Vətəndaşların siyasi fəallığı hərtərəfli
inkişafın etibarlı mexanizmidir...
Vətəndaşların siyasi fəaliyyəti demokratik cəmiyyətin ayrılmaz elementidir. O, seçkilərdə, ictimai müzakirələrdə, aksiyalarda iştirakda, vətəndaş təşəbbüslərinin formalaşdırılmasında və hakimiyyət orqanlarının fəaliyyətinə nəzarətdə ifadə olunur.
Təcrübə göstərir ki, ictimai fəallığın siyasi proseslərdə aşağı səviyyədə olması demokratik təsisatların effektivliyinin azalmasına gətirib çıxarır. Vətəndaşların siyasi fəallığının artırılması isə cəmiyyətin inkişafında əsas rol oynayır və buna kompleks tədbirlərlə nail olmaq olar. Azərbaycan təcrübəsində bunu görmək mümkündür.
Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti bir-birini tamamlayır
Ölkəmizdə vətəndaşların siyasi proseslərə yüksək səviyyədə cəlb olunmasının əsas səbəblərindən biri informasiyanın kifayət qədər olmasıdır. Bir çox insanların hökumət sistemi, siyasi partiyalar və onların hüquqları haqqında kifayət qədər məlumatı var. Bu da seçkilərə, siyasi müzakirələrə marağın olmasına gətirib çıxarır. Ölkədəmütərəqqi real dəyişiklikləri görən vətəndaşlar vəziyyətə təsir etmək qabiliyyətinə inanırlar.
Bundan əlavə, yüksək aktivlik sosial-iqtisadi amillərlə əlaqələndirilə bilər. Siyasi savadlılıq səviyyəsinin yüksəldilməsi dı prosesdə öz sözünü deyir. Fəal vətəndaşlığın inkişafında təhsil əsas rol oynayır. Bundan əlavə, demokratik təsisatların fəaliyyət prinsiplərini və hakimiyyətə təsir mexanizmlərini izah etməyə yönəlmiş maarifləndirici layihələr də vacibdir. Azərbaycan cəmiyyəti hər zaman milli dövlətçiliyə, müstəqilliyə, suverenliyin qorunmasına sıx bağlı olub. Ekspertlərin fikrincə, bu gün Azərbaycan xalqının qətiyyəti, ölkə rəhbərliyinin milli maraqlara uyğun siyasəti demokratik hüquqi dövlətin qurulmasına səbəb olub. Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti biri-birini tamamlayır, bir-birindən asılı olur. Yetkin vətəndaş cəmiyyəti olmadan, hüquqi, demokratik dövlət qurmaq mümkün deyil. Çünki məhz azad vətəndaşlar şüurlu insan birgəyaşayışının ən səmərəli formasını yarada bilər. Hazırda ölkə vətəndaşları dövlətin idarə edilməsində, ayrı-ayrı məsələlərin həllinə təşəbbüs göstərməkdə fəaldırlar. Hesab olunur ki, bu, cəmiyyətin mental dəyərləri, onun tarixi, mədəni keyfiyyətlərinin yüksək olması, , bu gün əldə etdiyimiz demokratik, hüquqi, sosial məsələlərin həllini diqqətdə saxlayan bir dövlətimizin olması ilə bağlıdır. O da vacibdir ki, müasir texnologiyalar siyasi iştirakçılığı daha əlçatan edir. Onlayn qaydada olan proseslər vətəndaşların ölkənin idarə olunması prosesinə cəlb olunmasına kömək edir. Sosial media da informasiyanın yayılmasında və fəal əhali qruplarının səfərbər olunmasında mühüm rol oynayır. Dövlət və ictimai təşkilatlar vətəndaşlara siyasi həyatda iştirakın real mexanizmlərini təklif edir. Könüllü proqramlar, ictimai şuralarda iştirak, müstəqil seçki müşahidəçiləri - bütün bunlar insanlara ölkədə gedən proseslərə təsir etmək imkanı verir. Azərbaycanda vətəndaşların sosial, siyasi fəallığının yüksək olmasını seçki proseslərində və digər məsələlərə münasibətdə müşahidə olunur. Məsələn., ötən il fevralında baş tutan növbədənkənar prezident seçkiləri üzrə səsvermədə yüksək seçici fəallığı qeydə alınıb. Həmin vaxt respublika üzrə 4 milyon 971 min 32 nəfər səs verib. Seçici fəallığı 76,73 faiz olub.
Yüksək sosial və siyasi fəallıq milli təhlükəsizliyin mühüm elementidir
Onu da bildirək ki, siyasi sistem daha şəffaf və cəmiyyət qarşısında hesabatlı olmalıdır. Bu məqsədlə ictimai nəzarət mexanizmlərinin, korrupsiyaya qarşı mübarizə tədbirlərinin və dövlət qərarlarının açıqlığının tətbiqi vacibdir və ölkəmzidə buna xüsusi diqqət olunur. Dövlət orqanlarının fəaliyyətinin monitorinqində vətəndaşların iştirakı siyasi sistemə inamı artırmağa kömək edir. Bir daha qeyd edək ki, vətəndaşların siyasi fəaliyyəti səmərəli demokratik cəmiyyətin əsasını təşkil edir. Onu davamlı inkişaf etdirmək üçün təhsilin təkmilləşdirilməsi, rəqəmsal texnologiyaların inkişafı, siyasi sistemdə çatımazlıqlarla mübarizə və gənclərin təşəbbüslərinin dəstəklənməsi daxil olmaqla kompleks tədbirlər həyata keçirmək daim diqqət mərkəzində yer almalıdır.
Azərbaycanın yanaşması odur ki, milli, mənəvi dəyərlərin qorunması ilə yanaşı, demokratik prinsiplərin də inkişafı vacibdir. Ölkəmizdə bu istiqamətdə ciddi işlər görülür. Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə yeni reallıqlar yaradıb. Yeni reallıqlar cəmiyyətin sosial və siyasi inkişafına mühüm tövfə verib və proses davam edir. Bu, həm də xalqın özünüdərk prosesində önəmli məqam hesab olunur. Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan zamanın tələblərinə uyğun olaraq müasir texnologiyalardan istifadə, açıq internet şəbəkəsinin formalaşması, söz azadlığı, demokratik prinsiplərin inkişaf etdirilməsi istiqamətində zəruri işlər görür. Azərbaycan dövləti ölkədə sosial və siyasi fəallığın artırılması istiqamətində mühim addımlar atmaqdadır. Bu da insanların siyasi fəallıq səviyyəsini davaml şəkildə yüksəldir. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial, siyasi fəallığının artırılması dövlətin əsas siyasi xətlərindən biridir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır. Vətəndaşların sosial və siyasi fəallığının artırılmasının digər mühüm əhəmiyyəti dövlətin milli təhlükəsizliyi və özünümüdafiəsi ilə bağlıdır. Ekspertlərə görə, cəmiyyətdə insanların sosial və siyasi fəallığı yoxdursa, bu boşluğu zərərli və təhlükəli ünsürlər, radikal qruplar doldurur. Azərbaycanda bu məsələ daim dövlətin xüsusi diqqət mərkəzində yer alır və müvafiq preventiv tədbirlər görülür.
Samirə
SƏFƏROVA
Bakı Xəbər .- 2025.- 8-10
mart (№ 43).- S.8.