Poeziyamızın Zeynəb gülü...
Doğrudan da həyat çox maraqlı və mürəkkəbdir. Bəzən görürsən illər sonra elə işlər olur ki, vaxtilə bu heç ağlına belə gəlməzdi. Təki illər sonra olanlar xeyirli ağlagəlməzlər olsun. Elə Zeynəb xanımın da ağlına gəlməyən xeyirli bir ağlagəlməz başına gəldi.
O, 1977-ci ildə inanmazdı ki, ilk dəfə toppuş, ağ əllərindən tutub hərfləri yazmağı öyrətdiyi balaca bir oğlan bu gün onun kitabı haqqında yazı yazacaq. Məncə, bundan gözəl bir hiss, duyğu ola bilməz. Bunu yaşamağı özümə də arzu edirəm. Elə özümə həyatda nə arzu edirəmsə, onu da başqasına arzulayıram. O ki qaldı Zeynəb xanıma, ona bir köynək yaxın olduğum üçün, elə arzularım da bir köynək yaxındır.
Mən Zeynəb Bəhmənlini yeddi yaşımdan tanıyıram. O, çox
da hamar olmayan bir tale yolu keçib. Bütün çətinliklərə sinə
gələrək heç
zaman sınmayıb.
Bilmirəm, nədənsə mən Zeynəb xanımı ən çox C. Cabbarlının
Sevilinə bənzədirəm.
O, həyatda mübariz bir qadındır. Bu gün də
maddi və mənəvi çətinlikləri
olsa da ruhdan
düşmür. Zeynəb xanım
haqqında onu da deyə bilərəm
ki, o, yaxşı insandır. İnsan var kiməsə
pislik edən gün özünü xoşbəxt hiss edir, insan da var
kiməsə yaxşılıq
edən gün özünü xoşbəxt
hiss edir. Zeynəb xanım
isə yaxşılıq
edən gün xoşbəxt olur. Bu cəhət isə
əsl şairlərə
xas olan xarakterdir. Elə şairlərdən söz düşmüşkən
onu da qeyd
edim ki, Zeynəb Bəhmənli uzun illərdir mətbuatda çalışır.
Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvü, saysız hesabsız media mükafatlarının laureatıdır.
Zeynəb xanım həm
də çox gözəl qarmon ifaçısı, musiqi müəllimidir. Uzun illər
Füzuli rayonunda, musiqi məktəbinin direktoru vəzifəsində
çalışıb.
Şeirin ruhu musiqidir. Onun dünyaya
göz açdığı
Böyük Bəhmənli
kəndi Arazın sağ qolu üzərində
yerləşir. Şübhəsiz ki, Zeynəb Bəhmənlinin şair olmasında bunun da təsiri olub. Xan Arazın mehi
sanki Zeynəb xanımın özünəməxsus
poetik deyimlərinə
bir sığal çəkərək onları
misra-misra durulaşdırıb.
Ona görə də onun şeirləri bulaq suyu kimi
insanın sinəsinə
yayılır. 13 kitabın
müəllifi olan Zeynəb Bəhmənlinin
yaradıcılığı haqqında tanınmış
qələm adamlarından
rəhmətlik yazıçı
Əlibala Hacızadə,
şair-publisist Mürvət
Qədimoğlu Həkəri,
professor Minəxanım Təkləli,
fəlsəfə doktoru
Fəridə Ləman,
əməkdar incəsənət
xadimi Kəmalə Ağayeva, əməkdar incəsənət xadimi Ruzigar Əfəndiyeva, rəhmətlik xalq artisti, bəstəkar Məmməd Cavadov, tanınmış jurnalist,
“Vətənim” jurnalının
baş redaktoru Qızbəs Qəbələ,
alim-şair Rüstəm
Bağır, alim-şair
Oktay Rza və neçə-neçə
söz-sənət xiridarları
yazılar yazıb.
Baxmayaraq ki, otuz ildir
mətbuatda çalışıram,
mən Zeynəb xanımın yaradıcılığı
haqqında heç vaxt yazı yazmağa ürək eləməmişəm. Nədənsə, çəkinmişəm ki,
birdən yazı zəif alınar, birdən xoşuna gəlməz. Bu yazı da, Allaha
pənah.
Məhəbbətini daim qəlbimdə gəzdirdiyim, həmişə
mərhəmətinə sığındığım
Allahın adını
çəkmişkən, onu
da qeyd etməyim
yerinə düşər
ki, Zeynəb xanım dəfələrlə
Kərbəla, Məşhəd
ziyarətində olan,
imanlı bir insandır. Tanrı müqəddəs yerləri ziyarət etməyi ona nəsib etmişdir. İlk dəfə Mir Mövsüm
Ağa haqqında yazılan kitabın müəllifi olan Zeynəb Bəhmənlinin
Allah eşqi ona arzusunda olduğu Məşhəd ziyarətini
qismət elədi.
Uca Yaradana olan sonsuz
sevgisini misralara çevirən şairin
70-dən çox şeirinə
mahnı bəstələnib.
Zeynəb xanımın ruhu
əsl şair ruhudur. Onun evinin də,
ürəyinin də qapısı insanların üzünə açıqdır.
Ədəbi janrların bütün növlərində qələmini
sınaqdan keçirən
Zeynəb xanımın,
çox gözəl təşkilatçılıq qabiliyyəti də var. Bunu onu yaxından
tanıyanlar çox yaxşı bilir. Zeynəb xanımın
haqqında yazı yazmaq ona görə
çətindir ki, bilmirsən hansı fəaliyyətindən söz
açasan, haradan başlayasan. Amma çox
arzu edirəm ki, onun çoxşaxəli
həyat və yardıcılıq yolunu özündə ehtiva edən bir kitab
yazılsın. Elə bir
kitab ki, gənc yazarlar o kitabdan bəhrələnərək,
öz yaradıcılıq
yollarında düzgün
istiqamət seçə
bilsinlər. Ömrünü-gününü qələmə bağlamış insanlar sözün həqiqi mənasında hər bir ehtirama layiq,
əsl sənət fədailəridir. Bu gün masamın üzərində olan kitab sənət fədaisinin sayca 13-cü kitabıdır. “Seçmələr” (yuxuma
güllə dəyib)
adlı bu poeziya buketi çox nəfis tərtibatda işıq üzü görüb.
“Çap ART” mətbəəsində çap
edilən kitaba, ön sözü şair-publisist Mürvət
Qədimoğlu Həkəri
yazmışdır. Mürvət
müəllim həm də kitabın redaktoru olaraq, sanki kitabda yer
alan şeirlərə
bir düzən verib. Bu düzəndə
Həkərinin həzin-həzin
axan bir pıçıltısı da
duyulur. Məncə Zeynəb xanımın
kitabına redaktorluq etməyi, hər bir qələm adamı məsuliyyətini
dərk edərək,
öz üzərinə
götürə bilməzdi.
Zavallı şairlər hamını
başa düşsə
də, nədənsə
bu başıbəlalı
ruh adamlarına həyatda çox az adam dərddaş olur. Bəlkə elə buna görə
də Tanrı onlara qələmi sirdaş verib. Zeynəb xanımın qələmlə dərdləşdiyi
duyğuları isə
nəinki özünə,
həmçinin də,
onun oxucularına doğmadır, məlhəmdir...
Məncə, hər bir ölçünü
nizamla verən Uca Tanrı, şairlərə də istedadı qədərində
verib. Bəlkə elə ona görədir ki, hər bir gülün
öz ətri olduğu kimi, hər bir şairində
biri-birinə bənzəməyən
öz qədəri, tutumu var.
Yurd-yuva
həsrəti qəlbində
dünyadan nigaran köçən neçə-neçə
həmdərdlimizin ruh
halını misralara çevirən Zeynəb xanım yazır:
Yurdu talan olanların,
Evi odda yananların,
Çadırda yurd salanların,
Halını gəl məndən soruş.
(“Məndən soruş”
şeirindən.)
Zaman-zaman müqəddəs varlıq
sayılan analar haqqında çox şeirlər yazılıb. Ana yeganə bir varlıqdır ki, sevgisi əbədi və təmənnasızdır.
Zeynəb xanım da bu mövzuda saysız-hesabsız şeirlər
yazıb. Anasını itirənlər çox yaxşı bilir ki, insan bu
boşluğu bir ömür doldura bilmir. Kitabda diqqətimi çəkən
bir bənd sanki, qəlbimin sarı simini qırdı:
Məbədə çevirib tikək
qəbrini,
Ölənə nə xeyri, öpək qəbrini?
Heyif ki, bilirik ana
qədrini,
Analar dünyadan
köçəndən sonra.
(“... Sonra” şeirindən.)
Poeziya sevgidən
yaranıb bəlkə
də. Əyər şairin qəlbində
sevgi yoxdursa o, heç zaman əlinə qələm götürə bilməz.
Tanrı
sevgisindən tutmuş,
insanlara olan sevgiyə qədər dolu bir ürək
çırpınır şairlərin
sinəsində. Bu başıbəlalıların arada bir pünhan
sevgisi də, olur. Ruhları cavan qalsa da, sevə-sevə yaşdan gedir.
Bəs görək poeziyamızın
Zeynəb gülü nə yazır:
Oxlandım sinəmdən, ürəyim
yandı,
Sandım ki, gözümdə həyat dayandı.
Hələ də gözləyən
gözlər yoldadı,
Zaman öz işində, ömür qocaldı.
(“...Ömür qocaldı” şeirindən)
Zeynəb
xanım!
...Hələ qocalmağa, tələsmə.
Yaz, yarat, oxucularını yeni-yeni kitablarınla sevindir.
Vaqif Mehman
Bakı Xəbər .- 2025.- 23 aprel
(¹67).- S.15.