Qubalı şəhid Musa Məhəmmədov -
3 ayın əsgəri
idi, inadla təkid etdi ki...
Rübabə
Məhəmmədova: “Biz
onunla görüşdən
qayıtdıqdan on gün sonra Musa şəhid oldu”
Elcan:
“Musa bronejiletini geyinib silahını götürüb “Satko”nun yanında durmuşdu, döyüşə
getmək üçün
israr edirdi”
Hər bir
Azərbaycan oğlu qəhrəman olmaq istəyir. Qəhrəman olmaq istəyi oğullarımızda bir genetik xüsusiyyətdir.
Vətən müharibəsində də,
Birinci Qarabağ savaşında da bizim yüzlərlə qəhrəmanımız olub
ki, onların hər birinin ömür və döyüş yolu kitablara sığışmır.
Sakit, mülayim
təbiətli, olduqca
istiqanlı gənc idi, uşaqlıqdan hərbi mövzuda kitablar oxumağı və filmlərə baxmağı çox xoşlayırdı, hərbiçi
olmaq arzusu ilə yaşayırdı
Musa Bəhrəm oğlu Məhəmmədov.
18 iyun 2002-ci ildə Quba rayonunun Zərdabi qəsəbəsində anadan
olmuşdu. Arzuları
çox idi, ən böyük arzusu isə torpaqlarımızın işğaldan
azad edilməsində iştirak etmək idi.
44 günlük Vətən müharibəsi
başlayanda Musa üç ayın əsgəri idi.
Rəsmi sənədlərə
görə, Musa Məhəmmədov 2020-ci ildən
Azərbaycan Silahlı
Qüvvələrinin sıralarında
müddətli həqiqi
hərbi xidmət qulluqçusu idi. Goranboy rayonunda yerləşən "N" saylı
hərbi hissədə
xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Musa Məhəmmədov
2020-ci il sentyabrın
27-dən Azərbaycan Silahlı
Qüvvələri tərəfindən
Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi üçün
başlanan Vətən
müharibəsində iştirak
edib. Murovdağın azadlığı uğrunda
gedən döyüşlərdə
vuruşub. Musa Məhəmmədov 2 oktyabr
2020-ci ildə Murovdağ
döyüşləri gedişatında
Goranboy rayonunun Buzluq kəndi istiqamətində təmas
xəttində, "Cəngavər"
döyüş mövqeyində
döyüş tapşırığının
yerinə yetirilməsi
zamanı Vüsal Mahmudov və bir neçə hərbi qulluqçu ilə birlikdə şəhid olub. Quba rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün
təmin edilməsi uğrunda döyüş
əməliyyatlarına qatılaraq,
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası
zamanı vəzifə
borcunu şərəflə
yerinə yetirdiyi üçün Azərbaycan
Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına
əsasən Musa Məhəmmədov ölümündən
sonra "Vətən
uğrunda" medalı,
Azərbaycanın Kəlbəcər
rayonunun işğaldan
azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına
qatılaraq şəxsi
igidliyi və şücaəti nümayiş
etdirdiyinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin
29.12.2020-ci il tarixli Sərəncamına əsasən
Musa Məhəmmədov
ölümündən sonra
"Kəlbəcərin azad
olunmasına görə"
medalı, Azərbaycan
ərazilərinin işğaldan
azad olunması zamanı döyüş tapşırıqlarını və
xidməti vəzifələrini
yerinə yetirən zaman fərqləndiyinə
görə Azərbaycan
Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına
əsasən Musa Məhəmmədov ölümündən
sonra "Hərbi xidmətlərə görə"
medalı ilə təltif edilib.
Musa Məhəmmədovun
anası Rübabə
Məhəmmədova ilə
Quba rayonunda yaradıcılıq ezamiyyətində
olarkən tanış
olub söhbət etdik.
Nəzakət Məmmədovanın rəhbərlik
etdiyi Mədəniyyət
Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə
gətirdiyi “44 gün-Tarixi
Zəfər” adlı kitabın II və III cildlərinin Qubada keçirilən təqdimat
mərasiminə Rübabə
ana da gəlmişdi...
“Musa ailənin
yeganə oğul övladı olub, eyni zamanda da
ilk uşağımız
idi. Onu çox ərköyün
böyütmüşdük. Uşaqlıqda çox sakit təbiətli, böyüklə böyük,
kiçiklə kiçik
olan bir uşaq olub. Həddindən artıq zəhmətkeş olmaqla yanaşı evimizin bütün problemlərini
özü həll edirdi, hər şeyin dalınca özü getməyi xoşlayardı. Ailənin
ilk uşağı və yeganə oğlu olduğuna görə hər işi özü görər, bazarlığı
belə özü edərdi. 2008-ci ildə Zərdabi qəsəbə
Bayram Şixəmirov adına məktəbin I sinfinə gedib. Məktəbdə tərbiyəsi,
sakit təbiəti ilə seçilən şagird olub, çox dostcanlı, mehriban uşaq idi. Həmişə dostlarının içində
seçilirdi. Yeddinci sinfdə oxuyanda yaxşı bal topladı Qubada liseyə daxil oldu və on
birinci sinfi orda bitirdi. Ali
məktəbə sənəd
verdi, amma kodlaşdırmanı düzgün
etmədiyi üçün
balı aşağı
düşdü və
ödənişliyə qəbul
oldu. Ailənin maddi imkanı zəif olduğu üçün isə pulluda oxumadı. Dedi ki, əsgərliyə
gedim gəlim, sonra yenə ali məktəbə sənəd verərəm.
Musa sonra sənədlərini peşə
məktəbinə verdi,
dedi ki, ay ana, orda
oxuyaram və ayda heç olmasa 70 manat təqaüd alaram. Amma ali təhsil
almaq istəyirdi.
Musagilin həqiqi
hərbi xidmətə
çağırış dövrü pandemiyaya düşdü, karantin idi deyə onları
hələ aparmırdılar,
inanın, hər gün çağırış
idarəsinə gedib “məni niyə əsgərliyə aparmırsınız?”
deyirdi. Gündə gedib çağırış
idarəsənin əməkdaşları
ilə dava edirdi ki, məni
aparın. Bir gün işdə idim zəng vurdu ki, ana,
qonşumuz Mahir üçün çağırış
vərəqəsi gəlib,
amma mənə gəlməyib, mən “voyenkomata” gedirəm. Ordan da deyiblər
ki, getmək istəyirsən sabah hazırlaş gəl göndərək. Mən
də anayam, dura bilmədim, ağlaya-ağlaya evə gəldim. Dedi ki, ana, mən
sabah əsgərliyə
gedirəm, Şəmkirə
düşmüşəm. Axşam hazırlaşdı,
səhər onu yola salırdıq. Səhər də adam çox idi, maşının biri çatmırdı, taksiyə zəng etdik, bir də
yoluna bəzi şeylər almaq istəyirdim. Orda da taksini gözləmək
istəmirdi. “Birdən
taksi gec gələr, birdən gecikərəm, avtobus çıxıb gedər
məni gözləməz,
siz özünüz nə alırsız alın mən birinci maşınla gedirəm”-dedi. Dedim ki, ay
bala, sən ora gedəcəksən, sənin adını çəkəcəklər, avtobus
gedə bilməz, səni orda gözləyəcək...Dedi
ki, yox ana,
sən məni gecikdirəcəksən, sən
məni qoymayacaqsan getməyə...Musa şəhid olmağa o qədər tələsirdi
ki...O qədər həyəcanlı idi ki... O qədər vətənpərvər uşaq
idi ki...Məhəllədən çıxanda
da dedi ki,
mən gedirəm torpaqları almağa, almamış geri gəlməyəcəyəm, toprpaqları
alıb gələcəyəm”.
Ana deyir
ki, oğlu əvvəlcə Gəncədəki
“N” saylı hərbi hissəsəyə düşür
və ordan da Musanın nümunəvi xidmətinə
görə onlara fəxri fərmanlar göndərilir. Musanın
çox ağıllı,
tərbiyəli, yerini
bilən, nümunəvi
bir gənc olduğunu deyən ana bildirir ki,
qısa müddətdə
xidmətdə də hər kəsin hörmətini qazanır.
“Ordan da Musa Toğanaya hərbi hissəyə göndərilib. Karantin olduğu üçün
heç oğlumun andiçməsinə gedə
bilmədik. Toğanaya
gedəndə zəng
vurdu ki, ana, gəlin, artıq valideynlərlə
görüşə icazə
verilir. Biz də getdik. Sentyabrın 22-i idi. Musa dedi ki,
ana, müharibə başlayacaq, əli ilə qarşını göstərib, “o erməni
postunu alacağıq”
dedi. “Biz müharibədə qalib gələcəyik, əgər
qalib gəlməsək
bu səfər Gəncəni, Bakını
vuracaqlar”-dedi. Fikri-zikri o idi ki, müharibə başlasın və o da torpaqların işğaldan azad olunmasında iştirak etsin, döyüşsün.
Dedim ay Musa, mən anayam, ürəyimi parçalama, oğlum, nəbadə özünü
qabağa atasan, elə etmə. Musa dedi ki,
biz getməliyik, torpaqları qaytarmalıyıq,
Vətən üçün
yaranmışıq, Vətən
üçün də
öləcəyik, ana,
get rahat yat, oğlun burda səni qoruyur, qoymaram erməni bura gəlsin, burdayıq, qarşılarındayıq. Hələ
mənimlə zarafat da etdi. Bir
də dedi ki, burdakı su “qara su”dur, içmək olmur, pal-paltarımızı
yuyuruq ancaq, ermənilərin postunun yaxınlığından içməli
su gətiririk. Dedim ana qurban,
dumanda-çəndə getmə,
birdən səni əsir götürərlər.
Dedi ki, ay ana, onlar
bizdən siçan kimi qorxurlar, biz ora su
gətiməyə gedəndə
qaçıb gizlənirlər.
Biz onunla görüşdən qayıtdıqdan
on gün sonra Musa şəhid
oldu. Sentyabrın 27-si
günü özü
könüllü olaraq
döyüşə qoşulub.
Hərbi hissədən
komandirləri deyib ki, sən getmə,
qərargahda qal, burdan keçən silahlı maşınları
yoxla. Musa etiraz edərək deyib ki, siz
nə danışırsınız,
mən hərbi hissədə qalmıram, döyüşə gedirəm.
Hərbi hissədə
starşina ilə dava edib ki,
məni saxlaya bilməzsən, döyüşə
gedirəm. Gedib bronejiletini geyinib, silahını götürüb
və döyüşə
gedib. Sentyabrın 27-dən
oktyabrın 2-nə qədər
döyüşdə olub.
Ayın 2-də onları
Buzluq kəndi istiqamətində ermənilər
ağır silahlarla vurublar...
Evimizin bircə
yanan çırağı
Musanın şəhid
olması xəbəri
bizi elə sarsıtdı, elə yandırdı ki, sözlə deyə bilmirəm, dilim ağzımda yanır...18
yaşlı balam canını Vətən uğrunda könüllü
qurban verdi, oğlumun niyyəti hasil oldu, torpaqlarımız
işğaldan azad olundu...”
Musanın əsgərlik
və döyüş
yoldaşı Elcanın
dediklərindən:
“Müharibə başlayan gün “Satko”lar (döyüş
maşını) gələndə
Musa bizim starşinadan yapışmışdı
ki, mən də döyüşə
getməliyəm. Bizi qabağa aparıb-aparmayacaqları
heç dəqiq deyildi. Amma Musa
bronejiletini geyinib silahını götürüb
“Satko”nun yanında durmuşdu, döyüşə getmək
üçün israr
edirdi. Starşinamız
özü Allah şahididir ki, Musa ondan əl
çəkmirdi, “gedək-gedək”
deyirdi. Starşina qışqırırdı ki,
siz 3 ayın əsgərisizniz hərbi
hissədə qalın,
sizi aparmırıq. Ən son “Satko”da bizə dedilər ki, hamı getməlidir və biz ən
axrıncı döyüş
maşını ilə
çıxdıq. Ayın
27-si günü axşamüstü
bizim taborun köhnə əsgərlərindən
bir qismini atəşə dəstək
üçün aparırdılar.
Amma bizim “prizıv”ı aparmırdılar ki, siz gənc əsgərlərsiniz.
Musa ilə mən sentyabrın 27-si,
28-i, 29-u, bir də oktyabrın 1-i səhər
tezdən yanaşı
olmuşuq.
Mən Musa
ilə əvvəlki hərbi hissədəki xidmətdə tanış
deyildim, sonra digər hərbi hissədə tanış
oldum. Çox yaxın olmasaq da, danışırdıq,
söhbət edirdik. Biz vurulduğumuz səhərin gecəsi yadıma gəlir ki, yerimizi dəyişdilər,
bizi aşağı düşürdülər. Çünki
bizi ordan PUA-lar çəkib vura bilərdi.
Hardasa 200-300 metr aşağı düşdük, ora atlar gətirdilər. Bu atları bizə kəndlilər vermişdilər. Musa at çapdı və 2-3 “kruq” vurmuşdu ki, “düş atdan, yıxılarsan, tanımadığın
atdı” deyə qışqırdım.
Gecə düşəndən
sonra qışqırdılar
ki, PUA-lar fırlanır, hərə
bir qayanın arxasına çəkilsin,
biz Musa ilə yanaşı getdik. Mənə dedi ki, gəl
yaxın duraq bizə soyuq dəyməsin. O gecə dəhşət soyuq idi, dişimiz bir-birinə dəyirdi. Sonra Musa cibindən
bir alma çıxardı, bölüb
yedik.
Oktybarın 1- nə keçən gecə ilk dəfə
bizə palatka gətirdilər. O günə
kimi torpağın üstündə yatırdıq.
Biz təpəlikdə
idik, lap aşağıdan çay
axırdı…Dedilər
ki, çaydan işıq görsənir…Nə isə, səhər açıldı
yemək yedik. Musa da yanımda
idi. Dedim ki, artıq 4 ayımız tamam olur.
Sözümün üstündən 2 dəqiqə
keçmədi ki, bizi vurdular və
mən ilk atışda yaralandım.
Məni götürüb
“Satko” ilə aparanda Musanı gördüm, üstü qan idi. Amma
gözüm zəifdi,
bilmədim öz qanı idi, ya yanında kimsə şəhidmi olmuşdu onun qanı idi. Bilə bilmədim. Məni “Satko”da
aparanda yanımda şəhidlər də var idi, digər
yaralılar da. Amma Musanı onların içində görmədim.
Şəmkirdə müalicə olunurdum, yaralanmağımdan 1 həftə
keçmişdi ki, ora yaralı bir qazi gətirdilər.
Dedi ki, Elcansan, səninlə bir yerdə olduq, eyni vaxta
yaralandıq, Sizi aparan “Satko” gedəndən sonra ermənilər yolu vurdular, ordan başqa yaralılar çıxa bilmədilər.
Mən ondan Musanı soruşdum, tanımadığını dedi.
Mən bir
də “Papanin”də
yatanda Musanın şəklini gördüm
və onda bildim ki, Musa
şəhid olub.
Musa ilə
“Əzgilidə” olanda
çox da yaxın deyildik. Hətta bir dəfə onun şampunundan istifadə etmişdim deyə mənə əsəbləşmişdi
ki, o mənimdir. Dedim ki, narahat
olma, evə qayıdaq, ən yaxşı şampunu alıb sənə hədiyyə edəcəyəm.
Çox mərifətli
uşaq idi. Orda hər cür
adam var idi. Musa sakit,
dinməz uşaq idi. Saf olduğu
bilinirdi. Mən heç gözləməzdim
ki, o sakit uşaq elə edə. Biz çöldə
oturmuşduq, birdən-birə
tabordan çıxdı
və gördük ki, artıq geyinib durub döyüş
maşının yanında,
israrla “məni də aparın, burda qalmıram” deyir. Yenə deyirəm, çünki bizə demişdilər gənc əsgərləri
aparmayacağıq. Musa
yerində dayanmırdı,
israr edirdi ki, məni də
aparın, döyüşmək
istəyirəm. Mən
yaralandığım günə
kimi Musa ilə torpağın üstündə bir yatıb, bir durmuşuq... Biz vurulandan sonra onları başqa yerə keçiriblər orda şəhid olub, yoxsa başqa
yerdə, bilmirəm. Nə qədər maraqlandım, Musa haqqında heç kim dəqiq bir söz demədi”.
Qəhrəmanımız Musa belə oğul olub, gözünü qırpmadan
canını Vətən
üçün fəda
edib. Məhəmmədovlar
ailəsinin Musa adlı çırağı
sönsə də, Vətən torpaqları azad olunub, indi
azad ellərdən gur işıq seli gəlir, o işıq seli şəhidlərin ruhunun
nurudur...
İradə SARIYEVA
Quba-Bakı
Bakı Xəbər .- 2025.- 8 avqust (ą138).- S.13.