"Elektron məhkəmə" islahatı hüquqi cəmiyyət quruculuğunda vacib yenilikdir...

 

Azərbaycanda məhkəmə-hüquq sahəsində dərin islahatların nəticələrindən biri olaraq elektron məhkəmə sistemi işə salındı.

 

Hüquqi cəmiyyət quruculuğu sahəsində vacib məsələ olan elektron məhkəmə sistemi haqda danışmaq istəyirik.

 

Elektron məhkəmə nədir...

 

Elektron məhkəmə Azərbaycanda vətəndaşlarının fərdi məlumatlarının kənara sızmasının qarşısının alınması məqsədilə bütün audio və videoyazıların yüksək təhlükəsizlik standartlarına cavab verən ədliyyənin daxili infrastrukturunda saxlanılmasının təmin edildiyi bir elektron sistemdir.

 

Bildirək ki, məhkəmə-hüquq sistemində islahatlar mütəmadi şəkildə aparılır və elektron məhkəmə də bunlardan biridir.

 

Ölkəmizin ictimai-siyasi həyatında müsbət rezonans doğuran məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanı bu baxımdan həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu davamı kimi qiymətləndirilməlidir.

 

Respublikada həyata keçirilməkdə olan köklü məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsi olmaqla bu strateji sahənin gələcək inkişafı üçün prioritetləri müəyyən edən mühüm əhəmiyyətli sənədin imzalanması bir tərəfdən cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunması, o cümlədən də süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsinə xidmət edirsə, digər tərəfdən də dövlət başçısı tərəfindən cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətlərin dekriminallaşdırılması məqsədilə imzalanmış 10 fevral 2017-ci il tarixli Sərəncamda icrası nəzərdə tutulan kompleks institusional, qanunvericipraktiki islahatların keyfiyyətcə yeni mərhələyə keçid etməsinə mühüm təkan verir. Fərman ölkədə biznes mühitinin inkişafını təşviq etməklə Azərbaycan Respublikasının iqtisadi inkişafının davam etdirilməsində və sürətləndirilməsində mühüm rol oynayır.

 

Məhkəmə sistemində korrupsiyanın qarşısının alınması...

 

Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi baxımından Məhkəmə-Hüquq Şurası tərəfindən müvafiq sahədə məlumatların qəbul edilməsi üçün qaynar xəttin yaradılması, Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyünün təmin edilməsi, ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi, məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi kimi mühüm məsələlər öz həllini tapıb.

 

Ötən dövr ərzində həyata keçirilmiş tədbirlər nəticəsində ədalət mühakiməsində iştirak edən prokurorlar tərəfindən insanların hüquq və azadlıqlarının, ictimai maraqların qorunması məqsədilə dövlət ittihamının qanunla verilmiş bütün səlahiyyətlərdən istifadə etməklə yüksək peşəkarlıq səviyyəsində müdafiə olunması təmin edilərək, ittihamın ictimaiyyət qarşısında açıq məhkəmə prosesində müdafiə edilməsi nəzərə alınmaqla, bu sahədə kadrların seçilib-yerləşdirilməsinə, dövlət ittihamçılarının bilik və peşə hazırlığı səviyyəsinin, eləcə də hüquq mədəniyyətinin artırılmasına xüsusi diqqət yetirililib.

 

Müasir dövrün tələblərinə uyğun peşəkarcasına təşkil edilmiş dövlət ittihamının müdafiəsi işi prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlətin cəza siyasətinin prinsiplərini özündə təcəssüm etdirməklə yanaşı, məhkəmə məsuliyyətinə verilmiş şəxsləri maddiprosessual hüquq normalarının pozulması ilə müşayiət olunan məhkəmə səhvlərindən qoruyan mühüm vasitədir.

 

Elektron kabinet nədir...

 

Elektron kabinet vasitəsilə istifadəçilər məhkəmələrə getmədən ərizə, şikayət və digər sənədləri elektron qaydada göndərə, iştirak etdiyi üzrə prosesin gedişi, çıxarılan məhkəmə aktları, onlardan verilən şikayət və ya protestlər barədə məlumat əldə edə bilərlər.

 

Həmçinin "Elektron kabinet" vasitəsilə istifadəçilər məhkəmə sənədlərini hakimin elektron imzası ilə təsdiq edilmiş formada əldə etmək və məhkəmə rüsumlarını onlayn ödəmək imkanı qazanırlar.

 

Qeyd etmək lazımdır ki, məhkəməyə iddia ərizəsi ilə müraciət etmədən də elektron kabinetin açılması mümkündürbunun əsas əhəmiyyəti ondan ibarətdir ki, elektron kabinet olduğu halda istənilən məhkəmədə barənizdə olan məhkəmə işləri haqqında avtomatik məlumatlandırılacaq və elektron kabinetdə dərc edilmiş bütün məhkəmə sənədləri ilə operativ tanış ola biləcəksiniz.

 

Vahid məhkəmə portalı...

 

İstifadəçilər "Vahid məhkəmə portalı" vasitəsilə məhkəmə sistemi barədə məlumatları, məhkəmələrin strukturu, növü, yurisdiksiyası, ünvanı və onlarla əlaqə yaratmaq üsulları – poçtelektron ünvanları, telefon nömrələri, eləcə də hakimlər barədə məlumatları əldə edə bilərlər.

 

Həmçinin "Vahid məhkəmə portalı" məhkəmə işləri, məhkəmə iclasları, habelə məhkəmə aktları haqqında məlumatları real vaxt rejimində təqdim edir. Sənədlərin hazırlanması və məhkəməyə təqdim olunması prosesinin asanlaşdırılması üçün portalda dövlət rüsumunun məbləği, iddia, şikayət, etirazxahiş ərizələrinin nümunələri təqdim olunur.

 

Dövlət rüsumunun hesablanması kalkulyatoru

 

Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, o cümlədən beynəlxalq təcrübə nəzərə alınaraq dövlət rüsumu ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib.

 

Həmin dəyişikliklərə əsasən, dövlət rüsumu tutulmalı olan hərəkətlər sistemləşdirilib və dövlət rüsumunun dərəcələri diferensial qaydada müəyyən olunub.

 

Vətəndaş məmnunluğunun təmin edilməsi, habelə təcrübədə rahatasan istifadə olunması məqsədilə rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyatorxüsusi metodiki vəsait hazırlanıb.

 

"Elektron məhkəmə" informasiya sisteminin istifadəçiləri və iştirakçıları məhkəməyə ödənilmiş dövlət rüsumunu yoxlamaq üçün göstərilən keçiddən istifadə edə bilərlər.

 

Mobil Elektron Məhkəmə

 

"Mobil Elektron Məhkəmə" tətbiqi vasitəsilə məhkəmə icraatı üzrə aparılan əməliyyatları rahat, daha əlçatan və operativ formada həyata keçirmək mümkündür.

 

Belə ki, istifadəçilər "Mobil Elektron Məhkəmə" tətbiqi vasitəsilə məhkəmələrə mobil cihazlardan elektron qaydada iddia ərizələri verə, sənədlər göndərə, məhkəmə prosesləri barədə məlumatlar ala, məhkəmə qərarlarının elektron qaydada əldə edə və məhkəmə statistikası ilə tanış ola bilərlər.

 

"Mobil Elektron Məhkəmə" tətbiqi "İOS" və "Android" əməliyyat sistemlərini dəstəkləyən mobil cihazlardan istifadə edərək yüklənilməsi mümkündür.

 

Elektron məhkəmə sistemində yenilik

 

Ombudsmana ünvanlanan müraciətlərdə bir sıra vətəndaşların texniki vasitələrə və internet resurslarına çıxış imkanlarının məhdud olması səbəbindən “elektron məhkəmə” informasiya sistemindən istifadə ilə bağlı çətinliklərlə üzləşdikləri, habelə birinci instansiya məhkəmələrinin qərar və qərardadlarından elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş formanın mürəkkəb olması səbəbindən vəkil xidmətlərindən istifadə etməyə məcbur qaldıqları bildirilib. Bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

 

Məruzədə bildirilib ki, bəzi hallardaelektron məhkəmə” informasiya sistemində yaranmış nasazlıqlar məhkəmələrdə süründürməçillik hallarına səbəb olub: “Qeyd olunan çətinliklər nəzərə alınaraq, vətəndaşların “elektron məhkəmə” sistemindən istifadəsinin imperativ qaydada deyil, seçim imkanı müəyyən edilməklə tətbiqi məqsədəmüvafiqdir”.

 

“Yaxşı olar ki, elektron məhkəmə ilə bağlı pulsuz seminarlar təşkil edilsin...”

 

Hüquqşunas Əkrəm Həsənov bu barədə “Bakı-Xəbər”ə bildirib ki, elektron məhkəmə sistemi qəlizdir və hüquqi, texniki biliyi olmayanlar bu işi görə bilmir: “Elektron məhkəmə sistemi nə qədər asanlaşdırılsa da, bu, sadə vətəndaşlar üçün asan olmayacaq. Bu məsələ elə həll olunmalıdır ki, həm vətəndaşlar əziyyət çəkməsin, həm də məhkəmə üçün rahat olsun. Yaxşı olar ki, bu mövzu ilə bağlı pulsuz seminarlar təşkil edilsin, maarifləndirmə işi həyata keçirilsin. Hətta bu işin necə icra edilməsi ilə bağlı internetdə pulsuz video çarxlar belə yerləşdirilə bilər, təlimatlar haqqında məlumat verilər. Belə olarsa adi vətəndaş bu sistem vasitəsilə öz işini rahat şəkidə görə bilər. Ancaq bütün dünya ölkələrində hər vətəndaş elektron məhkəmə sistemindən sərbəst şəkildə istifadə edə bilmir. Onu da deyim ki, sadə bir vətəndaş necə şikayət yazsın, onun qanunlardan xəbəri yoxdur. Yaxşı olar ki, məhkəmələrdə bu işi görənlər pul qarşılığında deyil, könüllü şəkildə icra etsinlər”.

 

Göründüyü kimi, təqdim edilən yeniliyə ekspert təklif də verib və inanırıq ki, yaxın gələcəkdə biz bu sahədə daha sadələşdirilmiş imkanların şahidi olacağıq.

 

Hüquqi cəmiyyət quruculuğu sahəsində elektron məhkəmə sisteminin ayrıca yeri olduğu məlumdur və bu, vətəndaş rahatlığını və məmnunluğunu təmin edən bir məsələdir.

 

İradə SARIYEVA

Bakı Xəbər 2025.- 1-3 mart(№38).- S.8