Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

 

Xalqımızın zəngin dövlətçilik tarixi, eləcə də özünəməxsus milli adət-ənənələri, elm və mədəniyyəti haqqında geniş məlumatlar dünya ictimaiyyətinə bəllidir. Tarixi qaynaqlar təsdiq edir ki, dövlətçilik ənənələrimizin beş min ildən çox tarixi var.

 

Heç şübhəsiz ki, bu qədim dövlətçilik ənənələrimiz bizim mədəniyyətimizin, ədəbiyyatımızın, elm və təhsilimizin inkişafına, tərəqqisinə təsirsiz ötüşməyib, saysız-hesabsız töhfələr verib. Deməli, bu ənənələrin qorunması, eləcə də təbliği günümüzün ən aktual məsələlərindən biri hesab olunur və hər zaman olduğu kimi, yenə vacib sayılır.

 

Azərbaycan xalqı öz ənənələrinin keşiyindədir

 

Dövlətçilik tariximizə, adət-ənənələrimizə, milli dəyərlərimizə olan hörmət və ehtiramın öz bəhrəsini verdiyinin hər birimiz şahidiyik. Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra milli-mənəvi dəyərlərin qorunması, xalqımıza məxsus olan dövlətçilik tarixinin, adət-ənənələrimizin dərindən öyrənilməsi, bu istiqamətdə aparılan maarifləndirmə və təbliğatın nəticəsi özünü göstərdi və şahidi olduq ki, qələbələr əldə etmək, zəfər qazanmaq üçün məhz həmin maarifləndirmə və təbliğatın rolu olduqca böyükdür. Məhz 44 günlük Vətən müharibəsi zamanı vətəndaşlarımızın vətən uğrunda, ali dəyərlər naminə necə mübarizə apardığını gördük. Nəticədə və bir daha əmin olduq ki, xalqımızın zəngin dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği çox vacib məqamdır. Bu vaxta qədər heç zaman Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində olmayan, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəslin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ən qısa zamanda Zəfərə imza atması da məhz elə mənəvi dəyərlərin təbliği, milli ruhda, dövlətçilik, azərbaycançılıq ruhunda tərbiyənin məntiqi nəticəsi sayılır. İşğal altında olan torpaqlarımız uğrunda döyüşən, canlarını, qanlarını əsirgəməyənlər dövlətçilik tariximizə, dəyərlərimizə, ənənələrimizə necə bağlı olduqlarını bütün dünyaya sübut etdilər. Vətən torpağının hər qarışı uğrunda canını fəda edənlər göstərdilər ki, vətəni sevmək, dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmaq necə olur. Bütün dünya ictimaiyyəti bir daha əmin oldu ki, Azərbaycan xalqı öz dövlətçilik tarixinə, milli-mənəvi dəyərlərinə, özünə məxsus olana böyük hörmətlə yanaşır və hər zaman da ali dəyərlərin, öz ənənələrinin keşiyindədir. Azərbaycan əsgərinin döyüş meydanında necə böyük ruh yüksəkliyi ilə döyüşməsi, vətən uğrunda, vətən torpağını işğaldan azad etmək uğrunda hansı həvəslə vuruşması bütün dünya ictimaiyyətinin diqqətindən yayınmayıb və yaddaşlardan da silinən deyil. Vətən müharibəsi və bu müharibədə əsgərlərimiz tərəfindən göstərilən şücaət bir daha təsdiq etdi ki, həmin torpaqların sahibi o torpaqları qoyub qaçanlar yox, məhz həmin torpaqların hər qarışı uğrunda canından keçməyə hazır olanlardır və onlar Azərbaycanın dövlətçilik tarixinin, milli-mənəvi dəyərlərinin, bizə məxsus olanın keşiyində duran, onu qoruyan, dəyər verən azərbaycanlılardır. Güclü dövlətçilik quruculuğu ilə adət-ənənələr, eləcə də həmin adət-ənənələrin formalaşdırdığı milli dəyərlər sistemi arasında qırılmaz bağlılıq, vəhdət danılmazdır. Əxlaqi və milli vətənəpərvərlik baxımından cəmiyyəti düzgün istiqamətə yönəldən məqamın da elə ilk növbədə, adət və ənənələr olduğu təkzib edilə bilməz. Ona görə də cəsarətlə deyə bilərik ki, hər bir dövlətin gücü məhz həmin dəyərlərin cəmiyyəti saf təməllər üzərində tərbiyə etməsindən birbaşa asılıdır və qırılmaz bağlılıq, vəhdət də elə buradan təzahür edir. Heç şübhəsiz ki, güclü və qüdrətli dövlətin meydana çıxmasında məhz adət-ənənələrin vacib rol oynadığı artıq zərrə qədər də şübhə doğurmur.

 

Ermənistan şərtlərimizi qəbul edib

 

Bu arada məlum olub ki, Ermənistan sülh danışıqları ilə bağlı Azərbaycanın şərtlərini qəbul edib. Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşıb. Azərbaycan və Ermənistan arasında sülh danışıqları təkliflərin 12-ci dəfə mübadiləsindən sonra başa çatıb. Nazir qeyd edib ki, açıq qalan iki maddə üzrə Ermənistan Azərbaycan tərəfinin təkliflərini qəbul edib: “Azərbaycanın növbəti gözləntisi Ermənistan konstitusiyasında dəyişiklik edilməsidir”. Rəsmi İrəvan bu açıqlamaya cavab veribBayramovun bəyanatını təsdiqləyib.

 

Ermənistanla sülh sazişi üzərində işin başa çatdırılması Azərbaycan dövlətçiliyi tarixində necə bir fakt kimi qalacaq?

 

Bu, Zəfər tariximizin yaratdığı hərbi-siyasi proseslərin önəmli bir halqasıdır

 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, bu, Azərbaycan tarixində çox önəmli bir hadisə olaraq qalacaq: “Bu, Zəfər tariximizin yaratdığı hərbi-siyasi proseslərin önəmli bir həlqəsidir. Məsələ ondadır ki, 200 ilidi biz torpaqlarımızı buya digər şəkildə itirirdik. 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsindən üzü bəri Azərbaycan torpaq itkisi ilə üzləşirdi. 1813-cü ildə imzalanan Gülüstan, 1828-ci ildə imzalanan Türkmənçay müqavilələri ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü. Ondan sonra Rusiya imperiyasının apardığı mənfur siyasətin nəticəsi olaraq tarixi Azərbaycan ərazilərində süni Ermənistan yaradıldı. Bolşevik Rusiyası 1920-ci ilin dekabrında Göyçə və Zəngəzur daxil olmaqla 20 min kvadrat kilometr ərazilərimizi Ermənistana hədiyyə etdi. Bütün bunlar azmış kimi, Qarabağda etnik ermənilərə 1923-cü vilayət statusu verib onları başımıza bəla etdilər. Bunun kulminasiya nöqtəsi olaraq 1988-ci ildə Ermənistandan bütün azərbaycanlılar deportasiya edildi. 1994-cü ilin 12 may atəşkəsinə qədər Qarabağ və ətraf 7 rayon işğal edildi. 2020-ci ilin 44 günlük şanlı Vətən müharibəsi illərlə davam edən torpaq itkisinə son qoydu. Ərazilərimiz işğaldan azad edildi. Müharibədən sonra yaranan reallıqlar 2022-ci ilin oktyabrında Praqada Ermənistanı rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa məcbur etdi. 2023-cü ilin sentyabrında Xankəndi, Xocalı, Xocəvənd, Əsgəran və Ağdərə daxil olmaqla Qarabağda suverenliyimiz tam bərqərar olundu. 2024-cü ilin aprelində Qazaxın 4 kəndi işğaldan azad edildi. Azərbaycanla Ermənistan sərhədinin 13 kilometrə qədər olan hissəsi delimitasiya edildi. Proses bu gündavam edir. Bugünə qədər Ermənistan 17 maddəlik sülh sazişinin 15 maddəsinə razılıq vermişdisə, artıq yerdə qalan 2 maddəyə də razılıq verdi. Bu o deməkdir ki, iki ölkə arasında sülh sazişinin imzalanması uzaqda deyil”.

 

Vidadi ORDAHALLI                                

Bakı Xəbər  2025.- 15-17 mart (№48).- S.8.