Hər şey təsdiqləndi
- Azərbaycan diasporuna
qarşı bütün
ssenarilər Kremldə
qurulurmuş...
Müasir dövrdə
qloballaşmanın sürətlənməsi
xalqlar arasında inteqrasiyanı dərinləşdirdiyi
kimi, diaspor və lobbi təşkilatlarının
da əhəmiyyətini
artırıb. Bu gün bir dövlətin
gücü təkcə
onun iqtisadi və hərbi potensialı ilə deyil, həm də xaricdə formalaşdırdığı güclü diaspor şəbəkəsi və
həmin diasporun lobbiçilik fəaliyyətləri
ilə ölçülür.
Eyni zamanda,
millətin bir amal ətrafında birləşməsi həmin
dövlətin dayanıqlığını
təmin edən əsas amillərdən biridir.
Rusiyada 30 ildə
Azərbaycan diasporunun
sanballı şəkildə
formalaşmasına mane
olunub
Məlum olduğu
kimi, son vaxtlar Rusiyada azərbaycanlılara qarşı
şovinist əhval-ruhiyyə
güclənir, onlar sıxışdırılır, polis zorakılığına
məruz qalır və digər xoşagəlməz hallarla
üzləşirlər. İyunun
27-də Rusiya FTX-si Yekaterinburq şəhərində
azərbaycanlıların yaşadığı
evlərə basqın
edib. Bunun nəticəsində həmvətənlərimizin
həlak olması və bəzilərinin ağır bədən xəsarətləri almasından
sonra bəlli olur ki, Rusiyada
ötən 30 ildə
Azərbaycan diasporunun
sanballı şəkildə
formalaşmasına mane
olan yaxşı idarəçiliyin olmaması
olmayıb. Buna səbəb heç də o deyilmiş ki, guya Azərbaycandan
oralar yaxşı idarə edilmir. Guya orada diasporun
arasında birlik yoxdur və s. Bunun əsl səbəbi o imiş ki, məhz Rusiyada
ksenofobiya, özgə
millətlərdən olanlara
qarşı dözümsüzlük
Azərbaycan diasporunun
normal şəkildə
formalaşmasına imkan
verməyib. Bu, Rusiya hökumətinin başqa millətlərdən
olan insanlara qarşı dözümsüz
siyasətinin nəticəsi
olub. Bu səbəbdən Rusiyada disporumuzun inkişafı əngəllənib. İllər
əvvəl, yəni
2017-ci ildə böyük
diaspor təşkilatı
olan Ümumrusiya Azərbaycanlılar Konqresinin
qeydiyyatı Rusiya Ədliyyə Nazirliyi tərəfindən ləğv
edildi. Halbuki, UAK
2001-ci ildə yaradılmışdı.
Bu, Moskvanın mənfur siyasətinin ifadəsi olub. Çünki istəmirdi ki, azərbaycanlıların
güclü diaspor təşkilatı olsun.
Azərbaycanlı iş adamlarının sıxışdırılması sistematik xarakter daşıyır
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh
edən yazıçı-publisist,
Beynəlxalq “Alaş”
Ədəbiyyat mükafatı
laureatı Əkbər
Qoşalı hesab edir ki, 2024-cü ilin yayından bəri Rusiyada türksoylu və müsəlman xalqlara, özəlliklə azərbaycanlılara
qarşı sistemli şəkildə güclənən
şovinist basqıların
artıq təsadüfi
epizodlar olmadığı
bütün çılpaqlığıyla
aydındır: “Belə
basqılar Rusiya dövlət siyasətinin
sabit bir alətinə çevrilməkdədir.
İyunun 27-də Yekaterinburq
şəhərində Rusiya
Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi amansız basqın nəticəsində azərbaycanlı
ailələrin üzvlərinin
həyatını itirməsi
və digərlərinin
ağır xəsarətlər
alması bu prosesin yeni bir
mərhələyə keçdiyini
göstərdi. Sual yaranır: niyə Azərbaycan diasporu 30 il içində bu qədər əhali potensialına, iqtisadi gücə, nüfuz dairəsinə baxmayaraq, Rusiyada sanballı, təşkilatlanmış
güc kimi formalaşa bilmədi? Cavab çoxları üçün yeni səslənsə də, acı həqiqəti ifadə edir: məsələ bizim diaspor idarəçiliyimizin
zəifliyində yox –
Rusiyada başqa millətlərə qarşı
dövlət səviyyəsində
aparılan sistemli dözümsüzlük, diskriminasiya
və assimilyasiya siyasətinə bağlıdır.
Azərbaycan diasporunun
inkişafına bu qədər təzyiqin, təftişin, dağılmanın
arxasında yalnız iç səbəblər
axtarmaq – təbliğ
olunan “öz aralarında bir ola bilmədilər” nağılı – sadəlövhlük
və yaxud da bilərəkdən məsələni kökündən
yayındırmaq cəhdidir.
Rusiya imperiyasının
tarixi boyunca azərbaycanlılara münasibət
nəinki bərabərsizliklə,
əksinə, “potensial
təhlükə” yanaşması
ilə yadda qalıb. Sovet dövründə bu təhlükə “pantürkizm”
və “panislamizm” ittihamları ilə siyasi repressiyalara səbəb olurdu. Müstəqillik dövründə
isə Azərbaycan diasporu çox vaxt nəzarətə alınmalı etnik kütlə, təqib ediləcək iqtisadi “rəqib”, ideoloji “təhdid” kimi qiymətləndirildi. Bu siyasətin təzahürləri
olaraq, Ümumrusiya Azərbaycanlıları Konqresinin
qeyri-qanuni şəkildə
ləğvi, müxtəlif
ictimai birliklərin fəaliyyətinə süni
maneələr yaradılması,
azərbaycanlı iş
adamlarının vergi
və hüquq-mühafizə
orqanları tərəfindən
sıxışdırılması sistematik xarakter daşıyır”.
Ə.Qoşalının fikrincə, iyunun 27-də baş verən hadisə sadəcə hüquqi və ya kriminal hadisə
deyil: “Bu, dövlətin milli azlıqlara qarşı apardığı repressiv
siyasətin açıq-aşkar
izharıdır. Ailələrin
yaşadığı ünvanlara
hərbi əməliyyat
formasında hücumun
həyata keçirilməsi,
faktiki olaraq azərbaycanlıların yaşadığı
məhəllənin cəza
müstəvisinə çevrilməsi
onu göstərir ki, Rusiya hüquq
sistemi üçün
milli mənsubiyyət
hədəf seçimi
üçün başlıca
meyardır. Əgər
bir cəmiyyətin hüquq-mühafizə orqanları
milliyyətə görə
fərqləndirici yanaşma
sərgiləyirsə, bu
artıq hüquqi dövlətin böhranı
deyil, faşist düşüncənin hökmranlığıdır.
Rusiya uzun müddətdir ki, azərbaycanlı diasporunun
sanballı formalaşmasına,
öz ictimai institutlarını yaratmasına,
öz intellektual elitasını meydana çıxarmasına imkan
vermədi. Çünki
güclü diaspor – güclü milli şüur deməkdir. Güclü milli şüur isə rus imperiyası üçün təhlükə
hesab olunur. Hələ illər öncə, Ümumrusiya Azərbaycanlıları Konqresinin
ləğvi, onun liderlərinin sistematik təqibə məruz qalması göstərdi ki, Rusiya üçün
azərbaycanlıların təşkilatlanması,
öz kimliyini qoruyaraq hüquqi və ictimai arenada mövqe nümayiş etdirməsi qəbuledilməzdir. Əslində,
bu münasibət yalnız Azərbaycan diasporuna deyil, ümumilikdə bütün
türksoylu və müsəlman xalqlara qarşı yönəlmiş
imperiya strategiyasının
bir hissəsidir. Bu strategiyanın əsas məqsədi – xalqı fərdiləşdirmək,
“atomlaşdırmaq” - xırdalamaq,
öz kimliyindən və milli kollektiv
şüurundan uzaqlaşdırmaqdır.
Rusiya ərazisində
yaşayan soydaşlarımız
Azərbaycan dövlətinin
onların hüquqlarını
müdafiə etməsinə
və siyasi iradə ortaya qoymasına ehtiyac duyur. Məsələyə
“Rusiyanın daxili işi” prizmasından yanaşmaq – strateji yanlışlığın təzahürü
olardı. Dövlət,
beynəlxalq təşkilatlarda,
ikitərəfli münasibətlərdə
bu mövzunu açıq müzakirəyə
çıxarmaqda, Rusiya
Federasiyasından izahat
tələb etməkdə
haqlıdır. Eyni zamanda, Azərbaycanın ictimai qurumları, media məkanı və aydınlar təbəqəsi Rusiyada baş verən bu olaylara biganə
qalmamalıdır. “Azərbaycanlılar
orada bu halı çox da qabartmasınlar, başlarına iş açarlar” məntiqi ilə hərəkət etmək – diasporu daha da qorxaq
və kimliksiz hala salardı.
Rusiya artıq multikultural ölkə deyil. Ən azı, praktiki gerçəkliklər
bunu göstərir. Bu
ölkədə milli azlıqların
hüquqları getdikcə
məhdudlaşdırılır, rus olmayanlara qarşı qərəzli
münasibət güclənir.
Belə bir mühitdə Azərbaycan
diasporunun formalaşması,
bir güc kimi özünü ifadə etməsi sadəcə “özlərinin
bir ola bilməməsi”
ilə izah edilə bilməz. Əsas problem – imperiya düşüncəsinin özüdür.
Yekaterinburqda baş verən faciə təkcə insan itkisi deyil, həm
də milli heysiyyətin,
ictimai təəssübün
sınma nöqtəsidir.
Bu sarsıntıdan dərs
çıxarmaq, yeni və
ayıq strateji baxış ortaya qoymaq Azərbaycanın həm diaspor siyasəti, həm də beynəlxalq münasibətlər strategiyası
baxımından zəruridir.
Çünki bu gün Yekaterinburqda sıxılan boğaz, sabah başqa coğrafiyada susdurulacaq səs ola bilər”.
Vidadi
ORDAHALLI
Bakı
Xəbər .- 2025.- 2 iyul (¹111).- S.8.