Əcnəbilərə gedən qızlarımız, əcnəbidən
qız alan kişilərimiz...
Azərbaycan xalqı tarixən ailə dəyərlərinə
verdiyi böyük əhəmiyyətlə, ailənin
möhkəmliyini qorumaqla,
ailəni müqəddəs
saymaqla başqa xalqlardan ciddi şəkildə fərqlənib.
Biz daha çox milli ailə modelinə sahib çıxmağımızla
nümunə olmuşuq.
Xüsusən də qızlarımız
başqa xalqların nümayəndələri ilə
ailə qurmağa üstünlük verməyiblər.
Bu keçmiş zamanlarda belə olub, Sovet illərində
də başqa xalqın nümayəndəsi
ilə ailə quran qızlarımız barmaqla sayılacaq qədər olub. Biz xalq olaraq
demoqrafik mühitin sağlamlığına, demoqrafik
mənzərəmizin pozulmamasına
çox üstünlük
vermişik. Azərbaycanlı
qızlar tarixən bir qayda olaraq
azərbaycanlı oğlanlarla
ailə qurublar, adətən oğlanlarımız
başqa xalqların qızlarını gətirib
evlərimizdə gəlin
ediblər. Cəmiyyət
olaraq buna tolerant yanaşmışıq...
Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra ailə dəyərlərimizə yanaşmada
müəyyən fərqliliklər
meydana çıxdı.
Gənclər ailə
dəyərlərinə bir
qədər fərqli
yanaşdılar. Nəticədə
başqa millətlərin
nümayəndələri ilə
evlilik dəbə mindi. İndi nəinki oğlanlarımız
əcnəbilərlə evlənir,
hətta qızlarımız
az qala bu
məsələdə onları
arxada qoyublar. Bəli, Azərbaycanda son illər əcnəbilərlə nikaha
girənlərin sayı
çoxalıb. Qızlarımızın
müəyyən bir qismi əcnəbilərlə
ailə qurur, oğlanlarımız da əcnəbi qızlara meyl edirlər.
Bu məsələ
demoqrafik mənzərəyə,
ailə dəyərlərimizə
hansı təsirlər
göstərir, ziyanlı
tərəfləri nədir?
Buna müsbət yöndən yanaşmaq olarmı? Əcnəbilərlə
nikah ailə dəyərlərimiz üçün
nə qədər təhdid yaradır?
Son statistika
nə deyir...
Ədliyyə Nazirliyinin yaydığı
məlumata görə,
cari ilin ilk altı ayı
ərzində Azərbaycan
vətəndaşları ilə
əcnəbilər və
ya vətəndaşlığı
olmayan şəxslər
arasında 1 080 nikah bağlanıb. Belə ki, onlardan 599 nəfəri Azərbaycan vətəndaşı olan
kişi, eləcə də 481 nəfər Azərbaycan vətəndaşı
olan qadındır.
Qeyd edək
ki, daha çox Rusiya, Türkiyə, Gürcüstan,
Ukrayna, Pakistan vətəndaşları ilə
Azərbaycan vətəndaşları
arasında nikahlar rəsmiləşdirilib.
Məlumat üçün
bildirək ki, illər üzrə statistika dəyişir, bu istiqamətdə ya artım, ya da azalma
baş verir.
Bəzi ekspertlərin
fikrincə, qloballaşan
dünyada qarışıq
nikahların olması
qanunauyğunluq hesab olunur, amma bütün
hallarda, yenə də müəyyən məqamlar nəzərə
alınmalıdır. Ekspertlər
deyir ki, əcnəbi ilə ailə həyatı qurmaq - dəyərləri,
mədəniyyətləri, düşüncə tərzləri
fərqli olan insanların izdivacıdır.
Elə qloballaşan dünyada da dəyərlərin, düşüncə
tərzlərinin, mədəniyyətlərin
toqquşmasının şahidi
oluruq. Bir yazıda deyildiyi kimi, "kiçik dövlət" sayılan
ailə də bu toqquşmalardan xali deyil. Xüsusən
də bu "kiçik dövlət"
fərqli mədəniyyətlərə,
dəyərlərə sahib
insanlar tərəfindən
qurulubsa. Statistika bu kimi evliliklərin
azaldığını desə
də, amma bu da danılmaz
faktdır ki, günümüzdə gənclərimizin,
xüsusilə də gənc xanımlarımızın
əksəriyyəti əcnəbilərlə
nikaha can atır. Ekspertlər deyir ki, mədəniyyətlərin,
adətlərin fərqliliyi
özünü, xüsusilə
uşaqların tərbiyəsində
göstərir. Yəni
uşaqların valideynlərindən
hansının milli mənsubiyyəti və mədəniyyətini qəbul
edəcəyi ilə bağlı məsələlər
problemlərin ön cərgəsində durur. Ekspertlərə görə,
qarışıq etnik
nikahların ən böyük təhlükələrindən
və risqlərindən
biri də ər-arvad arasında meydana gələn mübahisə, münaqişə
və boşanma zamanı uşaqların hansı valideynlə və hansı ölkədə qalması
ilə bağlıdır.
Lakin bütün bu növ nikahların
uğursuzluğa düçar
olacağını düşünmək
və bunu ümumiləşdirmək səhv
yanaşmadır.
Sosioloq, professor
Əhməd Qəşəmoğlunun
fikrincə, bu məsələni bir müddət də iqtisadi amillərə bağlayırdılar: "Müəyyən
bir dövrdə belə bir fikir
yaranmışdı ki,
əcnəbilərin hamısı
maddi baxımdan çox yaxşı vəziyyətdədir. Çünki
kimin əcnəbi qohumu var idisə,
gələndə yaxşı
hədiyyələr gətirirdi.
Ona görə də, belə ictimai rəy formalaşmışdı ki,
əcnəbilər imkanlı
olur. Amma əvvəlki dövrlərdə
əcnəbilərlə ailə
qurmağa əngəl
olan bəzi mənəvi-psixoloji məqamlar
var idi deyə,
bu cür nikahlar elə də çox deyildi. Lakin 90-cı illərdən sonra bu əngəllər ortadan götürülməyə
başladı və nəticə etibarı ilə bu cür
nikahların sayı artdı. Hətta prestijli bir addım
kimi qiymətləndirildi".
Sosioloq qeyd
etdi ki, qloballaşmanın belə
sürətlə getdiyi
vaxtda xarici vətəndaşlarla nikaha
girənlərin olması
təbii haldır:
"Bu, eyni zamanda strateji məsələdir və dövlətin diqqət mərkəzindədir. Bu proses sivil yollarla
tənzimlənir. Çünki
xarici nikahların artması ölkə əhalisinin milli-etnik tərkibinə təsir edə bilər. Xarici vətəndaşlarla
nikaha girənlərin
vətəndaşlıq hissləri
yüksək olarsa, Azərbaycanla başqa ölkələrin arasında
yaranan əlaqə ölkəmiz, dövlətimiz
üçün faydalı
olar. Burada "qırmızı xətt"
var. Onlar tariximizə, dövlətçiliyimizə,
azərbaycançılıq, türkçülük məfkurəsinə
lazımı ehtiram göstərməli, qorumalıdırlar.
Əks təqdirdə,
xarici vətəndaşlarla
çoxlu nikahlar etnik tərkibə təsir göstərdiyindən,
təhlükəli ola
bilər. Son bir neçə ildə xarici vətəndaşlar və
vətəndaşlığı olmayanlarla on minə yaxın nikah bağlanıb. Təbii ki, 10-20 ilin statistikası daha böyük olacaq. Ona görə
də indiki vaxtda əcnəbilərlə
nikahın əsas motivləri dəqiqləşdirilməlidir.
Buna uyğun elə humanitar siyasət aparılmalıdır
ki, biz o "qırmızı xəttə"
yaxınlaşmayaq".
“Demək olmaz
ki, bu yalnız
bir səbəblə bağlıdır”
Sağlam Toplum
Hərəkatının eksperti
Lalə Mehralı “Bakı-Xəbər”ə bildirdi ki, əcnəbilərlə
nikahlar fərqli səbəblərdən olur,
kimi daha fərqli mədəniyyətlər
tanımaq arzusu ilə, kimi daha yaxşı həyat yaşamaq istəyində olduğu, kimi başqa ölkələrin vətəndaşlığını
ala bilmək, kimi təhsil imkanlarını genişləndirmək
üçün evliliyi
bir tramplin olaraq nəzərdə tutub ailə qurur: “Ona görə
də, demək olmaz ki, bu
yalnız bir səbəblə bağlıdır.
Düzdür, əvvəllər
qızlarımız daha
çox əcnəbilərlə
ailə qururdular, indi oğlanlarımız da meyllənib. Əcnəbi deyəndə
elə qardaş ölkəyə qız verib, qız alırıq ki, buna əcnəbi ilə evlənmək demək düzgün deyil. Oğlanlarımız
arasında başqa xalqlardan qız alanlar da var,
əcnəbilərlə ailə
quran qızlarımız
da. Əgər fikir ayrılığı
yoxdursa, bir-birinin mədəniyyətlərinə, inanclarına, dəyərlərinə
hörmət etməyi
bacarırlarsa niyə
də olmasın? Düzdür, insan öz ölkəsində öz adət-ənənəsini
bilən, ona hörmət edən insanla evlənməyi planlaşdırsa da, sonra həyatın axarı dəyişir və zamanla insanda alternativ fikirlər də yaranır. Dünən soyuq baxdığı əcnəbi evliliyə bu gün isti
baxa bilir. Yəni insan fikri dəyişə bilir”.
Bu cür
evliliklərin zərərli
tərəflərinə gəlincə,
L.Mehralı dedi ki, bu, boşanma
baş verərsə uşaqların gələcək
taleyi ilə bağlı anlaşılmazlıq
yaranması ola bilər. “Biz bir müddət əvvəl bir şeyxlə evlənən
modelin timsalında bunu gördük. Onu ailə qurduğu
ölkədə bir otağa qapatmışdılar
uşaqlarını görə
bilmirdi. Sonra o, Vətənə gəldi,
uşaqları orda qaldı. O ölkədə
valideynlər boşananda
uşaqlar anaya verilmir. Yəni boşanma halında bu kimi problem
yaranır. Ona görə də yüz ölçüb bir biçmək lazımdır ki, ailə uğurlu olmasa məni nə gözləyir. Bu məsələlər də nəzərə alınmalıdır”-deyə
L.Mehralı vurğuladı.
İradə SARIYEVA
Bakı Xəbər 2025.- 2-4 avqust
(¹134).- S.8.