Diaspor təşkilatlarımız
və azad rayonlarımızın bərpasında
iştirak problemləri...
Azərbaycan diaspor və lobbiçilik sahəsində uğurları ilə
dünya miqyasında nüfuz
qazanan ölkədir.
Dövlətimizin apardığı strateji siyasət və güclü diplomatik təşəbbüslər sayəsində Azərbaycan diasporu ölkənin maraqlarını müxtəlif beynəlxalq platformalarda fəal şəkildə müdafiə edir. Bu, həmrəylik və birliyin yüksək səviyyədə qorunmasının göstəricisidir.
Azərbaycan böyük potensialı olan diaspora malikdir
Azərbaycan diaspor təşkilatları həmrəyliyini və milli kimliyini gücləndirmək məqsədilə dünya miqyasında hər zaman mühüm layihələr həyata keçirir. Bu təşkilatlar Azərbaycan mədəniyyətini tanıtmaqla yanaşı, həm də digər ölkələrdəki cəmiyyətlərlə əlaqələrin inkişafına böyük töhfələr verir. Diasporumuz ölkəmizin xarici siyasətinin dəstəklənməsi və Azərbaycanın haqq səsini duyulması istiqamətində vacib rol oynayır. Azərbaycan xalqı, həmrəylik və milli birliyin vacibliyini daim ön planda tutaraq, bütün dünyada öz tarixi və mədəni dəyərlərini qorumağa davam edir. Bu birliyə əsaslanaraq, Azərbaycan, diaspor təşkilatları və vətəndaşları ilə qlobal səviyyədə güclü mövqe sərgiləyir. Bu da ölkəmizin beynəlxalq arenada daha da tanınmasına və hörmət qazanmasına səbəb olur. Hazırda diasporun dövlətin dayağı olması bir aksiomdur. Dünya təcrübəsi də bunu sübut edir, yəhudi, yunan və erməni diasporlarının fəaliyyəti də təsdiq edir. Bu diasporlar, faktiki olaraq, dövlət xaricində bir dövlət yaradıblar və öz dövlətlərinə dayaq olurlar. Azərbaycan da böyük potensialı olan diaspora malikdir - dünya azərbaycanlılarının yalnız beşdən biri Azərbaycanda yaşayır. Vətəndən xaricdə yaşayan azərbaycanlıların (İran, Rusiya, Gürcüstan və s. ölkələrdə tarixi vətənlərində yaşayan azərbaycanlılar diaspor hesab olunmur) sayı milyonlarla ölçüldüyü kimi, onların sərmayəsi də milyardlarla ölçülür. Bu həm iqtisadi, həm də siyasi cəhətdən böyük qüvvədir. Bu qüvvəni cəmləşdirmək, Azərbaycan Respublikası ətrafında birləşdirmək olarsa, dağı dağ üstə qoymaq, necə deyərlər, dünyanı məhvərindən oynatmaq olar. Dünya azərbaycanlılarının Azərbaycana bağlanması, Azərbaycanla yaşaması üçün mənəvi əsas ola biləcək bir ideya var - bu, Azərbaycançılıqdır. Azərbaycan diasporunun yaranması, birləşməsi üçün mənəvi əsas-azərbaycançılıq ideyası vacib olduğu kimi, bu ideyanın yaşaması, inkişaf etməsi üçün maddi əsas - aparıcı qurum lazımdır. Tarix boyu dövlətçiliyi olmayan, amma yaşayan və inkişaf edən yəhudi və erməni diasporları üçün belə bir qurum rolunu, məlum olduğu kimi, kilsə (məbəd) oynamışdır. Xaricdə yaşayan türklərin birləşməsində, güclü türk diasporunun (məsələn, Almaniyada olduğu kimi) yaranmasında aparıcı rol isə Türkiyə dövlətinə məxsusdur. Qeyd etmək lazımdır ki, diasporun yəhudi və türk modellərinin yaranması fərqli olduğu kimi, missiyası da fərqlidir. Yəhudi diasporu müstəqil İsrail dövlətinin yaranmasında maddi və mənəvi əsas rolu oynayıb, faktiki olaraq, bu dövləti yaradıblar.
Xaricdəki diaspor təşkilatlarımızın bərpa prosesində iştirakını görmürük
Azərbaycanda isə tarixi, sosial-siyasi şərait elə gətirib ki, Azərbaycan dövləti gənc olduğu, yenicə qurulduğu kimi, diasporu da gəncdir, yenicə təşkilatlanır. Yəhudi və türk diasporlarından fərqli olaraq, Azərbaycan dövləti - Azərbaycan diasporu münasibətləri qarşılıqlı kömək, qarşılıqlı dəstək əsasında qurulmalıdır. Məsələn, Azərbaycan dövləti diasporun təşkilatlanmasında mühüm rol oynadığı kimi, diaspor da Azərbaycanın problemlərinin həllində beynəlxalq aləmdə mühüm rol oynaya bilər. Məlum olduğu kimi, artıq 5 ilə yaxındır ki, torpaqlarımız işğaldan azad edilib və Azərbaycanın ərazi bütövlüyümüz təmin edilib. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa, quruculuq və yenidənqurma işləri həyata keçirilir. Dövlət vəsaiti hesabına infrastruktur və digər layihələr həyata keçirilir. Ancaq hələ də bu müddət ərzində xaricdəki diaspor təşkilatlarımızın bərpa prosesində iştirakını görmürük. Halbuki, buna çox ehtiyac var. Üstəlik, çoxsaylı imkanlı azərbaycanlılar var ki, bu işə ciddi töhvə verə bilərlər. Bəzi dost dövlətlər öz vəsaitləri hesabına Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesinə töhvə verir, amma diaspor təşkilatlarımızın timsalında biz bunu görmürük. Niyə? Nədir bunun səbəbi və bu yöndə hansı işlərin görülməsinə ehtiyac var?
Bəzi türkdilli dövlətlər bərpa prosesinə töhfə verirlərsə, bunlar niyə kənarda qalmalıdır ki?
Sözügedən məsələyə aydınlıq gətirən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə açıqlamasında bunun səbəbini bir sıra amillərlə əlaqələndirdi: “İşğaldan azad edilən ərazilərə investisiyanın qoyulmasında disporamızın rolu çox aktual məsələdir. Bu məsələ indiki dövrdə ona görə aktualdır ki, biz xarici investorların cəlb olunmasında birinci növbədə diasporadan əməli fəaliyyət, müsbət nəticəni gözləyirik. Ancaq məlum olduğu kimi, Azərbaycan diasporu üzvləri içərisində bu təşəbbüslə çıxış edən iş adamları demək olar azdır. Bunların əsas işi müəyyən tədbirlərdə iştirak etməkdir. Xüsusən də bu tədbirləri keçirərkən Türkiyə diasporasının ofislərindən istifadə edirlər. Əfsuslar olsun ki, imkanlı diaspor üzvləri buna o qədər də çox maraq göstərmir. Ancaq elələri var ki, maddi imkanları böyük deyil, amma onlar digər investorları Qarabağa sərmayə qoyuluşunda vasitəçilik edə bilərlər. Bu baxımdan bəli, onlardan umuruq və tələb edirik ki, prosesə öz töhvəsini versinlər. Bəzi türkdilli dövlətlər bərpa prosesinə töhvə verirlərsə, bunlar niyə kənarda qalmalıdır ki? Bütün bərpa prosesini dövlətin üzərinə qoymaq doğru deyil. Başqa bir tərəfdən azad edilən rayonlarda investisiya üçün hərtərəfli mühit yaradılmalıdır”.
Vidadi ORDAHALLI
Bakı Xəbər .- 2025.- 1 may
(¹73).- S.8.