YAZILI DASTAN
ABİDƏLƏRİ TƏDQİQ OLUNUR
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun arxivlərində bir sıra yazılı dastan abidələrinin əlyazmaları mühafizə edilir. Bu yazımızda nəşr olunmuş bir neçə kitabdan bəhs etmək istəyirik.
Əlyazmalar institutunun aparıcı elmi işçisi, f.ü.f.d. Əli Məmmədbağır oğlunun tranfoneliterasiya edib, elmi-paleoqrafik təsvir və filoloji araşdırma ilə birlikdə nəşr etdirdiyi “Qəşəm xan və Gülüstan xanım” yazılı dastan abidəsi “Elm və təhsil” nəşriyyatnda işıq üzü görmüşdür. Kitabın redaktorları f.ü.f.d., dosent Aybəniz Rəhimova və böyük elmi işçi Rauf Şeyxzamanlı, rəyçisi f.e.d., professor Azadə Musayevadır.
Kitabın “Girişi”ində müəllif Azərbaycan folklorundan, yazılı folklor abidələrindən qısa məlumat verir, “Qəşəm xan və Gülüstan xanım” dastanından bəhs edərək yazır: “Qəşəm xan və Gülüstan xanım” yazılı dastan abidəsinin bizə gəlib çatmış yeganə nüsxəsinin məzmunu ilə ətraflı tanışlıq göstərdi ki, əlyazmanın mətninin paleoqrafik xüsusiyyətləri, süjet xətti, dastanın hansı tarixi dövrdə yaranması, qəhrəmanların şəxsiyyəti, klassik imla qaydaları, əsərdə arxaik dil xüsusiyyətlərinin qorunub saxlanılması və folklor əsərinin siyasi hadisələr fonunda yaranmasına səbəb olan bəzi məqalələrin öyrənilməsi olduqca əhəmiyyətlidir. Odur ki, yazılı dastan abidəsi haqqında daha ətraflı məlumat əldə etmək üçün maraq doğuran həmin məsələlərin hər biri ayrı-ayrılıqda, yığcam şəkildə olmaqla aşağıda nəzərdən keçiriləcəkdir”.
Müəllif “Dastanın əl yazması” adlı birinci bölümdə yazılı dastan abidəsinin “Paleoqrafik xüsusiyyətləri”ndən, “Tarxi hadisələr fonunda yaranan dastanın ideya-məzmun xüsusiyyətləri”ndən, “Dastanda işğalçılığa qarşı etiraz”dan, “Dastan qəhrəmanları və addəyişmə” məsələlərindən bəhs edir. “Datanın struktur və bəzi linqvistik-mənbəşünaslıq məsələləri” adlı II bölümündə isə “Dastan struktrunun səciyyəsi”, “Dastan deyimləri və ifadələri”, “Dil xüsusiyyətləri” kimi məsələlər araşdırılır. 6 bölümdən ibarən “Nəticə”də fikirlərini ümumiləşdirən tədqiqatçı Qəşəm xanın (Yaqubun) ziyalı, xalq yaradıcılığını dərindən bilən şair-dastançı olduğunu, öz başına gələn hadisəni qələmə aldığını qeyd edir, Qəşəm xanı bir tarixi şəxsiyyət hesab edir, onun Gəncə xanlarının nəslindən olduğunu bildirir, onu Qaçaq Nəbi ilə müqayisə edir, dastan qəhrəmanlarının taleyinin uğursuzluğunu Əsli və Kərəmin taleyi ilə yaxın səsləşdiyini vurğulayır, dastanda rus işğalına etirazın və Qacarlar halimiyyətinə rəğbətin əks olunduğunu diqqətə çatdırır və yazır: “Qəşəm xan və Gülüstan xanım” dastanı XX yüzilliyin əvvəllərində qələmə alınmasına baxmayaraq, mətninin fonetik, qrammatik, leksik dil xüsusiyyətlərində arxaiklik, dialektoloji cəhətlərin kifayət qədər qorunub saxlanılması, xüsusilə böyük maraq doğurur”. Tədqiqatın sonunda “Ədəbiyyat siyahısı” verilmişdir.
Dastan “Ustadnamə” ilə açılır. Dastanda nəzm və nəsr hissələr bir-birini növbələyir.
Sonda “İzahlar” təqdim olunmuşdur.
Əli Məmmədbağıroğlunun transfoneliterasiya edib, elmi-paleoqrafik təsvir və filoloji
araşdırma ilə birlikdə nəşrə
hazırladığı “Hatəmi-Tai” adlı yazılı dastan abidəsi “Zərdabi Nəşr” MMS-də
çap olunmuşdur.
Kitabın redaktoru
Arif Ramazanov, rəyçisi f.e.d., professor Kamil Allahyarovdur.
“Giriş”də Hatəmi-Tai
haqqında söz açan müəllif “Dastan ədəbi janrında yaranmış
“Hatəmi-Tai” əsərinə
Azərbaycan folkloruna
aid nəşrlərdə indiyədək
rast gəlinmədiyini”
birdirir.
Monoqrafiyanın I fəsli “Hatəmi-Tai” dastanının əlyazması”
adlanır. Fəslin “Hatəmi-Tai” dastanının
əlyazma nüsxəsi
və onun qəhrəmanları” bölümündə
88 vərəq həcmində
olan əlyazma kitabının 1912-ci ildə
katib Məhəmməd
İbrahim Kərbəlayi
Nəsir Həmədani
oğlu tərəfindən
nəstəliq xəttilə
köçürüldüyünü,
1957-ci ildə Mustafa isayev
tərəfindən Əlyazmalar
fonduna (indiki Əlyazmalar insttutuna) verildiyini bildirən müəllif, katibin əslən həmədanlı
olduğuna görə
əlyazmanın cənubda
qələmə alındığı
qənaətinə gəlmişdir.
Tədqiqatçı yazır:
“Dastan altı beytlik Fani təxəllüs
şairin ustadnamə-qəzəli
ilə başlanır.
Əlyazma mətninin xalq dastanları yaradıcılığı ənənəsinə
uyğun olaraq qoşma, gəraylı və s. xalq şeiri növlərilə
deyil, qəzəl ilə başlanması əsərin süjetinin məhz başqa bir xalqın folklor yaradıcılığına
məxsusluğunu və
ilkin mətninin nə vaxtsa tərcümə olunaraq Azərbaycan xalq dastançılığı xüsusiyyətini
əxz etməklə formalaşması və nəhayət, xalq ədəbiyyatının bilicisi
olan bir şəxs tərəfindən
qələmə alındığı
fikrini ortaya çıxarır. Ona görə
də dastanın dikinin xalq danışıq
dilinə nə qədər yaxınlığını
görsək də, bizə yazılı şəkildə gəlib
çatan bu folklor mətni daha çox bir yaradıcı şəxsin folklor ədəbiyyatı üslubunda
araya-ərsəyə gətirdiyi
bədii əsər təsirini hiss etdirir”.
Müəllif Hatəmi-Tainin müsbət keyfiyyətlərilə Şərq aləmində məşhurluğunu və Azərbaycan yazılı və şifahi ədəbiyyatında da sevilən qəhrəmanlardan olduğunu, dastanda onun səxavəti kimi mübarizliyinin və qətiyyətinin də qabarıq şəkildə göründüyünü vurğulayır. Tədqiqatçı dastandakı digər qəhrəmanlar haqqında da məlumat verir.
Fəslin “Hatəmi-Tai dastanının məzmun rəngarəngliyi” adlı bölümündə dastanın olduqca maraqlı süjet və məzmuna malik olduğunu, dastanın əsas ideyasının qəhramanın səxavətliliyinin təbliği olduğunu bildirən tədqiqatçı dastandakı hadisələrdən söz açır və buradakı “Biyabanda yaşayan gənc”, “Ağlayıb gülən camaşırçı”, “Minarəyə çıxıb-enən müəzzin”, “Ənsəsinə sillə vurduran kor ərəb”, “Cəvahir hekayəti” adlı hekayətlərdən bəhs edərək onların qısa məzmununu verir.
Əsərin II fəsli “Hatəmi-Tai” dastanının linqvistik və tekstoloji xüsusiyyətləri” adlanır. Burada “Dastanın dilinə aid bəzi qeydlər”, “Hatəmi-Tai” dastanının mətnində mətnşünaslıq məsələləri” işıqlandırılmışdır. Müəllif “Nəticə”də yazır: “Burada biz “Hatəmi-Tai” yazılı dastan abidəsi haqqında daha ətraflı elmi-paleoqrafik təsviri məlumatın verilməsilə yanaşı, əsərin filoloji və tekstoloji linqvistik xüsusiyyətləri ilə bağlı bəzi araşdırmalar da aparmağa səy göstərmişik”. Tədqiqatın sonunda “Ədəbiyyat siyahısı” verilmişdir. Kitaba dastanın transfoneliterasiyası daxil edilmiş, sonda çətin sözlərin lüğəti verilmişdir.
Əli Məmmədbağır oğlunun “Hekayəti-Kərəm” yazılı dastan abidəsi kitabı “Zərdabi Nəşr” MMS də çapdan buraxılmışdır. Əlyazmanın mətnini vaxtilə f.e.d, Əməkdar elm xadimi Şamil Cəmşidov nəşrə hazırlamışdı. Əli müəllim əlyazmanı yenidən tərtib edib nəşrə hazırlamış və tədqiq etmişdir. Kitabın redaktoru Macarıstan Peç Universitetinin doktorantı Mahnur Kərimova, rəyçisi f.e.d., professor Kamil Allahyarovdur.
Tədqiqatçı əsərin girişində əsər haqqında məlumat verir və sonda fikrini belə yekunlaşdırır: “Aydın məsələdir ki, hər hansı bir əsər, xüsusilə, ilkin qaynaqlarla əlaqəli müqayisəli şəkildə nəşrə hazırlanan mətnin təkrar-təkrar, diqqətlə nəzərdən keçirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Məhz əski mətnlərin nəşrə hazırlanmasında tətbiq olunan elmi-praktik metoddan istifadə etməklə “Hekayəti-Kərəm”in əlyazmasını da bütünlüklə, yenidən əvvəldən-axıradək tekstoloji yöndən nəzərdən keçirməli olduq və nəticədə tutuşdurma zamanı aşkar olunan çatışmazlıqları, uyğunsuzluqları bacardığımız qədər bərpa edib, dastanın transfoneliterasiyası olunaraq yenidən tərtib edilən dürüstləşdirilmiş mətnini və eyni zamanda yazılı abidə ilə bağlı elmi-paleoqrafik, filoloji cəhətdən aparılmış araşdırmanı da əlavə edib oxuculara təqdim edirik”.
“Hekayəti-Kərəm” yazılı dastan abidəsinin əlyazması” adlı I fəslin I bölümündə “Hekayəti-Kərəm” əlyazmasının paleoqrafik xüsusiyyətləri”, “Hekayəti-Kərəm” dastanının müqayisəli təhlili”, “Hekayəti-Kərəm” dastanında əhvalat və hekayətlər” haqqında əhatəli məlumat verilmişdir.
Kitabın “Hekayəti-Kərəm” yazılı dastan abidəsinin dil-üslub xüsusiyyətləri” adlı II fəslində “Hekayəti-Kərəm” əlyazmasının bəzi tekstoloji xüsusiyyətləri” və “Hekayəti-Kərəm” dastanı şifahi nitqdən yazılı dilə keçidin məhsulur” kimi məsələlər işıqlandırılmışdır. Müəllif “Nəticə”də “Hekayəti-Kərəm” əlyazmasının “Əsli və Kərəm” mövzusunda yazılmış ən qədim və nadir nüsxələrdən olduğunu, ədəbi dil normalarına uyğun şəkildə yazıldığını, əsərin 1867-ci ildə köçürüldüyünü, dastanın ənənəvi ustadnamə ilə deyil, xüsusi giriş – pişrovla başladığını, əsərdə nəsr və nəzmin növbələşdiyini, nəzm hissələrin qoşma və gəraylılardan ibarət olduğunu, şifahi variantlardan fərqli olaraq, Kərəmə anadan olanda Əhməd mirzə, Əsliyə isə Qara Sultan adının verildiyini, əsərdə Sofinin lələ kimi deyil, dost kimi təqdim edildiyini, əsərin süjetinin 1911-ci il İstanbul, 1913-cü il Bakı nəşrlərinə yaxın olduğunu və s. məsələləri diqqətə çatdırmışdır. Sonda zəngin ədəbiyyat siyahısı verilmişdir.
Kitaba əsərin mətninin transfoneliterasiyası da daxil edilmişdir. Əsər “Bismillahir-Rəhmanir-Rəhim”lə başlayır və sonda 4 iyun 1867-ci il tarixi qeyd edilmişdir.
Kitabda mətnin
faksimilesi də verilmişdir. Sonda “İzahlar”, “Onomastik
vahidlər (toponimlər,
hidronimlər, oronimlər)”
və çətin anlaşılan sözlərin
lüğəti verilmişdir.
Əli Məmmədbağır
oğlunun ərsəyə
gətirib oxuculara təqdim etdiyi hər üç kitab folklorçular, habelə folklorla məşğul olmaq istəyənlər üçün
dəyərli vəsaitdir. Əli müəllimi
uğurlarına görə
təbrik edir, ona daha böyük
müvəffəqiyyətlər arzulayır və yeni kitablarını gözləyirik.
SONA XƏYAL
Bakı Xəbər .- 2025.- 14
fevral (№ 27).- S.15.