NİSƏ BƏYİM POEZİYASINDA QARABAĞ AĞRILARI

 

      Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10-dan artıq ki­ta­bın müəllifi, yaradıcılığı bir sıra mükafatlar və dip­lom­larla qiyməytləndirilmiş Nisə Bəyim Bakıdan kə­nar­da yaşasa da, daim Yazıçılar Birliyi ilə əlaqə saxlamış, şe­ir­ləri birliyin orqanlarında müntəzəm çap olunmuşdur. Onun əsərlərində özünəməxsusluq diqqəti çəkir. Daim göy­lərdə olan, yer adamlarından qaçan, izdihamın için­də belə tənha olan şairin şeirlərində də bir göylər qızı ob­razı vardır...

 

Qarabağ ağrı-acısı bütün şairlərin qələmindən keçən möv­zudur. Mərhum şairimiz Nisə Bəyimin qələminə gə­lənlər də Qarabağ ağrılarını yaşayan bir yazıçı kimi diq­qətimi çəkdi. Müəllimlik peşəsinə sadiq olan, vətən öv­ladlarının təlim-tərbiyəsində bir ömür zəhmət çəkən, on­ların vətənpərvər kimi yetişməsinə çalışan şairin "Bu­gün­kü dərsimiz Azərbaycandı" adlı şeiri maraq doğurur. Həm fərəhli, həm də ağrılı notlarla tariximizin bəzi mə­qam­larını yadımıza salan müəllif yazır:

 

Bütöv bir Vətənin ayrı yarısı,

 

Sağalmaz xalqımın könül yarası.

 

Eşitsin, eşitsin Vətən yarısı,

 

Bugünkü dərsimiz "Azərbaycan"dı.

 

Aranda istiyə, dağda qara bax,

 

Gəz bütün dünyanı, axtar, ara, bax!

 

Tarixə bir dastan yazdı Qarabağ,

 

Bugünkü dərsimiz "Azərbaycan"dı.  

 

Bu şeirdə şairin vətən məhəbbətini, qeyrətli, də­ya­nət­li bir azərbaycanlı qızının həm fəxarətini, həm də ürək ağ­rılarını görürük. Bəli, tarixə dastan yazdı Qarabağ, uçuq-sökük evlər dastanı, talanmış yurd dastanı, qan göl­ləri dastanı, Şəhidlər oğullar dastanı, şəhid şəhərlər das­tanı, o qədər çox dastan yarandı ki, otuz ildən artıq­dır ki, şeir-şeir, kitab-kitab yazılır, bitmək bilmir.  

 

Nisə Bəyimin "Laçından müvəqqəti ayrılmış Gözələ" ün­vanladığı bir şeiri var, elə ilk misralardan diqqəti çə­kir:

 

"Laçına şeir yaz", deyirsən, Gözəl,

 

Nə desəm, kövrəlib gözün dolacaq.

 

Mənim deyəcəyim ən kədərli söz,

 

Sənin həsrətinə taymı olacaq?

 

Şair hər söz-söhbətə ürəklərin açılmadığını, hər yu­xu­nun, hər dərdin yozulmadığı vurğulayaraq, əri, qardaşı gül­lələr altında olan, gecələr sübhə kimi gözünə yuxu get­məyən bir azərbaycanlı qadının həsrətinin bö­yük­lü­yü­nü anladığını bildirir və şeirə nikbin notlarla davam edə­rək yazır:

 

Yağar çox yağışlar, axar çox sular,

 

Açılar zamana vurulan düyün.

 

Həsrətə bələnmiş durnalar kimi,

 

Sən də qayıdarsan o yurda bir gün.

 

Məni xatırlarsan Laçın yolunda,

 

Baxıb o dağlara ah da çəhərsən.

 

Mənim muradımı gətirib dilə,

 

O yerdə adıma bir kol əkərsən.

 

Bu misraları yazıya köçürərkən, düşünürəm ki, Nisə Bə­yim unanırdı ki, bir gün Laçın alınacaq. Və onu da dü­şünürəm ki, Laçın qayıtdı, görəsən, Gözəl Laçına qa­yıt­dımı? Laçına getməyə ömrü yetməyən şairin ar­zu­su­nu dilə gətirib, adına bir kol əkdimi?

 

Nisə Bəyimin torpaq ağrısından, insan bi­ga­nə­li­yin­dən, şəhid məzarlardan, satqınlıqdan bəhs edən adsız bir şei­ri var, bu misralarla başlayır:

 

Mənə sevgilərin işığı qədər

 

Ümid ver, inam ver, göy üzlü tanrım!

 

Mənə həsrətlərin ağrısı qədər

 

Dözüm ver, səbr ver, göy üzlü tanrım!

 

Şair səbrini duyğularında keçərək sel kmimi aşıb-daş­dı­ğını, ömrünü yuxularında keçərək yel kimi əsib-coş­du­ğunu, duyğularının vulkan kimiqaynayıb onu şim­şək­dən-şimşəyə atdığını, lakin qəzəbinin, nifrətinin kinli bir atəş kimi qanında yatdığını, dərdini içinə çəkib sus­du­ğu­nu, duyğusu kor olmuş kimi, varlığı kar olmuş kimi su­san­da ruhların üsyan etdiyini, haray çəkdiyini qeyd edir və bu məmləkətin tamahın ovsunladığı, haramın gözlə­ri­ni bağladığı çörək yeyənlərinə, çəpik yeyənlərinə, tə­pik yeyənlərinə üz tutaraq "Sən haram yemisən, qanın kor­lanıb", "Vəzifə başında çobansan yenə", "Bu kimin və­təni, bu kimin dərdi", "Qisas ortalıqda, qan or­ta­lıq­da", "Gizlənir millətin çörək yeyəni" deyə özü də ruhlar ki­mi üsyan edərək yazır:

 

Bir şəhid məzarə şəhid kənd olur,

 

Böyüyür, böyüyür şəhid şəhərlər.

 

Doğur gecələrin ağrılarından,

 

Açılır ümidsiz şəhid səhərlər.

 

Dönür göz yaşına şəhid ruhları,

 

Şəhiddir Vətənin hər qanlı daşı.

 

Hər yarpaq, hər çiçək, hər gül şəhiddir,

 

Şəhiddir torpağın axan göz yaşı.

 

Şair bu köçün əvvəlini, sonunu sual edir və "Məhv ol­muş yolların məzarlığında Şəhid ümidləri kim ağ­la­ya­caq?" deyə sual edir və "Ümid doğ, ümid doğ, ey ana tor­paq", "Atəş al, şimşək al uca göylərdən", "qalx təpik al­tından, düzəlt belini" deyə haray şçəkir. Yaralı Və­tə­nin dərdinə məlhəm axtaran, onu yenidən ayağa qalx­ma­sını, qalib olmasını arzulayan şair vətənə, torpağa sa­də­cə çörək ağacı kimi baxanlara, düşmən qapısında, yad evin­də "yanağı sürtülənlərə", ata yudunu kor qoyanlara, igid­ləri arxadan vuranlara üz tutaraq deyir ki, "Vətən sə­nin deyil", "Oynama vətənin dərd havasına", "Aldığın, sat­dığın kəndin, şəhərin Bir misqal torpağı sənin de­yil­di. Qumara qoyduğun cənnət vətənin Quru yarpağı da sə­nin deyildi". Göz yaşı içinə axan şairin misralarından qan­lı yaş damır. Vətən oğullarına səslənən şairin "Qüv­vət al içindən, düzəlt qəddini, Tanrı qüdrəyiylə, Tanrı gü­cüylə" üsyankar səsini eşidirik.

 

Millətin, xalqın dərdini öz dərdi hesab edən, bu dərdlərlə yanıb-qovrulan, şeirlərində bu milli ndərdi misralayan Nisə Bəyim "Miraj" kitabındakı bir şeirində yazır:

 

Bizim dərdimizin bir adı yox ki,

 

İstər Şuşa deyək, istər Xocalı...

 

Biz elə özümüz dərdin özüyük,

 

Yazıb üstümüzdə - Şuşa, Xocalı!

 

Digər bir şeirdə Vətən övladlarına bu torpağın təmiz adı­nı, Vətənin yüksələn bayrağını, xalqın namusunu, qey­rətini qorumalarını bir vəzifə kimi xatırladan şairin ha­rayını eşidirik. Sözünə davam edən müəllif yazır:

 

Sən tarix yazırsan qızıl qanınla,

 

Gələcək önündə ucadır adın.

 

Canını verdiyin ana torpağı

 

Canı tək sevəcək sabah övladın.

 

Sənin taleyindir yurdun taleyi,

 

Bu yurdun işıqlı sabahı sənsən.

 

Qazisi də sənsən, şəhidi də sən,

 

Qanınla yazdığın tarix özünsən!

 

Göründüyü kimi, şair vətən övladları ilə fəxr edir. Ürə­yini azadlıq yolunda məşələ çevirən oğulların tut­du­ğu yolun şərəfli olduğunu, bu amalın ulu sevgi ol­du­ğu­nu, eşqə yanmağın bir Tanrı qisməti olduğunu poetik mis­ralarla bizə çatdırır. "Uca tut başını, bizimdir zəfər" de­yən şair sözümüzü düşmənə qılıncdan sıyrılan, se­çi­lib-sayılan oğulların dediyini, Allahın qisməti kimi on­la­rın şəhadətə yetdiyini böyük inam hissi ilə qeyd edir və Vətənə müraciətlə poemanı belə bitirir :

 

 

 

Uca tut başını, sevgili Vətən!

 

Şəhid məzarların inanc yerindir.

 

Uğrunda canından keçməyə hazır

 

İgid oğulların güvənc yerindir.

 

 Haqdır məsləkimiz, haqdır işimiz,

 

Eşqi haq olanlar yolundan dönməz.

 

Qəhrəman milləti olan torpağın

 

Ucalan bayrağı bir daha enməz!

 

 Nisə Bəyimin "Qürur rəngləri" adlı kitabı "Bay­ra­ğım..." adlı şeirləaçılır və bu şeirində də şairin  fəxarət his­sini duyuruq. "Sən mənim göylərimə And kimi ya­ra­şır­san...", "Uğrunda şəhid olan igidlərin qanından Yad­da­şıma yazılan Ad kimi yaraşırsan..." misraları ilə baş­la­yan sərbəst şeirdə Azərbaycan bayrağını tərənnüm edən şair həm də Məhəmməd Əmini xatırlayır, bayrağa mü­raciətlə "Üstündə Azərbaycan-Rəsulzadə adını mö­hür kimi daşırsan..." yazır və şeiri belə yekunlaşdırır:

 

Sən mənim ruh sirdaşım...

 

Atam...oğlum...qardaşım...

 

Ən müqəddəs dayağım...

 

Göz bəbəyim – bayrağım!!!

 

Bəli bu, Azərbaycan bayrağıdır. Döyüşə gedəndə igid oğullarımızın əllərində dalğalanan, qazilərimizin əlin­də ev­lərə gələn və bu bayraq uğrunda, bu torpaq uğrunda şə­hid olan Vətən oğullarının bükülüb torpağa verildiyi, mə­zarları üstünə sərildiyi Vətən bayrağıdır.

 

Nisə Bəyimin İstiqlal uğrunda şəhid olan yurd­daş­la­rı­na ithaf etdiyi "Himn" adlı poeması da maraq doğurur. Bu­rada "Bir ümid çağında "Misri" səsinə, "Cəngi sə­da­sı­na oyandı ruhum" yazan şair həmin səsin bir elin da­nı­şan dili olduğunu, onu öz sıralarına çağırdığını, kön­lü­nün, gözünün inam səsinə çevrildiyini poetik obrazlarla oxu­culara çatdırır və yazır: 

 

Haydı igidlərim, aman verməyin,

 

Şığıyın qartal tək yağı üstünə.

 

Alın bu torpağın intiqamını,

 

Dağ çəkin düşmənin bağrı üstünə.

 

Ağacı göyərməz, çiçəyi bitməz,

 

Alın qisasını yanan ahların.

 

Suları çağlamaz bu ana yurdun,

 

Qaytarın haqqını ulu ruhların.

 

Bu poemada diqqəti çəkən maraqlı fikirlər vardır: "Bu vətən torpağı tale yazımız", "Ucalıq eşqinə çıxıb qı­nından Qeyrət qılıncımız, sevgi sazımız", "Müqəddəs bir ölüm gözləyir bizi", "O mərd babaların övladıyıq biz, Qanlı döyüşlərdən gəlir səsimiz", "Yüksələn bay­raq­dır əllərimizdə Qanlı köynəyimiz – azadlığımız!"

 

Daha sonra şair tarixə ekskursiya edir, Araz həs­rə­tin­dən, qərib durnalardan söz açır, Məhəmməd Əmini, Əh­məd Cavadı, Nəriman Nərimanovu xatırlayır, onları düş­mən hesab edənlərə od püskürür. Azadlıq təranəsi olan himnimizin qaytarılmasını alqışlayır və bu himnin qar­tallı dağların, şərbət bulaqların, çağlayan sellərin, dur­nalı çöllərin, yağışlı göllərin nəğməsi olduğunu ob­raz­larla təqdim edir və bu səsdə "Heyratı"nın, "Şi­kəs­tə"­nin, "təcnisin" havalandığını, Dədə Ələsgər nisgilinin yan­dığını, Koroğlunun qılıncının parladığını fəxarətlə qeyd edir və yazır:

 

Ulu Nizaminin ruhu yüksəlir,

 

Qürbətdən Nəsimi, Füzuli gəlir.

 

Bu torpaq üstündə Üzeyirin ruhu,

 

Cəlilin, hadinin, Sabirin ruhu,

 

Yaşarır qürurdan Cavadın gözü,

 

Cəfərin, Müşfiqin, Cavidin gözü.

 

Keçir Səməd Vurğun şah vüqarıyla,

 

Danışır Bəxtiyar düz ilqarıyla...

 

Göründüyü kimi, şair burada Azərbaycanın və­tən­pər­vər övladlarını bir-bir xatırlayır və bu vətənin "Na­mu­su­nu hifz etməyə, Bayrağını yüksəltməyə!" xalqının ayağa qalx­dığını qürur hissi ilə misralayır.

 

Nisə Bəyim bir sıra şairlər ki, ağlamır. "İçimdən qay­na­yan haqqın səsidir, Dönüb şeir kimi axır sinəmdən" de­yə göz yaşını içinə axıdır, "Səngərdə yazılır şanlı nəğ­mə­miz" deyə tarixi divana çəkir, "Bu kimin vətəni, bu ki­min dərdi? Duran torpağından, dərdindən qaçır" deyə na­mərdləri istintaq edir və şəhadəti alqışlayır.

 

Nazim Hikmətin "Bəylər, bu vətənə necə qıydınız" mis­rasını epiqraf seçdiyi bir şeirində də şairin vətən tor­pa­ğının yadlar tərəfindən parça-parça edildiyini, qeyrət sa­tanların torpaqları satdıqlarını, kökünü dananların şan üçün, var-dövlət üçün bu yurdun başına oyun açanlara qar­şı nifrətini görürük. Bu şeirdə Misri qılınca "yetər kö­ləlik", "Yetər öz qanında boğuldu millət" deyə xutab edən, digər bir şeirdə "Oğluna, qızına qıydı ulular, Qıy­ma­dı yurdun bir qara daşına", "Haydı vətən oğlu, gedək ölü­mə" cəsarətini misralayan şairin bir-birindən kəskin fi­kirlərinin şahidi oluruq. Şairin "Aran fraqmentləri" ad­lı kitabındakı "Susma, Vətən" şeiri də diqqəti çəkir. Şai­rin şeir toplularında vətənpərvərlik mövzusunda yazdığı bü­tün şeirlərində üsyankarlıq vardır. Vətən qədri bil­mə­yən­lər, torpaq təəssübü çəkməyənlər, ürəyində millət sev­gisi olmayanlar Nisə Bəyimin tənqid hədəfləri, Və­tə­nin igid oğulları, torpaq uğrunda şəhid olan vətən öv­lad­la­rı onun qürur yeridir. Allah şəhidlərimizə rəhmət elə­sin, ruhları şad olsun!

 

Sona XƏYAL

Bakı Xəbər .- 2025.- 19 fevral (№30).- S.15.