Müharibədən sonra da Daxili
Qoşunlarda qalmaq istəyirdi, noyabrın 7-də Şuşada
son döyüş - Afər Orucov...
İradə Orucova: “Mənim oğlum
Şuşa fatehidir”
El
batır qəm dəryada,
Kimə
gedim mən dada?
İgid
döyüşdə ölsə,
Adı
qalar dünyada.
Adı bu
dünyada əbədi qalan oğullarımızdan biri də
Afər Yafət oğlu Orucovdur. Vətənə layiqli
oğul olan igid Afər düşmənə qan udduran
Şuşa fatehlərindən biri olaraq tariximizdə
özünə ad qazanıb. Uğrunda
döyüşdüyü Şuşada şəhidlik zirvəsinə
ucalan Afər subay idi, ürəyində qönçələnən
arzularının yalnız birinə, özü də ən
böyüyünə çata bildi - torpaqlarımızın
düşmən tapdağından azad olunmasına.
Şəhid
çavuş Afər Orucovun anası İradə Orucova ilə
Qubada yaradıcılıq ezamiyyətində olarkən
tanış olub söhbətləşdik. O da Nəzakət Məmmədovanın
rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə
Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44
gün-Tarixi zəfər” kitabının II və III cildlərinin
Qubada keçirilən təqdimat mərasiminə
qatılmışdı.
“Oğlum
Şuşa dağlarının ətəyində şəhid
olub, dağlara baxdım, sanki oğlumu gördüm, Afərlə
görüşdüm...”
“44
gün-Tarixi zəfər”in səhifələrində igid Afər
haqqında da məlumat dərc olunub. Ana kitabı
köksünə elə sıxmışdı ki, sanki
oğlunu qucaqlayır.
Afər
Orucov 1996-cı il martın 13-də Quba rayonunun
Aşağı Atuc kəndində anadan olub, 2001-2013-cü illərdə
kənd tam orta məktəbdə təhsil alıb. “Oğlum
subay idi. Üç oğlumun böyüyü Afər idi. O
özünü hərbidə görürdü, elə də
oldu, çavuş rütbəsi almışdı. Həddən
artıq vətənpərvər idi. Əsgərlikdən gələndən
sonra dedi ki, ana, hərbiyə qayıtmaq istəyirəm. Elə
də etdi. Lənkəranda Daxili Qoşunlarda Xidmət etdi.
Beş il idi ki, hərbidə işləyirdi. Qamətli,
görkəmli, canlara dəyən bir oğul idi Afər...”
Afərin
uşaqlıqdan idmana maraq göstərdiyini deyən ana qeyd
edir ki, o, idmanla da məşğul olurdu.
Afər
Orucov 2014-2015-cü illərdə Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında müddətli həqiqi
hərbi xidmət qulluqçusu olub. Müddətdən
artıq xidmətini Azərbaycanın Daxili Qoşunlarında
çavuş rütbəsiylə edib.
Azərbaycanın
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının
çavuşu olan Afər Orucov 2020-ci il sentyabrın 27-də
Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistan işğalı altında olan ərazilərin
azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması
üçün başlanan Vətən müharibəsində
iştirak edib. Cəbrayılın, Füzulinin, Xocavəndin və
Şuşanın azadlığı uğrunda gedən
döyüşlərdə vuruşub. Afər Orucov 7 noyabr
2020-ci ildə Şuşa istiqamətində döyüş
tapşırığının yerinə yetirilməsi
zamanı şəhid olub.
“Mənim
oğlum Şuşa fatehidir. Afərin canını fəda
etdiyi Şuşaya getdim, oğlumun ruhu dolaşan yerləri
gözümlə gördüm, ürəyimlə hiss etdim.
Necə oğullarımız olub. Biz o igid, cəngavər
oğulların analarıyıq. Canavar ürəkli
oğullarımız son damla qanlarına qədər
vuruşublar, özləri geri qayıtmadı, torpaqlarımız
qayıtdı. Şuşaya, İsa bulağına,
Cıdır düzünə getdim, oğlum Şuşa
dağlarının ətəyində şəhid olub,
dağlara baxdım, sanki oğlumu gördüm, Afərlə
görüşdüm...”
Ana deyir,
Xocalını, Xankəndini, Ağdamı da ziyarət edib, o
torpaqların hər qarışına Vətən
oğullarının qanı tökülüb.
Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi
uğrunda döyüş əməliyyatlarına qatılan və
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına
əsasən Afər Orucov ölümündən sonra "Vətən
uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın
Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda
aparılan döyüş əməliyyatlarına
qatılaraq şəxsi igidliyi və şücaəti
nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti
İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən
Afər Orucov ölümündən sonra "Füzulinin azad
olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın
Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda
aparılan döyüş əməliyyatlarına
qatılaraq şəxsi igidliyi və şücaəti
nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti
İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən
Afər Orucov ölümündən sonra
"Şuşanın azad olunmasına görə"
medalı ilə təltif edildi.
İradə
Orucova deyir ki, oğlu gənc yaşında şəhid olsa
da, onun əbədiyyən yaşayacağına inanır və
şəhidlər haqda yazılan hər bir yazı, hər bir
kitab onları yaşadır. “Oğul itkisi çox
ağırdır. Hər zaman gözün o itkini arayır,
ürəyin onu gəzir. Afərdən başqa iki oğlum
var, birini evləndirmişəm, 4 aylıq nəvəm var, o
biri oğlum hələ ki, subaydı. Yoldaşım onkoloji xəstədir.
Afərin itkisi dərdimizin üstünə daha böyük dərd
qoydu...Yaşayırıq, oğlumuzu yaşadırıq...”
Ağlayarsan,
islanı,
Şəhid
ruhlar yaslanı,
Göz
yaşıyla yazılmaz
Şəhidlərin
dastanı.
Amma analar
şəhid oğullarının yasını da göz
yaşı ilə tuturlar, dastanını da göz
yaşı ilə yazırlar. O oğulların
ağlı-qaralı ömrünün müəllifi də
analardır. Belə bir fikir var ki, oğullarla birgə analar da
şəhid olur, oğullar torpağa köçür,
göylərə çəkilir, üçrəngli
bayrağımıza hopur, analar isə canlı şəhidlər
kimi yaşayırlar…
Bir
gün yolun düşsə gələrsən oğlum,
Qurumuş
ağacam, kor olmuş bulaq…
Bir
gün anan gələr yanına ya da
Gələrəm,
yenə də qolboyun olaq…
Afər kimi şəhid oğulların ruhları bu torpağa çıraq kimi işıq salır, qələbə ruhu bu gur çıraqdan alovlandı və bütün dünyaya yayıldı. Bu işıq şəhidlərin ruhudur…
İradə SARIYEVA
Quba-Bakı
Bakı Xəbər .- 2025.- 2-4 avqust (¹134).-
S.13.