Yaralansa da, hospitala getmədi, vuruşdu və... Qubalı şəhid Mehdi
Murtuzov...
Muxtar Murtuzov: “Mehdinin
itkin düşməsi
barədə xəbərlər
bir qədər bizi ümüdləndirmişdi,
sağ olduğuna inanırdıq, amma 52 gündən sonra...”
Yolu uca zirvəyədir
Yol ver ellər, şəhid gəlir.
Arzuları qana dönüb-
İllər, yol ver, şəhid gəlir...
Dağlar
biçimdə idi igid Mehdi, indi anasının sinəsində
oğul dağı kimi yaşayır, atasının ürəyinin
qubarında binə qurub. Mehdi kimi yüzlərlə Vətən
oğlunun yolu, amalı bir olub - Vətən torpağını düşmən
işğalından azad
etmək. Torpaqları
azad etdilər, özləri də o torpaqları əbədiyyən
qorumaq üçün
şəhid olub torpağın qoynuna çəkildilər.
1997-ci il iyul ayının 10-da igidlər oylağı Qubanın qədim Alpan kəndində dünyaya göz açan Murtuzov Mehdi Muxtar oğlu şəhid olsa da, özündən çox
silinməz izlər qoyub.
Mehdinin atası Muxtar Murtuzovla Qubada ezamiyyətdə olarkən
tanış olduq. Nəzakət Məmmədovanın
rəhbərlik etdiyi
Respublika Xatirə Kitabı
Redaksiyasının ərsəyə
gətirdiyi “44 gün-Zəfər
tarixi” kitabının
II-III cildlərinin Qubadakı
təqdimat mərasiminə
Muxtar ata da gəlmişdi.
Muxtar Murtuzov dedi ki, Mehdini kənddə hamı xeyirxah, istiqanlı, mehriban, gülərüz, tərbiyəli
bir oğul kimi tanıyıb, o zamanlar sadəcə bir kənd uşağı
idi Mehdi. Amma Vətən
müharibəsindən sonra
Mehdi alpanlıların qəhrəmanına
çevrilib. “Vətən
müharibəsi başladıqdan
və ən ağır döyüş
əməliyyatlarından sonra
onu daha çox adam tanıdı, kənd camaatı oğlumla fəxr etdi. Demək istəyirəm
ki, o, şəhidlik zirvəsinə
yüksəlməklə daha
çox insana tanıtdı özünü.
Artıq o bir kəndin oğlu deyil, bütün Azərbaycanın oğlu oldu”.
2003-cü
ildə Alpan kənd Elşad Bayramov adına tam orta məktəbinin 1-ci sinfinə
qəbul edilib, 2012-ci ildə Quba rayon 103 saylı Peşə Liseyinin Rabitəçi-Elektrik
ixtisasına qəbul olunub, 2015-ci ildə təhsilini müvəffəqiyyətlə
bitirib. Murtuzov Mehdi iyul ayının 10-da - doğum günündə
Quba rayon Hərbi Komissarlığından hərbi
xidmətə çağırılıb
və Daşkəsən
rayonunda yerləşən
N saylı hərbi hissədə xidmətə
başlayıb. Hərbi
xidmətdə olduğu
müddətdə Aprel
döyüşlərinin iştirakçısı
olub. Hərbi xidməti dövründə
komandirlərinin rəğbətini
qazanıb, bir neçə dəfə qüsursuz və nümunəvi xidmətinə
görə təltif edilib. Hərbi xidməti bitirdikdən sonra müsbət xasiyyətnamə və təşəkkürnamə alıb.
2017-ci il yanvar ayının
1-də hərbi xidmətini
başa vuraraq ordudan tərxis olunub.
“Onun şəhid olacağını və səsini bir daha eşitməyəcəyimizi
düşünmürdük”
Sadə
bir kəndli ailəsində böyüyən
Mehdinin uşaqlıq arzusu idi hərbçi
olmaq. “Məktəbdə
oxuduğu illərdən
hərbiçi olmağı
qarşısına məqsəd
qoymuşdu. Arzusu, böyüyəndə hərbiçi
olmaq idi”-deyə ata bildirdi.
Təbii
ki, bu onda vətənpərvərlik hissinin
yüksək olmasından
xəbər verirdi. Əsgərlik illərində
Mehdi özündən söz
etdirməyi bacaran nümunəvi əsgər
olub. Onun xidməti xasiyyətnaməsində
yazılıb: “Fiziki cəhətdən sağlam,
mənəviyyatca safdır”.
Bəli Mehdi belə oğul idi və
Vətən müharibəsində
haqq etdiyi zirvəni, Şəhidlik zirvəsini fəth etdi.
Ata bildirir ki, oğlu hərbi xıdmətini başa vurduqdan sonra Bakı şəhərində bir
neçə şirkətdə
çalışıb, işlədiyi
müddətdə işgüzarlığı,
səmimiyyəti və
mehribanlığı ilə
kollektivin böyük
hörmət və rəğbətini qazanıb.
“Əsgərlik dövründə
uşaqlıq arzusu olan hərb sənətinə yaranmış
marağı onu yenidən Ordu sıralarına qaytarır.
Mehdi 2020-ci ilin yanvar ayında yenidən xidmət etmək istəyi ilə əlaqədar Orduya müraciət edir və iki aylıq
təlimdən sonra onu MAXE (müddətdən
artıq xidmət edən) kimi Daşkəsən rayonundakı
N saylı hərbi hissəyə xidmətə
göndərirlər”.
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi
başlayan zaman Mehdi də
yüzlərlə Azərbaycan
əsgəri kimi döyüşlərə yollanır.
“Döyüşlərin başladığı
ilk günlərdə çətin
döyüş tapşırıqlarının
öhdəsindən gələn
Mehdi 29 sentyabrda qolundan
yaralanır. Yaralanmasına
baxmayaraq hospitala getmir və öz təkidi ilə onu yenidən
döyüşlərə cəlb edirlər. Oktyabr ayının 1-də
danışdıq və
Mehdi yarasının çox
ciddi olmadığını
bildirdi. Xoş əhval-ruhiyədə idi.
Həmişəki kimi
zarafatlarından da qalmırdı.
Mənə dedi ki, ata, Zəfər tezliklə bizim olacaq. Onun zəngi
bizə toxtaqlıq versə də ürəyimizdə narahatlıq
var idi. Amma onun şəhid olacağını
və səsini bir daha eşitməyəcəyimizi
düşünmürdük. Mehdi mərd oğul idi. O, belə tezliklə bizləri tərk etməməli idi.
Sonuncu danışığımızdan sonra Mehdidən bir xəbər ala bilmədik. İlk günlər
bunu döyüşlərin
getdiyi ərazilərdə
rabitənin zəif olması ilə əlaqələndirsək də,
daha sonradan narahatlığımız artmağa
başladı.
Mehdinin itkin düşməsi barədə xəbərlər
bir qədər bizi ümüdləndirmişdi,
sağ olduğuna inanırdıq, amma 52 gündən sonra - 23 noyabrda bizə bildirəndə ki, Mehdi şəhid
olub, qol-qanadımız
qırıldı. Yeganə
təskinliyimiz onun şəhid olmasıdır”.
Oktyabrin
2-də Murovdağ-Kəlbəcər istiqamətində gedən
ağır döyüşlər
Mehdinin son döyüşü
oldu, oğlum həmin döyüşdə
düşmən gülləsindən
özünü müdafiə
edə bilmədi və qəhrəmancasına
şəhid oldu. Qızğın döyüşlərin
getməsi səbəbindən
uzun müddət Mehdinin nəşini ərazidən götürmək
mümkün olmadı,
hətta onun itkin düşməsi barədə də məlumat verirdilər. Ordumuzun şanlı zəfərindən sonra döyüş yoldaşları
Mehdinin nəşini aşkarladılar və 23
noyabr 2020-ci ildə döyüş bölgəsindən
çıxarmağa nail oldular.
Şəhid Mehdi noyabrın 24-də doğulub böyüdüyü
Alpan kəndində - Subaba qəbiristanlığında
dəfn edilib.
“Ailəmizin ilk övladı
olan Mehdi çılğın
təbiətli bir oğul idi. Səmimiliyi və işgüzarlığı onun
müsbət cəhətlərindən
idi. Elə buna görə də Mehdi düşdüyü hər
bir kollektivə tez bir zamanda
uyğunlaşa bilirdi
və hər kəsin rəğbətini
qazanırdı.
Dediyim kimi, uşaq yaşlarından Mehdinin hərbiyə marağı
var idi. O, hərbçi
olmaq istəyini əsgəri xidmətini başa vurduqdan sonra da bildirdi. Onu bu yolundan
döndərməyə çalışsaq
da, o, sonda öz istəyinə nail oldu”-deyə ata bildirdi.
Mehdi ilə bağlı anası Aynur Murtuzovanın dedikləri:
“Onun haqqında keçmiş zamanda danışmaq bir ana üçün çox çətin və acıdır. Buna baxmayaraq
mən fəxr edirəm ki, oğlum Mehdi Vətən torpaqları uğrunda şəhid olub. Mən fəxr edirəm ki, şəhid anasıyam.
Sonuncu dəfə oktyabrın 1-də
Mehdi atasına zəng
etmişdi. Sanki ürəyinə
dammışdı ki, bu
onun sonuncu zəngi olacaq. Hamımız onunla danışdıq. Mənə
dedi ki, ana, narahat olma. Sən əsgərlərimiz üçün,
mənim üçün
dua et. Allah anaların
dualarını daha tez eşidir. Əgər mənə nəsə olsa mənimlə fəxr et, başını dik tut.
Mehdi şəhid olmaqla, adi bir oğul,
mənim və atasının oğlu olmaq statusundan Vətənin oğlu olmaq statusuna yüksəldi. İndi biz hamımız
onunla fəxr edirik”.
Bacısı Murtuzova Ayşənin
dedikləri: “Qardaşımın
yoxluğu ilə barışa bilmirəm. Onunla bağlı arzularım cox idi. Mehdi mənim üçün tək qardaş yox həm də
dostum-sirdaşım idi.
O mənim hər zaman
qəhrəman qardaşım
olub. Onunla bağlı xatirələrim
çoxdur. Hər gecə yuxuma girir qardaşım. Deyir ki, sən mənimlə fəxr etməlisən. Hər kəsə nəsib olmur Şəhid bacısı olmaq. Mən də imkanım olduqca əlimdən gələni
edəcəm ki, qardaşım
unudulmasın. Mehdi bizim
Vətənimiz uğrunda
şəhid olub. Biz onu xatirələrimizdə
yaşatmalıyıq”.
Mehdinin arzularından biri də kiçik qardaşını zabit kimi xidmət edən görmək olub. Onun qardaşı
Elmir Murtuzov hazırda hərbi təhsil alır, gələcəyin zabiti olacaq. O, qardaşının
yoxluğu ilə heç cür barışa bilmədiyini
deyir: “Sanki arxa-dayağım,
qolum-qanadım sinıb.
O hər zaman qəlbimdə
yaşayacaq... Onunla bağlı xatirələrim,
arzularım çoxdur...
Bizim qəhrəman əsgərlərimiz
Mehdinin qisasını
mənfur düşmənlərimizdən
almaqla bu qisası onun qardaşına saxlamadılar.
Eşq olsun bizim əsgərlərimizə!”
Murtuzovlar
ailəsinin ilki bu gün bütün
Azərbaycanın fəxr
etdiyi, qürur duyduğu oğuldur. Şəhidlər ölmür,
bəli, onlar əbədi dirilər kimi göyün yeddinci qatında bərqərar olublar.
Analar nə qədər ağlasalar da, oğullarının
Vətən yolunda şəhid olmağından
təsəlli alırlar…Atalar nə qədər qubarlansalar da bir igidin atası
olmaları ilə fəxr edirlər…
Qubanın Alpan kəndinin
yetirməsi Murtuzov
Mehdi Muxtar oğlu əbədiyyən xalqımızın
qəlbində yaşayacaq…
İradə SARIYEVA
Quba-Bakı
Bakı Xəbər 2025.- 19 avqust
(¹ 145).- S.14.