Ömür yolu çox qısa, amma

şərəfli oldu... Əmrah Xəlilzadə

 

30 ilə yaxın idi ki, əsir Qarabağımız öz xilaskar ərənlərin yolunu gəzləyirdi.

 Nəhayət, 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına cavab olaraq Ali Baş Komandanın əmri ilə Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən haqq savaşımızda dövlətimizin gücü, ordumuzun rəşadəti hesabına erməni dığaları darmadağın edilib, tarixi zəfərimizlə Qarabağımız işğaldan azad olundu. Beləcə qanı bahasına Vətəni alınmaz qalaya döndərən, parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən minlərlə şəhiddən biri Əmrah İnqilab oğlu Xəlilzadə oldu.

Məqamında sinəsini Vətənə sipər edib, ömrünün 27-ci baharında bu müqəddəs yolda şəhadətə qovuşan Əmrah Xəlilzadə Biləsuvar rayonunda boya-başa çatıb. Şəhər 6 saylı məktəbdə orta təhsil alıb. Əsgərliyi cəbhə bölgəsinə düşüb, bundan qürur duyub. Əsas məqsədi düşməndən qisas almaq olub. Qısa zaman kəsiyində nümunəvi xidməti ona böyük hörmət gətirib. Günlər keçdikcə ən müasir piyada silahlarının döyüş texnikası haqqında mükəmməl təcrübə qazanıb. Əsgərliyi bitəndən sonra Əmrahın yaxşı sorağı müddətdən artıq hərbi xidmət qulluqçusu kimi gəlib. Qəlb dünyası sevdalı olan Əmrah öz şəxsi nümunəsi ilə gənc əsgərlərin ürəyində Vətənə məhəbbət, cəsurluq, mərdlik, düşmənə nifrət hissini alovlandırıb. Həmişə deyib ki, lap tezliklə Qarabağımız erməni dığalardan təmizlənər, xalqımızın azad, firavan günləri başlanar..

İkinci Qarabağ müharibəsi başlanan kimi Əmrah Xəlilzadə silaha sarılıb Vətən torpaqların müdafiəsində dayanan qeyrətli oğulların sıralarına qoşulub. Qanlı döyüşlərdə ölümdən qorxmadan cəsarətlə, hünərlə vuruşub. Dəqiq atəş zərbələri ilə neçə-neçə erməni quldurunu məhv edib, texnikalarını sıradan çıxarıb. Azərbaycanın müqəddəs, ulu torpaqlarına hər dəfə qələbə bayrağı sancılanda ürəyi dağa dönüb.

İgid Vətən sevdalısı Əmrahının döyüş yolu Xocavənd rayonu istiqamətində şərəflə davam edib. Bir neçə saat çəkən ağır, qanlı savaşdan sonra düşmən məğlub olsa da, təəssüf ki, Əmrah da qəfil atılan güllənin qurbanı olub. Müharibə meydanlarında göstərdiyi igidliyə görə Biləsuvar elinin qəhrəman oğlu ölümündən sonraCəsu döyüşçü”, "Vətən uğrunda", Füzulinin Xocavəndin azadlığına görə medallarına layiq görülüb. Baş qoyduğu müqəddəs yer isə Biləsuvar qəbiristanlığıdır.

Bəli, Əmrah Xəlilzadənin ömür yolu çox qısa, amma şərəfli oldu. O, özündən artıq sevdiyi Vətən uğrunda canından keçməklə adını tarixin səhifəsinə böyük hərflərlə yazdı. Həmçinin qəhrəmanlığı, igidliyi ilə əbədilik qazanan Əmrahın adını xalq qəlbində yaşatmaqla o, unudulmaz. Həmişə həm bugünkü, eləcə gələcək nəsillər tərəfindən hörmət ehtiramla xatırlanar.

 

Zəfər ORUCOĞLU

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Bakı Xəbər.- 2025.- 24 sentyabr, ¹171.- S.14.