“...Müharibə onun hərbidən ayrılmasına imkan vermədi”

 

Vətən müharibəsi şəhidi, neçə-neçə qəhrəmanlıq nümunəsi yazmış Babək Namazov haqqında doğmaları, dostları, onun qəhrəmanlığına şahidlik edən zabit və əsgərlər də bir-birindən maraqlı fikirlər səsləndiriblər. Həmin fikirlərdən bəzi seçmələri təqdim edirik...

 

Məmmədova Zemfira Qüdrət qızı, Babəkin nənə əvəzi xalası

 

- Babək 1-ci sinifdən 4-cü sinfə qədər Rusiyada oxuyub, bizim evimizdə qalıb. Biz bir az tərəddüd edirdik ki, Babək xüsusilə, riyaziyyatı rus dilində necə oxuyacaq. Amma o, 1-ci sinifdən 4-cü sinfə qədər riyaziyyatdan “5” aldı. Çox ağıllı uşaq idi.

 

Bəzən uşaqlar qrip olurdular. Sağalmaq üçün içdikləri dərman da acı olurdu. Bacı-qardaşından böyük olduğu üçün hər zaman birinci Babək içirdi dərmanı. Yəni demək istəyirdi ki, baxın, mən içdim, heç nə olmadı. Ürək-dirək verirdi bacı-qardaşına.

 

Bir dəfə qonaqlıqdan evə qayıdanda mənə dedi ki, xala, siz tramvayla gedin, mən özüm yolu tapıb gələcəm. Dedim ki, yolu azar, itərsən. Dedi, əgər yolu tapa bilməsəm, tramvaya minib dayanacağımızda düşəcəm. Biz tramvayı gözlədik, gəldi, minib yola düşdük. Dayanacağa çatanda, gördük ki, Babək orada bizi gözləyir. Çox çevik və yaddaşlı uşaq idi.

 

Qardaşım ailəsi ilə birlikdə Kalininqrad şəhərində yaşayırdı. Bizə qonaq gəlmişdilər. Uşaqları götürüb parka getdik. Orada onların şəklini çəkdik. Babək şəkildə duruşu ilə digər uşaqlardan fərqlənirdi. Əsgər kimi dayanmış, iti baxışları ilə sərt baxırdı.

 

2006-cı ilin noyabr ayı idi, atam rəhmətə getmişdi. Biz yoldaşımla Azərbaycana gəlmişdik. Babək onda 5-ci sinifdə oxuyurdu. Dedim, mağazadan bir az şirniyyat alım, evə əliboş getməyim. Azərbaycan pulunu da yaxşı tanımırdım. Babək dedi ki, mən pulu tanıyıram. Onu götürüb getdim mağazaya. Mağazadan cürbəcür konfetlərdən götürdük. Satıcı qadın qiymətləri kalkulyatorda hesablayana qədər Babək nə qədər ödəniş etməli olduğumuzu dedi. Satıcı heyrətlənib Babəkdən bunu necə hesabladığını, neçədə oxuduğunu soruşdu. Babək də fərəhlə, 5-ci sinifdə oxuduğunu dedi. Satıcı məmnunluq dolu baxışlarla onu süzdü...

 

Babək həmişə seçilirdi, hamıya kömək etməyi sevirdi. Hər yerdə yenilik axtarırdı. Uşaq vaxtından qeyri-adi uşaq idi. Öz tikəsini də bölməkdən çəkinməzdi. Heyvanlara qarşı ayrı sevgi var idi onun ürəyində. Sonuncu dəfə Babək kənddə olan evlərinə iki dənə bala it gətirmişdi. Müharibə başlanmamışdan öncə, təxminən iyul-avqust aylarında itlər heç nə yemirdilər. Səbəbini də bilmirdik. Xəstələnib öldülər... Sanki həmin itlər Babəkin də öləcəyini hiss etmişdilər.

 

Moskvada bacımın qızının toyu olacaqdı. Babəkə dedim ki, gəl, Moskvaya toya gedək. Dedi ki, mənə 5 il xaricə getmək olmaz. O, dünyasını dəyişəndən sonra biz Babəki tanıdıq. Sən demə, Babək əsl qəhrəman imiş, əsl kəşfiyyatçı imiş... Babəkin ləqəbi də var imiş: “Yırtıcı”...

 

Mən Azərbaycanda olanda Babək gəldi, mənimlə görüşdü. Artıq böyümüşdü, hərbçi idi. Məzuniyyət vaxtı idi, gəlmişdi evini tikdirməyə. Amma məzuniyyəti bitməmiş onu geri çağırdılar. Soruşanda ki, niyə gedirsən, məzuniyyətin bitməyib hələ. Dedi ki, Murovdağdan Ağstafaya qədər əsgər düzüblər. Mən burda rahat ola bilmərəm. İnşallah, gəlib noyabrda evi düzəldəcəm... Heyif, arzuları ürəyində qaldı.

 

Allah bütün şəhidlərimizə rəhmət etsin.

 

Babəkin xalasının xatirələrindən:

 

- Mənim ata evim Gəncədədir. Yadımdadır, böyük bacım Moskvadan gəlmişdi. Babəklə mağazaya konfet almağa getmişdilər. Bir neçə çeşiddə konfet çəkdirirlər, ödəmə zamanı satıcı səsli şəkildə qiymətləri kalkulyatora vurur, nəticəni deməmişdən, Babək pulun nə qədər olduğunu söyləyir. Bu, satıcı üçün gözlənilməz olur. Babəkin neçədə oxuduğunu soruşur. Babək 5-ci sinifdə oxuduğunu deyir.

 

Babək 9-cu sinifdə riyaziyyatingilis dilindən hazırlığa getdi, 10 və 11-ci siniflərdə isə “Araz” kurslarında I qrup üzrə hazırıq keçdi. 11-ci sinifdə, imtahana 6 ay qalmış - “Mən xarici dil kimi ingilis dili yox, rus dilindən imtahan vermək istəyirəm” dedi. Baxmayaraq ki, 2 il yarım ingilis dilinə hazırlaşmışdı.

 

Beləliklə, 6 ay rus dili üzrə çalışdıqdan sonra 25 sualdan 22-ni düzgün cavablandırdı. I qrup üzrə 332 bal topladı. Mən ondan daha çox nəticə gözləyirdim. Səhlənkarlığı olmasaydı, nəticəsi daha yaxşı olardı.

 

Biz Babəkə - riyaziyyat müəllimi ol, - dedik. Babək - məndə hövsələmi var, uşaqları qırıb batıraram, - dedi. Kursdan fizika müəllimi Orxan Babəkə Bakıda Texniki Universitetin yeni acılmış “Silahqayırma” şöbəsinə qəbul olmağı məsləhət gördü. O da 2012-ci ildə Texniki UniversitetinXüsusi texnikatexnologiya” fakültəsinə ödənişsiz qəbul oldu. 4 il Bakı həyatı onu ağuşuna aldı. Tələbəlik həyatı onu yenə evdən uzaq saldı.

 

Məktəb vaxtları, şənbə, bazar, tətillərdə və bayramlarda evdə bizimlə olurdu. Əkin işlərinə yaxından kömək edirdi. Sonra isə ildə 2 dəfə evə gəlirdi. Bu 4 il onun üçün o qədər də asan olmadı: Bakıda yaşamaq, kirayə tutduğu evin pulunu ödəmək və s. Baxmayaraq ki, evdən ona müəyyən məbləğdə pul göndərirdik, bəzən qohumlar da maddi köməklik edirdi. O, özüaxşamlar gündəlik işlərdə işləməklə öz tələbatını yoluna qoymağa çalışırdı.

 

Ümumiyyətlə, orta məktəbdə oxuyan müddətdə də verilən həftəlik pullar onu qane etmirdi, ancaq buna görə heç bir söz deməzdi. Çalışardı ki, biz bunu hiss etməyək.

 

Babəkin ev quşlarına və göyərçinlərə marağı çox idi. Kənddə qonşu göyərçin saxlayırdı, o səbəbdən də qonşunun oğlu ilə dost olmuşdu. Gəncəyə getmək səbəbinin biribu idi: Quşbaz olmasın.

 

Əl səliqəsinə söz olmazdı, hətta toyuq, qazs. təmizləməsi mənim etdiyimdən qat-qat səliqəli və asan alınırdı. Tələbəliyin ilk vaxtları biş-düşlə də məşğul olurdu. Həmişə deyirdi ki, başqaları bişirəndə yemək qazanda qalır, mən hazırlayanda özümə çatmır. Məndən məsləhət alaraq deyirdi: “Düyü supu bişirəndə əvvəl yaxşı alınır, lakin sonra düyü çoxalır, yemək xəşil olur. Bir az düyünü tez gotür, tam bişməsin, bir az keçdikdən sonra isti düyünü bişirəcək, yemək xəşilə dönməyəcək”. Həmin qış evə gələndə dedi ki, qoy sizə düyü supu bişirim. Bişirdi. Çox ləzətli alınmışdı. Düzünü deyim ki, mən indiyə qədər elə dadlı düyü supu bişirməmişəm.

 

Babəkin maraqlı məşğuliyyəti çox idi. Sərrast atıcılıq qabiliyyəti vardı. Cücələri pişikdən qoruyarkən atdığı daş mütləq pişiyə dəyməli idi. Uşaq əyləncəsi əsasən bu idi: “raqatka” düzəldib ondan məharətlə istifadə edirdi. Onu da xatırladım ki, Babək şəhid olduqdan sonra is yerindən gətirilən əşyalarının içində yeni düzəltmək istədiyi “raqatka” ləvazimatları da var idi...

 

Bəlli ki, biz kənd həyatı yaşayır, əkib-biçməklə məşğul oluruq. Babək evə gələndə bizə bu işlərdə yaxından köməklik edərdi. Həm məktəbdə oxuyanda, həm tələbə olanda, həm də hərbidə xidmət edəndə belə vaxt tapan kimi bizdən köməyini əsirgəmirdi. Ən çox da suvarma işini xoşlayırdı. Arxdan su gətirmək bir az çətin olurdu, çox vaxt növbə axşama qalırdı. O isə həvəslə, gecə də olsa, bu işi yerinə yetirirdi. Yatmağı da xoşlayırdı, ...sankivaxtsa yarımçıq qalan yuxularının əvəzini çıxırdı...

 

Babəkin bir sözü indi də məni çox təsirləndirir. Deyirdi ki, məni evdən uzaqlaşdırdınız, özünüzdən ayrı saldınız...

 

Mənim də cavabım bu olurdu ki, gün gələcək, hansısa bir sevimli işin, vəzifən, gözəl ailən olanda nədən belə etdiyimizi anlayacasan. Lakin bu vəd yarımçıq qaldı. Sən demə, mən onu şəhid olmağa hazırlamışammış...

 

Artıq son kursda deyirdi ki, mən özüm diplom işimi yazacam, mənə kömək etmək lazım deyil. Öz səyi ilə yazdığı diplom işi rəhbər müəllimi tərəfindən bəyənilmədi, baxmayaraq ki, onun çəkdiyi çertyojlar və nəzəri hissə mükəmməl alınmışdı...

 

Oxuduğu müddətdə öz yoldaşlarının da çertyojlarını kompüterdə o işləmişdi. Hesabat mərhələsində çətinlik çəkir, rəhbər müəllimi ona köməklik göstərmir. Bunun üçündiplom işini müdafiə edə bilmir. Diplom almadığı üçün də 1 il yox, 1 il yarım hərbi xidmət çəkməli idi.

 

2016-cı ilin yayında Babək Cəlilabad rayonunun Göytəpə kəndindəki N saylı hərbi hissədə xidmətə başladı. Andiçmə mərasimində valideynləri içəri buraxmadılar. Mərasim başa çatandan sonra görüş verdilər. Səsi batmışdı. Dedik, yəqin soyuqlamısan, ozünü gözlə, havanı dəyişmisən, bir az ehtiyatlı ol. Dedi ki, yox, soyuqlamamışam, andiçmə zamanı işıq yox idi, mikrofon işləmədiyindən, himni özümüz oxuduq, mən də elə yüksək səslə oxudum ki, səsimi gücə saldım.

 

Babək, 22 yaşı olmasına baxmayaraq, öhdəsinə düşən tapşırığı öz məsuliyyəti ilə yerinə yetirmişdi. Bəlkə də 1 il hərbi xidmətdə olsa idi, digər ali təhsillilər kimi evə gələrdi. 6 ay əlavə hərbidə qalması onun həyatında daha bir ayrılıq yaratdı. Yenə evdən uzaqda oldu. 3 il də əlavə hərbidə qalaraq müddətdən artıq xidmətdə çalışmağa razılıq verdi...

 

Əsgərlikdə olduğu müddətdə minaçıxarma üzrə təlim keçir. Sonra işini davam etdirərək XTQ-nin nəzdində kəşfiyyatçı peşəsinə yiyələnir və əsgərlərinə də bu peşənin sirlərini öyrətməklə məşğul olur. 2018-ci ildə Türkiyədə keçirilən EFS yarışlarında komanda şəklində iştirak edirlər və 1-ci yeri tutaraq geri dönürlər.

 

2019-cu ilin sonunda yaxşı xidmətinə görə Babək kiçik çavuş rütbəsinə layiq görülür. Bu illər ərzində diplomunu da müdafiə edir. Biz onun aidiyyəti üzrə işləyəcəyini düşünsək də, onun tutduğu yol hərbi oldu.

 

Babək Bakıda və hərbi xidmətdə olduğu müddətlərdə tez-tez onunla telefonla əlaqə saxlayırdıq. Özünə bağlı insan olsa da, ara-sıra fikirlərini bildirərdi. Hazırlıqlar müddətində bacı-qardaşlarına köməklik edərdi. Məntiqi güclü idi.

 

Həyatının ailə qurmaq hissəsinə bir az uzaqdan yanaşırdı. Xidmətinin 3-cü ilində artıq ailə haqqında fikirləşirdi. Buna görə də birinci olaraq özünə ev tikmək qərarı vermişdi, hətta evin ilk tikilişində özü yaxından iştirak etmişdi. Lakin onun bu arzusu da yarımçıq qaldı...

 

2020-ci il mayın sonu idi. Babəkin məzuniyyət vaxtı qurtarmışdı. Yenidən xidmətə getməyə hazırlaşırdı. Dedim ki, yanvarda xidmət vaxtın qurtarır (3 ili tamam olurdu), xidmətini başa vuran kimi evə qayıt. O isə belə cavab verdi: “Mən özümü hərbidə görürəm. Çalışacam, evə yaxın olan hərbi hissələrdən birinə dəyişilim. Mən hərbidən ayrılmayacam”.

 

...Müharibə onun hərbidən ayrılmasına imkan vermədi. Əbədi olaraq hərbidə qaldı...

 

Babəklə 26 sentyabrda danışmışdıq. Özü zəng etmişdi. Tərcümeyi-hal yazırdılar. Otaqda səs çox idi. Əhvalı mənə yaxşı gəldi. - Gedirik, - dedi. Sanki harasa qonaq gedirdilər. - Allaha əmanət olun, - dedim, yaxşı yol arzuladım.

 

Sentyabrın 27-də Vətən müharibəsi başlandı. Babək müharibənin ilk günü Kəlbəcər uğrunda Murovdağda gedən döyüşlərdə iştirak edir. Oktyabrın 1-də dağdan aşağı düşərək Füzuli istiqamətinə gedirlər. Həmin vaxt zəng edib atası ilə danışır. Axşamı yenə zəng edib qardaşı və mənimlə danışdı. Hər şey aydın idi, onlar ancaq irəli getmək haqqında düşünürdülər... Sonrakı döyüşləri Xocavənd və Cəbrayıl uğrunda olur. Bu döyüşlərdə də Babək fərqlənir, şücaət göstərir.

 

1 oktyabrda da zəng etdi. Axşam idi. Bir az oradakı vəziyyət haqqında danışdı, sonra qardaşından ötrü narahat olduğunu dedi. Onu bizə tapşırdı. Bəlli ki, onu da müharibəyə çağıracaqdılar...

 

Oktyabrın 4-dən 5-nə keçən gün Babək ağır döyüşlərdə şəhid olur. İtkin düşməsini oktyabrın sonunda bildik. Ona qədər Babəkin şəhid olması xəbərini eşidirdik. Amma harada olduğunu bilmirdik.

 

Oktyabrın 4-dən 5-nə keçən gün yuxu gördüm. Gördüm ki, körpə bir uşağı öz əlimlə sönmüş közün üzərinə qoyuram ki, üşüməsin. Birdən uşaq ağlayır, onu götürmək istəyəndə köz alışır, uşağın sol ayağını azacıq yandırır. Mən közü təmizləyəndə orada dərin yara açılır... Qəfil yuxudan ayıldım dərhal da dedim ki, Babəkə nəsə olub. Atası dedi ki, heç olmayıb, o, qayıdacaq.

 

Babək 4-5 ay itkin şəhid kimi axtarıldı. Axtarışlar, müraciətlər çox olmuşdu...

 

2021-ci il fevralın 16-da tapılan bir nəşin 19 fevral 2021-ci il tarixində Babəkə aid olduğu təsdiqləndi...

 

Babək sonuncu dəfə evə qonaq simasında, şəhid kimi gəldi axşamı evdə qaldı. Onun nəşi 20.02.2021-ci ildə dünyaya gəldiyi Əliyaqublu kəndində dəfn edildi.

 

Bir vaxtlar oxuduğu kənd məktəbi heç kimin adını daşımır. Biz çox istərdik ki, həmin məktəb Babəkin adını daşısın. Baş tutası bir işdi, amma hələ ki, gözləyirik.

 

Gözləyirik ki, bəlkə möcüzə baş verər...

 

Allah hər şeyə qadirdir...

 

(Ardı var)

 

Hikmət Məlikzadə

Bakı Xəbər  2025.- 13 mart (№ 46).- S.13;14.