30 ildən çox müstəqillik dövrü sosial proqramlarda necə əks olunub?
Elm və
təhsil insan həyatının ən əsas sütunlarından
biridir. Tarixin hər mərhələsində
elm insanların dünyagörüşünü genişləndirən, düşüncə
tərzini formalaşdıran
və cəmiyyətin
inkişafını sürətləndirən
bir qüvvə olmuşdur.
Məktəblər, universitetlər və digər tədris müəssisələri gənclərə
yalnız bilik deyil, həm də analitik düşüncə, yaradıcılıq
və məsuliyyət
hissi aşılamaq imkanı yaradır. Müasir dövrdə isə texnologiyanın sürətli inkişafı
və informasiya bolluğu təhsilin mahiyyətini daha da dəyişdirib, onu daha interaktiv,
rəqəmsal və praktik hala gətirib.
Hər bir mərhələdə elm,
insanın dünyagörüşünü
genişləndirir, düşüncə
tərzini zənginləşdirir.
Müstəqilliyimizin bərpa edilməsinin 34 ili tamam olur.
Ötən 34 ildə
çox böyük hadisələr, sarsıntılar
baş verib. Ərazilərimizi itirmişik,
sosial-iqtisadi və digər çətinliklərlə
üzləşmişik. O cümlədən,
ölkəmiz inkişaf
yoluna qədəm qoyub, güclü ordu yaradılıb, qanunvericilik bazası formalaşdırılıb, Azərbaycanın
beynəlxalq imici artıb, ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin etmişik. Müstəqillik
dövründə gedən
bu proseslərin ətraflı araşdırılması,
bunların təhsil, tədris proqramlarında mükəmməl şəkildə
öz əksini tapması üçün
nələrə ehtiyac
var? Bu istiqamətdə
yeni çağırışlara
uyğun hansı işlər görülməlidir?
Tədris proqramları,
kurikulumlar yenidən strukturlaşdırılmalıdır
Sözügedən məsələ ilə bağlı fikirlərini
“Bakı-Xəbər”lə
bölüşən yazıçı-publisist,
Beynəlxalq “Alaş”
Ədəbiyyat mükafatı
laureatı Əkbər
Qoşalı müstəqillik
dönəmini təhlil
edərək bununla bağlı çox önəmli məqamlara toxundu: “34 illik müstəqilliyin aynasında
– keçmişdən gələcəyə
baxınca, qürurla deyə bilərik ki, 34 il öncə
başlanmış müstəqillik
yolumuz yalnız dövlət quruculuğu,
siyasi faktlar və rəsmi sənədlərdən ibarət
olmayıb; o yol - ruh, inam, mübarizə,
sarsıntı və nəhayət, Zəfər
tarixidir. Bəli, bir qərinə ötdü, yeni mərhələyə çatdıq.
Bu, birdən-birə nəzəriyyələrə çevrilə
biləcək dönəm
deyil, yəni bizə tələbəlik
deyil, müəllimlik
etməli olduğumuz dərslərin, yaddaşımızda
yaşamalı olduğumuz
hadisələrin yenidən
canlandırılması fürsətidir.
Bəs nələr edilməlidir ki, bu mərhələlər
məktəb, universitet
səviyyəsində dərindən
görünə bilsin?
Birincisi, araşdırmaların
genişləndirilməsi və
yeni qaynaqlara çıxış:
-Hər il
“Müstəqillik illəri”
ilə bağlı arxivlərdə, dövlət
institutlarında saxlanılan
materiallar yenidən sistemləşdirilib açıq
fondlara verilə bilər - belə ki, gənc araşdırmaçılar,
tələbələr bu
arxivlərdə faktlara
əsaslanan orijinal qaynaqlara çıxış
əldə etsinlər;
-Yaddaş materialları
(foto, səs (audio), görüntü (video) yazıları, köhnə qəzetlər,
dərgilər) sistemli
olaraq toplanmaqla, rəqəmsallaşdırıla və “Milli Müstəqillik Arxivi” kimi vahid bir
platforma yerləşdirilə
bilər.
İkincisi, tədris
proqramlarının, kurikulumların
yenidən strukturlaşdırılması:
- Faktların sadəcə əzbərlənməsi,
təbii, yetərli sayıla bilməz; təfəkkürlü yanaşma,
səbəb-nəticə bağlarının
qurulması, qarşılaşdırmalı
tarix metodları tətbiq olunmalıdır.
Bu yöndə “Azərbaycan tarixi” fənlərinin kurikulumunda
fənlərarası əlaqələrin
gücləndirilməsi mümkündür.
-Müəllimlər üçün metodik kurslar, təlimlər, seminarlar təşkil edilməlidir ki, onlar “tarixi canlı
anlatma”, “tənqidi düşüncə”, “diskussiya
üslubu ilə dərs keçmə” mexanizmlərini mənimsəsin.
Hazırda “Tarixin tədrisi metodunun müasir problemləri” mövzusu geniş müzakirə olunur;
- Məzmunda yeni çağırışları
əks etdirən modullar salınması ümumi işin xeyrinə olardı: “Müstəqillik illərinin
iqtisadi inkişaf strategiyaları”, “Qarabağ.
Ərazi bütövlüyü
mübarizəsi”, “Azərbaycanın
diplomatik uğurları”,
“Qlobal miqyasda Azərbaycan” kimi xüsusi blokların olması mümkün və zəruridir.
Üçüncüsü, elektron platformalar, interaktiv resurslar:
-Virtual “Müstəqillik portalları”
- illik dəyişikliklər
göstərən xəritələrlə,
interaktiv xronologiyalarla,
video-tarix hekayələri
ilə zəngin qaynaqlara dönüşməlidir;
- Mobil tətbiqlər - “Müstəqillik
yaddaşı” - öyrəncilərə
QR kodla məkanlarda (muzeylərdə, abidələrdə
və s.) qısa videolar, hekayələr təqdim edə bilər;
-İnteraktiv dərs vasitələri, AR/VR texnologiyalarından
istifadə - örnəyi,
“1990-cı illərin Bakı
səhnəsi”ni yenidən
canlandırmaq, abidələrin
virtual turunu təşkil
etmək çətin
yol deyil.
Dördüncüsü, müəllim kadrlarının artırılması,
motivasiyası:
-Tarixçi, ictimaiyyətçi
ömüəllimlər üçün
stimul (elmi işlərə, layihələrə
dəstək, əlavə
əmək haqqı, təltiflər və s.) yaradılmalıdır;
- Müəllim hazırlığı
proqramında “müstəqillik
tarixi pedaqogikası”,
“çağdaş tarix
araşdırma metodları”,
“tarixçilikdə yeni yanaşmalar”
kimi ixtisaslaşmalar əlavə edilə bilər;
- Bölgələrdə, kənd
məktəblərində çalışan
müəllimlər üçün
distant təlim və metodoloji dayaq sistemlərinin təşkili
də ümumi işin xeyrinə olardı.
Beşincisi, tələbə-gənclərin fəal iştirakı, layihə-araşdırma işləri:
- Hər il “Müstəqillik
illəri” mövzusunda
respublika səviyyəsində
ali məktəb tələbələrinin tədqiqatları
üzrə yarışma
keçirilə bilər;
- Məktəblərdə “Müstəqillik
dərnəkləri”, “Tarix
klubları” yaradılmasına
baxıla bilər. Bu dərnəklər gerçək
hadisələrin hekayəçiliyini,
sənədli filmlərin
çəkilməsini, arxiv
araşdırmalarını təşviq etmiş olar;
- Gənc tarixçilərlə
“məktəbdə tarixi
dərslər” layihəsi
– universitet tələbələri
kənd, rayon məktəblərinə
gedərək öz araşdırmalarını təqdim
etsə yaxşı olmazmı?
Altıncısı, tarixşünaslıq və ictimai elmlərlə əlaqə:
- İnstitutlar, universitetlər
ilə məktəblər
arasında işbirliyi
gücləndirilməlidir - elmi məqalə, kitab,
seminar mübadiləsi və
s.;
“Müstəqillik muzeyləri”
iqtisadi rayonlar bölgüsü üzrə
yaradıla bilər
- Yerli faktları, bölgələrin, necə
deyərlər, yığcam
tarixini (örnəyi,
rayondakı şəhidlər,
əsası dağıdılmış
kəndlər, deportasiyalar,
məcburi köçkünlük
və b.) dərslərdə
işlək halına
gətirmək üçün
bölgə alimləri
ilə birlikdə dərs planları hazırlanması faydalı
olardı.
Yeddincisi,
ictimaiyyətlə əlaqə
və mediada tarix təbliği:
- TV proqramları, radio verilişləri,
qəzet məqalələri
- “Bir qərinənin yaddaşı”,
“Müstəqillik salnaməsi”
kimi ardıcıl rubrikalar olmalıdır - desək, yanlış olmaz;
- Gənc auditoriya üçün sosial şəbəkələrdə “Müstəqillik hekayələri”
layihəsi - qısa
video, infoqrafik postlar, görkəmli şəxslərin
xatirələrindən parçalar
düşünülə bilər;
- “Müstəqillik muzeyləri”
iqtisadi rayonlar bölgüsü üzrə,
o cümlədən paytaxtda
yaradıla bilər; “Müstəqillik muzeyləri”
interaktiv sərgilərlə
zənginləşdirilməlidir. Bu yerdə, “İstiqlal muzeyi”nin təcrübəsinin
baza rolu oynamağa qadir olduğunu düşünürəm.
Bir sözlə, bütün bu işlərin sistemli şəkildə həyata keçirilməsinə
ehtiyac var”.
Vidadi ORDAHALLI
Bakı Xəbər 2025.- 18-20 oktyabr
(¹190).- S.8.