“Hər dəfə yuxuma girəndə mənə deyir
ki, bibi, ağlama, mən ölməmişəm”
Vətən müharibəsi şəhidi, neçə-neçə qəhrəmanlıq nümunəsi yazmış Babək Namazov haqqında doğmaları, dostları, onun qəhrəmanlığına şahidlik edən zabit və əsgərlər də bir-birindən maraqlı fikirlər səsləndiriblər. Həmin fikirlərdən bəzi seçmələri təqdim edirik...
Zərəngül Namazova, bibisi
- Namazov Babək Səhman oğlu Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olmuşdu. O, uşaq vaxtından qorxmaz, sözün düzünü deyən, hamının gözünə dik baxmağı bacaran oğul idi. Heç bir uşağın etmədiyini Babək etməyə qadir idi. O, fitri istedadı ilə də uşaqlardan fərqlənirdi. Nəsə düzəltməyi, yaratmağı bacarırdı. O, yaxşı oxumağı ilə də seçilirdi. Nə qədər dəcəl olsa da, böyüyün, kiçiyin yerini uşaq vaxtından bilirdi. Böyüyə hörmət onun qanında, canında idi. Özündən böyüyə daim hörmətlə yanaşar və “siz” deyə müraciət edərdi.
Babək 5-ci sinfi qurtarandan sonra Gəncəyə gəlib, bizdə qalıb. Onun ən gözəl çağları bizim evimizdə, mənim yanımda keçib. Öz uşaqlarımla bərabər oturub, deyib-gülərdi. Heç birindən seçilməzdi. Nə desən, həmin dəqiqə əməl edərdi. Deyərdi ki, bibi, təki sənin canın sağ olsun.
Məktəbdə öz biliyi ilə, ağlı ilə seçilib. Daim direktor iclaslarda məni çağırıb deyərdi ki, sənin nə ağıllı balan var.
Riyaziyyatı su kimi bilirdi...
Bir dəfə məktəbdə
Cəlil adlı oğlan ayağını
uzadıb onu yıxmışdı. Nəticədə
qolu qırılmışdı. Amma Babək həmin oğlanı
bağışlamışdı. Babək
bağışlamağı da sevirdi. Onun əsas məqsədi
düzgünlük idi.
Həmişə deyirdi ki,
mən Vətən uğrunda
çalışıb, Vətənin ən layiqli
əsgərlərindən biri olacam. O,
orta məktəbi bitirdikdən sonra Azərabaycan Texniki Universitetinə qəbul oldu. Universiteti bitirdikdən sonra
isə hərbi xidmətə yollandı.
Hərbi
xidmətdə də ondan komandanlıq - polkovniki ağız dolusu danışardı.
O, qoçaqlığı, sərtliyi, hazırcavablığı,
bacarığı ilə
fərqlənirdi. Bu səbəbdən də Babəki xüsusi təyinatlı qrupda saxladılar. Türkiyədə keçirilən 6 aylıq
yarışda birinci yeri tutmuşdu. Oradan fəxri fərmanla qayıtmışdı.
Bundan başqa,
Babək düşmənin
gözünə cəsur
gözlərlə baxmağa
qadir idi. Heç kəsdən
qorxmazdı. Ona əsgərlər
“Yırtıcı Babək”
deyirdilər. Onun ləqəbi
idi bu. Bunu mən İcra Hakimiyyətində eşidəndə
dəhşətə gəldim.
Babək öz düzgünlüyü
ilə, vətənpərvərliyi
ilə, Vətənə
olan məhəbbət
ilə, Vətən eşqi ilə alışıb yanırdı. Elə Vətən uğrunda da öz canını
qurban verdi.
Babək, demək olar ki, bibilərinin içində ən çox məni istəyirdi. Mənə bağlı olduğu üçün 5-ci sinfi bitirəndən sonra dedi ki, mən
bibimlə qalmaq istəyirəm. Onu həyatda yetişdirən,
mükəmməl biliklərə
sahib edən mən olmuşam. Demək olar ki, ikinci anası mən idim.
Onun ata nənəsinin atası vaxtilə Ermənistandan olan qaçqınlardan olub. Amasiya rayonundan gəliblər.
Nənə və babası
Babəkə həmişə
ermənilərin zülmündən
danışanda, onda ermənilərə xüsusi
nifrət oyanırdı.
Qəzəbini güclə cilovlayırdı.
Məktəbdə son zəng keçiriləndə
Babək yalnız bir dəfə oynadı. Soruşanda ki, niyə oynamırsan, deyirdi ki, utanıram oynamaqdan.
Məktəbin direktoru Təranə xanım həmişə onun ağıllı, dərin zəkalı, iti baxışa malik olduğunu deyərdi.
Babəkin müəllimlərindən biri
də Ədalət müəllim idi. Ədalət
müəllim onun ölüm xəbərini
eşidəndən sonra
bizə başsağlığına
gəlmişdi...
Demə, Babək həmişə məzuniyyətə gələndə
gedib ona 50, 100 manat pul verirmiş. O, xəstə
yatırdı. Bunu Ədalət müəllim
bizə deyəndə
Babəkin ürəyinin
böyüklüyünə heyran qaldıq...
Babək artıq Vətən oğludur. O, elə bir ucalığa qalxıb ki, orada Ay kimi işıq
saçır. Onun Vətən
sevgisi indi hamımıza bir örnəkdir.
Əlbəttə, vaxt keçəcək, şəhidlər haqqında
dastanlar, şeirlər
və bir-birindən maraqlı əsərlər
yazılacaq. O zaman Babəkin də adı dillərdə dolaşacaq...
Babək
bizim qürur və and yerimizdir...
Zərnigar Namazova,
bibisi
Basdığın yerlərə torpaq
deyərək keçmə
tanı,
Düşün altındakı minlərlə
kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır,
atanı,
Vermə
dünyaları alsan da, bu cənnət
vətəni!
M.Akif Ərsoy
Babək
haqqında düşüncələrim-xatirələrim
mənə bu şeiri xatırladır...
Göllərim qurudu, sandım
ağladı,
Sonama səs verdi
anam, ağladı.
Toyuna aldığım xınam
ağladı,
Mənə qara daşlar səs verdi,
oğlum.
Səni
andım, elə yandım, elə yandım...
Oğul
gördüm, anasına
biganə,
Oğul
gördüm, anasına
divanə...
Babək
adını sənə
atam verdi.
Sən özün isə bu adı daha
da rövnəqləndirdin.
Bu adı o qədər
ucaltdın ki, çoxları bu ada, şəhidlərə
qibtə edirlər və edəcəklər.
Uşaqlıqdan inadcıl idin, cəsur, dönməz idin. Biz bilməz idik
ki, sən hamımızdan əvvəl
Allah dərgahına gedəcəksən,
uca məqama yüksələcəksən...
Yaman mərhəmətli
idin, heç bir heyvanı incitməzdin. Gah quşlara yem verirdin, gah it saxlayırdın, yumurtadan
təzə çıxmış
cücələri necə
də qoruyardın... Başladığın işi yarımçıq
qoymazdın.
Ali təhsilini bitirib orduya getdin, ən çətin işi seçdin... Mina axtaran Babək...
...Yoldaşları ona “canavar” deyə müraciət edirlərmiş...
Yasa gələn bir dostu danışdı ki, bir dəfə
təlim zamanı özümü itirdim.
Altı kilometr qaçmalı idik... Mən ona dedim
ki, Babək, məni qoy get. O isə məni çiyninə aldı və bu qədər
məsafəni belə
qaçdı...
Bir dəfə bacım ona sual verdi ki, Babək, niyə bu sahəni seçdin? Babək belə cavab verdi ki,
bibi, ya məni yolda maşın vurdu, öldüm, ya da Vətən üçün öldüm.
Hansı
ölüm daha şərəflidir, səncə?!
Mən həyatımı
hər an Vətənə qurban verməyə hazıram...
Dediyi kimi də etdi. Babək
Cəbrayıl döyüşlərində
Vətən adlı şahpəriyə qurban getdi... Düşünürəm ki, son anda nə söylədi igidim, şəhidim?!
Şəhidlərin son anda şahidi uca Allah olur. Şahidi
Allah olan şəhidlər!
Yeriniz cənnət olsun! Doğrudan da, şəhidlər
ölməzlər, onlar
hər zaman diridirlər. Onlara ölü deməyin! Sanki
hər gün Babək mənə deyir ki, bibi,
mən şəhid oldum ki, Vətən
torpağı azad olsun! Mən şəhid oldum
ki, qız-gəlinlərin
namusu tapdalanmasın, Vətənim yağmalanmasın.
Düşünürəm ki, sevə-sevə
həyatını kimlərəsə
fəda etməyi bacarmaq özü bir qəhrəmanlıqdır.
Görəsən, bunu hamı
bacarırmı?!
...Özünə ev
tikdin, yuva qurmaq istədin. Taleyə bax, Allahım! Evi var, özü yox... Sənə yox deyə bilmirəm,
mənim əbədi yaşayanım! Bizdən sənə nə
qaldı, bilmirəm.
Səndən bizə bir ömürlük xatirə qaldı...
Ata qardaşım mənim,
Könül sirdaşım mənim.
Həm sevincim, həm qəmim,
Həm də göz yaşım mənim!
Sevdiklərinə söyləyirdin ki, fikir etməyin, sizlərə hər cür şərait yaradacağam. Bacısı Şəmsə, qardaşı Kamrana söyləyirdi ki, mənim kimi qardaşınız var, heç nədən qorxmayın. Deməli, bu
sözləri əbəs
yerə demirmiş Babək oğlumuz. Cəmi 26 il
yaşadı. Babək adını
zəfər tariximizə
yazdı, çoxlarına
etalon oldu. Özünə elə ölüm seçdi ki, ölməzliyə qovuşdu.
Hər dəfə yuxuma girəndə mənə deyir ki, bibi,
ağlama, mən ölməmişəm, hamınızı
görürəm. Eşq
olsun belə oğullara, əbədi ölməzlərə, şəhidlərə!
Eşq olsun ölümü ilə hamıya nur saçanlara! Eşq olsun ölümü ilə Allah məqamına
ucalanlara, şəhidlik
zirvəsini fəth edənlərə! Rahat yatın şəhidlər,
siz insanlara yaşamaq dərsi verən qəhrəmanlarsınız...
Düşünürəm ki, tikdiyin evdə
gələcəkdə bir
balaca Babək yaşayar, evinin işığını yandırar. Sənin
qəhrəmanlığından dərs ala-ala böyüyər,
sənin kimi cəsur, dönməz, igid bir oğlan
olar...
(Ardı var)
Hikmət Məlikzadə
Bakı Xəbər 2025.- 18 mart (№ 49).- S.15.