Azad Qarabağa müqəddəs şəhidlik

zirvəsindən boylanan Namiq Həsənov...

 

Namiq Həsənov qısa bir ömür yolu keçdi. Bu işıqlı dünyaya gəlib-getməsi cəmi 29 il çəkdi. Qaldı ki, yaşadığı həyat günəş kimi əbədi və parlaq olacaq.

O, özünü Vətəninə, xalqına həsr etdi. 30 il əsir düşən Qarabağımızın xilaskarı kimi yazdığı yeni tarixlə xalqımızın qürurunu, mənliyini, kimliyini özünə qaytaran qəhrəman oğullardan oldu Namiq. Torpağın Vətən olması, Vətənin yaşaması naminə Namiq özünü şüurlu sürətdə odun-alovun içinə atdı. Uca Tanrı elə onu Vətəninə sevdalanıb şəhidlik zirvəsinə ucalmaq üçün yaratmışdı. İndi Namiqin adı milyonların dilində qürurla çəkilir, qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoludur, o, əbədidir, heç vaxt unudulmaz.

Nəsibi müqəddəs şəhidlik zirvəsindən boylanmaq səadəti olan Namiq Rasim oğlu Həsənov 10 may 1991-ci ildə Cəlılabad rayonu, Göytəpə şəhərində dünyaya göz açıb. Vətənin daşına, torpağına, yurd yerinə sevdalanıb yaşamaq boya-başa çatdığı ailənin həyat kredosu olub. Məhz buna görə də Namiqi orta məktəbi bitirib müstəqil addımlarını atanda el-oba tərəfindən Vətənini əziz bilən, əxlaqı saf, vicdanı dürüst bir oğul kimi seviblər. Yağı düşmənin Qarabağımıza ədalətsiz təcavüzünə heç dözməyən Namiq ondan qisas almaq məqsədilə 2008-ci ilin iyul ayında ordu sıralarına yollanıb. Əsgər olduğu cəbhə bölgəsində Vətən qarşısında borcunu şərəflə yerinə yetirib, onun mərdliyi, cəsurluğu, düşünülmüş hərəkətləri, hər qarış torpağa halal sevgisi nümunə göstərilib. Təlimlərdə fəallığı, fədakarlığı Namiqi komandirlərin gözündə ucaldıb. Yaxşı adla, böyük hörmətlə, ehtiramla 2010-cu ildə xidməti başa vurub evə qayıdıb. Bir ildən sonra Vətən, torpaq sevgisi, eləcə hərbiyə bitib-tükənməyən həvəsi onu yenidən Milli Ordumuza aparıb. Üç-dörd ay oxuyub öyrəndikdən sonra “N” saylı hərbi hissədə tank sürücü-mexanik kimi işləməyə başlayıb. Verilən bütün tapşırıqların öhdəsindən bacarıqla gəlib, görüb-götürməklə idarə etdiyi texnikanın sərrafı olub. Ən əsası qəlbi daim mənfur düşmənə əsir düşən Qarabağımızı azad etmək eşqi ilə döyünüb. Əsgər yoldaşlarına da deyib ki, erməni dığalarını belə qoymaq olmaz. Onlara öz gücümüzü göstərməsək gələn nəsillər bizi bağışlamaz. Müharibə olsa birinci zərbəni mən onlara vuraram. Mütləq qalib gələcəyik. Çünki bizim işimiz haqdır.

Namiqin arzuladığı gün gəlib. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunan İkinci Qarabağ müharibəsində cəsur tankçı döyüş meydanında əsl vətənpərvərlik nümayiş etdirib. Ali Baş Komandan İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərin birincisi olmaqla böyük ruh yüksəkliyi ilə düşmənə vurduğu zərbələr öz nəticəsini verib. Yağı ciddi itki verməklə dala çəkilib, Vətən torpaqlar azad edilib, üç rəngli qələbə bayrağımız ard-ardına göylərə dalğalanıb. Namiq Füzulidə isə əsl tarix yazıb. Müharibə meydanında yağı gülləsinə tuş gəlsə də, son nəfəsinə qədər dığalara qan qusdurub. O, elə orada müqəddəs şəhidlik məqamına yüksəlib. Ölümsüzlüyə qovuşan qəhrəman zəfər şəhidi Namiq Həsənov Prezident İlham Əliyevin sərəncamları əsasında “İgidliyə görə”, “Vətən uğrunda” Füzulinin və Cəbrayılın azadlığına görə medalları ilə təltif edilib.

Bəli, Vətən torpaqların azadlığı, xoşbəxt gələcəyimiz uğrunda canlarını fəda etmiş Namiq kimi qəhrəmanların adları, xatirəsi heç vaxt yaddaşlardan silinməz.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Bakı Xəbər.- 2025.- 17 sentyabr, ¹166.- S.15.