Tariximizi
dünyaya tanıdan alim
(İsmayıl
Məmmədov-75, İsmayıl bəy Zərdablı)
Müasir dövrdə, yüksək keyfiyyətləri,
saf həyat idealı, şəxsiyyətinin
bütövlüyü ilə fərqlənən ləyaqətli
insanların cəmiyyətdəki müstəsna yeri və
rolu daha qabarıq görünür. Belə nəcib
insanların dərk edilmiş məsuliyyətə əsaslanan
əməli fəaliyyəti həm də onların mənalı
həyat yolunu, mövqeyini, ictimai statusunu müəyyənləşdirir.
Ziyalı
adına layiq belə təmənnasız
insanlar xalqımızın əsrlərin sınağından
çıxmış mənəvi dəyərlərini, zəngin
aləmini parlaq şəxsiyyətlərində təcəssüm
etdirirlər.
Bakı Dövlət Unuversitetinin “Türk xalqları
tarixi” kafedrasının professoru, tarix elmləri doktoru
İsmayıl Məmmədov Azərbaycan ziyalısı
adını şərəflə daşıyan elm xadimidir. O, ömrünün 75 ilini
ləyaqətlə yaşamış, zəhmətkeş alim
kimi elmin yüksək zirvələrini fəth etmişdir.
Xalqımızın ayrı-ayrı parlaq səhifələrini
gərgin zəhmət bahasına tədqiq etmək və gənc
nəslə öyrətmək kimi gözəl bir missiyanı
əzmlə daşıyan professor İsmayıl Məmmədov
özündən sonra çoxlarının bəhrələnəcəyi
zəngin elmi məktəb yaratmışdır.Yüksək
daxili enerji ilə çalışmaqla məktəb müəllimliyindən
elmlər doktoru pilləsinədək çətin yolu
uğurla adlayan tanınmış alim ömrünün ən
qaynar illərini xalqın gələcəyi olan gənc nəslin
təlim-tərbiyyəsinə, tədrisinə həsr
etmiş, fundamental əsərlər, proqram və dərsliklər
yazmış, tarix elmi sahəsində uğurlu tədqiqatlara
imza atmışd;r. Erkən yaşlardan qəlbində baş
qaldıran pak və ülvi arzular, xoş xəyallar onu
yüksək həyat eşqi ilə təhsilə, elmə
ruhlandırmış, gələcək uğurlarına
körpü salmışdır.
İsmayıl
Məhəmməd oğlu Məmmədov 1950-ci il
aprelin 25-də Zərdab rayonunun Qaravəlli kəndində (Azərbaycan
toponimiyasında 17 oğuz etnonimi öz əksini
tapmışdır. Bunlardan biri Qaraveli və ya
Qaravəlli-Qara öylü), sadə, zəhmətkeş və
imanlı bir ailədə anadan olmuşdur. Orta məktəb illərindən özünün yüksək
istedadı, biliklərə yiyələnmək
bacarığı, nizam-intizamı, məqsədinə
doğru səylə irəliləmək əzmi ilə fərqlənmiş,
dəfələrlə rayon və respublika
olimpiadalarının iştirakçısı olmuşdur.
Orta məktəbdə oxuyarkən tarixçi
olub gələcək həyat yolunu pedaqoji fəaliyyətlə
bağlamaq arzusunu özü üçün tam yəqin edən
İsmayıl Məmmədov 1969-cu ildə qəbul
imtahanlarını müvəffəqiyyətlə verərək
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə
daxil olmuşdur. Tələbəlik
dövründə yüksək mədəniyyəti,
isdedadı, biliklərə yiyələnmək həvəsi
ilə müəllimlərinin böyük rəğbətini
qazanmış, tələbə elmi şurasının
üzvi seçilmiş, Moskva və Donetsk universitetlərində
elmi konfranslarda respublikamızı layiqincə təmsil
etmişdir.
1974-cü
ildə ali təhsilini başa
çatdıran İsmayıl Məmmədov təyinatla
doğma kəndinə dönmüş, iki il Qaravəllidə
tarix müəllimi işləmişdir. Elmi fəaliyyətə
olan yüksək marağı onu rahat buraxmamışdır.
Hətta rayonda ona yaxşı vəzifələr
təklif olunmuşdur. Lakin elm sahəsinə
üstünlük verərək aspiranturaya qəbul
imtahanlarına hazırlaşmışdır. 1976-cı ildə Bakıya dönərək gələcək
həyat yoluna qədəm qoymuşdur. O, ADU-nun tarix
fakültəsinin əyani aspiranturasına daxil olmuş,
1979-cu ilədək elmi-tədqiqat işi üzərində
çalışmışdır. Bu dövrdən
başlayaraq onun həyat yolu həmişəlik olaraq
universitetlə bağlanmış, 1980-ci ildən ADU-da pedaqoji
fəaliyyətə başlamışdır. Universitetdə işlədiyi müddətdə
üzərində gərgin səylə
çalışdığı dissertasiya işini 1983-cü
ildə müvəffəqiyyətlə müdafiə
etmiş, tarix elmləri namizədi elmi dərəcəsini
almışdır. 1984-cü ildən həmin
fakültənin baş müəllimi, 1988-ci ildən isə
dosent seçilmişdir.
Pedoqoji fəaliyyəti dövründə elmi tədqiqatların
uğurla davam etdirib, 1992-ci ildə üzərində gecə-gündüz
çalışdığı doktorluq dissertasiyasını
müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsinə
yiyələnmişdir. 1994-cü ildə Bakı Dövlət Unuversitetinin
Böyük Elmi Şurası xidmətlərini nəzərə
alaraq onu professor elmi adına layiq
görmüşdür. Elə həmin ildən
Bakı Dövlət Unuversitetinin tarix fakültəsinin
professoru kimi çalışmış, tələbə-gənclərin
təlim-tədrisində cəmiyyət üçün
layiqli, vətənpərvər və bilikli insan kimi yetişməsində
öz xidmətlərini əsirgəməmişdir.
Professor Azərbaycanın qədimdən bu günədək
keçdiyi şərəfli və çətin yolun
ayrı-ayrı mərhələlərini böyük məsuliyyət
hissi ilə araşdıran, bir çox qaranlıq səhifələrə
elmi konteksdən işıq salan, maraqlı ümumiləşdirmələr
apararaq son dərəcə əhəmiyyətli tədqiqatlara
imza atan dəyərli alimlərdəndir. 10-dan çox
elmi kitabın, 80-dən çox elmi-siyasi məqalənin,
100-dən çox qəzet məqaləsinin müəllifidir.
Beynəlxalq konfrans və simpoziumlarda iştirak etmiş
görkəmli alim milli tariximizin nailiyyətlərini təbliğ
etmişdir. Yaradıcılığı dövründə bir
sıra monoqrafiyalar, dərs vəsaitləri və proqramlar
yazaraq dərc etdirmişdir.
Türk xalqlarının qədim və orta əsrlər
tarixini araşdıran professor qədim türk dövləti
olan Böyük Hun imperiyası ilə bağlı qiymətli
tədqiqatlar aparmışdır. Tədqiqatların 1995
və 1997-ci illərdə “Hunlar” adlanan iki kitabda toplayan alimin
fikirləri tədqiqatçıların və oxucuların
böyük marağına səbəb olmuşdur.
Professor İ.Məmmədov Azərbaycan tarixi elminin
dünya miqyasında təbliğinə hər zaman
taleyüklü məsələ kimi yanaşmış, alimlərimizin
erməni ideoloqlarının tarixi saxtalaşdırmaq istiqamətində
apardığı məkirli işlərə tutarlı cavab
verməsini vacib saymış, bu işin fəal təşviqatçısı
olmuşdur.
O, türk xalqlarının tqrixini tədris etməsinə
baxmayaraq, həm də Azərbaycan tarixinin mahir və
istedadlı araşdırıcılarından biri kimi məhşurlaşmışdır.
İsmayıl Məmmədovun elmi tədqiqatlarının
ən sanballı bəhrəsi olan “Azərbaycan tarixi” dərsliyinin
əhəmiyyəti xüsusi qeyd olunmalıdır. Uzun və gərgin
araşdırmaların nəticəsi kimi xalqımızın
şərəfli tarixini kifayət qədər yığcam,
dürüst, aydın və obyektiv şəkildə qələmə
almış, bir növ ensiklopedik səciyyə daşıyan
qiymətli əsər yaratmış İsmayıl Məmmədov
çətin bir işin öhdəsindən gəlmişdir.
2005-ci ildə işıq üzü görmüş “Azərbaycan
tarixi” kitabının unikallığı və əhəmiyyəti
onunla şərtlənir ki, burada milli dövlətçilik
tariximizin heç bir mərhələsi diqqətdən kənarda
qalmır, elmi ümumiləşdirmə yolu ilə
oxucuların nəzərinə çatdırılır. Kitabı
oxuyan hər hansı əcnəbi alim və tədqiqatçı
da müxtəlif elmi mənbələrə müraciət etmədən,
uzun-uzadı vaxt itirmədən Azərbaycan tarixi haqqında
dolğun təssurata və yetərli bilgilərə malik olur.
Kitabda tarixin bütün dövrləri Azərbaycan
ərazisi, əhalisi, sosial tərkibi, inkişaf səviyyəsi
dəqiq faktlar əsasında
araşdırılmışdır. Bəzi
tarixçilər müəyyən obyektiv və subyektiv səbəblərdən
öz müasirlərinin, bütövlükdə, cəmiyyətin
bilavasitə şahidi olduğu çağdaş tarixi prosesləri
araşdırmağa və obyektiv şəkildə qələmə
almağa heç də maraqlı görünmürlər.
Bu istiqamətdə tədqiqatın dolğun və səhih ola bilməyəcəyi, cəmiyyətdə
birmənalı qarşılanmayacağı ehtimalı və digər
səbəblər bəzən tarixçi alimləri müəyyən
çərçivəyə salır. Əsas
odur ki, professor İsmayıl Məmmədov bu psixoloji baryeri cəsarətlə,
qətiyyətlə aşaraq, bizim günlərdə
yaşadığımız hadisələri belə, obyektiv
şəkildə oxuculara çatdırır.
Müəllif “Azərbaycan tarixi” kitabında ibtidai icma
quruluşundan bu günlərədək olan hadisələri qələmə
almaqla mühüm bir vəzifəınin öhdəsindən
uğurla gəlmişdir. Elə buna görə
də professorun “Azərbaycan tarixi” kitabı qardaş
Türkiyə alimləri tərəfindən obrazlı formada
“Azərbaycanın tarix üzrə xarici pasportu”
adlandırılmışdır.
Tanınmış alimin “Azərbaycan tarixi” Türk
Qafqazında siyasi və etnik mənzərə” (qədimdən
bu günə kimi) kitabı 2009-cu ildə İstanbulun
“Ötugen” nəşriyyatında nəfis tərtibatla
çapdan çıxması da Azərbaycan tarixi ilə
bağlı həqiqətlərin Türkiyə və
Dünya ictimaiyyətinə çatdırılması
baxımından böyük əhəmiyyətə malikdir. 853 səhifədən
ibarət fundamental əsər İsmayıl müəllimin
xaricdə nəşr olunan ilk əsəridir. Kitabın Anadolu türkcəsində çap olunması
onun Azərbaycandan kənarda böyük oxucu auditoriyası
qazanmasına geniş imkanlar açır, xarici ölkə
mütəxəssislərinin diqqətini Azərbaycanın
obyektiv tarixini öyrənməyə cəlb edir.
Beynəlxalq aləmdə hər bir alimin elmi tədqiqatlarının
ictimai əhəmiyyəti və dəyəri ilk növbədə,
onlara istinadlar əsasında müəyyənləşir. Seçilən
əsərlərdə irəli sürülən tezis və
fikirlər sonradan bir çox dünya ölkələrinin
alimləri üçün maraqlı istinad mənbəyinə
çevrilir. Professor İsmayıl Məmmədov
ölkə hüdudlarını adlaya bilmiş alimlərdəndir.
Onun tədqiqatları əcnəbi alimlər
üçün maraqlı və zəngin mənbə rolunu
oynayır. Alimin elmi əsərlərinə
dünyanın müxtəlif ölkələrində dəfələrlə
istinad edilməsu faktı deyilənləri təsdiqləyir.
Qardaş Türkiyədə İstanbulda XV-XXI əsrlərdə
Türkiyə-Azərbaycan əlaqələrinə aid
böyük həcimli monoqrafiya buraxılıb. Bu maraqlı əsər yazılarkən professorun əsərlərinə
128 dəfə müraciət olunub.
2009-cu ildə rus dilində “Azərbaycan tarixi”
(«İstoriə Azerbaydjana») kitabı çapdan
çıxmışdır. Bu kitab Sankt-Peterburqda
“İmperator” kitabxanasının 200 illiyinə həsr
edilmiş kitab sərgisində 100 kitabdan biri olmuşdur.
Xarici ölkələrin universitetlərində
bu kitabdan dərslik kimi istifadə olunur (Qazaxıstan, Özbəkistan
və s. o, cümlədən Daşkənd Universitetində).
Professorun
əsərləri Azərbaycanın xaricdəki diaspor təşkilatları
tərəfindən də maraqla qarşılandığı
üçün Bəzi avropa ölkələrində o,
cümlədən İngiltərə, Norveç, Ukrayna,
İsveçrə və s. ölkələrində geniş
təbliğ olunur.
2014-cü
il sentyabr ayında İsmayıl Məmmədovun
“Azərbaycan tarixi”
(The history of Azerbaijan. London /2014) əsəri
İngiltərənin paytaxtı Londonda ingilis dilində nəşr
olundu. Bu kitab Londonda “Rosserndale Books (RB)” nəşriyyatı
tərəfindən nəfis tərtibatla çapdan
buraxıldı. Kitabı ingilis dilinə
AMEA-nın əməkdaşı Fatma Fərəcova
çevirib. Əsərin redaktoru isə
ingilis Annemarie Mergeldir. Bu kitabın Londonda
nəşr olunması özü bir tarixi hadisədir. Bu məsələ Azərbaycanda çox
yaxşı qarşılandı. Azərtac,
mətbuat və televiziya kanalları bir həftə bu məsələni
şərh etdilər.
Beləliklə xaricdə ilk dəfə “Azərbaycan
tarixi” adlı əsərləri professor İsmayıl Məmmədov
nəşr etdirdi. Professor Azərbaycan tarixi elminin dünya
miqyasında təbliğinə hər zaman taleyüklü məsələ
kimi yanaşıb, alimlərimizin erməni ideoloqlarının
tarixi saxtalaşdırmaq istiqamətində apardığı
məkrli kompaniyaya tutarlı cavab verilməsini vacib bilib və
bu işin fəallarından olub.
2015-ci ildə Milli Elmlər Akademiyasının
yaranmasının 70 illiyi münasibətilə Prezident
İ.H.Əliyev AMEA-da nitq söylədi. O, tarix elmi haqqında
xüsusi danışdı və tarixçiləri tariximizi
xaricdə təbliğ etməyə çağırdı. Prezidentin bu çağırışına
qoşulanlardan biri İsmayıl Məmmədov oldu. O, əsərlərini
xaricdə çap etdirib, cənab Prezidentin
tapşırığına əməl edir.
İsmayıl Məmmədov 4 dildə “Azərbaycan
tarixi” adlı əsəri nəşr etdirib (azərbaycan, rus,
türk və ingilis). Dünyanın hər yerində tariximizi
bu dillərdə oxuyurlar. Bu İsmayıl
müəllimin xidmətidir. O, qəhrəmanlıq etməyib,
sadəcə borcudur, borcunu yerinə yetirib.
İstanbulda
çıxan kitabı 2009-2010-cu illərdə Azərbaycanın
“Dövlət mükafatına ”, hətta
kitabı dərindən oxuyub, bəyənən bəzi alimlər
onu “Nobel” mükafatına təqdim etməyi məsləhət
bildilər. Lakin bu işdə ona kömək edən
və ya istiqamət verən olmadı. “Bizimkilər”
imkan vermədi, onlar öz işlərini təqdim etdilər.
Nəticədə məlumdur.
2018-ci il Azərbaycanda “Cumhuriyyət ili”elan
edilmişdi. Həmin ildə ölkə daxilində
və xaricində bir sıra tarixi əsərlər oxuculara təqdim
olundu. Bu sırada Bakı Dövlət
Universitetinin professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun
(İsmayıl bəy Zərdablı) iki kitabı ABŞ-da
(Şimali Korolina Ştatının paytaxtı Raley şəhərində)
nəfis tərtibatla çapdan çıxdı. Kitablardan biri “Azərbaycanın etnik və siyasi
tarixi” (Ethnic and Politikal History of Azerbaijan), digəri isə “Azərbaycanın
tarixi xəritələri” (Historical mars of Azerbaijan) adlanır.
Xalqımız çox zəngin tarixə və mədəniyyətə
malikdir. Ona görə də dünya xalqları bizim tarixi
öyrənməyə maraqlıdır. ABŞ-da
çıxan bu əsərlərin unikallığı və
əhəmiyyəti ondadır ki, kitablarda milli dövlətçilik
tariximizin heç bir mərhələsi diqqətdən kənarda
qalmayıbdır. Professor İsmayıl bəy Zərdablı
2019-cu il fevral ayının 11-dən-14-dək
Hindistanda Beynəlxalq elmi konfransda iştirak etmişdir. 2019-cu
il “Nəsimi ili” olduğu üçün
məruzəsində Nəsimi ilə bağlı məsələlərə
də toxunmuşdur. Onun məruzəsi “XV əsrdə
Azərbaycan mədəniyyəti” adlanırdı. Konfrans Hindistanın Assam bölgəsinin paytaxtı
Quvahati şəhərinin Universitetində keçirilirdi.
Konfransın ikinci günü professorun ABŞ-da nəşr
olunmuş “Azərbaycanın etnik və siyasi tarixi”(ingilis dilində) adlı kitabının təqdimatı
keçirilmişdir. Təqdimat mərasimində universitetin
rektoru, departament rəhbəri, Hindistanın alimləri ilə
bərabər Almaniya, Şotlandiya, Macarıstan, Rusiya, İran,
Neapol, Banqladeş, Türkiyə, Koreya, Norveç və
başqa ölkələrin alimləri də iştirak
etmişlər. Professor həmin universitetin
kitabxanasına kitablar hədiyyə etmişdir.
İsmayıl bəy Zərdablı Hindistanda olarkən
Dehli şəhərində Böyük Moğol
imperiyasının imperatoru Humayunun (1530-1539, 1555-1556-cı illər)
məqbərəsini və böyük şair Xosrov Dəhləvinin
məqbərəsini ziyarət etmişdir. Eyni zamanda Akra
şəhərində türk dünyasının incisi
sayılan, dünyanın yeddi möcüzəsindən biri
olan Tacmahal məqbərəsini ziyarət etmişdir.
Xarici dillərdə
çap olunmuş əsərlərinin həcmi təxminən
3000 (3 min) səhifəyə (200 c.v.)
yaxındır.
Professor 1997-ci ildən dərc olunan və elmi mühitdə
yaxşı tanınan “Tarix və onun problemləri” adlı
Beynəlxalq jurnalın baş redaktorunun birinci müavinidir. O, BDU-nun tarix fakültəsində
Müdafiə Şurasının və fakültə Elmi
Şurasının üzvüdür. Müdafiə
edilmiş 5 tarix üzrə fəlsəfə doktoru dissertasiya
işinin elmi rəhbəri, 50-dən çox dissertasiya
işinə rəy yazıb, opponenti olub. Professorun
aşağıdakı təltifləri var:
- Bakı
Dövlət Universitetinin təhsildə fərqlənməyə
görə “Fəxri Fərman”-ı
-
Türkiyə, Dumlupinar Universitetində keçirilən Beynəlxalq
Konfransda məruzəyə görə Universitetinin rektoru tərəfindən
“Fəxri Fərman”(2006-cı il)
-
Hindistan, Quvahati Universitetində keçirilən Beynəlxalq
Konfransda məruzəyə görə “Fəxri Fərman”(2019-cu il).
- Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin 26 noyabr 2019-cu il tarixli əmri ilə “Bakı Dövlət
Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan
Respublikasının Yubiley medalı.
İsmayıl müəllim bir vətəndaş alim
ömrü yaşayır. Yaşadığı
ömrü yaxşı, məzmunlu yaşamışdır.
Şərqin böyük əbədi abidəsi
olan “Kəlilə və Diminə”də göstərilir ki,
“Hikmət, əql, təmkin və ədalət” göstərən
insan kamil sayılır. İsmayıl
müəllimdə bu hikmətlərin dördüdə var.
O, heç kimin önündən kiçilməmiş və
gözü kölgəli olmamışdır. O,
yaxşılıq etməklə yanaşı, həm də
özünə edilən yaxşılıqları
ömründə unudmamışdır.
Şair Ənvər Əhməd yazır ki,
“İsmayıl Məmmədov altun xəzinəli tariximizi
dünya miqyasına qaldıran, məkrli erməni
tarixçilərini, onların savadsız, kütbeyin, ziyankar
ideoloqlarını sarsıdan, tarixi baş-ayaq edən digər
anti-türk ruhlu tarixçiləri tarixin edamına çəkən
milli ruhlu alimdir”. Şair eyni zamanda İsmayıla şeyirlə deyir:
Sən
içdin öz qanınla vətənə oğul andı
İsmayıl,
yaxşı duydun, vətən eşqin nə uca,
Vətəni
sevən insan, vətəndəndə çox qoca!
Vətənin
tarixini yaz, yaz saf qanunla yaz!
İsmayıl
müəllimə tarixi sevdirib bu yola istiqamətləndirən
orta məktəb müəllimi Bəhlul Elmanov, Sovet
İttifaqı Qəhrəmanı Məlik Məhərrəmov,
tarixçi- alim Abdulla Məmmədov, Zərdab Rayon Maarif
Şöbəsinin keçmiş müdiri Vaqif Salmanov, elmi rəhbəri
professor Aslan Atakişiyev, professor Əli Həsənov
(keçmiş Əmtəşünaslıq İnstitutunun
rektoru) və digər şəxsiyyətlər olmuşdur.
Gözəl ailə başçısı olan Hacı
İsmayılın üç qız övladı var.
Böyük qızı Fərəh xanım Azərbaycan Tibb
Universitetində çalışır. Tibb üzrə
fəlsəfə doktoru, Fərəh xanım Tibbi Biokimya
kafedrasında çalışır. İkinci
qızı hüquqşünasdır. Ali
məhkəmədə analitik sektorun müdiridir. Kiçik qızı hüququ üzrə fəlsəfə
doktoru Lalə xanım Bakı Dövlət Universitetinin
hüquq fakültəsində müəllimədir.
İsmayıl müəllim Allah adamıdır, xeyirxah
adamıdır, bu xüsusiyyətlərinə görə
ziyarətlərə getmək ona qismət olmuşdur. O, həm də çox
maraqlı adamdır. 1995-ci ildə Məşhəd
və Kərbəla, 1996-cı ildə Məkkədə Həcc
ziyarətində olmuşdur. Babaları Mir
Abdulla və Mir Səftər ağa yüksək mənəviyyat
sahibi kimi kənddə böyük nüfuza sahib olmuşlar.
Uşaqlıq illəri babalarının
yanında keçən İsmayıl da imanlı insanların
dinlə bağlı ibrətamiz söhbətlərindən məftun
olmuş, onları daim maraqla dinləmişdir.
O,
doğma kəndi ilə daim əlaqə saxlayır. Kənddə xeyirxah işlərlə məşğul
olur. Ömrünün 75-ci pilləsinə
qədəm qoyan İsmayıl Məmmədov (İsmayıl bəy
Zərdablı) bütün varlığı və ruhu ilə
yaradıcı insandır.
Adil Abdullayev
“Gənclik” nəşriyyatının
direktoru,
əməkdar mədəniyyət
işçisi.
Bakı xəbər.-2025.-24 aprel (¹68).-S.14