Ramiz Əsgər 70 ili belə
yaşadı...
Ramiz Əsgər:
“Teleqram vurub Heydər Əliyevi toyumuza dəvət
etmişdim…”
Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru, türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının müdiri, tanınmış türkoloq, ədəbiyyatşünas, şair, tərcüməçi, Əməkdar jurnalist Ramiz Əsgərin 70 yaşı tamam olub.
Bu günlərdə 70 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamı ilə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən professor Ramiz Əsgər 1954-cü ildə Gümrünün Amasya rayonuna bağlı Qaraçanta kəndində (hazırda Ermənistan sərhədləri içindədir) doğulub. Orta məktəbi qızıl medalla bitirərək 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə keçib və 1978-ci ildə məzun olub. 1978-1983-cü illərdə “Azərbaycanın Səsi” radiosunda çalışıb, 1983-1984-cü illərdə Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bu gün” jurnalının baş redaktoru, 1984-1991-ci ildə latın, kiril və ərəb əlifbaları ilə nəşr olunan “Odlar yurdu” qəzetinin baş redaktoru, 1991-1993-cü illərdə “Hürriyet” qəzeti (İstanbul) və Uluslararası Haber Ajansının (UHA) Azərbaycan müxbiri, 1993-1997-ci illərdə “Yeni Forum” jurnalının (Ankara) təmsilçisi olub, 1993-1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi işləyib.
1994-1996-cı illərda “XXI əsr” qəzetinin baş redaktoru olub. 1992-1997-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi olub, 1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin baş katibidir. 2003-2006-cı ildə Bakı Dövlət Universiteti türkologiya kafedrasında işləyib, azərbaycanca və rusca “Türk mədəniyyət tarixi”, “Türklogiyanın əsasları”, “Divanü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qutadğu Bilig”, “Manas” dərsləri deyib.
2007-2012-ci illərdə filologiya fakültəsi bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri olub. 2012-də türk xalqları ədəbiyyatı kafedrasının, 2016-da türkologiya kafedrasının müdiri seçilib. 2023-dən türkoloji araşdırmalar mərkəzinin müdiridir.
Namizədlik dissertasiyasını Qutadğu Bilig üzrə, doktorluq dissertasiyasını Divanü lüğat-it-türk üzrə yazıb.
70 illiyi münasibətilə professor Ramiz Əsgərlə görüşüb söhbətləşdik.
“Atam həkim olmağımı istəyirdi, amma mən həkim olmaq istəmirdim”
- Ramiz müəllim,
bu günlərdə Prezident İlham Əliyev sizi II dərəcəli
“Vətənə xidmətə görə” ordeni ilə təltif
etdi. Sizin üçün gözlənilən idi? Bu təltifi
necə qarşıladınız?
- Çox yaxşı. 60 yaşımda “Şöhrət” ordeni almışdım. Sağ olsun cənab Prezident, 70 yaşımda da yenidən əməyimi dəyərləndirdi və orden verdi. Əslində, “Şöhrət” ordenindən sonra “Şərəf” ordeni gözləyirdim. Amma “Vətənə Xidmətə görə” ordeni Vətən qarşısında xidmətlərə görə verilir.
- İndiyə qədər çoxlu təltifləriniz olub…
- İki dəfə “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Humay”, “Yeni Orhun” (Türkiyə), “İslama xidmət” (Küveyt), - “Türk Dünyasına xidmət” (Türkiyə), “Qızıl alma” (Türkiyə), “Babur” (Özbəkistan), “Altın əsr” (Türkmənistan), “Bəkir Çobanzadə” (Ukrayna), “Nizami Gəncəvi mükafatı”, “Rəsul Rza ödülü”, “Vilhelm Tomsen” (Beynəlxalq Türk Akademiyası), “Əlişir Nəvayi” qızıl medalı (Beynəlxalq Türk Akademiyası), “Qaysın Quliyev” medalı (Rusiya), TürkSOY-un Özəl ödülü, TürkSOY-un 15 illiyi medalı, TürkSOY-un 20 illiyi medalı, TürkSOY-un 25 illiyi medalı, TürkSOY-un “Toktoqul” medalı, “Məhtimqulu” medalı (Türkmənistan), “Mağcan Cumabayev” medalı (Qazaxıstan), “Qasım Amanjolov” medalı (Qazaxıstan), “Toktoqul” medalı (Qırğızıstan), “Mədəniyyət sahəsində uğurlar” medalı (Tatarıstan), “Abdulla Tukay” medalı (Tatarıstan) kimi nüfuzlu təltiflərə layiq görülmüşəm.
- Orta məktəbi
qızıl medalla bitirmisiniz. Yəqin ki, başqa sahələri
də seçə bilərdiniz. Jurnalistikanı
özünüz seçdiniz, yoxsa ailənizin təsiri oldu?
- Atam həkim
olmağımı istəyirdi, amma mən həkim olmaq istəmirdim.
- Niyə?
-
Çünki həkim olmaq üçün 7 il
oxumaq lazım idi, həm də gəlib bir cərrrah kimi
yetişməyin üçün ən azı on-on beş il
işləməlisən. Amma jurnalistlik elədir
ki, sənin istedadın varsa elə həmin gündən bu sənətə
yiyələnməyə başlayırsan. Mən özüm jurnalist olmaq istəyirdim. Bizim ailədə
jurnalist çoxdur. Atam jurnalist, iki əmim
jurnalist olub, mən jurnalist, qardaşım və qızım
da jurnalistdir. Bizim ümumi “stajımız” yəqin 200 il olar. Atamgil filoloq idilər,
jurnalistikanı bitirməmişdilər. Atam
da, əmim də rayon qəzetinin redaktoru olub. Amasyada Azərbaycan və erməni dillərində
“Əmək” qəzeti çıxırdı. Sonra atam və
başqa bir əmim “Sovet Ermənistanı” qəzetində uzun
müddət işləyiblər…
- Bəs
türk izini axtarmağa meyliniz nə vaxtdan başlayıb? Düzdür, genetik olaraq türkük, bu öz
yerində. Elmi
araşdırmalarınıza və fəaliyyətinizə təkan
verən amilləri, qığılcımları nəzərdə
tutub soruşuram.
- Bizim Amasya sərhəd rayondur. O üzü Türkiyədir, bir tərəfi
də Gürcüstan, bu yan da Ermənistan. Biz
türkük. Bizim orada camaatda milli
şüur vardı, ayıq idilər. Düzdür,
çox şeyləri açıb demirdilər, amma milli
şüuru aşılayırdılar. Həm
də uşaqları ehtiyatlandırırdılar ki, Leninakanda
çox olmayın, ora tək getməyin, qaranlıq yerdən
keçməyin.
- Yəni
o qan düşmənçiliyi insanların genetik yaddaşında
yaşayırmış…
- O qan
düşmənçiliyi qanda da, gendə də var, onu bizə
ötürürdülər. Biz
uşaqlıqdan bilirdik ki, biz də türkük, dağın
o üzündəkilər də türkdür. Ermənilər bizi əsəbiləşdirirdi ki,
sizin generalınız yoxdur. Deyirdik
dağın o üzünə baxın, nə qədər desən
generalımız var. Onlar da partlayırdılar. Orada milli zülüm vardı, bu olduğu
üçün başqa etnik qruplar, kürdlər, azərbaycanlılar
öz aralarında həmrəy olmalı idilər. O kənddə
18 il yaşadım, amma bir dəfə
görmədim ki, bizim kəndin bir sakini o birini məhkəməyə
versin.
- Qaraçanta kəndində?
- Nəinki
Qaraçantada, ümumiyyətlə Amasyada elə şey yox
idi. Düzdür, dava-dalaş olurdu, amma rəsmən şikayət
edilmirdi ki, biz heç kəsi erməninin əlinə vermərik. Camaat
istəmirdi ki, kimisə tutsunlar, cəzalandırsınlar.
Ermənini yaxşı tanıyırdılar.
- Müsahibələrinizdən birində
“2007-ci ildə Monqolustana səfər etdim, Orxon-Yenisey abidələrini
çəkdim. Ölkəmizdən o abidələri
gedib görən ilk və son insan mənəm" demisiz. Bu gün necə, yenə yeganəsiniz,
yoxsa artıq
sizdən başqa da ora gedənlər olub?
-
Ulan-Batorda bir dəfə Anar müəllim olub. Orada Tonyukuk adlı
bir türk abidəsi var. Ora bir saata, saat yarıma rahat gedirlər.
Oradan 450 kilometr Orta Asiyaya doğru Qaraqorum şəhəri
var, dəmiryolu yoxdur, ora getmək çətindir. Avtobusa minməlisən, 7-8 saat yol getməlisən
Qaraqoruma. Ordan da təxminən 30-40 kilometr
getməlisən ki, gedib əsl abidələri görəsən.
Ulan-Batordakı abidəyə Anar müəllim
də, Məmməd İsmayıl da, Vilayət Quliyev də
gedib. Amma uzaq abidəyə getmək
çətindir.
- Siz necə getdiniz?
- Ora getmək
çox əzab-əziyyətlidir. Ona görə də ora hər
adam gedə bilmir. Bir də ki, ora getmək
üçün gərək o abidəni biləsən,
yazasan, dərsini deyəsən…
Süleyman Dəmirəlin prezidentliyi dövründə
Monqolustanla xüsusi müqavilə bağlanıb, abidələrin
yerləşdiyi yerdə xüsusi bir bina tikilib. Çöldəki
abidələrin özləri gətirilib binanın içinə
qoyulub, amma dublikatını yaponlara düzəltdirib
bayırda saxlayırlar.
- Bunu nə üçün ediblər?
- Qorumaq
üçün. Çünki quş
cığı onu xarab edir. O abidələrin ən
qocamanın yaşı 1400 ilə yaxındır. Türkiyədən getmişəm. Türkiyə ora bir yol çəkib. Abidələrin
yerləşdiyi yerdə bir neçə adam
işləyir, maaş alırlar. Onlar həm
qarovulçudurlar, həm də bələdçilik edirlər.
Ora gəlib-gedən çoxdur, əsasən də
Türkiyədən, türk dünyasından gəlirlər.
Monqollar onlara elə də maraq göstərmir,
çünki yazıları oxuya bilmirlər. O abidələr
ona görə salamat qalıb ki, ora yerli əhali müqəddəs
yer kimi baxıb.
- O yazıları tam oxuya bilirsiz?
- Oxuyuram,
dərsini də keçmişəm. Bir az
fərqli əlifbadır, bəzi hərflər
yazılmır, tələffüz edilir. Əslində, o qədər
də çətin deyil, bir az
alışmaq lazımdır.
- 70 ili necə
yaşadınız?
- Tarixin iki böyük xalqı var, biri ingilisdir, biri türk. Bunların torpaqları üzərində günəş batmayıb. Hər ikisinin də deyimləri var. İngilislərin belə bir deyimi var: 15 yaşına qədər təhsil yoxdursa, olmayacaq, 20 yaşına qədər arvadın yoxdursa, olmayacaq, 30 yaşına qədər pulun yoxdursa, olmayacaq. Bizdə vücudnamələr var. Məsələn, ən gözəlini türkmən şairi Məhtimqulu deyib: əlli oldun bəlli oldun, altmış oldun batmış oldun, yetmiş oldun getmiş oldun, oldun səksən bil ki, təksən, oldun doxsan bu gün varsan sabah yoxsan, yüz oldun torpaqla düz oldun. Türk xalqları həyatı belə görüb. Əlli olduq bəlli olduq, altmış olduq batmış olmadıq, yetmiş olduq hələ ki, getmiş olmadıq.
- Bayaq dediniz ki,
91 kitabınız nəşr olunub. Bu kitabları necə çap etdirirsiniz? Heç olurmu ki, qonorar da alasınız?
- Əsla, qonorar almamışam. Daha elə şeylər
yoxdur. Kitablarımı öz hesabıma
çap edirəm. İndiyə qədər
özümün 32 orjinal kitabım var, tərcümə
kitablarımın sayı isə 66-dır. O 66 tərcümə kitablarından da 63-ü
çıxıb, bir neçəsi nəşriyyatdadır.
Mənim “Müstəqilliyin ilk dövrü Azərbaycan
ədəbiyyatı” kitabım hazırda türkcə və
qırğızca Bişkekdə çap olunur.
Hazırda da iki kitab yazıram. Biri Toktoqulun 160 illiyi,
o biri də Məhtimqulunun 300 illiyi ilə
bağlıdır...Türkmən qəhrəmanlıq
dastanı “Goroğlu”nu ana dilimizə çevirmək barədə
çox düşünürdüm. Nəhayət,
bacım, filologiya üzrə fəlsəfə doktoru, dosent
Nailə Əsgərlə bu ağır işə
girişdik. Tərcümə üç
cilddən ibarət olacaq, iki cildin tərcüməsi artıq
çapa hazırdır. İndi cildlərə
ön söz və qeydlər yazırıq.
- Dünyanın bir çox ölkəsində
olmusunuz. Bu səfərlərdə sizi təsirləndirən
hadisələr olubmu?
- Ən çox Monqolustanda Orxon abidələrini görərkən
çox təsirləndim. Mən Yenisey abidələrini
də görmüşəm.
- Elmi fəaliyyətiniz o qədər
genişdir ki, danışmaqla bitməz. İstəyirəm
ki, bir az da şəxsi həyatımızdan
danışaq. Mərhum həyat yoldaşınızla necə
tanış olmuşdunuz?
- Biz
Moskvada oxuyarkən tanış olmuşduq.
Mən jurnalistikada oxuyurdum, o da “fizfakt”da. Bakıya gəldik evləndik. Hətta
teleqram vurub Heydər Əliyevi toyumuza dəvət etmişdim.
- Maraqlı faktdır. Teleqramınıza
necə reaksiya vermişdi?
- Həmin
vaxt o teleqramı ona verməyiblərmiş. Sonra
Naxçıvanda onunla görüşdə dedim ki, mən
sizə teleqram vurub toyumuza dəvət etmişdim, siz gəlmədiniz.
Soruşdu ki, hansı tarixdə, teleqramı hara
göndərmişdiniz? Dedim ki, Azərbaycan MKP-yə
göndərmişdim. Dedi ki, teleqram mənə
çatdırımayıb, çatdırılsaydı
özüm gələ bilməzdim, amma hədiyyə göndərərdim.
Onu da dedi ki, əgər mənə teleqram çatsaydı həmin
teleqram haqda
Rusiyaya oxumağa göndərdiyimiz gənclərə
danışardım ki, baxın, Moskvaya oxumağa göndərdiyim
gənclər məni öz toylarına dəvət edib. Çox xoş təəssüratlardır.
Sonra Heydər Əliyevdən xahiş etdim ki, bir
kağıza mənə öz sözlərini,
arzularını yazsın, o da yazdı. Hələ
Heydər Əliyevin öz xətti ilə ürək sözlərini
yazdığı o kağızı saxlayıram. Biz o zaman Heydər Əliyevin qayğısı ilə
gedib Moskvada oxumuşduq. Bu baxımdan onun
qayğısını hiss etmişdik.
Övladlarıma gəlincə, üç
övladım var, qızımın biri jurnalistdir, o biri
qızım həkimdir, indi Türkiyədə
çalışır, oğlum Atilla isə NASA-da işləyir.
İradə
SARIYEVA
Bakı Xəbər 2024.- 20-22 yanvar (¹ 11).- S.12.