Qarabağ
separatçılarının haradan
silahlandıqları artıq sirr deyil...
2020-ci il 27 sentyabr tarixində Azərbaycan xalqı ideologiyasından və kimliyindən asılı olmayaraq vahid şəkildə birləşərək möhtəşəm bir həmrəylik nümayiş etdirdi.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu.
Azərbaycan 30 ilə yaxın davam edən işğala öz gücü ilə son qoydu
Şübhəsiz, bu tarixi qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Təbii ki, Azərbaycan bütün cəbhələrdə - istər döyüş meydanında, istər siyasi-diplomatik müstəvidə, istərsə də informasiya cəbhəsində mütləq qalibiyyət əldə etməklə tarix yazıb. Eyni zamanda, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir. Ölkəmiz həm də çox mühüm strateji presedentin əsasını qoydu. Belə ki, Azərbaycan 30 ilə yaxın davam edən işğalı öz gücü ilə həll etməklə həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasını təmin etməyə müvəffəq oldu. Azərbaycan yeganə postsovet ölkəsi idi ki, öz gücü hesabına separatizmin belini qıraraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Halbuki, hələ də bir sıra ölkələr bundan əziyyət çəkir. Bu, heç şübhəsiz, dünya siyasi tarixinin çox əlamətdar hadisələrindən biri, eləcə də ədalətin və beynəlxalq hüququn təntənəsidir. Ən başlıcası isə, Prezident Əliyevin zərgər dəqiqliyi ilə apardığı siyasətin nəticəsidir.
Erməni separatçılarını Rusiya, Fransa, Livan və digər ölkələr silahlandırıb
O da məlumdur ki, hazırda bir neçə erməni separatçısı Azərbaycanda həbsdədir və onların məhkəməsi gedir. Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən separatçı təmsilçiləri danışdıqca, bir sıra qaranlıq məqamların üstü açılır. Məlum olur ki, Qarabağ və ətraf 7 rayon işğal ediləndən sonra Ermənistanın bütün qanunsuz cəhdlərinə baxmayaraq, orada əhalini kütləvi şəkildə məskinlaşdıra bilməyiblər. Arkadi Qukasyan dövlət ittihamçılarının suallarını cavablandırarkən dedi ki, 1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməni əsilli sakin yaşayırdı. Bütün bu faktlar onu sübut edir ki, 44 günlük müharibəyə qədər Qarabağda nəinki 145 min, heç 70 min erməni yaşamayıb. Ən başlıcası isə, təqsirləndirilən separatçı şəxs Bako Sahakyan dövlət ittihamını müdafiə edən prokurorların suallarına cavabında etiraf edib ki, silahı rus hərbiçilərindən və Ermənistandan aldığını etiraf edib: “Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi”.
Bu, artıq separatçıların haradan silahlanmasının əyani sübutudur və mənbəni açıq-aşkar göstərir. Təbii ki, Ermənistana da silahlar xaricdən gəlirdi. 1988-ci ilin dekabrında Spitak zəlzələsindən sonra Ermənistana xaricdən humanitar yardım adı altında çoxlu silah daşındı. Daha sonra həmin silahlar qanunsuz olaraq Qarabağa yönəldildi. Yəni Ermənistandan gələn silahların mənbəyi müxtəlif ölkələrə gedib çıxır. İrandan tutmuş Fransaya qədər müxtəlif ölkələr – Livan, Suriyavə digər ölkələr Ermənistanın silahlanmasında biləvasitə yer alırdılar. Bütün bunlar onu sübut edir ki, separatçıların silahlanmasında o zaman təkcə SSRİ yox, bir sıra xarici ölkələr yaxından iştirak edib. Silahlanmanın uzantıları həmin ölkələrə gedib çıxır.
Qarabağdakı 366-cı motoatıcı alayın bütün silah və hərbi texnikası ermənilərə verildi
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bildirdi ki, ermənilərin silahlandırılması məsələsi uzun illərdir mətbuatda müzakirə edilir: “Erməni saxtakarlığını dəfələrlə ifşa etməyimizə baxmayaraq, yenə də bu saxtakarlıq ayaq açıb yeriyir. Əvvəla, Qarabağdakı ermənilərin sayı zaman-zaman şişirdilib. Hətta Rusiyada yaşayan erməniləri belə, Qarabağda qeydiyyata salıb sayı süni şəkildə şişirtməyə çalışıblar. Bu, faktlar hər zaman var idi. İndi separatçıların özləri tərəfindən bunun etiraf edilməsi müsbət haldır. Ancaq ermənilərin havadarları hər zaman bu saxta faktlardan istifadə ediblər. SSRİ-nin dağılmasında maraqlı olan qüvvələr, o cümlədən Qərb ölkələri millətlərarası münaqişələrin qızışmasında maraqlı idilər. Ona görə də, Rusiya ilə yanaşı, bir sıra ölkələr bu münaqişəni qızışdırmaq üçün Ermənistana yardım edirdilər. Humanitar yardım adıyla silah da verirdilər, pul və digər lazım olan şeyləri verirdilər. Ona görə ki, bu münaqişəni alovlanması SSRİ-nin dağılmasını daha da tezləşdirə bilərdi. Belə də oldu. İndi olduğu kimi, o zaman da Fransa Ermənistana və Qarabağ separatçılarına kömək göstərirdi. Ancaq əsas silah yardımı Rusiya tərəfindən göstərilirdi. Qarabağdakı 366-cı motoatıcı alayın bütün silah və hərbi texnikası ermənilərə verildi. Fransa və Livandan Ermənistana gətirilən silahlar Qarabağa aparılırdı. Əvvəl bu, hava yolu ilə, yəni helikopterlərlə həyata keçilirdi. 1992-ci ilin 18 mayında Laçın rayonu işğal ediləndən sonra Qarabağla Ermənistan arasında quru əlaqəsi təmin olundu. Bunun nəticəsində ermənilər nəinki Qarabağı, ətraf 7 rayonu da işğal edə bildilər”.
Vidadi ORDAHALLI
Bakı Xəbər 2025.- 12 mart (№45).- S.8.