Bakıda erməni əsilli şəxslərin məhkəməsinə ləkə yaxmaq cəhdləri səngimir...

 

Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesinin başlanması müxtəlif Qərb ölkələrini, ayrı-ayrı qüvvələri narahat etməyə başlayıb.

 

Məhkəmə prosesinə başlanıldığı gündən indiyə qədər bir sıra ermənipərəst qüvvələr müxtəlif cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin Bakıda keçirilən məhkəməsini qaralamağa, ona başqa donlar geydirməyə çalışırlar. Ermənistanda da, başqa ölkələrdə də bəzi qurumlar, təşkilatların əsas cəhdləri ondan ibarətdir ki, bu məhkəmə prosesinin “ədalətsiz olduğu” barədə beynəlxalq rəy formalaşdırsınlar. Hətta ayrı-ayrı Qərb dövlətlərində bəzi qüvvələr meydana çıxıb təqdirləndirilən erməni əsilli şəxslərə azadlıq da tələb edirlər. Guya onların heç bir günahı yoxdur, guya onlar yalandan ittiham olunurlar. Əlbəttə, bunlar hamısı məhkəməni qaralamaq və Azərbaycanın imicinə zərbə vurmağa xidmət edən amillərdir.

 

Təqsirləndirilən şəxslərin vəkillərlə təmin olunduğu, onların öz fikirlərini açıq şəkildə ifadə etmələri üçün hər cür şərait yaradıldığı və onların özlərinin də bu şəraitdən razı qaldıqları halda xaricdə oturan antiazərbaycan qüvvələri yalanlar, miflər uydururlar. Ədalətli yanaşıb bu məhkəmənin Ermənistanın işğalçı, təcavüzkar ölkə kimi dövlət məsuliyyətini dərk etməsi üçün lazım olduğunubu ölkənin qanunsuz əməllərinin ifşa edildiyi bir məhkəmə olduğunu demək əvəzinə onunla bağlı uydurma fikirlər söylənilir. Çox təəssüf ki, erməni əsilli şəxslərin Bakıda keçirlən məhkəməsinə ləkə yaxmaq cəhdləri səngimir, əksinə, günü-gündən güclənir. Ermənilərin havadarları bütün güclərini səfərbər edib prosesə xələl gətirməyə maraq göstərirlər.

 

“Kimlərin hansı təbliğat aparmasından asılı olmayaraq...”

 

Fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Bakı-Xəbər”ə təəssüflə bildirdi ki, Qərb dünyası öz xislətinə sadiq qalaraq cinayətkarı dəstəkləməkdə davam edir. “Azərbaycan və Ermənistan arasında olmuş müharibənin sonluğu ermənilər və onların havadarları üçün böyük bir faciə ilə nəticələnib. Ermənilərin öz aralarında, eləcə də Ermənistan hökuməti ilə erməni diasporu bir-birinə qarşı müharibə elan etsə də, kilsə-hökumət münasibətləri gərgin olsa da, belə məsələlərdə onlar birləşə bilirlər. Sirr deyil ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi bütün ermənilərə, o cümlədən də, ermənilərin havadarlarına böyük zərbə vurdu. 23 saatlıq antiterror tədbirlərindən sonra baş verən hadisələr, Qarabağdakı qondarma quruma rəhbərlik edənlərin həbs edilərək Bakıya gətirilməsi, indi də onların məhkəmə prosesinin keçirilməsi çox ciddi bir məsələdir. Bu gün onlar təqsirləndirilən şəxslər qismində Azərbaycan məhkəməsi qarşısında cavab verirlər. Onlar məhkəmədə özlərinin günahkar olduğunu bu və digər şəkildə etiraf edirlər. Hətta Araik Arutyunyan etiraf etdi ki, Gəncənin vurulması ilə bağlı bəyanat verib, amma əmr başqa yerdən gəlib. Yəni o, Gəncəni özbaşına vurmayıb, bu, kimlərinsə tapşırığı ilə baş verib. Düzdür, digər bəzi təqdirləndirilən şəxslər cinayətlərini hələ etiraf etməyiblər. Onlar Azərbaycan dövlətinə, Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə, terroru maliyyələşdirməkdə və sairdə ittiham olunurlar. Mən ola bilsin, onların ittiham edildiyi maddələrin adlarını tam ifadə edə bilmirəm, amma maddələr elan olunubonlar bu maddələr üzrə mühakimə olunurlar. Əlbəttə, Azərbaycan dövlətinin ərazisini qəsb edən, bölücülük həyata keçirən, xalqımıza qarşı cinayətlər törədənlər öz layiqli cəzalarını almalıdırlar. Bu birmənalıdır. Kimlərin hansı təbliğat aparmasından asılı olmayaraq bu məhkəmə davam edəcək və təqsiri olanlara lazımı cəzanı verəcək”.

 

Qorxurlar ki, məhkəmənin gedişində təqsirləndirilən şəxslər onlara dəstək verən...”

 

F.Ələkbərlinin sözlərinə görə, Bakıda məhkəməsi keçirilən erməni əsilli şəxslərdən sui-istifadə edən qüvvələr var, bunlar həm ermənilərdir, həm də onların havadarları. “Bu məsələdən sui-istifadə etməkdə maraqlı olan erməni diasporu, Qərb təşkilatları, ayrı-ayrı dövlətlərin təmsilçiləri, din xadimləri çalışırlar ki, Bakıda keçirilən məhkəməyə mane olsunlar. Erməni din xadimlərinin, erməni Qriqoryan kilsəsinin apardığı təxribatçı təbliğatın məqsədi də budur ki, ittiham olunan şəxslər cəzasız qalsınlar. Bu arada Kilikiya katolikosu I Aram da meydana çıxıb və onların buraxılmasına çalışır. Yəqin ki, onun bu günlərdə ABŞ prezidenti Donalt Trampa yazdığı məktubu xatırlayırsınız. I Aram Trampa müraciətində yazır ki, Bakıda məhkəməsi gedən erməni əsilli şəxslərin azadlığa çıxmasına kömək göstərsin. Onun ABŞ prezidentinə bu istiqamətdə müraciəti heç cür başadüşülən deyil.

 

Erməni din xadimləri öz imkanlarından, təsir güclərindən istifadə edib hansısa qazanc əldə etmək istəyirlər. Əslində onları təqsirləndirilən şəxslər və onların taleyi maraqlandırmır. I Aramın Trampa müraciət etməsinin kökündə dayanan amil budur ki, o bununla özünə xal qazanmaq istəyir. Yəni bu müraciət onun özünə daha çox lazımdır. Burda bir məqam da var. Azərbaycan məhkəməsini qaralamağa çalışan qüvvələri qorxudan məqam var, çünki bu cinayətlərdə onların bəzilərinin əli olub. Qorxurlar ki, məhkəmənin gedişində təqsirləndirilən şəxslər onlara dəstək verən şəxslərin, xarici təşkilatların, dövlətlərin adlarını çəkər. Elə I Aram da ondan qorxur ki, birdən onun da adını çəkən olar. Ona görə əl-ayağa düşüb təxribatlarını genişləndirirlər”.

 

Bakı məhkəməsində proseslərin tam ədalətli, şəffaf keçirildiyini, burda beynəlxalq hüququn prinsiplərinə əməl edildiyini deyən F.Ələkbərli qeyd etdi ki, bu baxımdan, həmin qüvvələrin apardığı çirkin kampaniya nəticəsiz qalacaq. Onların bu kampaniyası məhkəmənin ədalətinə kölgə salmaq məqsədi daşıyır. Amma heç nəyə nail olmayacaqlar”-deyə F.Ələkbərli bildirdi.

 

İradə SARIYEVA

Bakı Xəbər  2025.- 13 fevral (№ 26).- S.8.