Tuğlu ziyalı, nəğməkar şair, əməkdar jurnalist Əbülfət Mədətoğlu - 65

 

Əbülfət Mədətoğlu imzası həm ədəbiyyatda, həm mətbuatda, həm də ictimai fikirdə hər zaman seçilib, hər zaman oxucuların axtardığı imzalar içindədir. Eşitdik ki, 2024-cü ilin ilk günündə, yəni yanvarın 1-də tanınmış şair, əməkdar jurnalist Ə.Mədətoğlunun 65 yaşı tamam olur.

 

İllərə nə var ki, gah yel kimi əsib keçir, gah da dəyirman daşı kimi ağır-ağır, adamı əzə-əzə, canını ala-ala adlayır. 1959-cu ildə qışın oğlan çağında Qarabağın göz bəbəyi Xocavənddə, qədim-qayım Tuğ kəndində, əfsanə bir eldə dünyaya gələn Ə.Mədətoğlu düz 30 il doğma kəndinin işğal sancısı ilə yaşayıb. Şükür qovuşdurana. Şanlı ordumuzun şücaəti nəticəsində Xocavənd də, Tuğ kəndi də düşmən işğalından azad olundu, bax, onda Əbülfət müəllimin də sancıları, ağrıları bir az dinşədi, bir az korşaldı.

 

Əbülfət Mədətoğlu jurnalistdir, şairdir, ictimai xadimdir, hansı tərəfdən baxsaq, cəmiyyətə, insanlığa faydalı adamdır.

 

Ruhundan qopan pıçıltıları, ahını, amanını misralara köçürən şair deyir:

 

Hər gün göz yaşı, hər gün

 

Ölüb-dirilməyim var.

 

Gözü doymur ki, dərdin

 

Səssiz dərilməyim var.

 

Əlim bir yana çatmır,

 

Səsim solur içimdə.

 

Bircə Allahım bilir,

 

Nələr olur içimdə.

 

Şairin içində qəmdən-ələmdən, köz-köz alışan yaradan, hicrandan, ayrılıqdan, bir hıçqırıqdan başqa olasıdır ki...

 

65 yaşlı Ə.Mədətoğlunun ömürlüyünə boylandıq, həyatını vərəqlədik, yaşam öygüsünü sizlərə çatdırmaq üçün şairin keçmişinə üz tutduq.

 

Əbülfət Mədətoğlu (Əliyev Əbülfət Mədət oğlu ) 1959-cu il yanvarın 1-də Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olub. 1966-1976 illərdə Tuğ kənd orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1976-1978 ci illərdə Tuğ kənd Oktyabr sovxozunda fəhlə işləyib. 1978-1980-ci illərdə Sovet ordusunda xidmət edib. Ordudan tərxis olduqdan sonra "Təşviqatçı" jurnalında korrektor işləyib (1980-1985). İşlədiyi müddətdə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb (1980-1986). Eyni zamanda həmin dövrdə (1982-1984) Jurnalist Sənətkarlığı İnstitutunu bitirib.

 

"Araz" qəzetində şöbə müdiri (1986-1988), "Qarabağ" qəzetində (1988-1990) "Azərbaycan ordusu" qəzetində (1990-1992) müxbir vəzifələrində işləyib. Hazırda "Ədalət" qəzetinin baş redaktor müavinidir.  Azərbaycan Respublikası Prezidentinin 21.07.2010-cu il tarixli Sərəncamı ilə Əliyev Əbülfət Mədət oğluna Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görəƏməkdar Jurnalistfəxri adı verilib. Eyni zamanda "Qızıl qələm", "Şahmar Əkbərzadə","Məmməd Araz", Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" "Media Açarı" mükafatlarına laiq görülüb. Bədii yaradıcılığa orta məktəb illərindən başlayan şairin  "Kəndim" "Şorbulaq" şeirləri "Araz" Füzuli rayon qəzetində çap olunub. Bundan sonra "Azərbaycan", "Ulduz", "Təşviqatçı" jurnallarında, "Azərbaycan gəncləri", "Bakı", "Sovet kəndi", "Azərbaycan pioneri" qəzetlərində vaxtaşırı çıxış edib. "Səməni nəğməsi", "Nilufər çiçəyi", "Dərdini danışan adam", "Nişanə", "Ehtiyacın elçi daşı", "Döymək istədiyim qapılar", "Allah, məni unutma", "Ürəyimdəki sənsən"(Bakı,Tehran),"Yüreyimdeki sensin" (Ankara),"Ağacların şarkısını yapraklar okuyor" (İstanbul), "Hər görüş bir ümiddir", "Sevgi pıçıltıları", "Yanan məktublar", "Mənim kimi sevə bilsən", "Gözləyənim var",  "Ürəyim sənlə danışır", "Cəzayam sevdiyim qıza","Bir qadına" şeir kitabları "Qəhrəman İbad", "Zəhmli polkovnik", "Üfüqdə görünən adam","Sözə ünvanlanmış 15 məktub", "İç dünyamın adamları","Mərhəmət xeyirxahlığa QABİL insan", "Qovuşan ulduzların nağılı", "Bir ömürdən səhifələr" sənədli povestləri işıq üzü görüb. Yazdığı şeirlərə tanınmış bəstəkarlar Xanım İsmayılqızı, Razim Paşayev, Zəka Vilayətoğlu, İqbal Ağayev musiqilər bəstələyiblər. Həmin bəstələri Xalq artisti Yalçın Rzazadə, Səyyad Əlizadə, Zəka Vilayətoğlu başqaları ifa ediblər. Onun yaradıcılığı barəsində qüdrətli söz adamları Xalq şairləri Bəxtiyar Vahabzadə, Ramiz Rövşən, Musa Yaqub, Xalq yazıçısı Elçin, akademik Nizami Cəfərov, Nahid Hacızadə, Vaqif Nəsib,Seyran Səxavət, Nemət Veysəlli, Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Nərgiz Cabbarlı, Barat Vüsal, Flora Xəlilzadə, Şəfəq Nasir, Kəmalə Abıyeva, Ağacəfər Həsənli, Rafael Tağızadə, Zakir Fəxri, professor Esmira Fuad, professor Akif Əli, professor Vaqif Yusifli, professor Rüstəm Kamal, professor Rafiq Yusifoğlu, tanınmış elm adamları Qurban Bayramov, Allahverdi Eminov başqaları dəyərli fikir söyləyiblər.

 

Kədərinə şükür et

 Hamıdan boldu səndə.

 Damarına su qaçdı -

 O xoşbəxt oldu səndə!

 

 Yazı, qışı bilmədi

 Gözdən yaşı silmədi.

 Demə yanlış ilmədi -

 Yox, yaşıl yoldu səndə!

 

 Özünə bax , ona bax

 Səsindəki tona bax...

 Ay Əbülfət, sona bax -

 Gör nələr soldu səndə...

 

Ə.Mədətoğlu ilhamlı şairdir ilhamını da ürəyindən, duyğularından alır. Böyük ədəbiyyat, elm  adamlarının şəninə söz dediyi şair barədə biz onlardan qüdrətli söz deyə bilmərik ki... Onun barəsində ən qüdrətli sözü elə Tanrı deyib, verdiyi qələmlə. Qələmi adama Allah verir, verir ki, yazsın, yaratsın. Əbülfət müəllim uzun illərdir yazır-yaradır. İndi onun qələmindən zəfər nəğmələri süzülür...

 

65 illik yubileyiniz mübarək, dəyərli Əbülfət müəllim! 

 

İradə SARIYEVA

Bakı Xəbər .- 2024.- 10 yanvar (¹ 3).- S.13.