Xəzərdə ekoloji böhran,
Bakının təşəbbüsü
və Rusiyadan asılı işlər...
Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olmaqla, həm ekoloji, həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət
daşıyır. Lakin
son onilliklərdə müşahidə edilən
iqlim dəyişiklikləri,
antropogen təsirlər
və su səviyyəsinin azalması
bu unikal dənizi ciddi ekoloji böhranla üz-üzə qoyub.
Xəzər dənizinin dayazlaşması
artıq region ölkələrinin, xüsusilə
Azərbaycan, Qazaxıstan,
Türkmənistan, Rusiya
və İranın diqqət mərkəzindədir.
Bu proses yalnız təbiət hadisəsi deyil, həm də regional iqtisadi təhlükəsizlik və
ekoloji tarazlıq üçün böyük
çağırışdır.
Xəzərdə suyun səviyyəsi sürətlə aşağı
düşür və
bunun səbəbləri
təkcə iqlim dəyişikliyi deyil
Azərbaycan daim Xəzər məsələsinin aktuallığını
diqqət mərkəzində
saxlayır. Bu xüsusda prezident İlham Əliyev Qazaxıstanın “Kazinform”
agentliyinə müsahibəsində
qeyd edir: “Təəssüf ki, bu gün Xəzər
dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən
aktual məsələlərdən
biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr
yaradan suyun səviyyəsinin sürətlə
azalmasıdır. 2022-ci ildə
keçirilən VI Xəzər
Zirvə Görüşündə
mən Xəzər dənizində ekoloji tarazlığın pozulması
məsələsini qaldırdım.
Təəssüf ki,
o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə
suyun səviyyəsi sürətlə aşağı
düşür və
bunun səbəbləri
təkcə iqlim dəyişikliyi ilə bağlı deyil”.
Dövlət başçısının sözlərinə
görə, yaranmış
şəraitdə bütün
Xəzəryanı ölkələr
arasında sıx əməkdaşlıq qurmaq,
fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması
üçün əlaqələndirilmiş
tədbirlər işləyib
hazırlamaq çox vacibdir: “Xəzər dənizinin səviyyəsinin
aşağı düşməsi
və bununla bağlı ekoloji dəyişikliklər biomüxtəlifliyi
və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin
mühafizəsi və
ekoloji tarazlığın
bərpası üçün
əlaqələndirilmiş tədbirlərin görülməsi
zərurəti yaradır.
Bundan başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr
regional və beynəlxalq platformalarda Xəzərin mühafizəsi
təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər
dənizi, sadəcə,
su hövzəsi deyil, bizim ortaq
məsuliyyətimizin və
birgə fəaliyyətimizin
zəruriliyinin rəmzinə
çevrilir”. Son 30 ildə Xəzər dənizinin səviyyəsi
təxminən 2 metrə
yaxın azalıb. Mütəxəssislərin fikrincə,
bu, əsasən iki amildən qaynaqlanır: iqlim dəyişikliyi və insan fəaliyyəti. Əvvəla, iqlim dəyişikliyi nəticəsində
bölgədə temperaturun
artması buxarlanma səviyyəsini yüksəldir.
Xəzər dənizi
qapalı akvatoriya olduğu üçün
su səviyyəsinin bərpası yalnız çay axınlarından
asılıdır. Ən
böyük mənbə
sayılan Volqa çayının suyu isə son illərdə
xeyli azalıb. Bunun səbəbi həm yağışların
azalması, həm də çay hövzəsində suvarma
məqsədilə çoxsaylı
bənd və su anbarlarının tikilməsidir. İkinci mühüm amil antropogen təsirdir. Xəzəryanı ölkələrdə
sənaye və kənd təsərrüfatı
məqsədləri ilə
su resurslarının həddindən artıq istismarı, çirklənmə
və torpaq eroziyası su balansını pozur. Xəzərin dayazlaşması
regionun ekosisteminə ciddi zərbə vurur. Dənizin səviyyəsinin enməsi
ilə sahil ekosistemləri, xüsusilə
də quşların qışlama yerləri, balıqların yumurtlama sahələri məhv olur. Əvvəllər dənizin orta dərinliyi 200–300 metr arasında dəyişsə
də, bəzi sahil zonalarında, xüsusilə Qazaxıstan
və Türkmənistan
sahillərində suyun
çəkilməsi nəticəsində
yeni quru sahələr yaranıb. Bu isə duzlaşma,
toz fırtınaları
və ekoloji səhralaşma kimi fəsadlar törədir. Biomüxtəliflik baxımından
da vəziyyət təhlükəlidir. Nadir
növlərdən olan
Xəzər suitisi, qızılbalıq, kütüm
və digər endemik növlər yaşayış mühitini
itirir. Su səviyyəsinin azalması
bioloji tarazlığı
pozmaqla yanaşı, balıqçılıq sənayesinə
də ciddi zərbə vurur. Xəzərin dayazlaşması
yalnız ekoloji deyil, həm də iqtisadi problem yaradır. Əvvəla, su səviyyəsinin enməsi
limanların fəaliyyətini
çətinləşdirir. Bu, Xəzər dənizi vasitəsilə həyata keçirilən
Orta Dəhliz layihələrinin effektivliyinə
mənfi təsir göstərir. Neft və qaz infrastrukturunun
təhlükəsizliyi də
risk altındadır. Dənizin dayazlaşması
boru xətlərinə,
dənizdəki platformalara
və liman infrastrukturuna texniki zərər vura bilər. Balıqçılıq
və turizm kimi sahələrdə çalışan əhali
də gəlir itkisi ilə üzləşir.
Əsas ümid
Volqa çayınadır
Bəllidir ki,
Xəzər dənizi
beş dövlətin
ortaq sərvətidir və bu problem
yalnız bir ölkənin səyləri
ilə həll oluna bilməz. Buna görə də, regional əməkdaşlıq mexanizmləri
gücləndirilməlidir. 2018-ci ildə imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya əsas hüquqi çərçivə yaratsa
da, ekoloji problemlərin həlli üçün əlavə
mexanizmlərə ehtiyac
var. Mütəxəssislər
“Xəzər Ekoloji Strategiyası” adlı vahid proqramın hazırlanmasını, hər
bir ölkənin su və ekoloji
siyasətinin koordinasiyasını
zəruri hesab edirlər.
Azərbaycan bu istiqamətdə fəal mövqe tutur. Bakı bir neçə beynəlxalq forumda Xəzərin qorunması,
ekosistemin bərpası
və dayanıqlı
istifadə ilə bağlı təşəbbüslər
irəli sürüb.
Xəzəryanı dövlətlərin
ekoloji məlumat mübadiləsini təmin
edən “CaspEcoNet” platforması da bu əməkdaşlığın
mühüm alətidir.
Müasir texnologiyalar Xəzər dənizinin vəziyyətinə nəzarət
etməkdə mühüm
rol oynayır. Peyk müşahidələri,
dron xəritələşdirmə
sistemləri və hidroloji modellər vasitəsilə su səviyyəsinin dəyişməsi
və sahil xəttinin dinamikası dəqiq izlənilir. Bundan başqa, elmi dairələr dənizin “bərpa potensialı”nı artırmaq üçün
təbii tarazlığın
qorunmasına yönəlmiş
təkliflər irəli
sürürlər. Əsas
istiqamətlərdən biri
Volqa çayı hövzəsində suyun daha səmərəli idarə olunması və tullantı sularının təmizlənməsinin
gücləndirilməsidir. 2017-ci illə müqayisədə
2025-ci ildə Volqa hövzəsində əkin
dövriyyəsinə cəlb
olunan torpaqların sahəsi 35%-dək artıb. Bununla bağlı, Volqa çayının suyundan
suvarılma məqsədilə
daha çox istifadə edilməyə başlanıb.
İkincisi,Volqa
hövzəsində orta
illik yağıntı
2017-ci illə müqayisədə
2024-cü ildə təxminən
100 mm az və ya 15.3% azalma müşahidə olunur. Lakin bu
azalma Volqa hövzəsində mövcud
su anbarlarındakı
su həcminə əhəmiyyətli təsir
göstərməyib. Son
8 il ərzində su səthi sahəsində
azalma cəmi 1%-ə qədərdir. Bu o deməkdir ki, suvarılma məqsədləri
üçün su anbarlarında suyun səviyyəsini sabit saxlamaqla çaya buraxılan suyun həcmi məhdudlaşdırılıb.
Deməli, burada Rusiyanın düzgün yanaşması Xəzərin
xilası üçün
müstəsna əhəmiyyətə
malikdir. Volqa eyni adlı hövzənin Kama və Oka adlı
digər çayları
ilə birlikdə Xəzər dənizinin ən böyük su mənbəyidir. Amma Rusiyanın yanaşması bu çayların suyunun Xəzərə çatmasında
əngələ çevrilib.
Halbuki, bundan ruslar özləri də zərər görür.
Samirə
SƏFƏROVA
Bakı Xəbər 2025.- 21 oktyabr
(№190).- S.8.