Deputat Rəşad Mahmudov
ölkədə tibb təhsilinin səviyyəsi barədə
düzmü deyir...
İlqar
Hüseynli: "Rəşad Mahmudovun fikirlərində müəyyən
haqlı məqamlar var, amma sırf bakalavr təhsili, nəzəri
bilik almaq baxımından Azərbaycan Tibb Universiteti heç də
zəif deyil"
Ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, millət vəkili Rəşad Mahmudov "Azərbaycan müəllimi”nə müsahibəsində ölkənin tibb təhsili ilə bağlı qalmaqallı açıqlama verib.
“Təhsildə xaricdə təcrübə qazanmaq vacibdir. Bu gün ölkəmiz bu yoldan geniş istifadə edir. Hər il onlarla, yüzlərlə gəncin xaricdə təhsilinə böyük vəsait xərclənir. Birmənalı olaraq bunun faydasını görəcəyimizi düşünürəm. Ancaq xaricə göndərilən kadrların ölkəyə qayıtması üçün də maliyyə vəsaiti nəzərdə tutulmalıdır. Xaricə gedənlərin sayının çoxluğundan deyil, onların qayıtmamağından ehtiyatlanmalıyıq. Hədəfimiz xaricə gedənlər üçün bütün imkanları yaratmaq olmalıdır ki, onlar qayıtsınlar”.
Onun sözlərinə görə, tibb təhsilində problemlər təhsilalanların təcrübə qazana bilməmələri ilə məhdudlaşmır. Hətta tibb üzrə təhsil səviyyələrində belə boşluqlar var:
“Bu boşluq isə bakalavr və ondan sonrakı davamlı tibb təhsilinin mexanizmlərində ədalətsizliyə gətirib çıxarır. Müqayisəli analiz edəndə bu ədalətsizlik daha aydın görünür. Məsələn, qarşıma alternativlər qoyulsa, övladımın Türkiyə, Almaniya, yoxsa Azərbaycanda təhsil alması ilə bağlı qərarı heç düşünmədən verər, ölkəmizdə tibb təhsili almasını istəmərəm. Çünki bakalavriat, magistratura və doktorantura səviyyəsinin qanunvericiliklə tənzimlənən mexanizmi beynəlxalq mexanizmlə müqayisədə təzadlıdır və Azərbaycanda tibb təhsili alanlar bir addım geridə qalırlar”.
Professorun fikrincə, UNİSEF-in qəbul etdiyi beynəlxalq standartlara görə, 8 mərhələdən ibarət tibb təhsilinin sonuncu səviyyəsi doktoranturadır və bu, təhsil sistemlərində bütün istiqamətlər üzrə son mərhələdir:
“VI mərhələ bakalavriat, VII magistratura, VIII səviyyə
isə doktoranturadır. Qərb, Türkiyə daxil olmaqla Avropa təhsil sistemində
6 illik tibb təhsili alan şəxs VII mərhələni
bitirmiş sayılır. Yəni həmin
ölkələrin qanunvericiliyinə görə, bakalavr və
magistraturanı bitirən şəxslər VII təhsil səviyyəsindədirlər.
Hətta ABŞ başda olmaqla, bir çox
ölkələrdə 4 illik tibb təhsili həkim olmaq
üçün yetərli sayılır. Məsələn,
paramedikal, tibblə əlaqəli bir çox sahəyə getmək
istəyirsənsə, 4 illik təhsil yetərlidir.
Sonrakı 2 ili də təhsil alırsansa,
VII mərhələ bitir. Bundan sonra doktorantura və
ya ona ekvivalent olan beynəlxalq səviyyələrdən
keçirsən. Hər 100 nəfərdən
10-15 nəfəri paralel olaraq elmi tibblə də məşğul
olur. Buna görə ayrıca zaman sərf
etməyə ehtiyac yoxdur. Almaniyada 6 illik
tibb təhsili aldıqdan sonra 4-5 illik yüksək
ixtisaslaşma ilə birlikdə elmi işlərini yaza,
müdafiəsini edə bilirlər. Türkiyədə
rezidenturanın ekvivalenti olan uzmanlıq doktoranturanı əvəz
edir, yəni tələbə VIII mərhələni
bitirmiş kimi qəbul olunur.
Azərbaycanda isə qanunvericilik adı belə bəlli
olmayan bu mərhələni VII mərhələ olaraq qəbul
edir. 6 illik tibb təhsili baza təhsili sayılır, amma
buradan birbaşa VIII səviyyəyə adlaya bilməz, tələbə
rezidentura təhsili almalıdır. Onda soruşuram,
rezidenturanı bitirən doktorant olmaq üçün nə
etməlidir, yenidən 4 il
oxumalıdır? Oxuyacaqsa, 6 il baza təhsili, 5 il rezidentura,
daha 4 il doktorantura səviyyəsində təhsil almaq o deməkdir
ki, 15 il təhsil almalıdır, halbuki, dünyada 11-12 ildən
çox tibb təhsili yoxdur. Hesab edirəm ki, dəyişikliklərə
qanunvericilik yönündən başlamalıyıq. Bunu Milli Məclisdə də gündəmə gətirmişəm”.
Məntiqlə
onun bu sözlərinə nazirlik, Tibb Universitetinin rəhbərliyi, Prezident
Administrasiyasının müvafiq şöbələri dərhal
reaksiya verməli idilər. Ancaq sükut
gördük. Niyə? Onlar
da deputatla razılşırlarmı?
Digər tərəfdən, demirik ki, tibb təhsilinin səviyyəsi
əladır və sair. Amma tibbi təhsillə bağlı əgər ciddi bir
irad varsa, deputatın belə bir bəyanatla
çıxış etməsi bir az
anlaşılan deyil. Çünki tibbi təhsildə
prinsipial və həlledici metodiki yanlışlıqlar varsa,
onun düzəldilməsi elə ilk növbədə həm də
deputatların işidir. Deputatlar niyə
indiyə qədər bu istiqamətdə müəyyən
addımlar atmayıblar, təkliflər verməyiblər?
Elə Rəşad Mahmudov niyə zamanında bu
istiqamətdə bir təkliflə çıxış etməyib?
"Amma bilmirəm deputat indiki məqamda niyə bu məsələni
gündəmə gətirib?"
Ekspert İlqar Hüseynli "Bakı-Xəbər" ə
şərhində bildirdi ki, Rəşad Mahmudovun fikirləri ilə
tanışdır, iki gündür bu məsələ
gündəmə gəlib. İ.Hüseynli
vurğuladı ki, burda məsələyə iki kontekstdən
yanaşmaq lazımdır. "Əvvəla,
Azərbaycanın universitetləri öz sıralanması ilə
götürəndə dünya reytinq cədvəllərində
demək olar ki, mükəmməl yerə sahib deyillər.
O cümlədən də Azərbaycan Dövlət Tibb
Universiteti. Əgər dünya universitetləri
reytinqinə fikir versək, təbii ki, o reytinqdə yerimiz belə
görünmür. Bu çox ciddi məsələdir.
Sözsüz ki, burda müəllim-professor heyəti,
o cümlədən maddi-texniki baza və sair nəzərdə
tutulur. Məsələn, biz daha çox nəyə
üstünlük veririk? Biz
uşaqlarımızın Türkiyədə tibb təhsili
almasına üstünlük veririk. Əgər
fikir vermisizsə, Türkiyədə tibb təhsili verən
universitetlərin özlərinin ayrıca təcrübə
klinikaları var. Məsələn, Hacettəpə universitetin
tibb alanında özünün ayrıca klinikası var. Eləcə
də digər universitetlərdə də bu cürdür.
Tələbələr öz oxuduqları ali
məktəblərin klinikalarında təcrübə
keçirlər. Bizdəki kimi TƏBİB-in, Səhiyyə
Nazirliyinin tabeliyində olan xəstəxanalarda deyil, öz
universitetləribdə praktik dərslərə cəlb
olunurlar. Dünyanın inkişaf etmiş
ölkələrində belədir. Amma Azərbaycanda
heç bir universitetimizin tibb alanında özünün
ayrıca klinikası, maddi-texniki bazası yoxdur. Bu bir. İkincisi, övladlarımız 6 il tibb təhsili alandan sonra rezidentura ilə
bağlı müraciət edirlər. Dörd
illik rezidentura onlara nə verir? Həmin dörd il müddətində yenə ayrı-ayrı
müəssisələrdə təcrübə keçirlər.
Son illər Tibb Universitetinin Cərrahiyyə və
Tədris Terapevtik Korpusları inşa olunub, istifadəyə
verilib. Bu da rezidentura təhsili alan tələbələrimiz
üçün yetərli deyil. Burda da ciddi təzadlar var.
Düşünürəm ki, Rəşad Mahmudovun fikirlərində
müəyyən haqlı məqamlar var, amma sırf bakalavr təhsili,
nəzəri bilik almaq baxımından Azərbaycan Tibb
Universiteti heç də zəif deyil.
Yəni tələbələr nəzəri cəhətdən
sırf bakalavr təhsili alarkən onlara yüksək səviyyədə
bilik verən professor-müəllim heyəti tamamilə
formalaşıb. Bunu tamamilə inkar etmək də
doğru deyil, amma artıq bakalavr pilləsindən sonrakı mərhələ
üçün tamamilə Rəşad Mahmudovun fikirləri
ilə razıyam. Bu acı
reallıqdır, istəsək də, istəməsək də
bunu qəbul etmək lazımdır. Əlaqədar
qurumlar, bu sahə ilə birbaşa əlaqəsi olanlar
düşünməlidirlər ki, bu sistemi yeniləmək
üçün nə etməliyik? Nədən
başlayaq?"
İ.Hüseynli
hesab edir ki, dünyanın tibb alanında olan bütün təhsil
sistemlərinin ölkəmizdə tətbiqinə zərurət
yaranıb, bizim sistemin yenilənməsinə ehtiyac var. "Məsələn,
bildiyim qədər, Qarabağ Universitetində belə bir təşəbbüs
başlayıb, Amerikadan gələn və o ölkədə
çalışan bizim tibb doktorları artıq Mayo Klinikin
standartlarına uyğun tibb fakültəsi, tibb
bölümü yaratmağı planlaşdırırlar. Əgər bu olacaqsa, Qarabağ Universitetində
bununla çox gözəl bir təcrübənin və ənənənin
əsasını qoymuş olacaq.
Başqa məsələyə gələk,
rezidenturaya qəbul olan tələbələr çox az əməkhaqqı alırlar, onlara 300-400
manat əməkhaqqı verilir. Amma Türkiyədə
uzmanlığa daxil olan uzman doktorlar 80-100 min türk lirəsi
maaş alırlar, bu da bizim pulla təxminən
4 min manata yaxın edir. Bütün bunlar
hamısı nəzərə alınmalıdır. Nəyə
görə bizim Tibb Universitetini bitirən tələbələr
ölkədən gedirlər, Almaniya və başqa ölkələrə
can atırlar? Əvvəla, orda tibb uzmanı
olaraq yaradılan imkanlar, klinik şəraitlər daha
yaxşıdır, onlar mükəmməl həkim olmağa
artıq imkanlar əldə edirlər, həm də mükəmməl
maaşla təmin olunurlar. Bütün
bunlar hansı kompleks yanaşma tələb edir,
bütövlükdə bu məsələ həll edilməli,
problem çözülməlidir. Biz
rezdentlırimizi də yetişdirməliyik, onların ölkədə
daha mükəmməl təcrübə, bilik qazanması
üçün klinik, praktik imkanları genişləndirmək
üçün şərait yaratmalıyıq. Eyni
zamanda onların dolanışığının
yaxınlaşması üçün rezdentləri normal əməkhaqqı
ilə təmin etməliyik. Bu problemi həll etmək
üçün hərəkətə keçmək
lazımdır".
İ.Hüseynli qeyd etdi ki, bu sahədə olan problemləri
uzun müddətdir ekspertlər dilə gətirir, amma indiyə
qədər nə Milli Məclisdən, nə də dövlət
qurumlarından reaksiya verilmir. Millət vəkilinin
indi bu məsələ ilə bağlı
danışmasının suallar yaratdığını deyən
İ.Hüseynli hesab edir ki, bunun da səbəbini o özü
yaxşı bilər. "Rəşad
Mahmudovun niyə zamanında bu məsələ ilə
bağlı əlaqədar qurumlara müraciət etməməsinə
və indi danışmasına gəlincə, bu artıq onun
özünün şəxsi problemləridir. Bəli, biz ekspertlər bu məsələləri
zaman-zaman kifayət qədər səsləndirmişik,
heç vaxt nə Milli Məclisdən, nə dövlət
qurumlarından bizim dediklərimizə dəstək gəlməyib.
Amma bilmirəm, deputat indiki məqamda niyə bu
məsələni gündəmə gətirib? Səbəbini
deyə bilmərəm,
bu hansısa bir daxili çəkişmənin təzahürüdür,
yoxsa ümumən Rəşad Mahmudov indi belə
çıxış etməyi məqbul hesab edib. Belədirsə, bu başqa məsələdir" -
deyə ekspert qeyd etdi.
Bununla belə, İ.Hüseynli hesab edir ki, rəsmi
dövlət qurumları, Tibb Universiteti bu barədə
geniş açıqlama verməlidir, çünki
reaksiyasızlıq daha çox suallar yaradır.
İradə
SARIYEVA
Bakı Xəbər 2025.- 17 yanvar (№ 8).- S.13.