Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

 

Azərbaycan dövlətinin Böyük Qayıdış planına uyğun olaraq əhalinin öz yurdlarına köçürülməsi prosesi gedir, məskunlaşdırma işləri aparılır. Bu proqramın əsas hədəflərindən biri azad bölgənin təhsil sisteminin yenidən qurulmasıdır.

 

2025-ci ilin yanvar ayında Elm və Təhsil Nazirliyinin yaydığı rəsmi məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 11 məktəb və 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Azad ərazilərdəki ümumi təhsil müəssisələrində 2212 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 272 təhsilverən məşğul olur. Bu günlərdə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumatda isə bildirilir ki, azad edilmiş ərazilərdə 6 məktəbəqədər təhsil müəssisəsində 211 uşaq təhsil alır.

 

Bu göstəricilər qayıdışın ilk mərhələsində təhsilin rolunu...”

 

Tanınmış təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyatın bərpası və insanların doğma yurdlarına qayıtması üçün infrastruktur layihələri geniş şəkildə həyata keçirilir.Bu prosesin ən vacib komponentlərindən biri də təhsildir. Hazırda azad edilmiş rayonlarda 11 məktəb və 6 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Bu təhsil müəssisələrində 2 mindən çox şagird təhsil alır, 300-ə yaxın müəllim işləyir. Məktəbəqədər təhsil müəssisələrində isə 211 uşaq təhsilə cəlb olunub. Bu göstəricilər qayıdışın ilk mərhələsində təhsilin rolunu vurğulasa da, ümumi mənzərədə ciddi çağırışların mövcud olduğunu göstərir.

 

Böyük Qayıdış çərçivəsində təhsilin inkişafı təkcə məktəblərin tikilib istifadəyə verilməsi ilə məhdudlaşmır. İnsanların bu bölgələrə qayıdıb davamlı yaşayış qurması üçün təhsil infrastrukturu yüksək səviyyədə qurulmalı və cəmiyyətə inteqrasiya edilməlidir. Məsələn, Füzuli, Zəngilan və Şuşa kimi şəhərlərdə yeni məktəblər tikilsə də, həmin məktəblərdə təhsil alan şagirdlərin sayı hələ də gözləniləndən azdır. Bu, insanların qayıdış tempinin yavaş olması ilə bağlıdır. Əgər 11 məktəbdə cəmi 2 min şagird təhsil alırsa, bu o deməkdir ki, hər məktəbə orta hesabla 180 şagird düşür. Halbuki, Azərbaycan üzrə məktəblərdə orta hesabla siniflərdə 20-30 nəfər şagird olurbu göstərici böyük şəhərlərdə 35-40-a qədər yüksəlir. Bu statistika azad edilmiş ərazilərdə məskunlaşmanın hələ tam sürətlə getmədiyini və təhsil müəssisələrinin potensialının tam istifadə olunmadığını göstərir”-deyə K.Əsədov bildirdi.

 

K.Əsədovun sözlərinə görə, məktəbəqədər təhsilə gəlincə, burada vəziyyət daha da diqqət çəkicidir. “Azad edilmiş ərazilərdə 6 bağçada cəmi 211 uşaq təhsil alır. Bu isə hər bağçaya orta hesabla 35 uşaq düşdüyünü göstərir. Halbuki, orta hesabla bir bağçada 100-150 uşaq olmalıdır ki, onun fəaliyyətinin effektivliyi təmin olunsun. Məktəbəqədər təhsilin inkişafı bölgənin sosial strukturunun formalaşması üçün olduqca vacibdir. Çünki ailələr qayıdarkən ilk növbədə övladlarının təhsil məsələsini həll etməyə çalışır. Əgər bölgədə məktəbəqədər təhsil infrastrukturunun inkişafı zəif olarsa, bu, ailələrin şəhərlərə yönəlməsinə və bölgəyə qayıdışın ləngiməsinə səbəb olacaq.

 

Təhsil müəssisələrinin bərpası və yenilərinin tikilməsi Böyük Qayıdış prosesinin yalnız fiziki infrastruktura əsaslanan hissəsi deyil, həm də sosial və mədəni inteqrasiyanın əsas mexanizmidir. Məktəblər yalnız tədris ocağı deyil, eyni zamanda, yerli icmaların formalaşmasına və sosial həyatın canlanmasına töhfə verir. Şuşa, AğdamFüzuli kimi bölgələrdə yeni məktəblərin açılması həmin bölgələrdə həyatın yenidən qurulmasına təkan verir. Lakin bu proses təkcə məktəblərin sayını artırmaqla kifayətlənməməlidir. Tədrisin keyfiyyəti, müasir təhsil proqramlarının tətbiqi və müəllimlərin sosial təminatı kimi məsələlər də prioritet olmalıdır.

 

Təhsil infrastrukturunun inkişafı eyni zamanda iqtisadi və mədəni inkişaf üçünvacibdir. Azad edilmiş ərazilərdə yeni məktəblərin açılması bu bölgələrdə müəllimlər və digər təhsil işçiləri üçün yerləri yaradır. Müəllimlərin həmin bölgələrdə işləməsi və uzunmüddətli məskunlaşması üçün onların əməkhaqqı artırılmalı, əlavə sosial təminatlar verilməlidir. Hazırda bölgədə 300-ə yaxın müəllim çalışır ki, bu da orta hesabla hər məktəbə 27 müəllim düşməsi deməkdir. Bu göstərici Azərbaycandakı ümumi orta məktəblərdə müəllim-şagird nisbəti ilə müqayisədə nisbətən azdır. Regionlarda müəllim çatışmazlığı problemi əvvəldən mövcud olub və hazırda azad edilən ərazilərdə də bu çatışmazlıq hiss olunur.

 

Digər tərəfdən, məktəblərdə tədris proqramının məzmunu da azad edilmiş ərazilərdə təhsilin inkişafında mühüm rol oynayır. Qarabağın tarixi, mədəni irsi və Azərbaycanın bu bölgədəki varlığının qorunması məqsədilə xüsusi dərs proqramları tərtib olunmalıdır. Şuşa kimi mədəniyyət mərkəzlərində musiqi və incəsənət üzrə ixtisaslaşdırılmış məktəblərin açılması bölgənin mədəniyyətinin bərpasına böyük töhfə verə bilər. Bununla yanaşı, STEAM təhsili və texniki-peşə yönümlü təhsil müəssisələrinin yaradılması bölgənin gələcək iqtisadi potensialını formalaşdırmaq üçün vacibdir”.

 

Azad edilmiş ərazilərdə təhsilin gücləndirilməsi, həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan...”

 

K.Əsədovun fikrincə, azad edilmiş ərazilərdə təhsilin bərpasında qarşıya çıxan əsas problemlərdən biri də bölgədə infrastruktura tam çıxışın təmin edilməməsidir. “Məktəblərin açılması vacibdir, lakin bu məktəblərə rahat yol, internet, suenerji təminatı da əsas prioritetlərdən biri olmalıdır. Əgər məktəblərdə müasir laboratoriyalar, kompüter otaqları və texniki avadanlıqlar olmasa, təhsil prosesinin effektivliyi aşağı düşəcək. Regionlarda fəaliyyət göstərən məktəblərdə müasir texnologiyaların tətbiqi ilə bağlı proqramların həyata keçirilməsi təhsil keyfiyyətinin artırılmasına töhfə verə bilər.

 

Məktəblərin fəaliyyəti və inkişafı təkcə dövlətin məsuliyyəti deyil, həm də özəl sektorun və beynəlxalq təşkilatların dəstəyi ilə daha effektiv həyata keçirilə bilər. Bir sıra beynəlxalq təşkilatlar post-münaqişə zonalarında təhsilin bərpasına dəstək göstərir. Azərbaycanın azad edilmiş ərazilərində təhsil müəssisələrinin inkişafı üçün bu cür dəstəklərin artırılması və dövlət-özəl tərəfdaşlığı modeli üzərində aparılması faydalı olardı.

 

Müəllimlərin bölgəyə cəlb edilməsi və onların sosial təminatının gücləndirilməsi Böyük Qayıdış prosesində xüsusi diqqət tələb edir. Hazırda azad edilmiş ərazilərdə fəaliyyət göstərən müəllimlərin bir qismi bölgəyə ezam olunanlardır. Bu isə davamlı təhsil sisteminin qurulmasını çətinləşdirir. Müəllimlərin həmin bölgələrdə yaşaması və uzunmüddətli fəaliyyət göstərməsi üçün onların mənzil və digər sosial təminatları yaxşılaşdırılmalıdır.

 

Bütün bu məsələlər nəzərə alınarsa, Böyük Qayıdış çərçivəsində təhsilin inkişafı yalnız məktəblərin açılması ilə məhdudlaşmamalı, eyni zamanda keyfiyyətli təhsil sisteminin qurulmasına yönəlməlidir. Azad edilmiş ərazilərdə təhsil təkcə məktəbə getmək anlamına gəlmir, bu bölgələrin yenidən inkişaf etməsi, yeni nəsillərin vətənpərvər ruhda böyüməsi və Azərbaycanın gələcək iqtisadi potensialının formalaşması üçün əsas faktorlardan biridir. Təhsil yalnız gələcəyin təminatçısı deyil, eyni zamanda, milli kimliyimizin qoruyucusudur. Azad edilmiş ərazilərdə təhsilin gücləndirilməsi, həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək”-deyə K.Əsədov vurğuladı.

 

İradə SARIYEVA          

Bakı Xəbər  2025.- 14 mart (№47).- S.8.