Cəsur Vətən oğlu

 

Babək Səhman oğlu Namazovun təltifləri

 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

 

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Namazov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şücaət göstərmiş Babək Namazov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

 

Babək Namazovun ailə tərkibi:

 

Atası: Namazov Səhman Sarı oğlu

 

Anası: Məmmədova Mehriban Qüdrət qızı

 

Qardaşı: Namazov Kamran Səhman oğlu

 

Bacısı: Namazova Şəms Səhman qızı

 

Babək Səhman oğlu Namazovun qısa həyatını əks etdirən şərəfli ömür tablosu

 

Doğum tarixi: 15.05.1994

 

Doğum yeri: Şəmkir rayonu, Əliyaqublu kəndi

 

Təhsili: Ali

 

Oxuduğu məktəb: Gəncə şəhəri, Nizami Gəncəvi adına 11 saylı tam orta məktəb. (Xatırladaq ki, Babək Moskvada da ibtidai təhsil alıb).

 

Oxuduğu ali təhsil müəssisəsi: Azərbaycan Texniki Universiteti

 

Ailə vəziyyəti: Subay

 

Hərbi fəaliyyəti zamanı xidmət etdiyi qoşun növü: Quru Qoşunları

 

Mükəlləfiyyəti: Həqiqi hərbi xidmət

 

Rütbəsi: MAHHXHQ, kiçik çavuş

 

Döyüşdüyü yerlər: Kəlbəcər, Cəbrayıl, Xocavənd

 

Təltif olunduğu orden və medallar (tam versiya): “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda”, “Şücaətə görə”, III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə", “Azərbay­can Bayrağı”

 

Şəhid olduğu tarix: 05.10.2020

 

Şəhid olduğu yer: Cəbrayıl

 

Dəfn olunduğu yer: Şəmkir rayonu, Əliyaqublu kənd qəbiristanlığı

 

Hazırda olduğu yer: Əbədiyyət, xalqın ürəyi

 

And yeri və könül verdiyi sevgili: Vətən

 

Haqqında deyilənlər: Ciddi, mehriban, qohumcanlı, dostcanlı, mərd, qorxmaz, igid, cəsur, ziyalı, diqqətcil, vətənpərvər insan idi...

 

***

 

Vətən müharibəsi iştirakçısı, 1994-cü-ci il təvəllüdlü, Şəmkir rayonunun Əliyaqublu kəndində doğulan, XTQ giziri, cəsur əsgər Namazov Babək Səhman oğlu, ömür tarixçəsindən bildiyimiz kimi, 2020-ci il oktyabrın 4-dən 5-nə keçən gecə Cəbrayıl ərazisində gedən döyüşdə itkin düşüb. Uzun müddət nəşi tapılmayıb. Bu müddətdə tez-tez şəhid olması xəbəri yayılıb. Ancaq sağ olduğunu güman edənlər də çox olub. Nə etmək olar, tale işidi, 26 yaşlı qəhrəmanımızın uzun axtarışlardan sonra yalnız 2021-ci il fevralın 20-də nəşi tapılaraq ailəsinə təhvil verilib...

 

Təxminən beş ay ata-ana gözü yollarda qalıb. Ata oğlunun ölümünə inanmayıb, ana qəlbi, nə qədər güman etsə də, oğlunun şəhid olduğuna zəmin verib. Bu qədər vaxtda hər ikisinin valideyn olmaq haqqı boyunlarından ağır daş kimi asılıb. Hər tıqqıltıya diksinib, hər qapı səsinə yüyürüblər. Şəhid tabutlarına yana-yana ağı deyib, valideynlərinə səbr diləyiblər.

 

Bir gün amansız fələk onların da qapısını döyüb. Beş ay axtarışdan sonra onlara övladlarının Cəbrayıl istqamətində şəhid olduğu deyilib...

 

Bu, o vaxta təsadüf edib ki, nə atanın, nə də ananın ağlamağa heyi olmayıb. Tabuta acı-acı baxıb için-için göynəyiblər. Başsağlığı verənlərə də sadəcə, başlarının hərəkəti ilə minnətdarlıq ifadə ediblər...

 

Görün, övlad itkisi adamı nə günə qoyur - hansı hala salır...

 

Oxuduqlarımızdan bilirik ki, insanın taleyi çox vaxt ona duyğusal, bəzən də hədsiz təsirli anlar yaşadır. Babəkin valideynlərinin taleyi də ağrısız-acısız - təsirsiz deyil. Övladlarının Vətən uğrunda şəhid olması, şəhadətə yüksəlməsi, əlbəttə, bir bəxtiyarlıqdır. Lakin o bəxtəvərlik vadisində ata-ana, təəssüflər olsun ki, xoşbəxt deyil...

 

Bu taleyi necə rahat yaşamaq olar axı?

 

Atalar, analar doğrudan da səbr daşıdır - həyatın əhlət daşıdır...

 

İtki insan üçün ağırdır. Ancaq bu itkinin Vətən üçün olduğunu sezəndə, istər-istəməz hər kəsdə bir qürur hissi baş qaldırır.

 

İndi Babəkin valideynləri də onun Vətən uğrunda şəhid olmasından qürur hissi keçirirlər...

 

***

 

Babək Namazov işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi uğrunda fədakarlıq göstərərək şəhid olub. Onun da qatıldığı 44 günlük müharibədə cəsur oğullarımız düşmənə ordumuzun sınmaz gücünü nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycanın igid oğulları Vətən, torpaq uğrunda istənilən əməliyyatı yüksək şəkildə icra etmək qabiliyyətinə, düşmənə layiqli zərbə vurmaq bacarığına malikdir.

 

***

 

Məlumdur ki, Babək Namazov Vətən müharibəsində şəhid olmasaydı, Vətən müharibəsindən sonra həyata keçirilən antiterror əməliyyatları zamanı da böyük cəsurluq, hünər nümayiş etdirəcəkdi və düşmənin bütün təxribatlarının qarşısının tamamilə aldıqdan sonra deyəcəkdi: “İndi sən tam azadsan, Azərbaycan!!!”.

 

Biz, xalq olaraq Babək kimi qəhrəman oğulların şərəfini, şəhid adını daim uca tuturuq və bu, həmişə də belə olacaq. Çünki o cəsur oğullar bizim rahat yaşamağımız üçün öz həyatlarını Vətən uğrunda qurban verdilər və əbədiyyətə köç etdilər. Əlbəttə ki, onların şərəfini daim uca tutmaq hamımızın borcudur.

 

Babək Namazovun bütün arzuları, istəkləri, qəlbinə yük etdiyi isti-ilıq duyğuları Vətən üçün, torpaqlarımızın işğaldan azad edilməsi üçün idi… O, arzularına çatdı. O, şəhid kimi Vətənin ən uca göydələnində - ən yüksək mərtəbədə qərar tutdu. Allahın müqəddəs lütfü onu hamımızdan uca etdi. O, indi hamımızın başı üzərində bir bayraq kimi dal­ğalanır...

 

***

 

Qatıldığı döyüşlərdə zaman-zaman xalqımızın qanına susamış rəzil düşmən həqiqi mənada əsl cəngavər Babək Namazovun qəhrəmanlığını aydın gördü. Ağzından od püskürən bu hünərvər oğulun içindəki intiqam hissi 44 günlük müharibədə düşmənə göz açmağa imkan vermədi. O, düşmənin canlı qüvvəsini, texnikasını sıradan çıxardı, əsl şücaət göstərdi...

 

Baxmayaraq ki, mənfur düşmənin qəfil həmləsindən şəhid oldu, ancaq elə bir zirvəyə ucaldı ki, orada Cənnət gözəllikləri onun əhatəsində cəm oldu...

 

Ən nəhayət, komandanlığın onunla qürur duyması dediklərimizi tam mənada təsdiq edir.

 

***

 

Bəllidir; ömür, biz istəsək də, istəməsək də sürətlə ötüb keçir. Bu minvalda nə qədər Vətən var, nə qədər sinəmizdə ürək döyünür, şəhidlər bizim and yerimiz olacaq, yaddaşımızda qalacaq...

 

Bizdən sonra da yetişən nəsillər onların xatirələrini əziz tutacaq, onların məzarlarını ziyarətgaha çevirəcəklər.

 

Şəhidlər heç vaxt unudulmur, onlar hər zaman böyük minnətdarlıq hissi ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir, and yerinə çevrilirlər...

 

Babək Namazov kimi oğullar azadlığı, müstəqilliyi, babalardan miras qalan torpağı xalqımızın əbədi and yeri hesab edib, onların uğrunda şərəflə can veriblər. Onlar Babəkin, Cavanşirin, Koroğlunun, son məqamda isə Mübariz İbrahimovun, Polad Həşimovun və digər qəhrəman oğulların andını, şərəfini qoruyub, xalqımızın müqəddəslik simvollarını əbədiləşdiriblər.

 

Bu gün təkcə ailəsi deyil, bütün Azərbaycan Babək Namazov kimi oğullarla qürur duyur.

 

***

 

Qatıldığı bütün əməliyyatlarda bir əlində silahını, digərində Vətən, torpaq sevgisini tutan Babək Namazov sanki elə Vətən üçün doğulmuşdu; bəlkə də uşaq çağlarından arzusu da elə Vətən uğrunda ölmək idi... Kim bilir?!

 

Düşünürük ki, elə bu hislərlə yaşadığı üçün içindəki missiya ona xüsusi cəsarət verirdi. O, döyüşdən döyüşə atılanda “Vətən” deyib hayqırırdı. Düşmən həm onun səsini eşidir, həm də şücaətini aşkar görür, aciz şəkildə geri çəkilirdi...

 

Bu hünər, bu cəsurluq onu əlçatmaz yüksəkliyə qaldırdı. O, Vətən uğrunda şərəfli ölümü ilə bir əbədilik qazandı... İndi nəsillər o əbədiyyətin qarşısında ehtiramla baş əyir...

 

***

 

İnsan ömrü axar sudur; illər bir-birini əvəz etdikcə, yaş artır, könül duyğuları daha rəngarəng olur. Lakin insan həyatdan köçəndə, duyğular da həyatın zülmətləri kimi rəng alır, ürəklər qəm-qüssə, ağrı-acı ilə dolur.

 

Bəzən də adama elə gəlir ki, ömür sadəcə, sevda, qəm-qüssə dolu bir qatardır, sərnişinə ehtiyac duymadan sürətlə ötüb keçir... Təəssüflər olsun ki, o “qatar” qəfil, gözlənilmədən, heç xəbər də etmədən insanları alıb aparır, arxada qucaq dolu göz yaşı qoyur...

 

Həyata gələndən insan axtarışda olur; kimi arzularının dalınca sərgərdan gəzir, kimi də duyğularını işıqlı anlara batırıb uca zirvələr axtarır. Təbii ki, Babək Namazov da uca zirvələr axtara-axtara doğmalarından xəlvət son mənzilə - əbədiyyətə köç etdi, Vətən uğrunda şəhadətə ucaldı. Əlində tutduğu ömür məşəli onu hamıdan uzaq əlçatmazlığa apardı. Nə yaşadı ki, Babək?! O, hələ ömür çiçəklərini qoxlayırdı... Dodaqlarında “Allaha şükür” kəlməsi pıçıldayanda, amansız əcəl ortaya elə bir ayrılıq saldı ki... Düşmənin ard-arda etdiyi hücumlara cavab olaraq qatıldığı əməliyyatlar zamanı Babəkin göstərdiyi cəsurluğu düşmən həzm edə bilmədi və xain həmlələr onun həyatına son qoydu.

 

İndi Babəki tanıyanların içində bir ağrı çırpınır acı-acı.

 

Yerin behiştdir, şəhid qardaş!

 

Cənnətin mübarək, Babək Namazov!

 

(Ardı var)

 

Hikmət Məlikzadə

Bakı Xəbər  2025.- 20 fevral (№31).- S.14.