“…Əgər şəhid olsam,
başını dik tut. Dəfnimdə bayrağı oğlum
Hüseynə versinlər”
…Bu fikir, əslində, qeyrətli bir Vətən oğlunun (öz) ismətli həyat yoldaşına son güvəni, son tapşırığıdır. Bu, həm də Turalın həyat yoldaşına - möhkəm ol, balalarımıza həyan dur, - demək anlamıdır. Ürəyin hiss etdiyini gözlər də duyur. Tural son dəfə həyat yoldaşına elə bu duyuq gözlərlə baxmışdı...
Nəhayət Həsənovanın dediklərindən:
- Əvvəl Musanın, sonra Turalın şəhid
xəbərini eşitdik. Noyabrın 4-də xəbər gəldi
ki, Musa idarə etdiyi tankda yanaraq həlak olub. Müəyyən
müddət keçəndən sonra onun nəşini gətirdilər,
dəfn etdik. Düşünürdüm ki, digər
övladım Tural sağdır. Onunla təsəlli taparam.
Dekabrın 8-i isə onun şəhid olduğu xəbəri gəldi.
Belə
anladıq ki, Tural da Musa kimi neytral zonada qalıb. Ona görə xəbər
tuta bilmirdik...
Turalın ölüm xəbərindən sonra
bütün ümidlərim puç oldu. Sabaha dikilən
arzularımın hamısı gözlərim kimi soldu. İnanmıram ki, bundan sonra insan kimi yaşaya bilim.
Mən artıq bir müqəvvayam. Mən
artıq şölələri keçmiş qaranlıq
otağam...
Nəhayət
xanım başını aşağı dikir, susur və
xeyli vaxtdan sonra deyir:
-
Balalarımdan mənə 4 nəvə yadigar qaldı... Musanın 2 qızı, Turalın isə 2 oğlu
var. Əlbəttə, onlar böyüyəcək, yaşa
dolacaq. Ancaq necə?! Bütün
günü “ata” deyib duracaq, anladıqca da köz olacaqlar.
Nə vaxtsa onları boynubükük görsəm,
həmin an ölərəm.
Qəfil iki damla yaş Nəhayət xanımın
gözlərini yandırır. Ah çəkir və deyir:
-
Atasız uşaqlar atalı uşaqlar kimi böyüyə
bilmir. Onlara gözlərinin yağını da
yedirtsən, içlərində bir atasızlıq dərdi
qalır. Nəvələrim tez-tez “ata”
deyir, sanki məndən atalarını tələb edirlər.
Həmin an onların gözlərinin içinə
baxmaq çox çətin olur. - Barmağının
ucu ilə gözlərindəki yaşı kənara atır,
islaq baxışlarını üzümə dikir: - Yəqin
məni anlayırsız...
Həyat
yoldaşı Rəbiyyə Həsənova Tural ilə son
görüşünü belə xatırlayır:
- Evdən
çıxanda gəldi, bizimlə görüşdü. Balalarının üzündən öpdü.
Üzünü mənə tutub dedi ki, gedirəm,
üçrəngli bayrağa bürünüb gələcəyəm.
Sənə şəhid yoldaşı deyəcəklər... Vətən
müharibəsi başlayan kimi getdi, arzusuna çatdı…
Rəbiyyə xanım bu sözləri göz
yaşları içində boğula-boğula dilə gətirir. Ömür-gün
yoldaşı hər qadın üçün bir əzəmətli
dağdır. Ondan Vətənin çətin
anında belə bir söz eşitmək, əlbəttə, həm
çox çətindir, həm də şərəfli.
Çətindir ona görə ki, bir evin əsas
dayağı əbədiyyətə köçür. Çətinliklər acı təlatüm kimi həyatı
cəhənnəmə döndərir. Şərəflidir,
ona görə ki, ər dediyin insan sən, balaların, hər
kəs rahat yaşasın deyə özünü Vətənə
qurban verir...
Biz həmin
an Rəbiyyə xanımı yaxşı
anlayırdıq...
Qeyd: Musa
və Tural Həsənov qardaşları ön cəbhədə
şücaət göstərən, əsl qəhrəmanlar
kimi şəhidlik zirvəsinə ucalan Vətən
oğullarıdır.
Taleyə baxın ki, hər iki qardaş Suqovuşan
istiqamətində gedən döyüşlərdə
iştirak edib.
Vətən hər iki qardaşın sinəsindən
“Şəhid” medalı asıb.
...İndi o “medallar” hər iki qardaşın
övladlarının (onların timsalında bütün
balaların) başı üzərində aydın səma
kimi bərq vurur...
Əlavə:
Nəhayət xanımın nəvələri haqda fikirləri
2020-ci ilin müharibə dövrünə təsadüf edir.
O vaxt onun 4 nəvəsi vardı. 2023-cü ildə Musa və
Turalla bağlı kitab yazmaq üçün Mingəçevirə
ezam olunanda eşitdik ki, nəvələrindən biri - şəhid
Musanın kiçik qızı vəfat edib...
Allah o məsum körpəyə (də) rəhmət eləsin. İndi o, öz
atasının ağuşunda - ata yanında təskinlik
tapır...
“Biz
Turalla eyni manqada idik...”
Turalın
döyüş yoldaşı Şükürov Tural Vüqar
oğlunun dediklərindən:
-
1994-cü il təvəllüdlüyəm.
Vətən müharibəsinə cənab Ali
Baş Komandanın əmri ilə Mingəçevir şəhərindən
qoşulmuşam. Biz müharibə
başlamazdan əvvəl düşmənin hərbi birləşmələrinin
aktiv fəaliyyətinin qarşısını almaq məqsədilə
dağlarda mövqe tutmuşduq. 26 sentyabr 2020-ci ildə səhər
saatlarına yaxın tabor komandirimiz Şirvan Mehmanov - hansı
ki, o, 44 günlük Vətən müharibəsinin ilk şəhidlərindəndir,
Allah rəhmət eləsin!, - bizimlə vətənpərvərlik
ruhunda söhbətlər aparır, Vətənin nə qədər
əziz, anamız qədər doğma olduğunu deyir,
hamımızda düşmənə nifrət hissi
oyadırdı. Onun vətənpərvər
ruhda etdiyi çıxışlar bizi döyüşə
ruhlandırırdı. 27 sentyabr 2020-ci ildə
səhər saatlarında torpaqlarımızda mövqe
tutmuş qanunsuz erməni birləşmələri Kəlbəcər
istiqamətindən taborumuzun yerləşdiyi Yuxarı və
Aşağı Ağcakənd istiqamətini iriçaplı
silahlardan atəşə tutdu. Beləliklə,
cənab Ali Baş Komandanın göstərişi, Müdafiə
nazirinin əmri ilə əks-hücum əməliyyatı
başladı. Biz əməliyyatın mərkəzində
idik. Müharibə sürətli hal
aldı. Ağır silahların
yaratdığı təlatüm içimizdəki Vətən
eşqini söndürə bilmədi, əksinə, yüksək
əhval-ruhiyyə ilə irəliyə doğru getdik. Həmin
an hamımızın içində bir
hiss var idi: 30 ildir yığılıb qalmış nifrəti,
bizə qarşı yönələn tənələri, digər
aşağılayıcı nəzərləri
üstümüzdən atmaq. Bu hisslə də
döyüşdən-döyüşə
atılırdıq. Haqqında
böyük şərəflə, həm də təəssüf
hissi ilə danışdığım Tural Həsənov da
orada eyni fədakarlığı göstərirdi. Biz Turalla eyni manqada idik. O, baş atıcı,
mən isə atıcı vəzifəsini icra edirdim. Döyüşlərdə bizimlə birlikdə Mingəçevir
şəhərindən İlkin Ağakişiyev, Məhəmməd
Məmmədli, Arzuman Osmanov, Elmar İbrahimov da iştirak
edirdi. Ürək ağrısı ilə
qeyd edirəm ki, o qəhrəman oğulların hamısı
Vətən uğrunda şəhid oldular. Biz
əsasən, Kəlbəcər - Murov istiqamətində
düşmənin mövqeyini yarmaq, düşməni
torpaqlarımızdan çıxartmaq üçün əlimizdən
gələni edirdik. Müharibənin ilk
günü tabor komandirimizin və digər
döyüşçü yoldaşlarımızın şəhid
olması bizi əlbəttə ki, təəssüfləndirdi,
lakin daha böyük inamla irəli atılmağa sövq etdi.
Üzərimizə qoyulmuş
tapşırıqları layiqincə yerinə yetirdik, bölmələrimizin
irəli getməsi üçün geniş zona
açdıq. Atıldığımız bütün döyüşlərdə
Tural Həsənov sözün əsl mənasında qəhrəmanlıq
göstərir, bir an belə olsun,
düşməni hədəf olaraq gözdən qoymurdu. Onun göstərdiyi igidlik nümunəsi bizdə
qürur hissi doğururdu.
Döyüşlər vaxtı tez-tez gecə növbələri
olurdu. Tural da
həmişə can atırdı ki, gecə növbələrinə
getsin. Deyirdi ki, mən Vətənimi yorğun
görürəm, onun uğrunda bütün
yorğunluğumu fəda etməyə hazıram. Turalın həm insani keyfiyyətləri, həm də
Vətən sevgisi çox güclü idi. O,
özündən daha çox başqalarını
düşünür, sanki onları qorumaq məqsədi
güdürdü. Az vaxt içində
özünü sanki hər kəsin yerinə fəda etməyi
gözə alan igidə çevrilmişdi.
Turalın qəlbində İlahi bir güc var idi. Bu güc bizim
hamımızda təcəssüm edirdi. Əks
təqdirdə günlərlə soyuqda, bəzən ac-susuz
çətin müqavimətlərə tab gətirə bilməzdik.
30 sentyabr 2020-ci ildə Tapqaraqoyunlu istiqamətindən
Ağdərəyə keçə bildik. Təxminən
2 min metrdən çox olan yüksəkliklərə nəzarəti
ələ keçirdik. Bu ərazilərdə
döyüşün ilk vaxtlarından başlayaraq çox
ağır əməliyyatlar olmuşdu, biz də orada öz
mövqelərimizi gündən-günə möhkəmləndirirdik.
O döyüşlərdə Tural baş atıcı kimi, mən
və İlkin də qumbaraatan silahı ilə düşmənin
mövqelərinə sarsıdıcı zərbələr
endirir, döyüş texnikalarını və canlı
qüvvəsini sıradan çıxarırdıq. Baxmayaraq ki, şəhidlərimiz də olurdu, lakin
ruhdan düşmürdük, inanırdıq ki, bu çətin
döyüşlərin sonunda mütləq bir qələbə
var.
Gərgin anlar artdıqca içimizdə qürur da
artırdı.
Bu minvalla düşmən postunu ələ
keçirmək üçün qruplar şəklində
hücuma keçdik, postu aldıq, lakin düşmənə
gələn kömək sayəsində mühasirəyə
düşdük. O an mən ağır yaralandım,
döyüşçü yoldaşlarımızdan bir
neçəsi, həmçinin, yuxarıda adlarını
sadaladığım şəxslər şəhid oldular. Tural da qarın boşluğundan və
ayağından ağır güllə yarası
almışdı. Düşmənin
yuxarı səmtdən atdığı güllələr əsas
etibarilə onun kürək nahiyəsindən qarın hissəsinə
keçmiş və çox ağır fəsadlar törətmişdi.
Əlbəttə, hər ikimiz üçün
çox çətin idi. Üzünü
mənə tutub soruşdu ki, indi neyləyək? Mən
də dedim ki, mühasirədəyik, sürünməkdən
başqa çarəmiz yoxdur... O, bu məqamda - yaralı
olmasına baxmayaraq bərkdən qışqırdı və
düşmən tərəfə atəş açdı. Sanki bununla mühasirəni yarmağa
çalışdı.
Turalın ölüm ayağında son sözləri ailəsi
və övladları ilə bağlı idi. Sağ ikən ailəsi və
övladlarından narahatlığını aşkar büruzə
verirdi. İnsan nə qədər ailəcanlı,
övladsevər olar? Deyirdi ki, mənə
bir şey olsa, onlar necə yaşayacaqlar? Ağır
güllə yarası alanda da, ölümün boğazına
çökdüyü məqamda da zənnimizcə, elə bu
barədə nəsə deyirdi. Bizim
tanıdığımız qəhrəman Tural, düşmənə
qan udduran vətənpərvər Tural son nəfəsdə də
ailəsini düşündü. Mən
komaya düşdüyüm üçün Turaldan xəbər
tuta bilmədim. Xeyli vaxtdan sonra dedilər ki, o, əsl Vətən
oğlu kimi şəhid olub...
Döyüş yoldaşlarım Fərid və Sənan
məni mühasirə zolağından necə
çıxartdılar, xəbərim olmadı. Şəhid
olan oğullar isə güllə altında - neytral zonada
qaldılar. Səhv etmirəmsə, əlli gün sonra
onların nəşi neytral zonadan çıxarıldı...
Sağ
qaldığım üçün valideynlər tez-tez məndən
övladlarını soruşurdu. Çox
çətin idi onların gözlərinə baxmaq. Çox vaxt susmaqdan başqa çarəm
qalmırdı. Gerçək olan o idi ki,
onların övladları yüksək pillələrdə qərar
tutmuşdular. Əbədiyyətin ən müvəffəq
sakinlərinə çevrilmişdilər...
***
Hər iki oğlunu Vətən yolunda şəhid verən
Nəhayət ana deyir ki, övladlarının ikisi də bir
gündə müharibəyə gedib.
Nəhayət
xanım bu acı-şərəfli anı belə əxz edir:
- Musa təlim
toplantısına gedərkən bizimlə və ailəsi ilə
görüşə bilmədi. Çünki
çağırış gələndə iş yerində
olub və ancaq müdiri ilə vidalaşıb. Hətta
müdirinə gülümsəyərək, zarafatla deyib ki,
deyəsən, mən getməsəm, bu torpaqlar alınmayacaq.
Balalarım
müharibəyə (uşaq kimi) əl-ələ tutub getdilər,
ancaq bir-birindən xəbərsiz şəhid oldular... Bir ananın
sinəsinə iki oğul dağı çəkən Allahdan
sadəcə, səbr, dözüm istəyirəm...
Musa Turaldan qabaq şəhid olmuşdu. Təsəllim
Tural idi. Sanırdım ki, Musanın iyini
ondan alaram. Ancaq... Eh, zalım fələk... Musanın
acısının üstündən Turalımın da
acısı sinəmdə dağ yaratdı...
Mən anayam, birtəhər dözürəm. Amma 80-dən çox
yaşı olan ataları hər gün ağlayırdı, elə
için-için ağlayırdı ki, tab gətirə
bilmirdim. Təsəlli verirdim ona ki,
oğullarımızın hərəsinin iki balası
qalıb. Biz onları da böyütməliyik.
O isə məsum uşaq kimi gözlərimə baxır,
hönkürürdü. Eh, bala dərdi onu bizdən
aldı...
Nəhayət
xanım dərindən ah çəkir, sonra
köksünü ötürüb deyir:
- Turalla
sentyabrın 30-da axırıncı
danışığım oldu. Dedi ki, Musadan çox narahatam,
ondan bir xəbər varmı? Sonra da dedi ki, biz sabah
Suqovuşan uğrunda döyüşə
çıxırıq, zəng etməsəm, narahat
olmayın...
Ondan daha səs çıxmadı. Son dəfə
yoldaşına deyibmiş ki, bizi ağır döyüşlər
gözləyir, bilirəm, bu döyüşlərdə şəhid
olacağam. Əgər şəhid olsam,
büküldüyüm bayrağı oğluma verərsən...
Nəhayət
xanım qatı zülmət örtmüş gözlərini
şəhid övladlarının divarda əks edən
çöhrələrinə dikir, xeyli susur və
sözünə davam edir:
-
Övladlarım oxumuş, təhsilli idilər. Hər
ikisi əvvəlcə Mingəçevir Texniki Liseyinin, sonra isə
Mingəçevir Turizm Kollecinin məzunu oldular. Musanın 25 yaşını Şəhidlər
xiyabanında qeyd etdik. Tural ondan bir az
böyük idi... - Kövrəlir, içində çəkdiyi
ah-nalədən bəlkə də dilini-dodaqlarını
parçalayır: - Döyüş yoldaşları deyir ki,
Tural çox ağır yaralanmışdı. Yaralı halda
da son sözü bu olub: “Balalarım mənsiz yaşaya bilməyəcəklər...”. O, balalarını çox sevirdi, onlar
üçün narahatlığını gizlədə
bilmirdi. Ailəyə çox bağlı idi.
- Susur, xeyli vaxt susur və deyir: - Noyabrın 4-də xəbər
gəldi ki, Musa BTR-də yanıb, şəhid olub. Ümidlərim küləyin ağzında gedən
buğda dəni kimi yox oldu. Mən Vətən
üçün oğul böyütmüşdüm, Vətən
sağ olsun! Onlar da həmişə deyirdilər
ki, biz Vətən üçün yaranmışıq.
Amma ən böyük dərd bir ayda ananın üstünə
iki tabutun gəlməsi imiş, çox böyük dərddir...
- Barmaqlarını gicgahına dirəyir: - İki oğul
Turalındır, iki qız da Musanın, indi mənim təsəllim
yalnız onlardır.
Turalın
azyaşlı uşaqları atalarının şəklinə
baxaraq, - atam
gələcək, - deyirlər. Balalarım elə
yerə gedib ki, geri gəlmələri mümkün deyil.
Mən bunu atasız qalmış uşaqlara necə
anladım, necə başa salım?
Həyat
yoldaşım Tapdıq Həsənov hər dəfə
ürəyini qubar deşəndə deyirdi, nə yaxşı
ki, bu balacalar var, heç olmasa başımı onlarla
qatıram... Bəs mən nə edim? Nəvələrim
tez-tez divarlardakı şəkilləri göstərib, məndən
atalarını soruşurlar... Onlara nə deyim?
İndi həyat yoldaşım da yoxdur, bu damın
altında təkəm. Mən başımı hansı təsəlli
ilə qatım?
Əlbəttə, çox ağır, çox çətin sualdır. Bu sualın cavabı nə “səbrli ol” deməkdir, nə də başqa bir təsəlliverici sözdür. Bu sualın cavabı ümumiyyətlə yoxdur...
Hikmət Məlikzadə
Bakı Xəbər .- 2024.- 11
yanvar (¹ 4).- S.14.