Qərbi Azərbaycana
qayıdış ictimai və dövlət
mənafeləri müstəvisində...
Qərbi Azərbaycan Azərbaycan türklərinin tarixən yaşamış olduğu, böyük mədəniyyət, folklor irsi yaratdığı, abidələr, məbədlər inşa etdiyi, bir sözlə, zəngin irs formalaşdırdığı bir yurd yeridir. Ermənilərin məqsədli şəkildə Cənubi Qafqaza, xüsusən də Azərbaycan ərazilərinə köçürülüb məskunlaşdırılması nəticəsində soydaşlarımız XX əsrdə bir neçə dəfə deportasiyaya məruz qalıb.
Ermənilər Qərbi Azərbaycan torpaqlarına köçdükdən sonra ilk atdıqları mənfur addımlar azərbayanlıları öz doğma yurdlarından qovub çıxarmaq, deportasiyaya mərzu qoymaq oldu. Sonuncu azərbaycanlılar indiki Ermənistan ərazisindən 1988-1989-cu (1991) illərdə deportasiya edilib və ora tamamilə erməniləşdirilib. 40 ilə yaxındır ki, soydaşlarımız öz tarixi torpaqlarına, ev-eşiklərinə qayıdacaqları günü gözləyirlər.
Məlumdur ki, Qərbi Azərbaycana qayıdış dövlət siyasətində mühüm yer tutur. Bu, eyni zamanda ictimai maraqları da təmin edən bir məsələdir.
Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı həm dövlətimiz, həm də ictimaiyyətimiz üçün əsas hədəflərdən biridir.
Qərbi Azərbaycan probleminin mahiyyətinin Ermənistan tərəfindən dərk olunması, qəbul edilməsi vacib bir məsələdir. Söz yox ki, Azərbaycan dövləti bu məsələni daim gündəmdə saxlayır və geriqayıdışı təşviq edir.
Azərbaycan tərəfi azərbaycanlıların geri qayıdışını necə necə görür? Paşinyan hökuməti buna hansı təxribatçı fikirlə yanaşır?
Azərbaycanın mövqeyi aydındır, azərbaycanlıların öz tarixi torpaqlarına, ata-baba yurdlarına ləyaqətli şəkildə qayıdışı təmin olunmalıdır, Ermənistan buna şərait yaratmalıdır.
“Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar”
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu məsələni qalıdırıb və azərbaycanlıların geri qayıdışının təmin olunmalı olduğunu bəyan edib. Prezident yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də bu məsələyə xüsusi münasibət bildirib. Bu barədə Prezident qeyd edib: “…Biz XX əsrdə üç dəfə deportasiyaya məruz qaldıq və hər dəfə bu deportasiya böyük fəsadlara gətirib çıxarırdı. 1920-ci ilin noyabrında Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana birləşdirildi. Ondan iki il əvvəl, əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ermənistana bağışladı və ondan sonrakı dövrdə xalqımız nə qədər əzab-əziyyət çəkib. Ona görə vaxt gəlib ki, Ermənistan şərait yaratsın, Qərbi azərbaycanlılar öz dədə-baba yurdlarına qayıda bilsinlər. Əlbəttə ki, biz bu məsələdə Ermənistan rəhbərliyindən çox dəqiq və beynəlxalq hüquqa uyğun mövqe gözləyirik. Onlar hələ ki, susmağa üstünlük verirlər. Halbuki biz bu məsələni dəfələrlə dilə gətirmişik və onlardan konkret cavab gözləyirik. Nə vaxt, hansı şərtlərlə azərbaycanlılar o bölgələrə qayıda bilərlər? Xüsusilə nəzərə alsaq ki, azərbaycanlıların yaşadıqları kəndlərin böyük əksəriyyəti indi tamamilə boş qalıb, orada heç kim yaşamır, ora qayıtmaq o qədər də böyük problem olmaz, yəni ki, kimisə oradan köçürtmək lazım olmayacaq. Sadəcə olaraq, təhlükəsizlik zəmanəti verilməlidir. Onların orada yaşama hüququ tanınmalıdır və əlbəttə ki, onların fəaliyyəti üçün şərait yaradılmalıdır. Yəni bizim tələbimiz bundan ibarətdir və mən ümid edirəm, gün gələcək ki, Qərbi azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar.
Mən hesab edirəm, yaxşı olardı ki, Ermənistanın baş naziri Qərbi Azərbaycan İcmasının nümayəndələrini qəbul etsin. Bildiyimə görə, onlar İrəvana da getməyə hazırdırlar. Qəbul etsin, onların dilindən onların problemlərini eşitsin, dinləsin onları. Yəni, onlar oradan əsassız qovulmuşlar. Onların tam hüququ var ki, oraya qayıtsınlar...”
“Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”…
Azərbaycan dövləti azərbaycanlıların indiki Ermənistan ərazisinə qayıtması məsələsini gündəlikdən çıxarmır və daim bunu təşviq edir. Bu baxımdan, Qərbi Azərbaycandan qovulmuş bütün azərbaycanlıların öz yurdlarına qayıtmaq hüququnu bərpa etmək üçün qəbul edilən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” böyük əhəmiyyətə malikdir. Qərbi Azərbaycan İcmasının təsis etdiyi “Qayıdış Konsepsiyası” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin etmək olan və bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən sənəddir.
Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan ziyalılarının bir qrup nümayəndəsi ilə yeni icma binasında görüşü, onların qarşısında mühüm vəzifələri müəyyən etməsi bu qəbildəndir. Bu görüşdə dövlət başçısı tərəfindən səsləndirilən fikirlər xalqımızın tarixində yeni bir eranın başlandığını xəbər verdi. Prezident Əliyev həmin görüşdə soydaşlarımızın öz doğma torpaqlarına qayıtması ilə bağlı yeni milli strateji hədəfləri açıqladı. Bu gün Milli Məclisdə də Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi komissiya fəaliyyət göstərir. Bilirik ki, Azərbaycan dövləti ilə paralel olaraq Qərbi Azərbaycan İcması, eləcə də digər ictimai qurumlar bu yöndə məqsədyönlü işlər görür. İcmanın BMT-yə müraciətləri bu qurumun rəsmi sənədi kimi yayılır, daha çox ölkə Qərbi Azərbaycan gerçəkliyi barədə məlumat alır.
Paşinyanın təhrifedici iddiaları…
Çox təəssüflər olsun ki, Ermənistan hökuməti, şəxsən baş nazir Nikol Paşinyan Qərbi Azərbaycan məsələsinin mahiyyətini dərk etmək istəmir və soydaşlarımızın geri qayıdış hüququna başqa cür don geydirməyə çalışır, ciddi təhriflərə yol verir. Qərbi Azərbaycanın konkret olaraq hansı ərazi olduğu, hansı torpaqlar nəzərdə tutulduğu məlum olduğu halda Paşinyan Qərbi Azərbaycan məsələsini təhrif edir və Azərbaycanla Ermənistan sərhəddindəki əraziləri, Azərbaycanın Qərb bölgələrini nəzərdə tutur. Guya ki, Qərbi Azərbaycan Şərqi Zəngəzurdur. Çox təəssüflər olsun ki, Paşinyan soydaşlarımızın geri qayıdış hüququna, onların beynəlxalq hüquqa uyğun addımlarına hörmətlə yanaşmaq əvəzinə bunu “Azərbaycanın ərazi iddiası” kimi qələmə verməyə çalışır. Guya Azərbaycan Ermənistana qarşı ərazi iddiasında imiş. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bizim heç kəsə qarşı ərazi iddiamız yoxdur.
Qərbi Azərbaycan mövzusuna Azərbaycandan və Ermənistandan baxış fərqlidir. Azərbaycanın mövqeyi tamamilə haqlıdır və istəyi soydaşlarımızın geri qayıtmasıdır, Ermənistan isə bütün gücü ilə Qərbi Azərbaycan məsələsini inkar etməyə çalışır.
Ermənistanın təxribatlarının, inkaredici davranışlarının gerçəklik, reallıq qarşısında bir gün yox olacağına inanırıq.
Qərbi Azərbaycan mövzusu müstəvisində Azərbaycan dövlətinin və ictimaiyyətinin maraqları tam üst-üstə düşür. Bu vahidlik, birlik nəticəsində soydaşlarımızın öz yurdlarına qovuşacağı gün uzaqda deyil. Çünki ortada dövlətin iradəsi, məqsədyönlü siyasəti var, o siyasət də xalq tərəfindən birmənalı olaraq qəbul edilir və dəstəklənir.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2025.- 11 mart (№44).- S.8.