Bakıda “ağıllı yol” texnologiyalarının
tətbiqi böyük
zərurətə çevrilir
Müasir dövrdə
şəhərlərin sürətlə
böyüməsi, avtomobil
sayının artması
və yol təhlükəsizliyi ilə
bağlı çağırışlar
yeni yanaşmaları zəruri edir. Ənənəvi yol infrastrukturunun imkanları artıq kifayət etmir, çünki nəqliyyat axınını
idarə etmək, qəzalara qarşı mübarizə aparmaq və ekoloji yüklənməni azaltmaq
üçün daha çevik və texnoloji həllərə ehtiyac var.
Bu baxımdan
“ağıllı yol”
texnologiyaları son illərin ən aktual innovasiya istiqamətlərindən biri
kimi ön plana çıxır. Ölkəmizdə xüsusən
paytaxt Bakıda buna ciddi ehtiyac
var.
Paytaxt rəqəmsal
texnologiyalar sayəsində
tıxac problemindən
xilas ola bilər
Məlumdur ki,
Azərbaycanda rabitə
və internet şəbəkəsinin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində böyük
layihələr həyata
keçirilir. Fiber-optik
xətlər çəkilir,
mobil operatorlar 4G texnologiyasını genişləndirir.
Eyni zamanda, transmilli internet magistralları üzərindən
Azərbaycanın beynəlxalq
trafik imkanları artırılır. Bu, ölkənin regional “rəqəmsal qovşağa”
çevrilməsinə xidmət
edir.
Azərbaycanın qarşısında duran əsas məqsədlərdən
biri rəqəmsal iqtisadiyyatın qurulmasıdır.
Bu, yalnız rabitə və informasiya sahəsini deyil, sənaye, kənd təsərrüfatı,
maliyyə, səhiyyə
və digər sahələri də əhatə edir. Rəqəmsal texnologiyaların
tətbiqi məhsuldarlığı
artıracaq, xərcləri
azaldacaq və beynəlxalq rəqabət
qabiliyyətini gücləndirəcək.
İnformasiya və kommunikasiya texnologiyaları
sahəsində atılan
bu addımlar “ağıllı yol” texnologiyalarından istifadənin
mümkünlüyünü də ilk növbədə
Bakıda zərurətə
çevirir. “Ağıllı
yol” dedikdə rəqəmsal texnologiyaların,
sensorların, süni
intellektin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin
inteqrasiyası ilə
formalaşan yeni nəqliyyat infrastrukturu nəzərdə tutulur. Belə yollar yalnız avtomobillərin hərəkəti üçün
fiziki məkan deyil, həm də real vaxtda
məlumat toplayan, təhlil edən və sürücülərə
ötürən “canlı”
sistemlərdir. Onun asas funksiyaları bunlardır: Tıxacların
idarə olunması. “Ağıllı yollar” üzərində quraşdırılan
sensorlar və kameralar vasitəsilə hərəkət sıxlığı
ölçülür, bu
məlumatlar süni intellekt sistemlərinə ötürülür. Nəticədə
alternativ marşrutlar təklif olunur və yol nişanları
üzərində dinamik
göstərişlər verilir.
Yol təhlükəsizliyi.
Hərəkət sürətini,
hava şəraitini və yol səthinin
vəziyyətini ölçən
sistemlər sürücüləri
vaxtında xəbərdar
edir. Bu da qəza risklərini
minimuma endirir. Ekoloji səmərəlilik.
“Ağıllı yol”
texnologiyaları elektrik
avtomobilləri üçün
enerji yükləmə
funksiyasına malik ola bilər. Məsələn, xüsusi
maqnitli örtüklər
vasitəsilə hərəkət
zamanı avtomobillərin
batareyaları doldurulur.
Avtomatlaşdırılmış nəqliyyat üçün
şərait. Avtonom avtomobillərin təhlükəsiz
hərəkəti üçün
yollarla davamlı informasiya mübadiləsi aparılır. Beləliklə,
sürücüsüz maşınlar
daha etibarlı və səmərəli şəkildə idarə
olunur. Dünyada belə yolların tətbiq nümunələri
də az deyil. Məsələn, Çində bəzi magistral yollarda sensorlu asfalt örtüyü və 5G əsaslı idarəetmə
sistemi quraşdırılıb.
Niderlandda günəş
enerjisi ilə işləyən yol nişanları və gecə işıq saçan fosforlu xətlər tətbiq edilir. ABŞ və Almaniyada isə elektrik avtomobillərinin hərəkət zamanı
batareyalarını doldura
biləcəyi eksperimental
yollar yaradılıb.
Ekoloji təhlükəsizlik
və insan həyatının qorunması
baxımından mühüm
amil…
Qeyd edək
ki, Azərbaycanda son illər nəqliyyat infrastrukturunun modernləşdirilməsi istiqamətində
mühüm layihələr
həyata keçirilir.
Xüsusilə Bakı
şəhərində artan
avtomobil sıxlığı,
regionlararası magistralların
genişlənməsi və
tranzit potensialının
yüksəlməsi “ağıllı
yol” texnologiyalarının
tətbiqini aktuallaşdırır.
Bu sistemlərin istifadəsi tıxacların
azaldılmasına, yol-nəqliyyat
hadisələrinin minimuma
endirilməsinə, ekoloji
yüklənmənin azalmasına,
həmçinin beynəlxalq
tranzit marşrutlarında
səmərəliliyin artırılmasına
xidmət edə bilər. Nəqliyyat üzrə ekspert Yasin Mustafayev də qeyd edir
ki, son dövrlərdə
müxtəlif sahələrdə
süni intellekt, yeni texnologiyalar tətbiq olunur: “Ağıllı sistemlər”in
nəqliyyat sektorunda tətbiqi ilə çox yüksək nəticələr əldə
etmək mümkündür.
Məsələn, tıxacların
aradan qaldırmasında,
ümumiyyətlə, nəqliyyat
sahəsində idarə
etmədə bu mexanizmin tətbiqi yüksək nəticələr
əldə etməyə
imkan verir. Buraya əsasən rəqəmsal kameraların
tətbiq edilməsi daxildir”. Onun sözlərinə görə,
Azərbaycanda sadalanan
texnologiyalar var və daha da
inkişaf etdirilir: “Düzdür, bu, yollardakı sıxlığa,
tıxaclara bir o qədər də nəzərə çarpacaq
dərəcədə təsir
etmir, amma onların müəyyən
qədər təsir qüvvəsi, müsbət
tərəfi var. Bundan başqa, startaplarda bunu tətbiq etməklə yeni texnologiyalar yaratmaq, yeni üstünlüklər əldə
etmək mümkündür.
Həmçinin bu sahədə yeni texnologiyaların inkişafını
tətbiq etmək və yeni müasir
təcrübələrin araşdırılması,
ölkəyə gətirilməsi
və ölkədə
tətbiqi mühüm
amillərdəndir”.
Ekspertlərin fikrincə, yaxın 20 ildə “ağıllı yollar” dünyada geniş yayılacaq və ənənəvi infrastrukturun yerini tutacaq. Azərbaycanda isə Zəngəzur dəhlizi, Bakı–Tiflis–Qars dəmir
yolu və Bakı limanı ilə bağlı iri layihələr fonunda belə texnologiyaların tətbiqi
regional logistika mərkəzi kimi mövqelərimizi daha da gücləndirə bilər. “Ağıllı
yol” texnologiyaları təkcə nəqliyyat infrastrukturunun modernləşdirilməsi
deyil, həm də ölkələrin iqtisadi inkişafı, ekoloji təhlükəsizlik
və insan həyatının qorunması
baxımından mühüm
əhəmiyyət daşıyır.
Bu sistemlərin tətbiqi yaxın gələcəkdə şəhərlərin
“ağıllı şəhər”
modelinə keçidini
sürətləndirəcək və həyat keyfiyyətini yüksəldəcək.
Burada o da nəzərə alınmalıdır
ki, Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının
inkişafı ölkənin
modernləşmə siyasətinin
mühüm tərkib
hissəsidir. Bu sahədə atılan addımlar Azərbaycanın
beynəlxalq imicini gücləndirir, qeyri-neft
sektorunun inkişafına
təkan verir və rəqəmsal gələcəyin formalaşdırılmasına
xidmət edir. Qarşıdakı illərdə
İKT-nin müxtəlif
sahələrdə daha
da genişləndirilməsi
Azərbaycanı regionun
aparıcı rəqəmsal
mərkəzinə çevirə
bilər.
Tahir TAĞIYEV
Bakı Xəbər 2025.- 22 avqust
(¹ 148).- S.8.