Gürcüstanda
Azərbaycan dilli mətbuatın böyük tarixi var…
Razim Məmmədov: “…Azərbaycan dilli mətbuatın
yaranması artıq qaçılmaz idi”
150 illik Azərbaycan mətbuatının bir qanadında da Gürcüstandakı Azərbaycan dilli mətbuat dayanır. Borçalı ziyalılarının ərsəyə gətirdiyi mətbuat orqanları soydaşlarımızın həyatında mühüm rol oynayıb, dilimizi, mədəniyyətimizi, ictimai fikrimizi, düşüncəmizi, tariximizi canlandırıb, təbliğ edib.
Gürcüstanın özünün media həyatında, ictimai mühitində Azərbaycan dilli mətbuatın yeri ayrıcadır.
Müsahibimiz, filologiya üzrə fəlsəfə doktoru, dosent, ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü Razim Məmmədovla bu mövzuda danışdıq. Onu da deyək ki, R.Məmmədov Gürcüstanın Azərbaycan dilli mətbuatının tarixinin yorulmaz araşdırmaçısıdır.
“Gürcüstanda Azərbaycan dilli mətbuatın sayı bu ölkə öz müstəqilliyini elan etdikdən sonra daha da artdı”
- Gürcüstanda Azərbaycan dilli mətbuat orqanlarının tarixi nə vaxtdan başlayır?
- Məlumdur ki, Güney Qafqaz çar Rusiyası tərəfindən işğal olunduqdan sonra yerli əhalinin həyat tərzində müəyyən dəyişikliklər baş verdi, bəzi sahələrin inkişaf etdirilməsi üçün zəruri işlər görüldü. Qafqazda Azərbaycan xalqının özünəməxsus şərəfli tarixi, qiymətli maddi və mənəvi mədəniyyət abidələri ilə mühüm yerlərdən birini tutur. XIX əsrin birinci yarısında Güney Qafqazın mədəniyyət mərkəzi hesab olunan Tiflis şəhərində rus və gürcü dillərində bir sıra qəzetlər nəşr olunurdu. Qafqazda Azərbaycan dilli mətbuatın yaranması məsələsi isə xeyli gecikmişdi. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur. 1928-ci ildə Tiflis şəhərində “Tiflisskiye vedomosti” qəzeti rus dilində nəşrə başladı. Həmin qəzet 1829-cu ildə gürcü, 1830-cu ildə fars (cəmi 1 nömrəsi çıxmışdı), 1832-ci ilin əvvəlində isə Azərbaycan dilində buraxıldı. “Tiflis əxbarı” adı ilə Azərbaycan dilində buraxılan bu qəzet - vərəqənin ömrü uzun olmadı, onun son nömrəsi 1833-cü ilin əvvəllərində çap olundu.
1845-ci ildə isə Tiflisdə “Zakavkazskiy vestnik” qəzetinin əlavəsi kimi Azərbaycan dilində “Qafqazın bu tərəfinin xəbərləri” adlı qəzet-vərəqə buraxılıb. Bu qəzet 1846-cı ildə bağlandı.
- Bəs orda Azərbaycan müəlliflərinin imzaları necə görsənirdi?
- İstər “Tiflis əxbarı”, istərsə də “Qafqazın bu tərəfinin xəbərləri” qəzetlərinin əsas vəzifəsi rəsmi dövlət məlumatlarını, qərar qanunlarını Azərbaycan dilində yaymaqdan ibarət olsa da, Tiflisdə yaşayan Azərbaycan ziyalılarının xırda yazıları da çap olunurdu. Məsələn, ikinci qəzetdə A.Bakıxanovun nəsihətlərindən nümunələr işıq üzü görmüşdür.
Lakin etiraf etmək lazımdır ki, bu qəzetlərlə Azərbaycan mətbuatı yaranmadı, ancaq olsa-olsa, tədqiqatçıların da qeyd etdiyi kimi, onlar yalnız və yalnız yaranmaqda olan Azərbaycan milli mətbuatının rüşeymi oldular. Bəllidir ki, Azərbaycan mətbuatının yaranması tarixi 1875-ci ilin iyun ayının 22-də nəşrə başlayan “Əkinçi” qəzeti ilə bağlıdır.
Onu da vurğulamaq yerinə düşər ki, 1877-ci ildə “Əkinçi” qəzetinin nəşri dayandırıldıqdan sonra yenə də Tiflis şəhərində Azərbaycan dilində “Ziya” (1879), “Ziyayi-Qafqaziyyə” (1880), “Kəşkül” (1883) kimi mətbuat orqanları nəşr olunmuşdur. XX əsrin əvvəllərində isə Tiflisdə “Şərqi-Rus” (1903), “Molla Nəsirəddin” (1906) kimi məşhur mətbuat orqanları fəaliyyətə başladı.
- Bu
hansı amillərin, hansı proseslərin təsiri ilə
baş verdi?
- Söylənilənlərdən
çıxış edərək bildirmək istəyirəm
ki, XIX əsrin istər birinci, istərsə də ikinci
yarısında Tiflisdə, eləcə də
Gürcüstanın azərbaycanlılar yaşayan bəzi
bölgələrindən çıxan ziyalı həmvətənlərimizə
çar imperiyası nə qədər qeyri-obyektiv münasibət
bəsləsə də, imperiya daxilində onlara həqarətlə
baxsalar da, soydaşlarımız sübut etdilər ki,
onları savadsızlıqda, avamlıqda suçlamaq əsassızdır.
Çünki burada yaşayan azərbaycanlılar
ana dilində qəzet nəşr etdirə bilməsələr
də, Tiflisdə çap olunan rusdilli mətbuatda müntəzəm
çıxış edir, müxtəlif mövzularda
yazıları bu qəzetlərdə işıq üzü
görürdü. Bu mənada Ömər Faiq Nemanzadə,
Mirzə Şərif Mirzəyev, Hüseyn Minasazov, Məhəmməd
Şahtaxtlı və başqalarının yazıları
“Qafqaz”, “Zakavkazskiy vestnik”, “Novoye obozrenie”, “Zakavkaziya” və s.
mətbuat orqanlarında işıq üzü
görürdü. Hadisələrin
gedişatı göstərirdi ki, imperiya nə qədər məhdudiyyət
qoysa da Azərbaycan dilli mətbuatın yaranması artıq
qaçılmazdır. Çünki XX əsrin
əvvəllərində Tiflisdə yaşayan azərbaycanlı
ziyalıların sayı xeyli artmışdı və onlar
milli mətbuatın yaranmasını israrla tələb edirdilər.
- Bu mətbuat
orqanlarının sayı, fəaliyyəti haqda nə demək
olar?
- Gürcüstanda Azərbaycan dilli mətbuatın
sayı bu ölkə öz müstəqilliyini elan etdikdən
sonra daha da artdı. Onu da xatırladım ki, təkcə
1918-1921-ci illərdə Tiflisdə Azərbaycan dilində bir
sıra qəzet və jurnallar işıq üzü
gördü. Onlardan “Gələcək” (1918), “Albayraq”
(1918), “Vətən” (1920), “Yeni dünya” (1918), “Gənclər
yurdu” (1919), “Tartan - partan” (1919) və başqa qəzet və
jurnallar Azərbaycan xalqının milli azadlıq hərəkatını
müdafiə etmiş, demokratik Azərbaycan
Respublikasının yaranmasını alqışlamış,
ideya istiqamətlərini bu respublikanın mənafeyini
qorumağa yönəltmişlər.
- O nəşrlərdən
nümunələr necə, qorunub saxlanılıb?
- Təəssüflə
qeyd etməliyəm ki, adlarını çəkdiyimiz mətbuat
orqanlarının nüsxələrinin əksəriyyəti
sonradan itib-batmış və ya qəsdən məhv
edilmiş, qalanlar isə lazımınca qorunub
saxlanmamışdı.
Yeri düşmüşkən onu da xatırladaq ki,
Acarıstanda da 1920-ci ilə qədər Azərbaycan dilində
bir neçə qəzet işıq üzü görüb. Burada nəşr
olunan qəzetlərdən “Sədai millət”, “İslam
Gürcüstanı” yarı Azərbaycan, yarı gürcü
dilində nəşr olundu. Adlarını
çəkdiyimiz qəzetlərdən birincisi Acarıstan Milli
Şurasının orqanı olub, ikincisi isə Abaşidzelərin
(xüsusilə Məmməd bəy Abaşidzenin, onun türk
təxəllüsü Sancaqbəyzadə olmuşdur) vəsaiti
ilə çıxıb.
- Sovet illərində
də xeyli qəzetin nəşr edildiyi məlumdur…
- Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Tiflisdə
əvvəlcə “Kommunist” (1921), sonra isə “Yeni fikir” (1922) nəşrə
başladı.
Bu qəzetlərin ilk redaktorları Məmmədəli
Nasir, Həsən Səbri, Hüseyn Səmih, Ə.Muvandi və
b. olub.
N.Nərimanovun 1922-ci ildə Tiflisdə olması “Yeni
fikir” qəzetinin nəşrini sürətləndirir. Onun məsləhəti
ilə Tiflisdə yaşayan azərbaycanlı ziyalılardan
Ələkbər Qərib, Əziz Şərif, Əli
Yazıdçı, Rzaqulu Nəcəfov, Ömər Faiq qəzetin
nəşrinə cəlb olunurlar. N.Nərimanov
qəzet üçün şrift və dəzgahların gətirilməsinə
yardım edir. Qəzet 1922-ci ildən
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi və Xalq
Komissarları Şurasının orqanı olaraq gündəlik
nəşr olunur. 1926-ci ilin yanvarın
26-da “Yeni fikir” qəzetinin 1000 -ci nömrəsi işıq
üzü görmüşdür.
“Yeni
fikir” qəzeti 1927-ci il may ayının
31-də nəşrini dayandırmış, bundan bir ay sonra
1927 -ci il iyun ayının 30-da Tiflisdə “Yeni kənd” adı
ilə nəşrini davam etdirmişdi. Qəzet
1939-cu ildə “Sovet Gürcüstanı” adı ilə
çap olunmuş, keçən əsrin 90-cı illərinin
əvvəllərindən isə “Gürcüstan”adı ilə
indi də çap olunmaqdadır.
-
Bildiyimiz qədər, Gürcüstanda Azərbaycan dilində
bədii mətbuat orqanları da olub. Bu haqda nə
demək olar?
-
Gürcüstanda nəşr olunan nüfuzlu mətbuat
orqanlardan biri də “Dan ulduzu” ədəbi-elmi jurnalı
olmuşdur. Gürcüstan və Ermənistan SSR Yeni Türk
Əlifbası Komitəsinin orqanı kimi latın
əlifbası ilə nəşr olunmuşdur. Jurnalın ilk
nömrəsi 1926-ci ilin may ayında
çıxmışdır. “Dan ulduzu”
jurnalı Gürcüstanda yaşayan azərbaycanlıların
ictimai həyatını müvəffəqiyyətlə əks
etdirmiş, ədəbiyyat, mədəniyyət və incəsənət
məsələlərinə geniş yer ayırmış,
xüsusilə Azərbaycan ədəbiyyatının təbliğində
böyük rol oynamışdır. Odur
ki, jurnal yalnız Qafqazda deyil, Orta Asiya respublikalarında da
sevilə-sevilə oxunmuş, onun sorağı keçmiş
SSRİ-nin müxtəlif güşələrindən gəlmişdir.
Çəkinmədən qeyd etmək
mümkündür ki, “Dan ulduzu” jurnalı sözün əsl
mənasında ədəbi məcmuə olmuşdur. Buna görə də onu Azərbaycan mətbuatı
tarixinə ədəbi jurnal kimi daxil etmək yerinə
düşərdi.
Azərbaycan mətbuatı tarixində şərəfli
yerlərdən birini tutan “Dan ulduzu”jurnalının son 54-55-ci
birləşdirilmiş nömrəsi 1931-ci ilin avqust ayında
buraxılmışdı. Jurnal
bağlandıqdan sonra Gürcüstan Yeni Türk
Əlifbası Komitəsi onun əvəzinə “Şərq
kolxozçusu” adı ilə yeni bir məcmuə
buraxmışdır. Bu jurnalın altı
nömrəsi çıxdıqdan sonra 1931-ci ilin dekabr
ayında bağlanmışdı.
Bu jurnalları müxtəlif illərdə Ələkbər
Qərib, Saleh Zəki, Əlisəttar İbrahimov kimi
istedadlı mühərrirlər redaktə etmişlər.
Gürcüstanda nəşr olunan uzunömürlü mətbuət
orqanlardan biri də “Qızıl şəfəq” adlı
uşaq jurnalı olmuşdur. 1926-cı ilin sentyabrında nəşrə
başlayan jurnal 1930-cu ilin yanvar ayından “Yeni qüvvə”,
1939-cu ildən isə “Gənc nəsil” adı ilə fəaliyyətini
davam etdirmişlər. Jurnalın səhifələrində
təlim-tərbiyə məsələrindən bəhs edən
çoxlu şeir, hekayə, povest, kiçik həcmli pyeslər
çap edilmişdir. Jurnalın səhifələrində
çoxlu folklor nümunələrinə - tapmacalar, atalar sözünə , lətifələrə,
nağıllara da təsadüf olunur. Müxtəlif dövrlərdə
bu jurnalların məsul redaktorları Sirac Məmmədov,
Əbil Əhmədov, Mirzə Mirzəyev, Əbil Ucarlı, Cəfər
Mürşüdlü, Abidə Nəsibli, İbrahim Babayev
kimi istedadlı mühərrirlər olmuşdur.
- Azərbaycan
dilli mətbuatın inkişaf dövrü də olub yəqin
ki…
-
Keçən əsrin 30-cu illərindən başlayaraq
Gürcüstanda Azərbaycan dilli mətbuat orqanlarının
sayı xeyli artdı. Belə ki, Tiflisdə nəşr
olunan mərkəzi qəzet və jurnallarla yanaşı, azərbaycanlılar
yaşayan rayonlarda da bir sıra qəzetlərin nəşrinə
icazə verildi. Bu illərdə Sarvanda (indiki Marnueli)
“Pambıqçı” (1931), sonra isə “Stalin yolu”,
Lüksemburqda (indiki Bolnisi), “Al bayraq” (1938), Baş keçiddə
(indiki Dmanisi), “Sosializm maldarlığı” (1935), Qarayazıda
(indiki Qardabani), “Stalinçi” (1931), Adıgündə
“Qızıl rəncbər”, sonra isə “Adıgün
kolxozçusu” (1936), Axalsixdə “Kommunist” (1930), sonra isə
“Sosializm kəndi” (1940) kimi qəzetlər Azərbaycan dilində
çap olunmağa başladı.
Haqqında söhbət açdığımız
rayon qəzetlərinin üçü – “Adıgün
kolxozçusu” (Adıgün rayonu), “Qızıl bayraq”
(Axalsixi rayonu), “Sosializm kəndi” (Aspinza rayonu) qəzetlərinin
nəşri məlum səbəblərə – Ahısqa
türklərinin elliklə bu yerlərdən qanunsuz və əsassız
olaraq sürgün edilməsindən sonra 1944-cü ilin
axırlarında dayandırıldı. Sarvanda (Marneuli)
çıxan “Stalin yolu” qəzeti, “Yeni Marneuli”, Luksemburqda
(Bolnisi) çıxan “Al bayraq” qəzeti, “Qələbə
bayrağı” qəzetləri, Başkeçiddə (Dmanisi)
buraxılan “Sosializm maldarlığı” qəzeti “Trialeti”
Qarayazıda (Qardabani) nəşr edilən “Stalinçi” qəzeti
“Samqori” adları ilə son vaxtlara qədər yarıazərbaycan,
yarıgürcü dilində nəşr olunurdu.
-
Keçən əsrin 90-cı illərindən sonra o nəşrlərin
vəziyyəti necə oldu?
- Təəssüflə
qeyd etmək lazımdır ki, 1990-cı illərin əvvəllərinə
qədər bu qəzetlərin Azərbaycan bölmələri
bir sıra ciddi təzyiqlərə məruz qalmış,
onların potensial imkanları xeyli məhdudlaşdırılmışdır.
1990-cı ilin ortalarında “Yeni Marneuli” qəzeti
“Kveto Kartli” (“Aşağı Kartli”), “Tələbə
bayrağı” qəzeti isə “Bolinisi”
adlandırılmışdır. Bundan az
sonra isə əhalinin əksəriyyətini azərbaycanlılar
təşkil etməsinə baxmayaraq, Bolnisi rayonunda nəşr
edilən “Bolnisi”, Dmanisi rayonunda çıxan “Trialeti” qəzetlərinin
Azərbaycan bölmələri heç bir səbəb olmadan
bağlandı.
İradə
SARIYEVA
Bakı Xəbər 2025.- 12 iyun
(¹99).- S.10.