“Yırtıcı” ləqəbli qəhrəman

 

 

İnsanın körpəlikdən üstündə diqqət cəlb edən bir missiya olur; həmin an azacıq nəzərlə o missiyanın nədən ibarət olduğunu bəlli etmək mümkündür...

 

Bəlli ki, Babək Namazov da uşaq çağlarında gələcəyin qəhrəman oğlu olacağını hansısa bir hərəkəti ilə büruzə vermişdi. Bəlkə də o vaxt bunun fərqinə varan olub. Bəlkə də “ötəri hisdir”, - deyib ehtiyatsız yanaşıblar. Bütün hallarda, Babək sabahın cəsur Vətən oğlu olacağını özündə ehtiva edib...

 

Əlbəttə, biz çox vaxt aramızda böyüyən, bizimlə bir yerdə oynayan, deyib-gülən bir insanın qeyri-adiliyini sadə bir ehtimal kimi yozuruq, ancaq təqdir edə bilmirik ki, bu insanı bizdən fərqli edən nədir. Bunu da zaman ötdükcə sezirik. Yəni nə vaxtsa adi bir insan hesab etdiyimiz şəxs məqam yetişəndə şirə, pələngə dönür, qarşısında bir el-elat dayana bilmir. Sonra da deyirik ki, bu şəxs əsl pəhləvandır...

 

Sözsüz ki, Babək Namazov da cəsarəti, hünəri ilə qibtə hissi doğuran şəxsdir. Onun Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi təlimlərdə göstərdiyi əzmin, fədakarlığın bir adı var idi - Vətən sevgisi...

 

Təlimlər zamanı Babəklə bir yerdə olanlar danışırlar ki, heç bir çətinlik onu qorxutmurdu. Hətta qaydalardan kənar “tədbirlər” belə onun inadını qıra bilmirdi. O, qarşıya qoyulan tapşırıqları ac-susuz qalmasına baxmayaraq, qüsursuz yerinə yetirir, komandanlıqda heyrət yaradırdı. Əslində, “Yırtıcı” ləqəbini Babək məhz XTQ-nin təlimlərində qazanmışdı. Onun həyatla, çətinliklərlə apardığı mübarizə sözlə təsvir olunmayacaq qədər təsirlidir...

 

Babək Namazov Vətən müharibəsində də yırtıcı baxışları ilə düşmənə qan uddurdu. Onun istənilən həmləsi hədəfi düz tuturdu. O, döyüşdən-döyüşə qəhrəmanlıqlarının sayını artırır, hər kəsdə özünə diqqət oyadırdı. Cəbrayıl uğrunda döyüşlərdə o, bir hünər salnaməsi yaratmış, bir qəhrəmanlıq dastanı yazmışdı. Şəhid olduğu gün o dastanın Baş Obrazına çevrildi, o salnamənin əsas obyekti oldu...

 

Vətən müharibəsi zamanın diqtəsi idi; torpağı işğal altında olan bir xalqın çağırışı idi. Babək kimi oğullar bu çağırışa könüllü səs verib Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etdilər. Vətən onların haqqını əziz tutur...

 

Babək Namazov da bir fədaidir - Vətən fədaisi. Onun üçün namus, qeyrət, ana-bacı iffəti... hər şeydən, hətta canından belə üstün idi. Bu səbəbdən, o, müharibənin ilk anlarından böyük həvəs və coşqu ilə döyüşlərə qatıldı, düşmənə aid olduğu yeri göstərdi...

 

Babək şir biləkli oğul idi; daşı sıxsaydı, suyunu çıxarardı. Əgər bir qaya yıxılsaydı, çiyinlərini ona dayaq etmək gücü vardı. Bir el-elat nəhəng bir dalğanın əhatəsində çabalasaydı, Babək həmin dalğanı ram edərdi. Allah ona təmiz ürək, saf qəlb və həm də dağları titrətmək fəhmi olan güc vermişdi. Vətən də məhz onunonun kimi oğulların gücünə arxalanmışdı 44 günlük müharibədə. Məhz Babək kimi oğullar Vətən müharibəsində ölüm-dirim savaşından mərd-mərdanə çıxaraq 30 illik həsrətə son qoydular...

 

Babək kimi oğullar şəhid olsalar da, əbədi həyat qazandılar. Nə qədər həyat var, nəsillər onların məzarlarını ziyarət edəcək, onları əbədi and yerinə çevirəcəklər.

 

Babək Namazov şəhidlik şərbətini cənnət müjdəsi kimi qəbul edirdi. Vətən haqqında düşünəndə də daim bu hislərlə dolub-daşırdı. Elə şəhid olduğu gün də şəhadət gətirmişdi...

 

Bu şəhadət onu əbədiyyətin Simurq quşuna çevirdi...

 

Vətənin cəsur oğlu Babək Səhman oğlu Namazov torpaqlarımız uğrunda şəhid olarkən dodaqlarda bir kəlmə söz fantan vurdu: Sən həmişə bizimləsən, “Yırtıcı” ləqəbli qəhrəman!

 

Sən həmişə bizim and yerimiz olacaqsan, Vətənin cəsur oğlu! Sənin həyat mübarizən, döyüşlərdə göstərdiyin hünər nəsillərin yaddaşında əsl qəhrəmanlıq salnaməsi kimi qalacaq.

 

Allah sənə rəhmət eləsin!

 

Babək, əbədiyyətin fövqündə parıltı verən Günəşdir

 

Vətən müharibəsində xalqımızın qəhrəman oğullarıının bir qismi şəhid oldu – ucalıqda mübarək qapılar açdılar. Babək Namazov da o əlçatmaz oğullardan biridir. O da əbədiyyətin fövqündə parıltı verən Günəşə çevrildi. İndi biz onun Vətən sevgisində həmin hərarəti aşkar sezirik... İndi Babək Namazovun adı harada çəkilirsə, orada bir qəhrəmanlıq şəfəq saçır...

 

Əlbəttə, taleyi bəzən insan özü, bəzən də həyat müəyyən edir. İşğal altında 30 ilə qədər ağı deyən torpaqlarımızın ahı-naləsi Babək kimi oğulların ürəyinin təpərini artıranda, onlar da öz qarşılarında, xalqımıza meydan oxuyan düşmənin taleyini həll etmək kimi bir missiya qoydular. Qorxmadan, çəkinmədən hər il ard-arda daddığımız torpaq həsrətinə son qoymaq məqsədi ilə müharibəyə getdilər, ölümün gözlərinə dik baxa-baxa düşməni rəzil günə qoydular, Vətən naminə şəhadətə ucaldılar.

 

***

 

Babək Namazov hələ yeniyetmə ikən özlərini havadarlarının ayaqaltısı hesab edən ermənilərə sadəcə, acıyır, insanlığın nə olduğunu bilməyən bu azğınlara faşist düşüncəli, terrorçu məqsədli ünsürlər kimi baxırdı. Aprel döyüşləri, illər sonra da Tovuz hadisələri baş verəndə anlayırdı ki, bu qəddar sürü növbəti çirkin məqsədlərini həyata keçirəcək, yeni torpaq iddiaları ilə çıxış edəcəklər.

 

Babək Namazov son dərəcə həssas insan idi; ermənilərin həyata keçirdikləri vəhşilikləri içinə vururdu. Əlbəttə ki, onun təmiz, pak ürəyi buna dözməzdi. Vətən müharibəsi başlayan kimi silaha birinci sarılanlardan oldu, torpaqlarımızın geri alınması uğrunda üzərinə düşən işi gördü... Bax, həmin gün də valideynlərinin narahat ruhları qubar bağladı... Səhər açıldı, dua etdilər, axşam düşdü, əllərini Allahdan çəkmədilər. Bacardıqları qədər Babək üçün dua etdilər. Ancaq Allahın da öz istəyi var. O, Babək Namazovun şəhid olmasına rəvac verdi...

 

Əgər buna zəmin yaratdısa, deməli, Allah Babəkin çox uca qatda qərar tutmasını məqbul sanıbmış...

 

Əgər Babək Namazov kimi oğullar Allahın seçdikləridirsə, deməli, onlardan ötrü ağlamaq günahdır. Çünki əlçatmazlığa gedənlərlə sadəcə, qürur duymalıyıq...

 

Çünki onlaro vətənpərvər oğullar dünyaya çox az hallarda gəlirlər...

 

Bəzən sual verirlər: Allahın seçdikləri, dəyər verdikləri – işıqlı tale yiyələri nə üçün çox az yaşayırlar? Bu, bizim təfəkkürümüzə sığan məcra deyil. Bunu yalnız Allah bilir.

 

Allahdan Babək Namazova, onun timsalında bütün şəhid oğullarımıza rəhmət diləyir, doğmalarına daim onlarla qürur duymaq istəyimizi çatdırırıq. Çünki qəhrəman oğullar Vətənin sığındığı yıxılmaz ucalıqlardır.

 

Elə Babək Namazov da bir əbədiyyət Günəşi idi, indi harada adı çəkilirsa, orada Vətən torpaqları dərhal şəfəq saçır...

 

***

 

Birmənalı etiraf edilir ki, qəhrəmanlıq kökdən-ulusdan, dədə-babadan, bir sözlə, qandan gəlir. Qəhrəman oğulların uğrunda şəhid olduqları torpaq məhz bu nümunəni daim hifz edir, gələcək nəsillərə çatdırır.

 

Şəhidlik Allahın, seçdiklərinə bir lütfüdür. Dini məzəxlərdə də bu barədə geniş anlamlı fikirlər var. Məsələn, Davud peyğəmbər (rəsulullah) deyib: “Kim ailəsini və torpağını müdafiə etdiyi zaman öldürülərsə, o, şəhiddir”.

 

Bəli, şəhid Vətən uğrunda təmənnasız can fəda edən qəhrəmandır. Şəhidlik isə yüksək mərtəbədir - hər bir Vətən sevdalı insanın öz ölümü ilə ibadətidir. O kəs ki, mənasını çox dürüst bildiyi bir amal uğrunda cihad edir, bu, mənəvi ibadət sayılır və öldüyü an şəhidlik zirvəsinə yüksəlir.

 

Şəhidlər Vətən-torpaq səcdəgahıdır; Vətən qoynunda əbədi uyumaq xoşbəxtliyi, həqiqi-qorxmaz torpaq sevgisi hər kəsə nəsib olmur. Çünki şəhidliyə gedən yol sabaha qürurla açılan tarix-şərəf qapısıdır.

 

Bu mənada, Babək Namazov kimi hər igid oğul üçün müqəddəs bir ünvan var - Vətən!

 

Şəhidlər məhz buna görə bəzən gerçək Vətən hesab olunurlar.

 

Qarabağın azadlığı uğrunda əsl şücaət, əsl hünər göstərən Babək Namazov bu gün bir and yeridir – nəsillərin daim ziyarət edəcəyi bir and yeri. Onun Vətən uğrunda şəhid olmaq şücaəti bir qəhrəmanlıq salnaməsidir, tarixdə əbədilik haqqı tapan bir nailiyyətdir. Bu şərəfli missiya əsrlərlə nəsillərin yaddaşında dərin izlər buraxıb. Bəli, nə qədər ki, mübarizə var, qəhrəmanlıq da bir Vətən sevdası kimi özünü göstərəcək...

 

qədər ki, torpaq var, Babək kimi oğullar da var olacaq...

 

***

 

Vətən sevgisini bütün sevgilərdən yüksəkdə tutan Babək Namazovun cəsur döyüşçü salnaməsi nəsillərin yaddaşında silinməz izlər buraxıb bu, həmişə belə olacaq. Bunu döyüşçü dostlarının onun haqqındakı tük ürpədən fikirləri sübut edir: “Babək sözündən, andından, əqidəsindən dönməyən cəsur, qorxmaz hərbçi idi. Vətəni canından əziz tuturdu. Qorxunun olduğunu bilmirdi. Həmişə ön xəttə, ən qaynar nöqtələrdə olardı. Komandirlər ona çox etibar edir, inanır güvənirdilər. Biz onun vətənpərvərliyinə, döyüş bacarığına, cəsarətinə, əsl qəhrəmanlığına güvənib döyüşlərə atılırdıq...”.

 

Əlbəttə, belə bir qəhrəman oğlu olan Vətən heç vaxt basılmaz!

 

(Ardı var)

 

Hikmət Məlikzadə

Bakı Xəbər .-  2025.- 28 fevral (№ 37).- S.12.