2020-nin son oktyabr günləri də ərazimizdə erməni vəhşilikləri
ilə yadda qaldı...
Torpaqlarımızın işğaldan azad olunmasının 5-ci il dönümünü yaşayırıq.
5 il bundan əvvəl Vətən müharibəsinin ən qaynar çağları yaşanırdı, kəndlərimiz,
şəhər və
qəsəbələrimiz kütləvi
olaraq düşmən
tapdağından azad edilirdi. Şanlı Zəfərə aparan qurtuluş savaşı dövründə ağır
zərbələr alıb
məğlub olan Ermənistanın mifik ordusu qəhrəman ordumuzun qarşısında
tir-tir əsirdi.
Əsgərlərimizə,
ordumuza qalib gələ bilməyən
düşmən məğlubiyyətinin
acısını döyüş
bölgəsindən kilometrlərlə
kənarda yerləşən
dinc şəhərlərimizi
atəşə tutmaqla,
sivil vətəndaşlarımıza
qarşı raket hucumları həyata keçirməklə, ağır
terror aktları törətməklə çıxırdı.
Cəbhədə, döyüş
səngərində uduzan
Ermənistan heyfini mülki əhalidən çıxırdı.
2020-ci ilin oktyabrında
Ermənistan Azərbaycanın
Gəncə, Tərtər,
Bərdə kimi şəhərlərini raket
atəşinə tutmaqla
böyük cinayətlər
törətdi.
2020-ci ilin oktyabr
ayında Azərbaycanın
Gəncə şəhərinin
Ermənistan Silahlı
Qüvvələri tərəfindən
5 dəfə ayrı-ayrı
zamanlarda bombalanması
faktı düşmənin
nə qədər yırtıcı olduğunu
bir daha sübut edir. Gəncənin 5 dəfə
bombalanması 2020-ci il
Qarabağ döyüşləri
dövründə baş
verdi.
İlk hücum
4 oktyabrda baş verdi və 1 mülki şəxsin - Əliyev Tunar Qoşqar oğlunun şəhid olması,
30-dan çox mülki
şəxsin yaralanması
ilə nəticələndi.
Bu raket hücumu müharibənin
getdiyi Qarabağ bölgəsindən kənara
edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş verdi. Hücum nəticəsində
3 mülki şəxs
yaralandı. Üçüncü
raket hücumu oktybarın 8-də baş
verdi və həlak olan və yaralanan olmadı. Dördüncü
raket hücumu isə 11 oktyabrda baş verdi və nəticədə
10 mülki şəxs
şəhid oldu,
40-dan çox insan yaralandı. Bu hücum imzalanan atəşkəsdən bir
gün sonra baş verdi və atəşkəsin pozulması ilə nəticələndi. Mülki
şəxsləri hədəf
alan beşinci raket hücumu isə 17 oktyabrda yaşandı. Hücum nəticəsində hamısı
mülki şəxslər
olmaqla 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Hücumlar zamanı şəhərin
infrastrukturuna, yaşayış
binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəydi.
Ermənistanın mülki şəxslərə
raket hücumlarından
həyatını itirənlər
və yaralananlar arasında azyaşlılar
da vardır. Ortada olan sübutlara
baxmayaraq, Ermənistan
tərəfi hücumların
onun tərəfindən
edilməsini inkar edirdi. Keçmiş qondarma “Dağlıq Qarabağ”ın hazırda Bakıda həbsdə olan “rəhbərliyi” o vaxt yalnız birinci hücumun məsuliyyətini
öz üzərinə
götürdü.
Raket hücumları
BMT, Avropa İttifaqı
və Türkiyə tərəfindən qınanıldı.
Ermənistan Silahlı Qüvvələrinin
dinc şəhərlərə
və sivil insanlara yönəlik terror aktları bitmək bilmirdi. Ermənistanın silahlı
bölmələri tərəfindən
2020-ci il oktyabrın
27-də Bərdə rayonunun
Qarayusifli kəndinə,
oktyabrın 28-də isə
Bərdə şəhərinə
olan raket hücumları hər kəsin yadındadır. Hücumlar nəticəsində
26 nəfər öldü,
105 nəfərdən artıq
insan yaralandı. 27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı
qüvvələri beynəlxalq
hüququn norma və prinsiplərini,
1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını,
BMT-nin Təhlükəsizlik
Şurasının qərar
və qətnamələrini,
habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, döyüş əməliyyatlarının
aparıldığı bölgəyə
aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri
endirdi.
2020-ci il oktyabrın
28-də saat 13 radələrində
düşmənin silahlı
birləşmələri tərəfindən
Bərdə şəhərinin
dinc sakinlərin sıx hərəkətdə
olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində
72 ədəd 9N235 saylı,
ümumilikdə 144 bombacıq
olan "Smerç"
tipli əməliyyat-taktiki
təyinatlı 9M525 gəlpəli
böyük dağıdıcı
qüvvəyə malik
ballistik "claster"
tipli 2 ədəd raket zərbələrinin
endirilməsi nəticəsində
5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli
bədən xəsarətləri
aldı.
Bundan başqa,
raket zərbələrinin
təsirindən 30-dan artıq
mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus
20-dən artıq fərdi
yaşayış evlərinə
və 22 nəqliyyat vasitəsinə xüsusilə
külli miqdarda ziyan dəydi.
Oktyabrın son
günlərində Azərbaycanın
Tərtər şəhəri
də Ermənistan tərəfindən bombalandı.
İkinci Qarabağ müharibəsi ərzində
Ermənistan Silahlı
Qüvvələri və
keçmiş qondarma
“Dağlıq Qarabağ”
“Müdafiə Ordusu” tərəfindən Azərbaycanın
Tərtər rayonundakı
şəhər, qəsəbə
və kəndlər artilleriya, raket və kasset bombalı silahlarla bombardman edildi. Bölgənin bombardmanı
müharibənin ikinci
günündə, 28 sentyabrda
erməni qüvvələri
rayonun inzibati mərkəzi olan Tərtər şəhərini
və Birinci Qarabağ müharibəsində
qaçqın düşən
azərbaycanlılar üçün
inşa edilən Şıxarxı atəşə
tutduqda başladı.
Bombardman geniş
dağıntılara və
çox sayda mülki ölümə səbəb olur. Minlərlə insan Tərtər şəhərini
bir xəyal şəhərciyinə çevirərək
qaçqın olur və Bərdə kimi qonşu şəhərlərə köç
edir. Bu axınlar da erməni qüvvələri
tərəfindən hədəf
alınır. Azərbaycan
dövləti erməni
qüvvələrinin 29 oktyabr
tarixinə qədər
Tərtər rayonu ərazisinə 15.500 mərmi
atdığını, bəzi
günlərdə Tərtərə
2000-dən çox mərmi
atıldığını bildirirdi. Rəsmi rəqəmlər göstərir
ki, bombardmanlar zamanı məktəblər,
xəstəxanalar və
dövlət binaları
da daxil olmaqla mindən çox mülki obyekt ya ziyan
gördü, ya da məhv edildi.
Human Rights Watch erməni qüvvələri tərəfindən
uşaq bağçaları
və xəstəxanalar
kimi dövlət və mülki obyektlərə yönəlmiş
bir çox hədəf hücumlarını
təsdiqləyib, üstəlik
erməni hərbi qüvvələrinin Azərbaycan
ərazilərinə qanunsuz
olaraq qadağan olunmuş silahlardan hücumlarının müharibə
cinayətləri olduğunu
da bildirib.
Tərtər şəhərinin, habelə
rayondakı qəsəbə
və kəndlərinin
bombardmanı yalnız
10 noyabrda Ermənistanın
Dağlıq Qarabağ
atəşkəs bəyanatını
imzalamasından sonra dayandırılır.
2020-ci ilin 29 oktyabrında Tərtər
Rayon İcra Hakimiyyətinin yaydığı
məlumatda müharibə
zamanı Tərtər
rayonunda bombardman nəticəsində 17 mülki
şəxsin öldüyü
və 61 nəfərin
yaralandığı bildirilirdi.
Məlumata görə,
ümumilikdə təxminən
1200 nəfər bombardmandan
əziyyət çəkib.
Sonra daha iki mülki şəxs xəsarət alıb.
Məlumata görə,
bombardman nəticəsində
Tərtər rayonu ərazisində dörd minə yaxın mülki obyekt zərər görüb.
5 il bundan
əvvəl Ermənistan
Silahlı Qüvvələrinin
Azərbaycanın dinc
şəhərlərinə, mülki əhaliyə qarşı törətdiyi
ağır cinayətlər
nəticəsində bizə
bütün mənalarda
ciddi ziyan dəydi. Nə qədər insanımız
döyüş bölgəsindən
çox-çox uzaqlarda
erməni terroru nəticəsində həyatını
itirdi, xəsarət aldı, analar balasız, balalar atasız-anasız qaldı.
Bütün bu ağır cinayətlər
beynəlxalq aləmin
gözü qarşısında
baş verdi. Ermənistanın bütün
beynəlxalq konvensiyalara
zidd olaraq atdığı bu addım dünən də, bu gün
də sərt şəkildə qınanılır...Azərbaycan dövləti
və mediası bu cinayətlərin beynəlxalq aləmə yayılması üçün
böyük işlər
gördü və dünya Ermənistanın
5 il əvvəl törətdiyi bu müharibə cinayətləri
barədə də geniş məlumata malikdir.
İradə SARIYEVA
Bakı
xəbər.-2025.-30 oktyabr.-S.8.