Azad edilmiş ərazilərdə məskunlaşma prosesi daha intensiv xarakter alır

 

İşğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzura qayıdış istiqamətində Azərbaycan dövləti tərəfindən genişmiqyaslı fəaliyyət həyata keçirilir. Artıq xeyli sayda yaşayış məntəqəsində soydaşlarımıızn məskunlaşması həyaya keçirilib. Elə bu günlərdə prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilən ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb.

 

Köç karvanında 22 ailədən ibarət 94 nəfər yer alıb. Köç karvanı respublikanın müxtəlif şəhər və rayonlarında ağır şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. Qeyd edilən köçdaxil olmaqla Ballıca kəndinə ümumilikdə dörd köç karvanı gedib. Kənddə ümumilikdə 90 ailə və ya 467 nəfər məskunlaşıb.

 

İşğaldan azad ərazilərdə məskunlaşanların sayı sürətlə artır

 

Hazırda digər yaşayış məntəqələrində də keçmiş məcburi köçkünlərin məskunlaşdırlmasına hazırlıq gedir. Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır. Onların sayı davamlı şəkildə artır və bütün proses Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən aparılır.

 

Xatırladaq ki, sözügedən proqramın əsas hədəfləri infrastrukturun, iqtisadiyyatın formalaşması, inteqrasiyası, sosial inkişaf və ərazilərdə ekoloji mühitin yaxşılaşdırılmasıdır. Qarabağ və Şərqi Zəngəzurda mənfur düşmən tərəfindən infrastruktur tamamilə dağıdılıb. Hazırda onun yenidən qurulması istiqamətində işlər gedir. Proqramda nəqliyyat və logistik imkanların genişlənməsi, şəhər, qəsəbə və kənd tipli yaşayış məntəqələrinin qurulması nəzərdə tutulub. Hazırda erməni işğalından azad edilmiş əraziləri Azərbaycan bu gün inkişaf, intibah məkanına çevirir, bu yerlərdə abadlıq-quruculuq işləri getdikcə daha geniş vüsət alır. Ölkəmizdə sözügedən ərazilərdə həyata keçirilən abadlıq-quruculuq işlərinin daha bir xüsusiyyəti onun intensivliyidir. Azərbaycan qısa müddət ərzində bu yerlərdə geniş infrastruktur layihələrindən tutmuş yaşayış məskənlərinə qədər çoxsaylı uğurlu layihələr həyata keçiribbu proses yüksək dinamizmlə hazırda davam etdirilir. Daha bir mühüm məqam ondan ibarətdir ki, Azərbaycan bütün bu işləri sırf öz maliyyə imkanları hesabına reallaşdırır. ​Qeyd edək ki, Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda Qarabağ və Şərqi Zəngəzurda 140 min keçmiş məcburi kökünün məskunlaşması təmin ediləcək. Ümumiyyətlə, Azərbaycan dövlətinin əsas prioritetlərdən biri azad olunan ərazilərə Böyük Qayıdışı mümkün qədər tez gerçəkləşdirməkdir. Elə bu səbəbdəndir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra bu yerlərdə geniş abadlıq, quruculuq və bərpa işlərinə start verilib. O da olduqca önəmli məqamdır ki, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycanın digər iqtisadi rayonları ilə əlaqələndirməsi istiqamətində də zəruri addımlar atılır. Nəticə etibarı ilə azad edilmiş ərazilərin yenidən Azərbaycanın ümumi iqtisadiyyatına reinterqrasiyası reallaşır. Bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası həm Azərbaycan iqtisadi bazisini gücləndirir, həm də bu yerlərin özünün tərəqqisini daha dinamik hala gətirir.

 

Məşğulluq problemiuğurla həllini tapır

 

Azad olunmuş ərazilərə köçürülən insanlarla bağlı daha bir mühüm məqam onların məşğulluq probleminin həllinə də dövlət tərəfindən xüsusi diqqət yetrilməsidir. Azad olunan ərazilərdə məskunlaşan vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, onların sosial təminatı dövlət siyasətinin prioritet məqamlardan biridir. Ümumiyyətlə, bu yerlərdə iqtisadi cəhətdən də quruculuğun təmin edilməsi ölkənin istehsal-təsərrüfat dövriyyəsinin inkişafının əsas hərəkətverici qüvvələrindən biri olaraq qəbul olunur. Bu da qayıdış prosesinin daha intensiv həyata keçirilməsinə əlavə zəmin yaradır.

 

O da xüsusi qeyd olunmalıdır ki, prezident İlham Əliyevin azad olunan ərazilərimizə mütəmadi səfərləri fonunda bu yerlərdə məskunlamış şəxslərlə də görüşlər keçirir, onların bütün istəklərini yerindəcə dinləyir. Beləliklə, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Ölkə hökuməti kənd və qəsəbələrin bərpası prosesi başa çatdıqca insanların tədricən öz torpaqlarına qayıtmasını təmin etməkdə davam edəcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə bağlı layihələr Azərbaycanın növbəti illərdə həyata keçirdiyi ən böyük iqtisadi siyasət təşəbbüsləri sırasındadır. Eyni zamanda sosial obyektlərin inşası həmin ərazilərdə ən müxtəlif xidmətləri də həyata keçirməyə imkan verir. Dolayısıyla məskunlaşma, yerlərinin yaradılması, sosial xidmətlərin göstərilməsi və bütün bunları “yaşıl enerji” təchizatı prinsipilə baş tutması məsələnin kompleks şəkildə və birdəfəlik həllinə yol açır. Bunlar fonunda ekspertlər qeyd edir ki, tezliklə Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. Qeyd edək ki, son illər azərbaycanlıların tarixi yurdlarına qayıdışı istiqamətində görülən işlər Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəmdə qəbul edildiyini təsdiqləyir. “Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyası və Təhlükəsizlik Şurası başda olmaqla, digər nüfuzlu təşkilatlara ünvanlandığı müraciətlərdə də beynəlxalq ictimaiyyətdən bu məsələyə ədalətli yanaşma tələb olunur. Qərbi Azərbaycanda bizə məxsus tarixi abidələrin, mədəni irsin məhv edilməsinə dair faktlar müzakirəyə çıxarılır. Ermənistanın qarşısında Qərbi Azərbaycan strategiyasına əsaslanan tələblər qaldırılır. Bu ərazilərdə azərbaycanlılara məxsus maddi-mədəni irsin qorunması, eləcə də qaçqınların hüquq və təhlükəsizliyinin təmin edilməsi beynəlxalq müstəvidə gündəmə gətirilir.

 

Ramil QULİYEV

Bakı Xəbər  2025.- 15-17 fevral (№ 28).- S.8.