İndiki geosiyasi çağırışlar Azərbaycan
diasporunu yeni təşkilatlanma
mərhələsinə çıxarıb...
Müasir dünya tamamilə yeni şəkildə formalaşır və nəticədə ortaya yeni yanaşmalar, yeni baxışlar, yeni çağırışlar çıxır. Dünyada gedən proseslər, ayrı-ayrı bölgələrdə baş verən müharibələr, münaqişələr, dövlərarası münasibətlər, yeni reallıqların ortaya çıxması hallarını müşahidə edirik.
Bu gün yeni geosiyasi şərait formalaşıb və burada yeni yanaşmalar özünü göstərir. Azərbaycan diasporu uzun illərdir fəaliyyət göstərir, dünyanın ayrı-ayrı ölkələrində mövcud olan diaspor təşkilatlarımız həmin ölkələrdə formalaşıblar. Xüsusən də Avropa ölkələrində bizim güclü diasporumuz var və digər ölkələrdə də diasporumuzun fəaliyyəti aktivdir.
Yeni geosiyasi münasibətlər şəraitində - ABŞ, Ukrayna, Rusiya və Avropa münasibətləri şəraitində diasporumuzun fəaliyyət prinsipləri necə olmalıdır? Bu olduqca aktual sualdır və diasporumuzun fəaliyyət istiqamətlərinin təhlilinə yeni yol açır.
Ekspertlər bildirir ki, Azərbaycan dövlət müstəqiliyini bərpa etdikdən sonra diasporumuzun təşkilatlanması və vahid ideya ətrafında birləşməsi istiqamətində davamlı addımlar atılıb. Ekspertlərə görə, bunun nəticəsidir ki, diasporumuz Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırılmasında yaxından iştirak edib, milli maraqların qorunması işində səmərəli fəaliyyət ortaya qoyub. Məlumdur ki, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi, onların işinin koordinasiya olunması və ümumən diaspor işinin təşkili də dövlət siyasətinin tərkib hissəsidir və bu istiqamətdə bütün işlər xüsusi fəaliyyət planlarına və proqramlara əsaslanır. Bu gün istər xarici ölkələrdə yaşayan, istərsə də Azərbaycandakı soydaşlarımızın qarşısında dəqiq müəyyən edilmiş vəzifələr var. Bunlar fonunda təsir strategiyası kimi lobbiçiliyə də daim xüsusi diqqət olunur.
Bildiyimiz kimi, torpaqlarımız işğal altında olduğu dövrdə diasporumuz xarici ölkələrdə çox böyük təbliğat işi həyata keçirdi, tədbirlər hazırladı, bütün istiqamətdə dövlətimizin maraqlarını yaxından müdafiə etdi, haqq işimizin yayılmasında əhəmiyyətli rol oynadı. 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra diasporumuz qarşısına yeni məqsədlər, yeni hədəflər qoydu. 44 günlük Vətən müharibəsi və 23 saatlıq lokal antiterror tədbirləri nəticəsində Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etdi, öz torpaqları üzərində suverenliyini bərpa edib bunu dünyaya bəyan etdi. Təbii, bundan sonra xaricdəki ermənipərəst dövlətlər və təşkilatlar ölkəmizə qarşı əsassız kampaniyaları davam etdirdilər. Diasporumuz yenə də beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyini dəstəklədi və bizi istəməyən qüvvələrə qarşı mövqe ortaya qoydu.
İndi isə dediyimiz kimi yeni geosiyasi reallıqlar formalaşıb və diasporumuzun fəalaiyyət istiqamətləri yeni düzənə uyğun olmalıdır. Yenidən təşkilatlanmalıdır. Müasir geosiyasi çağırışlar Azərbaycan diasporunu yeni təşkilatlanma mərhələsinə çıxarıb və diasporumuz öz fəaliyyətini buna uyğun qurmalıdır. Həmişəki kimi, Azərbaycanın mövqeyindən çıxış etməli və yeni şəraitdə üzərinə düşən vəzifəni icra etməlidir.
“Belə bir vəziyyətdə Azərbaycan diasporunun üzərinə də çox böyük vəzifələr düşür”
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün dünya siyasətində vəziyyət çox mürəkkəbdir. “Əvvəl aydın idi ki, dünya iki qütblü idi. Əsasən də Qərb ölkələri monolit birlik kimi Rusiyaya qarşı dayanmışdılar. Trampın hakimiyyətindən sonra vəziyyət dəyişib. Bu barədə çox yazılır. Mütərəqqi bəşəriyyətin də etiraz etdiyi müharibələr, münaqişələr davam edir, xüsusilə də Rusiya-Ukrayna müharibəsi hələ də bitməyib. Belə bir vəziyyətdə Azərbaycan diasporunun üzərinə də çox böyük vəzifələr düşür. Birincisi, Azərbaycan diasporu dövlət maraqlarımızdan çıxış etməlidir. Hər yerdə müharibə əleyhinə təbliğat aparmalıdır. Çünki Rusdiyadakı diaspor heç yerdə deyə bilməz ki, bu müharibənin günahkarı Putindir, impersiyanı bərpa etmək istəyən qüvvələrdir. Amma sadəcə olaraq, hər iki tərəfdən insanlar öldüyünə, qurbanlar verildiyinə görə müharibənin tezliklə başa çatması uğurunda mübarizə aparmalıdırlar və bildirməlidirlər ki, Azərbaycan cəmiyyəti də müharibələrin bitməsinin tərəfindədir. Amma Ukraynadakı diasporun vəziyyəti daha mürəkkəbdir, çünki orda bütün Qərb ölkələrinin, mütərəqqi bəşəriyyətin müdafiə etdiyi xətt var. Yəni Ukraynanı haqlı tərəf sayırlar, çünki işğalçı tərəf Rusiyadır. Bu aksiomadır. Sosial şəbəkələrdə Putinin əvvəlki çıxışlarına baxanda görürsən, özü etiraf edir ki, “Krımın işğalı mümkün deyil, çünki bu, XXI əsrdə yolverilməz sayılır, hansısa bir dövlətin ərazi bütövlüyünün pozulmasıdır, onda bizə qarşı da bu cür iddialar irəli sürülə bilər”. Çox ağıllı çıxışları olub, amma sonradan tamamilə bunun əksinə hərəkət edib. Ona görə də, Ukraynadakı diasporumuz Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin müdafiə etdiyi Ukraynanın haqq işini müdafiə etməlidir və tezliklə müharibənin sona çatmasına çalışmalıdır”.
“Azərbaycanın dövlət maraqları yeni mərhələdə də diasporumuzun fəaliyyətinin əsasını təşkil etməlidir”
M.Zülfüqarlının sözlərinə görə, diasporumuz Azərbaycan dövlətinin maraqlarını rəhbər tutaraq fəaliyyətini yeni şəraitə uyğun qurmalıdır: “Hazırda diasporumuz yenidən təşkilatlanmaq istiqamətində addımlar atmalıdır və onun fəaliyyəti yeni düzənə uyğun olmalıdır. Təbii ki, Azərbaycanın dövlət maraqları yeni mərhələdə də diasporumuzun fəaliyyətinin əsasını təşkil etməlidir. Hər zamankı kimi yeni mərhələdə də diasporumuz bu yolla irəliləyəcək”.
M.Zülfüqarlı bildirdi ki, Avropa Birliyi və ABŞ münasibətlərinə gəlincə, bu Qərb ölkələrinin daxili prosesidir. Bununla belə, professor Zülfüqarlının fikrincə, Trampın hazırda irəli sürdüyü siyasət heç də uzun çəkməyəcək, çünki Amerika avtoritar rejim deyil ki, bir nəfərin siyasəti ilə hərəkət etsin, bu ölkədə Konqres, senat var, güclü müxalif partiyalar mövcuddur. “Ona görə də fikrimcə, Amerika öz dövlət maraqlarından çıxış edərək Rusiyanın haqsız mövqeyini aradan qaldırılması, müharibəyə son qoyulması və ədalətli sülhün bərqərar olunması, Ukraynanın ərazi bütövlüyünün bərpa olunması məsələsini müdafiə edəcək. Diasporumuz da beynəlxalq qanunlara söykənərək məhz bunu irəli sürməlidir ki, hər bir dövlətin ərazi bütövlüyü, müstəqilliyi qorunmalıdır, Azərbaycan da məhz bu mövqedən çıxış edir. 44 günlük müharibədə də biz beynəlxalq hüquqa söykənərək öz ərazi bütövlüyümüzü bəra etmişik. Bu nümunəni biz dünyaya göstərmişik və bu cür də hərəkət etməliyik” - deyə M.Zülfüqarlı bildirdi.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2025.- 26
fevral (№35).- S.8.