşəbbüskarlarından  olmuşdur. 1993-cü ildə Ankarada altı türkdilli dövlətin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın nümayəndələrinin iştirakı ilə alimin tərtib etdiyi ortaq türk dili əlifba layihəsi daha geniş müzakirə üçün qəbul olunmuşdur. Alim tərəfindən əlifba layihəsi hazırlanan zaman hər bir türk dilinin xarakterik cəhətləri nəzərə alınmışdır.   Qəbul olunan layihədə  ortaq cəhətlər əsas götürülərək ,  türk dillərinin hər birinin fonemlərinin qrafikası təyin edilmişdir. Buna görə   34 hərfdən ibarət əlifba bütün türk xalqlarının fonemlərini əks etdirmək baxımından əhəmiyyətlidir. Vahid ortaq türk əlifbası layihəsinin tərtibçisi olan A.Qurbanov qeyd edir ki, bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Ortaq türk əlifba layihəsi Türkiyədə bütün türk xalqları alimlərinin nümayəndələrinin iştirakı ilə 1993-cü ildə müzakirə olunaraq bəyənilmişdir. Onun ortaq türk əlifbasının və ortaq türk dilinin ya­ra­dıl­ması istiqamətin­də danılmaz xidmətləri var­dır. Qeyd etdiyi kimi bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Ali­min müa­sir türko­lo­ji dilçiliyin ən aktual problemlərinə həsr olunmuş “Ortaq türk ədəbi dili” kita­bı xüsu­si vurğulanmalıdır. Əsərdə ümumtürk  dil mərkəzinin yaradılması ideyası, ümumtürk lüğət probleminin həlli istiqamətində fikirləri öz aktuallığını saxlayır. A.Qurbanovun altayşünas, türkoloq kimi fəaliyyəti sovetlər dövründə əhatəliliyi ilə diqqəti cəlb edir. O, 1984-1989-cu il­lər­də SSRİ Akademiyasının Sovet Türkoloqları Komitəsinin üzvü, Türk Onomastika Bölməsi bürosunun  üzvü, Tədris Metodiki Bölməsinin rəhbəri, sonradan hə­min Komitənin sədr müavini vəzifələrində çalışmışdır. Həmin dövrdə akademiklər A.Kononov, E.Teneşev, A.Şerbak və onların sırasında A.Qurbanov türk dünyasında tanınmış türkoloqlar kimi qəbul olunurdular. Türkoloji dilçili­yin inkişafındakı xid­mətlərinə görə A.Qurbanov Türk Dil Qurumunun üzvlüyünə qəbul edilmişdir. Xüsu­silə, dilin ulutürk  ilk türk dili bünövrəsi, Azərbaycan ədəbi dilinin formalaşması və inkişafı, sabitləşmə dövrü, ədəbi dil tarixi, konkret dil faktları əsasında araşdırılmışdır. Ümumi və türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili, onomalogiya, bədii əsərlərin dili və təhsilin inkişafı ilə bağlı yazdığı əsərlər fundamentallığı ilə seçilir. A.Qur­ba­novun məhsuldar elmi yaradıcılığı nəticəsi olaraq 13 cilddən ibarət seçilmiş əsərləri çap olunmuşdur.

 

Azərbaycan Milli Elmlər Akademiyasının tədbirlərində fəal iştirak etmiş, Terminologiya Komitəsinin, Dövlət dili haqqında qanun layihəsinin hazırlanması ilə bağlı Komissiyanın, Adlar və Soyadlar üzrə Xüsui Komissiya­nın, İctimai elmlər üzrə Əlaqəəndirmə Şurasının, Nəsimi adı­na Dilçi­lik İnstiutunun El­mi və Müdafıə Şuralarının üzvü olmuşdur. Görkəmli alim Beynəlxalq Pedaqoji Elmlər, Rusiya Pedaqo­ji və Sosial Elmlər, Nyu-York Akademiyalarının akademiki, Türk Dil Qurumunun fəxri üzvü, Türk Dili Məclisinin həqiqi üzvü, Belçika Onomastika Cəmiyyətinin, Finlandiyanın FinUqor Cəmiyyətinin həqiqi və fəxri üzvü olmuşdur. Afad Qurbanov eyni zamanda Azərbaycan ictimai-siyasi həyatında fəal iştirak edən ictimai-siyasi xadim olmuşdur. 1990-1995-ci illərdə Azərbaycan Respublikasının  Milli Məclisinin deputatı kimi ölkəmizdə aparılan bir sıra islahatlarda, o cümlədən əlifba islahatının təşkilatçısı olmuşdur. Azərbaycanın görkəmli alimi Afad Qurbanov müasir Azərbaycan dilinin problemlərinə, ana dilinin inkişafına, ümumi dilçiliyə dair  mükəmməl əsərlər yazmışdır. Dilçilik elminin korifeyi olan Afad Qurbanovun işıqlı xatirəsi bizi kimi həmkarlarının, yetirmələrinin qəlbində həmişə yaşayacaqdır.

 

Şəbnəm Həsənli-Qəribova

filologiya elmləri doktoru

Bakı Xəbər .- 2024.- 9 yanvar (¹ 2).- S.13.