Diplomat,
alovlu publisist, mübariz vətəndaş
- Xeyrəddin Qoca
Qələm dilin tərcümanı olduğu kimi, cəmiyyətin də daxilinə, gizlin qalan mətləblərə,
əyər-əysiyinə, gözlə görülən
və görülməyən
tərəflərinə sirayət
etməyi bacarır. Əlbəttə,
əgər usta bir yazarın, tükü-tükdən, yaxşını-pisdən,
yağı şordan ayırmağı bacaran, düzə düz, əyriyə əyri deməyi bacaran bir söz əhlinin,
qələm adamının
əlində olarsa.
Azərbaycan ədəbiyyatında, publistikasında klassiklərimizdən
üzü bəri belə qələm sahibləri olub, bu gün də
var, sabah
da olacağına ümidimiz az deyil.
Çağdaşımız olan, bizimlə bir şəhərdə, bir göyün altında, bir yerin üstündə
yaşayan yazıçısı,
nasir, dramaturq, tənqidçi, dövlət
və siyasi xadim, Azərbaycan Respublikası
Milli Məclisinin I çağırış deputatı,
Türkiyə Cümhuriyyətinin
İstanbul şəhərində
Azərbaycan Respublikasının
sabiq baş konsulu, Yeni Azərbaycan
Partiyasının yaradıcılarından
biri və "91-lər"in
üzvü, 3-cü dərəcəli
"Vətənə xidmətə
görə" ordeni
və "Şöhrət"
ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü
Xeyrəddin Qoca qələmin qüdrəti,
sözünün kəsəri,
zəndinin itiliyi, prinsipial vətəndaş
mövqeyi, ictimai-siyasi
fəaliyyəti, yaradıcılığı
ilə özünü
çoxdan sübut edib. Xeyrəddin müəllim cəmiyyətin
ağrı-acılarına, problemlərinə laqeyd qalmayan qələm adamıdır və biz onun yaradıcılığını,
yazdıqlarını Azərbaycan
cəmiyyətinin güzgüsü
hesab edirik.
Xeyrəddin Qocanın 75 yaşının
tamam olduğunu eşidəndə sözün
düzü, qulağımıza
inanmadıq. Yəqin çoxlarınız da bizim kimi
buna inanmamısınız.
İnansaq da, inanmasaq da, gerçəklik
budur ki, 2025-ci ilin yanvar ayının
29-da Xeyrəddin Qocanın
75 yaşı tamam olub.
Xeyrəddin Sayəddin oğlu Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim
ailəsində anadan olub. 1967-ci ildə rayonun
Qəsil kənd orta məktəbini bitirdikdən sonra N. Tusi adına
Pedaqoji Universitetə qəbul olunub, 1971-ci ildə ali məktəbi
bitirib. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda
təhsil alıb.
1971-ci ildə ordu
sıralarında xidmət
etdikdən sonra uzun müddət qəzet-jurnal redaksiyalarında,
Dövlət Televiziya
və Radio Verilişləri
Şirkətində müxtəlif
vəzifələrdə işləyib. “Politexnik"
qəzetində müxbir
(02.03.1974–03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
ştatdankənar müxbir
(30.03.1977–08.1978, 26.07.1982–2.10.1985), Azərbaycan
Respublikası Ədliyyə
Nazirliyinin "Sosialist
qanunçuluğu" jurnalında
böyük redaktor
(9.08.1978–6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987–29.03.1991), "Mədəniyyət"
qəzetində baş
müxbir (29.03.1991–08.1991), "Şeytan" jurnalında
müxbir (1.08.1991–04.1992, 1.02.1993–04.1993),
"Açıq söz"
qəzetində redaktor
müavini (10.04.1992–1.11.1992), "Mozalan" qəzetində
redaktor müavini
(1.11.1992–02.1993), "Yeni Azərbaycan"
qəzetində baş
redaktor (1.04.1993–12.1997) vəzifələrində
çalışıb.
Bildiyimiz kimi, X.Qocanın jurnalistikanın müxtəlif
janrlarında minlərlə
yazısı Azərbaycanda
və xaricdə çıxan 100-dən çox
müxtəlif adda qəzet və jurnalda dərc edilib. Xaricdə və Azərbaycanda
televiziya və radio efirində yüzlərlə
verilişi, sujeti və çıxışları
səslənib. Onun
səs yazılarının
bir qismi, videolentlərə yazılmış
tamaşaları Azərbaycan
Respublikası Dövlət
Səs Yazıları
Arxivində, qəzet və jurnallarda dərc olunan yazıları və kitabları S. Mumtaz adına Azərbaycan
Respublikası Dövlət
Ədəbiyyat və
İncəsənət Arxivində,
son yaradıcılıq məhsulları
isə şəxsi arxivində qorunub saxlanılır.
X.Qoca Azərbaycan
Jurnalistlər İttifaqı
(1979) və Yazıçılar
(1996) Birliyinin üzvüdür. Azərbaycan Yazıçılar
Birliyi Ədəbiyyat
Fondunun İdarə Heyətinin üzvüdür
(2008).
X.Qoca 1992-ci ildə
Yeni Azərbaycan Partiyasının yaradılmasına
təşəbbüs göstərib,
"91-lər"- dən biri
olub. Yeni Azərbaycan Partiyasının
Naxçıvanda keçirlən
təsis konfransında
iştirak edib, Siyasi Şuranın üzvü seçilib.
1995-ci ildə 1-ci çağırış
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı seçilib.
1997-ci ilin dekabrından
2003-cü ilin mart ayına
qədər Türkiyə
Cümhuriyyətinin İstanbul
şəhərində Azərbaycan
Respublikasının baş
konsulu vəzifəsində
işləyib. Ona 1-ci dərəcəli Fövqəladə və Səlahiyyətli Səfir
rütbəsi verilib.
Yazıçı-satirik "Filankəslər"
(1995), "Hərə öz
payını götürsün"
(1998), "Marallar" (2000), Türkiyədə nəşr
olunmuş "Bu dünyadan
məktublar" (2002), "Gərək yazam…"
(2003), "Hərənin öz
payı" (iki hissəli satirik komediya) (2003), "Pyeslər"
(2004), "Bu da belə
həyatdır…" (2008), "Biz bizə bənzərik…"
(2010) və "Yazdıqlarım…
Yazılanlar…" (2018) adlı kitabların müəllifidir.
O, böyük türk satiriki Əziz Nesinin bir sıra
əsərlərini dilimizə
çevirib.
Dramaturqun Akademik Milli Dram Teatrında "Hərənin
öz payı…" adlı iki hissəli
satirik komediyası tamaşaya qoyulmuşdur
(2002). Onun "Qonşulaşma, qohumlaşma,
kirvələşmə" adlı komediyası Azərbaycan Dövlət Televiziyasında ekran həyatı tapmışdır
(2004). "Düzü-düz, əyrini-əyri" (2006), "Bu bizim zamanədir"
(2007), "Toy olacaq…" (2008)
adlı pyesləri Azərbaycan radiosunun tamaşaları kimi efirdə səslənilibdir.
Ədibin
həyat və yaradıcılığına həsr
olunmuş "Xeyrəddin
Qoca" (foto-kitab)
(2000), "Ömür belə
keçir…" (2004) və
" Həyati proseslərin axarında"
adlı kitablar nəşr olunmuşdur. "Çinar-çap" nəşriyyatı "Xeyrəddin
Qocanın gülüşü"
adlı miniatür kitab buraxmışdır
(2007). İctimai Televiziya yazıçı
haqqında "Ömür
belə keçir…"
adlı film çəkmişdir.
(2009). Heydər Əliyev Sarayında Azərbaycanda ilk dəfə
"Bilirəm, səsim
xoşunuza gəlməyəcək…"
adlı satira gecəsi keçirmişdir
(avqust 2003).
Cəlil Məmmədquluzadənin həyatından
və "Molla Nəsrəddin" jurnalının
yaradılmasından bəhs
edən "Zamanın
ruzigarı" adlı
pyes yazıb.
O, uzun müddət Moskvada çıxan "Trud" qəzetinin ictimai müxbiri olmuş, qəzetin işində fəal iştirakına görə
Fəxri Fərmanla təltif olunub (1986), Azərbaycan Kütləvi
İnformasiya Vasitələri
Həmkarlar İttifaqı
Rəyasət Heyətinin
qərarı ilə Azərbaycan demokratik mətbuatının təşəkkülündə
görkəmli xidmətlərinə
görə "Qızıl
qələm" (1994) mükafatına
layiq görülüb.
Azərbaycan Mətbuat Fondunun
"Dan ulduzu" (1995) mükafatını
alıb. Mətbuatda uzun
müddətli səmərəli
fəaliyyətinə, ədəbi-bədii,
publisistik yazılarında
vətəndaşlıq mövqeyinə,
satira və yumor janrındakı kitablarına görə
"Araz" Ali Ədəbi
Mükafatı (2001) ilə
təltif olunub.
"Pyeslər" kitabında,
"Hərənin öz
payı…", "Qonşulaşma,
qohumlaşma, kirvələşmə",
"Bu bizim zəmanədir…"
kimi dram əsərlərində
ictimai problemləri işıqlandırdığına, güclü satirik-yumoristik
təhkiyəsinə, özünəməxsus
üslubuna, estetik-sənət
axtarışlarına görə
Bakı Kitab Bayramında Milli Kulturoloji mükafat-Diplom alıb (2005).
Xeyrəddin Qocanın 75 illiyi ilə bağlı mətbutda xeyli sayda yazılar, fikirlər dərc olunub. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika
Gənclər Kitabxanasında
nasirin həyat və yaradıcılığından,
ictimai və siyasi fəaliyyətindən
bəhs edən “Xeyrəddin Qoca – 75. Yazdıqlarım... Yazılanlar...” adlı virtual kitab sərgisi hazırlanıb.
Bu xəbəri də sizinlə bölüşək ki, Azərbaycan Mədəniyyət
Nazirliyinin kollektivi də yubuleyi münasibəti ilə Xeyrəddin Qocaya təbrik məktubu ünvanlayıb.
75 il bundan əvvəl Ağdaş rayonunun Qulbəndə kəndində dünyaya gələn və bu gün nəinki Azərbaycanda, eləcə də Türkiyədə və başqa ölkələrdə şöhrət qazanan səmimi, sadə insan, diplomat, alovlu publisist, mübariz vətəndaş, yazdıqları cəmiyyətin aynasına çevrilən Xeyrəddin Qocanı biz də “Bakı-Xəbər” kollektivi adından təbrik edir, ona can sağlığı yaradıcılıq uğurları arzu edirik. Xeyrəddin müəllim, yubleyiniz mübarək.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2025.- 1-3
fevral (№ 18).- S.11.