Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə
daha təsirli rol
oynadı...
Azərbaycanın uğurla ev sahibliyi etdiyi XII Qlobal Bakı Forumu ölkəmizlə bağlı həqiqətlərin dünya ictimiayyətinə çatdırılmasında mühüm rol oynadı. “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda təşkil edilən XII Qlobal Bakı Forumu ölkəmizin milli-mənəvi dəyərlərinin təqdimatı baxımından da böyük əhəmiyyətə malikdir.
Bu mənada azərbaycançılıq ideologiyasının beynəlxalq aləmdə tanısılması üçün də XII Qlobal Bakı Forumu və ondan öncə keçirilən analoji tədbirlərin önəmi olduqca yükəskdir. Axı azərbaycançılıq həm də milli-mənəvi dəyərlərə söykənir.
Azərbaycançılığın dünyada daha geniş təqdimatı reallaşır
Milli-mənəvi dəyərlərimizin, dilimizin, tariximizin təbliğində azərbaycançılıq ideologiyası müstəsna rol oynayır. Artıq bu ideologiya dünya azərbaycanlılarının bir araya gəlməsinə zəruri töhfələr verib. İndi onun dünyada daha geniş təqdimatına da ehtiyac var. Bu mənada XII Qlobal Bakı Forumunun əhəmiyyəti olduqca yüksəkdir.
Azərbaycançılıq ideologiyasının mühüm bir tərəfi onun sülhü, barışı təbliğ etməsi, insanların mehribançılıq şəraitində yaşamasıdır. Ulu öndər Heydər Əliyevin öz çıxışlarında dəfələrlə qeyd etdiyi kimi kamil milli ideologiyanın başlıca vəzifəsi insan, cəmiyyət və milli durumu mədəniyyət atributuna çevirməkdə yardımçı olmaqdır, birgəyaşayışın əxlaq qaydalarının zəruriliyini və mahiyyətini aşılamaqdır. Kamil milli ideologiya birləşdirici simvola çevrilməli, taleyüklü problemlərin həllində dövlətə və cəmiyyətə, ümumə bəşəriyyətə dayaq olmalıdır. Azərbaycan məhz dünyaya bunu təbliğ edir, bu təbliğatda azərbaycançılıq ideologiyasının elementləri geniş istifadə olunur. Bu fonda Azərbaycan sülhü təbliğ edir, Ermənistanla düşmənçilik səhifəsini bağlamağa hazır olduğunu, düşmənçilik səhifəsini çevirmək niyyətini açıq mətnlə bildirir. XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına müsahibə verən prezident İlham Əliyev dünyadakı indiki vəziyyətə, Ermənistanla münasibətlərin gələcəyinə toxunaraq bu fonda qeyd edib: “Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir. Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq. Eyni yanaşmanı dünyanın bütün digər hissələrinə - Yaxın Şərqə və Afrikaya da şamil etmək olar. Əfsuslar olsun ki, münaqişələrin sayı artmaqdadır və əgər siz öz həllini tapmış münaqişə axtarsanız, görə bilərsiniz ki, sadəcə burada, Qarabağda olan münaqişə öz həllini tapıb. Bu, beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir”. O da bəllidir ki, azərbaycançılıq ideologiyası ölkədə kimliyindən asılı olmayaraq, bütün fərqli etnikləri bir arada birləşdirir. İndi bu yanaşmanın dünyada tətbiqi bəşəriyyətin xaosdan xilasında mühüm rol oynaya bilər.
Azərbaycanın dünyada təbliği ideoloji əsasda yeni vüsət alır
O da bəllidir ki, Azərbaycanın dünyada təbliğində, mövqelərinin gücləndrilməsində azərbaycançılıq ideologiyası böyük rol oynayır. Azərbaycançılıq ideologiyasının xaricdə yaşayan soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü iş aparılır. Amma indi prosesin beynəlxalq xarakter alması da vacibdir. XII Qlobal Bakı Forumu bu cəhətdən də böyük önəm kəsb edir.
Bəllidir ki, Azərbaycan bu gün sabitlik və təhlükəsizlik adasına çevrilib. Ölkəmiz siyasi-ictimai sabitliyi, dinamik iqtisadi inkişafı, uğurlu xarici siyasəti və sosial rifah səviyyəsi ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Azərbaycan getdikcə artan nüfuzu ilə yanaşı, qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlığın mühüm platformasına çevrilib. Forumun Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. Milli Məclisin deputatı Tahir Mirkişili bu fonda bildirir ki, XII Qlobal Bakı Forumu Azərbaycanın öz həqiqətlərini dünyaya çatdırmaq baxımından unikal platformadır: “Biz öz imkanlarımızı, perspektiv planlarımızı, sülhə xidmət edən siyasətimizi xarici dövlətlərə və beynəlxalq təşkilatlara çatdırdıq. Azərbaycan dünyada cərəyan edən iqtisadi və siyasi proseslərə seyrçi qalmaq niyyətində deyil. Bakı yeni dünya düzənində özünəməxsus yer tutmaq istəyir və bu istiqamətdə ciddi addımlar atır”. Qeyd edək ki, müasir Azərbaycan açıq vətəndaş cəmiyyəti quran bir dövlət kimi bütün dinlərin, təriqətlərin, etiqadların, Şərq və Qərb mədəniyyətlərinin, digər mənəvi və bəşəri dəyərlərin sintezindən ibarət bir diyardır. Bu nümunənin dünyada geniş təbliğinə ehtiyac var. Bu, həm də azərbaycançılıq ideologiyasının təbliği deməkdir. Bu müstəvidə də azərbaycançılıq milli təfəkkür tərzinə çevrilməklə yanaşı, dünyaya ölkəmzlə bağlı həqiqətlərin çatdırılması cəhətdən də böyük önəmə malikdir. O da xüsusi nəzərə alınmalıdır ki, dünyada mürəkkəb, bəzən kəskin ziddiyyətlərlə müşayiət olunan qlobal proseslərin getdiyi indiki dövrdə ölkələr böyük təhdidlərlə üz-üzə qalır. Özü də kimsə təhlükənin nə vaxt və haradan gələcəyini öncədən proqnozlaşdıra bilmir. Bu, həm də onunla bağlıdır ki, dünya yeni bir transformasiya dövründə yaşayır. təkqütblü dünyadan çoxqütblü dünyaya keçidin astanasındadır. Beləliklə, dünya öz tarixinin yeni, əvvəlkilərdən az qala bütün komponentləri ilə fərqlənən bir dövrünü yaşamaqdadır. Belə bir dövrdə dövlətlərin ayaqda qalması onların əsaslandığı ideoloji doktrinanın zamanın çağırışlarına nə dərəcədə adekvat reaksiya verə biləcəyindən çox asılıdır. Bu mənada azərbaycançılıq ideologiyası ölkəmiz üçün həm də bir xilas platformasısır.
Tahir TAĞIYEV
Bakı Xəbər
2025.- 18 mart (№49).- S.8.