Xalq artisti gənc rəqqasələri “yıxıb sürüdü”...

 

Roza Cəlilova: “Milli rəqsləri ifa edən adamın şəxsiyyəti də, davranışı da ona uyğun gəlməlidir”

 

Prezident təqaüdçüsü, “Şöhrət” ordenli, 96 yaşlı xalq artisti Roza Cəlilova Azərbaycan milli rəqs sənətinin gerçək bir əfsanəsidir. 96 illik ömrünün çox əhəmiyyətli bir hissəsini milli rəqs sənətinin inkişafına həsr edib.

 

Bu yaşında da gözü, könlü hələ də həyatının ayrılmaz parçası olan rəqs sənətindədir. “ çiçəyim”, “Lalə”, “Bənövşə”, “Qəşəngi”, “Qaragöz” və başqa sənət inciləri Roza xanımın zərif barmaqlarından, incə hərəkətlərindən canlanıb. Bütün varlığı ilə milli rəqs sənətinə bağlı olan Roza Cəlilova ilə həmsöhbət olduq.

 

Heç kəs mənim adımdan istifadə edib kimlərinsə qapısını döyməsin...”

 

- Baxma, yaş özünü göstərir. 96 yaşım var. Keçən günlərə qayıdıram, olub-keçənləri yada salıram.

 

Həyat çox qəribədir, insan bilmir ki, sabah başına nə gələcək.

 

Mən özüm özümü yetişdirdim, sənət aləmində özümə görə tanındım, öz zəhmətimlə, istedadımla, birmilli rəqslərimizə böyük sevgimlə irəliyə getdim. Mən nə atama, nə anama görə tanındım, sənətimlə tanıdılar məni. Camaatın sevgisini görmüşəm həmişə, bu yaşımda da harda görürlərsə mütləq yaxınlaşıb söhbət edirlər. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 90 illik yubileyim keçirildi, gözəl insanlar, sənəti ürəkdən sevənlər gəlmişdi. 95 illik yubileyimdə mədəniyyət naziri Adil Kərimli və nazirliyin məsul əməkdaşları gəlib məni evimdə ziyarət etdilər. Bunlar hamısı mənə motivasiya veriryaşamağa həvəsləndirir.

 

- Siz şübhəsiz ki, milli rəqs sənətimizin korifeyisiniz, neçə nəsil rəqqasələr görmüsünüz. Məsələn, 10-15 il əvvəl sizinlə söhbət edəndə deyirdiniz ki, indiki rəqqasələrdən narazıyam, rəqslərimizi düzgün ifa etmirlər. İndiyeni rəqqasələr meydana çıxıb, onlardan necə, razısınız?

 

- Çox təəssüflər olsun ki, bugünkü rəqqasələr özlərindən əvvəlkilərdən də pis oynayırlar. Baxıram, görürəm ki, o gözəl sındırmalar, gözəl pauzlar yoxdur. Gözəl rəqslərimizi bərbad vəziyyətdə təqdim edirlər, bu da məni çox narahat edir. Bu mütləq əksəriyyətə aiddir.

 

Biz gözəl bir sənət məktəbi miras qoymuşuq, o məktəbi davam etdirmək gənclərin borcudur.

 

Biz oynayırdıq, bizim nöqtələrimiz vardı, gözəl paltarlarımız da ifamıza uyğun idi. Biz azərbaycanlıyıq. Mənim gözəlliyim nədir? Gözəlliyim milli rəqslərimi gözəl şəkildə təqdim etməyim, hər rəqsə uyğun gözəl libaslar geyməyim idi. Milli rəqsləri ifa edən adamın şəxsiyyəti də, davranışı da ona uyğun gəlməlidir. Biz azərbaycanlı olduğumuzu unutmamalıyıq.

 

- Səhv etmirəmsə, Bakı Xoreoqrafiya Məktəbini əla qiymətlərlə bitirib iki il indiki OperaBalet Teatrının balet truppasında çalışmısınız. Necə oldu ki, balerina qız milli rəqsə üz tutdu? Ailədən məcbur etdilər, yoxsa özünüz milli rəqsi seçdiniz?

 

- O vaxt baletə azərbaycanlı qızları yığırdılar. Mən də dediyin kimi balet məktəbində oxumuşdum, ordan məzun olmuşdum. Mən baletdən getmək barədə qərar verəndə hətta o dövrdə nazir belə bunu narazılıqla qarşıladı ki, biz baletə azərbaycanlı qızları cəlb edirik, sənsə çıxıb gedirsən. O vaxt dedim ki, mən milliliyimi hər şeydən üstün tuturam. Elə də oldu.

 

- Rəqslə məşğul olan cavan qızlara nə demək istəyirsiniz?

 

- Bizim gözəl rəqslərimiz, gözəl nöqtələrimiz, gözəl giriş hərəkətlərimiz var, onları göstərməliyik. Biz milli rəqslərimizi elə yüksək səviyyədə təqdim etdik ki, bütün xalqdünya onları qəbul etdi. Bizim çox rəqslərimiz tarixdir. O rəqsləri xarici ölkələrdə tanıtdıq. Mən bununla fəxr edirəm.

 

- Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında işləyərkən dünyanın hansı ölkələrində Azərbaycan rəqslərini təqdim etdiniz?

 

- Bilirsiz, keçən əsrin 40-cı illəri Azərbaycan milli musiqisinin sürətlə çiçəkləndiyi dövr idibu da məni cəlb etməyə bilmirdi. 1965-ci ilə qədər ansamblın rəqs qrupunda solist kimi fəaliyyətimi davam etdirdim, 1965-1975-ci illərdə isə qrupa rəhbərlik etdim. Səhnə fəaliyyətimin 30 ildən artıq dövrü ərzində Kanadada, Çexoslovakiyada, Efiopiyada, Çində, ABŞ-da, Türkiyədə, İraqda, Mərakeşdə qastrol səfərlərində oldum, rəqslərimizi böyük sevgi ilə təqdim etdim. Onu da deyim ki, müxtəlif illərdə Naxçıvan, Şamaxı, Cəbrayıl, Saatlı, Lənkəran rayonlarının folklor rəqs kollektivlərini yaratdım. Bunlarla da fəxr edirəm ki, həyatımın çox əhəmiyyətli bir hissəsini milli rəqs sənətinin inkişafına həsr etmişəm.

 

- Sizin dövrünüzdə Əlibaba Abdullayev, Əminə Dilbazi kimi baletmeysterlər vardı, onlar bizim rəqslərə səhnə quruluşu verirdilər. Siz özünüz də nə qədər rəqsə quruluş vermisiniz. Bəlkə indi o baletmeyestlər yoxdur deyə, gənclər rəqslərimizi düzgün şəkildə çatdıra bilmirlər? Bəlkə elə səbəb bununla bağlıdır?

 

- Əlibaba Abdullayev böyük sənətkar idi, nə qədər rəqslərimizə nəfəs vermişdi, gözəl rəqslər qurmuşdu. Amma mən Əlibaba Abdullayevin qurduğu rəqsi oynamamışam, mənim özümün fantaziyam, yaradıcı yanaşmam vardı. İfa etdiyim bütün rəqsləri özüm qururdum. Bu mənim daxilimdən, iradəmdən, ürəyimdən gəlirdi. İfa etdiyim rəqslər tarixə düşüb, mən buna sevinirəm. Mənə deyirlər ki özünü qoru, yadigarsan. Məni yaşadan sənətimə sevgidir, insanların məhəbbətidir. O ki qaldı, müasir rəqqasələrə, onların özləri öyrənməyə meyl göstərmirlər. Bəziləri ümumiyyətlə davranış qaydalarını, hərkətlərini, danışıqlarını bilmir, rəqslərimizi lazımı şəkildə təqdim etmirlər. Məndən öyrənmək istəyənlər həmişə olub, tövsiyəmi əsirgəmirəm. Amma çox təəssüf ki, bəziləri mənim adımdan sui-istifadə edir, özlərini ora-bura pərçim etmək istəyirlər. Zəng vurub giley edirlər, çox pis oluram. Mənim adımdan istifadə etmək olmaz, sənətləri də yoxdur ki, “sənəti var, eybi yox, qoy istifadə etsindeyim. Bəzilərindən çox narazıyam.

 

- Yolunuzu davam etdirənləriniz də var. Nəvələriniz gözəl rəqqasələrdir.

 

- Qızım Yeganənin övladları Lenay və Aslanə milli rəqslərimizi o qədər gözəl mənimsəyiblər ki, onlara baxanda fəxr edirəm. Nəvəm Aslanə Əliyeva bir çox beynəlxalq rəqs müsabiqələrinin, festivalların laureatı və iştirakçısıdır, Bakı Xoreoqrafiya Akademiyasının klassik şöbəsinin məzunudur. İxtisasca balet artistidir. O, xalq rəqsləri üzrə xoreoqraf ixtisası üzrə bakalavr pilləsində təhsil alır. Aslanə çox gənc olmasına baxmayaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Bakının Nizami rayonunda yerləşən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyir. Mərkəzin 2013-cü ildə keçirilən açılış mərasimində Fondun prezidenti Mehriban xanım Əliyeva iştirak edib. Aslanə Əliyeva burada qruplarla məşğələlərdən əlavə, rəqs kollektivinə də rəhbərlik edir. O, tələbə mübadiləsi çərçivəsində Özbəkistanda da özbək rəqsi üzrə təhsil aldı, eyni zamanda Azərbaycan rəqslərini onlara öyrətdi. Özbəkistan televiziyasında ifaları yayımlandı. Azərbaycan Özbəkistan dostluğuna və Gənclər gününə həsr olunmuş konsert təşkil etdiyi üçün o, Fəxri Fərmanla təltif olunub. Nə qədər dipomu, mükafatı var. Demək istəyirəm ki, yolumu davam etdirən var.

 

Amma təəssüf ki, ailəmin içindən olan və davranışlarından narazı qaldığım bir nəfər qızım Yeganəyə və onun övladlarına qarşı xoşagəlməz hərkətlər edir, qara piarla məşğul olur. Bu da məni çox narahat edir. Bayaq dedim ki, bəzilərinin ifası, davranışı məni qane etmir, onlardan biriodur. Mənim ehtimadımı yerə vurmağa heç kəsə icazə vermərəm. Mənim adımdan istifadə edən adam mənim adıma, sənətimə layiq davranmalıdır. Amma çox təəssüf ki, belə olmur. Bir daha deyirəm, heç kəs mənim adımdan istifadə edib kimlərinsə qapısını döyməsin. Gözəl sənətkarlardan nümunə götürsünlər, rəqslərimizin gözəlliklərini göstərsinlər. Amma mən bunu görmürəm. Mən necə Əminə Dilbaziyə, Qəmər Almaszadəyə baxdım, mən onlardan bu məktəbi götürdüm, rəqsin hərəkətlərini əxz etdim, tarixə saldım.

 

- Bu gün demək olar ki, tay-tuşlarınızın, dostlarınızın çoxu yoxdur.

 

- Hə. Bu məni çox qüssələndirir. Hanı o gözəl sənətkarlar? Əlbəttə, hər biri sənətdə öz izini qoyub getdi. O vaxt Əminə Dilbazi mənə dedi ki, Rozik, sən mənim yolumla gedirsən, dedim ki, xeyr mən sənin yolunla yox, öz yolumla gedirəm. Çünki sənətdə öz yolumu özüm açdım. Yaxşı ki, milli rəqsimizi seçdim. Bu sənət məni ucaltdı, tanıtdı, mənə xalq məhəbbəti qazandırdı.

 

- 100-ə nə qaldı ki...

 

- Hamı deyir ki, 100 illik yubileyinizə hazırlaşırıq. Deyirəm, siz hazırlaşın, Allah mənim ömrümü kəsməsin, 100 yaşımda da sizinlə görüşüm.

 

- 96 yaşınızda ən böyük arzunuz nədir?

 

- Milli rəqslərimizi yaşadaq, dünyaya göstərək. Milli musiqimiz, onların sözləri o qədər gözəldir ki, qulaq asmaqdan doymursan. Mənim zəngin tarixim var, mədəniyyətim var. Mən bunlarla yaşamışam, bunlarla nəfəs almışam, indi də elədir. Ciddiyyətim, işimə məsuliyyətim, sonsuz sevgim, zəhmətim məni sənətkar etdi, təbii, burda Allahın da yazısı var. Heç zaman azərbaycanlı olduğumu unutmadım, dünyanın hər yerində öz millətimin adına layiq oldum.

 

- Valideynlərinizin sənətə gəlməyinizə münasibəti necə idi?

 

- Atamanam mənə mənəvi güc verdilər. Evimdən hər ikisinin də şəklini asmışam.

 

- Adınızın Roza qoyulmasının bir səbəbi vardımı?

 

- Rəhmətlik atam adımı Roza Lüksemburqun şərəfinə Roza qoyub. Deyirdim ki, ata, başqa ad yox idi mənə qoymağa (gülür)? Atam qatı kommunist idi. 29 yaşında Bakı Dövlət Universitetinin dekanı olmuşdu. O, mənim balerina olmağımı istəyirdi, balet məktəbini oxudum, amma milli rəqsə könül verdim.

 

İradə SARIYEVA

Bakı Xəbər  2025.- 12 fevral (№ 25).- S.13.