Azad
rayonlarda “yaşıl enerji” mənbələri...
Müasir
dünyada “yaşıl enerji”yə tələbat get-gedə
artır, deyə bilərik ki, bütün ölkələr
alternativ və bərpa olunan enerjidən istifadə etməkdə
çox maraqlıdır. Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində, Qarabağ
İqtisadi rayonunda və Şərqi Zəngəzurda “yaşıl
enerji” mənbələri var.
“Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində
2022-2026-cı illərdə “yaşıl enerji”
zonasının yaradılması üzrə Tədbirlər
Planı”nın mövcud olduğu və
hazırda icra edildiyini bilirik.
“Yaşıl enerji”dən istifadə dünyada öz
aktuallığını artırıb. Azərbaycan
alternativ və bərpa olunan enerji mənbələri ilə
çox zəngindir. Ölkəmiz bərpa
olunan enerji mənbələri üzrə yüksək
potensiala malik ölkələrdəndir. Azərbaycanda
bu sahənin inkişafı ilə bağlı konkret hədəflər
müəyyənləşdirilib və “yaşıl enerji”yə
sürətlə keçid edilir.
Azad
rayonların “yaşıl enerji” potensialı...
Prezident
İlham Əliyevin imzaladığı “Azərbaycan 2030:
sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də
respublikamızda “yaşıl enerji” istehsalının
genişləndirilməsi mühüm yer tutur. Ölkəmizin
ümumi enerji istehsalında hədəfi bərpa olunan enerji
payını 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30
faizə çatdırmaqdır.
Statistik göstəricilərə görə, ölkəmizin
bərpaolunan enerji mənbələrinin texniki potensialı
quruda 135, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində
isə 157 qiqavatdır. Bərpa olunan enerji mənbələrinin iqtisadi
potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi
üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min
MVt, bioenerji potensialı 380 MVt-dır . Dağ
çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.
Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur,
eləcə də, Naxçıvan bölgəsi Azərbaycanda
"yaşıl enerji" zonaları elan edilib. İşğaldan
azad olunmuş ərazilərdə “yaşıl enerji”yə
keçid Azərbaycan üçün mühüm strateji məqsədlərdəndir.
İşğaldan azad edilmiş ərazilərdə
“yaşıl enerji” zonasının yaradılması ilə
bağlı qarşıya qoyulan vəzifələrin
icrası məqsədilə Yaponiyanın TEPSCO şirkəti
ilə müqavilə imzalanıb. Regionun enerji təminatını
həyata keçirmək məqsədilə ”yaşıl
enerji" zonasının yaradılması ilə əlaqədar
müvafiq konsepsiyası və Baş plan mövcuddur.
Su,
külək, Günəş enerji mənbələri...
Yazılanlara görə, azad edilmiş
torpaqlarımızın “yaşıl enerji” potensialı
çox böyükdür. Belə ki, yer səthinə
düşən günəş radiasiyasının
miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və
Füzuli rayonları Naxçıvan MR-dan sonra ikinci yerdədir.
Keçən ilin hesablamalarına görə, Qarabağ
və Şərqi Zəngəzur ərazilərində 10
qiqavat həcmində günəş və külək
enerjisi potensialı mövcuddur. Belə ki, Qubadlı, Zəngilan, Cəbrayıl,
Xocavənd və Füzuli rayonları texniki potensialı 7200
MVt çox olan günəş enerjisindən istifadə
üçün əlverişli şəraitə malikdir. Mətbuatda gedən proqnozlara görə,
Laçın və Kəlbəcər rayonlarının
dağlıq ərazilərində külək enerjisinin
texniki potensialı 2 min MVt həcmində qiymətləndirilir.
Kəlbəcər, Ağdərə, Şuşa
rayonlarında isə geotermal enerji mənbələrindən
“yaşıl enerji” kimi istifadə olunması imkanları daha
çox diqqət çəkir. İlkin təhlillərə əsasən,
Kəlbəcər rayonunda 3093 m³/gün, Şuşada isə
412 m³/gün termal su ehtiyatlarının mövcud olması
ehtimal edilir. Geotermal enerji mənbələrindən
enerji istehsalında və istehlakında istifadə, adətən,
böyük həcmli maliyyə vəsaiti tələb etmir.
Kəlbəcər və Laçında külək
enerji stansiyasının inşa edilməsi gündəmdədir.
Mətbuatda
gedən məlumatlara görə, keçən il keçirilən COP29 çərçivəsində
Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq
Günəş Elektrik Stansiyasının təməli qoyulub.
Bu stansiya işğaldan azad edilmiş ərazilərdə
həyata keçirilən ilk sənaye miqyaslı günəş
enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir.
Layihə 3 iyun 2021-ci il tarixində
Energetika Nazirliyi ilə bp arasında imzalanmış İcra
Müqaviləsi əsasında həyata keçirilir.
2024-cü ildə Azərbaycanla İranın dövlət
sərhədində - Araz çayı üzərində
inşa edilən “Xudafərin” və “Qız Qalası”
hidroqovşaqları işə salınıb.
İşğaldan azad edilən ərazilərimizdə Tərtərçay,
Bazarçay, Həkəriçay kimi əsas çaylar və
digər kiçik çaylar böyük hidroenerji
potensialına malikdir. Qarabağ və Şərqi Zəngəzur regionunda həyata
keçirilən “Yaşıl Enerji Zonası”nın
yaradılması məqsədilə 2030-cu ilə qədər
ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik
stansiyası olacaq.
Məlumata görə, azad edilmiş ərazilərimizdə
qurulan şəhərlər və kəndlərin
hamısında "yaşıl" enerjidən istifadə nəzərdə
tutulur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarında günəş və külək elektrik
stansiyalarının yaradılması ilə bağlı
hazırlanmış konsepsiyaya əsasən, həmin ərazilərdə
istehlak edilən elektrik enerjisinin yalnız bərpaolunan enerji mənbələrindən
alınacağı nəzərdə tutulub. Bu da artıq
öz müsbət nəticəsini verməkdədir.
Belə
ki, ölkənin enerji sistemi tarixində ilk dəfə
Qarabağ və Şərqi Zəngəzur regionlarının
elektrik enerjisi tələbatı 100 faiz "yaşıl
enerji" hesabına təmin edilir və tələbatdan
artıq qalan həcm ölkə enerjisi sisteminə
ötürülür. Perspektiv layihələr də nəzərə
alınsa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonları ərazisində icra edilmiş və icrası
gözlənilən “yaşıl enerji” layihələri
ümumilikdə 1100 MVt təşkil edir ki, bu da regionun
mövcud enerji tələbatından 12-15 dəfə
çoxdur. Regionun 2040-cı il üçün ümumi
güc tələbatı 1000 MVt proqnozlaşdırılır
ki, bu da icra olunacaq "yaşıl" enerji layihələrinin
həcmi nəzərə alınmaqla 20 il sonra bölgənin
tam olaraq "yaşıl" enerji ilə təmin ediləcəyi
deməkdir.
Evlər,
sosial obyektlərin alternativ enerji mənbələri ilə təminatı...
Torpaqlarımız azad olunduqdan sonra ermənilər tərəfindən
dağıdılmış infrastruktur yenidən bərpa edilməyə
başlandı. Bu bölgələrdə “yaşıl
iqtisadiyyat” konsepsiyası həyat keçirilməyə
başlandı və bu istiqamətdə konkret addımlar
atılmaqdadır. Bütün bu proseslər
"ağıllı şəhər",
"ağıllı kənd" konsepsiyası əsasında
Zəngilan rayonunda Ağalı kəndinin inşası ilə
start götürdü.
Bütün yaşayış evləri, sosial obyektlər,
inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı
məhsullarının emalı və istehsalı prosesi
alternativ enerji mənbələri ilə təmin edilib. Bu gün
Ağalı kəndində küçələrin
"ağıllı" işıqlandırılması,
isti və soyuğadavamlı ekoloji evlərin inşası,
günəş panellərinin quraşdırılması kimi
müasir şəhərsalma standartları tətbiq olunub.
Eləcə də, kəndin daimi enerji ilə təmin
edilməsi üçün Həkəri çayı üzərində
su-elektrik stansiyası inşa edilib. Bundan başqa,
Ağdam rayonunun Baş Qərvənd kəndi də
"ağıllı kənd" layihəsi ilə tikilir.
Kənddə enerji
daşıyıcılarına qənaət etmək məqsədilə
alternativ enerjidən istifadə olunacaq. Füzulinin
Dövlətyarlı kəndi də "ağıllı kənd"
konsepsiyasında tikilir. Füzulidə
günəşli günlərin sayının çox
olduğuna görə kəndin enerjiyə olan tələbatı
50 hektarlıq sahədə qurulacaq günəş panellərinin
hesabına təmin ediləcək. İnvestisiya
layihəsinin gücü 50 MVt olacaq.
Bundan başqa, Laçın şəhərinin
özündə, Zabux və Sus kəndlərində
yaşıl texnologiyalar istifadə edilir.
Zabuxun
223, Sus kəndində isə 59 fərdi yaşayış
evinin hər birinin üzərində 3kVt gücündə
günəş paneli quraşdırılıb. Yenidən tikilən məktəblərdə,
bağçalarda, dövlət idarələrində də
yaşıl enerjidən istifadə edilir. Buna
misal olaraq Füzuli rayonunda yenidən tikilən məktəbin
damında 40 kVt gücündə günəş panellərinin
quraşdırılmasını göstərmək olar.
Şuşa şəhərində də Elektrik Şəbəkələrinin
İnnovativ Texnologiyalar Mərkəzində
"yaşıl" enerji texnologiyaları tətbiq edilib. Mərkəzin
ərazisində elektromobillərin enerji ilə doldurulmaları
üçün qurğular və günəş enerjisi ilə
çalışan panellər quraşdırılıb.
Xocalıda isə "Smartflower" günəş
enerjisi qurğusu quraşdırılıb. Qurğu 2,5 kVt gücə
malikdir və illik 6500 kVt-saat "yaşıl" enerji
istehsal edir. Enerji istehsalı ilə
yanaşı, bu qurğu elektrik avtomobilləri, velosipedlər
və skuterlər üçün enerji doldurma stansiyası
kimi də xidmət edəcək. Xankəndinin enerji
sistemimizə qoşulması, ərazilərimizin Şuşa yarımstansiyası vasitəsilə
elektrik enerjisi ilə təmin olunması elektronergetika
tariximizin qürurverici hadisələridir.
“Yaşıl
enerji” mənbələrinin sayının
artırılması...
Bu günlərdə "Azərişıq" ASC-nin Tədris
və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə
deyib ki, Azərbaycan qonşu ölkələrdən
yaşıl enerji ilə bağlı daha çox təklif
alacaq.
O qeyd edib
ki, Azərbaycanda elektroenergetika sahəsində iki əsas
müəssisə var:"Azərenerji" ASC generasiyanın
ötürülməsi ilə, "Azərişıq" isə
elektrik enerjisinin paylanması ilə məşğuldur. Düşünürəm ki, bölgə
yaşıl enerji mənbələrinin sayının
artırılması baxımından, həm də enerji
dayanıqlı ölkələr sırasında Azərbaycan
liderdir. Gələcəkdə gözlənilən
enerji defisitinin qarşısının alınması
üçün bölgə dövlətləri Azərbaycanla
enerji münasibətlərini yaxşılaşdırmağa
çalışırlar. Məlum
olduğu kimi, Naxçıvan yaşıl enerji zonası elan
olunub. Orada yaşıl enerji mənbələrinin
sayının artırılması nəzərdə tutulub.
Avropaya yaşıl enerjinin ötürülməsində
qardaş Türkiyə önəmli rol oynayır. Bu baxımdan iranlı həmkarlarımızın
Araz çayı üzərindəki bəndlər vasitəsilə
ekoloji təmiz enerji əldə etməklə bağlı
fikirləri heç də təəccüblü deyil. Düşünürəm ki, Azərbaycan qonşu
ölkələrdən yaşıl enerji ilə bağlı
daha çox təklif alacaq".
Bəli, Azərbaycan dünyanın “yaşıl enerji” məbnbələri
ilə zəngin ölkələrindən biridir. Azad ərazilərin
alternativ və bərpa olunan enerji mənbələri ilə zəngin
olması ölkəmizin dünyada əhəmiyyətini daha
da artırır.
İradə
SARIYEVA
Bakı Xəbər .- 2025.- 24-26
may (¹89).- S.8.