Dövlətçilik tariximizdə
suverenlik anlayışı - hüquqi və praktik tərəflər...
Ölkəmizin ərazi bütövlüyünün bərpası tariximizdə mühüm hadisədir və bu hadisə dövlətimizin, dövlətçiliyimizin əzminin, gücünün göstəricisidir. Məlum olduğu kimi, 2025-ci ildə Azərbaycan Konstitusiyasının qəbul olunmasının 30, Vətən müharibəsində qələbənin 5 illiyidir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə "Konstitusiya və Suverenlik ili" elan olunub.
Bu qərarın dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı danılmazdır. Bildiyimiz kimi, suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilibdir. Şanlı Zəfər əldə etməyimiz nəticəsində Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Bəli, indi üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.
Şəhidlərin qanı, qazilərimizin canı hesabında nail olduğumuz bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Bu sərvətin adı suverenlikdir.
"Dövlətçilik tariximizdə suverenlik anlayışının çox dərin mənası var"
Dövlətçilik tariximizdə
süverenlik anlayışının hüquqi və praktik tərəflərindən,
tarixi əhəmiyyətindən danışan tarix elmləri
doktoru, professor Məhərrəm Zülfüqarlı
"Bakı-Xəbər"ə şərhində bildirdi
ki, bu çox aktual mövzudur. "Özü də ki, 2025-ci il Prezidentin sərəncamı
ilə "Suverenlik ili" elan olunub. Dövlətçilik
tariximizdə suverenlik anlayışının çox dərin
mənası var. Suverenlik bizim ən zəngin sərvətimizdir
ki, ona nail olmaq üçün böyük qurbanlar
vermişik.
Məlum
olduğu kimi, bu il həm də 1995-ci ildə
qəbul olunan yeni Konstitusiyamızın 30 illiyidir. Eyni zamanda
torpaqlarımızın ərazi bütövlüyünün
bərpasının 5 ili tamam olur. Fikrimcə,
bu məsələlər il boyu geniş təbliğ
edilməli, bu, 2025-ci ildə hər birimizin əsas mövzusu
olmalıdır. Nəyə görə? Azərbaycanın
dövlət müstəqilliyini 1991-ci ildə qazanmasına
baxmayaraq, 1995-ci ilə qədər 1978-ci ildə qəbul
olunmuş Sovet
Konstitusiyası fəaliyyətdə olub. 1991-ci ilin
18 oktyabrında “Dövlət Müstəqilliyi haqqında” Konstitusiya
Aktı qəbul edildi və o akt müəyyən mənada
Konstitusiyanı əvəz edirdi.
Lakin bilirsiz ki, Konstitusiya referendumla qəbul
edildiyinə görə yeni Konstitusiyanın qəbul edilməsinə
ehtiyac vardı”.
M.
Zülfüqarlı qeyd edir ki, biz dövlət suverenliyimizə
qovuşmaq üçün çox böyük və zəngin
yol keçmişik, işğalla, soyqırımla,
çeşidli problemlərlə üzləşmişik, amma
nəticədə qalib gəlmişik.
"Suverenlik bizim dövlətçilik tariximizdə
çox əhəmiyyətli bir məsələ olduğu
üçün onun mərhələ-mərhələ
izahına ehtiyac var. Azərbaycan dövlət müstəqilliyini
ilk dəfə 1918-ci ilin 28 mayında əldə edib. Azərbaycan
Xalq Cumhuriyyəti yaranıb, 23 aydan sonra XI rus ordusu tərəfindən
işğal olunub. Növbəti proses 1988-ci ilin fevral
ayında başlayıb, bu milli azadlıq hərəkatı
idi. Bu proses də milli azadlıq hərəkatının
yüksəlişi ilə başlayıb. 18
oktyabr 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini
bərpa edib. Yəni Azərbaycan xalqı
heç zaman işğalla barışmayıb, həmişə
öz müstəqilliyi uğrunda mübarizə aparıb,
şəhidlər verib, onların qanları bahasına
müstəqilliyini bərpa edib. Məhəmməd
Əmin Rəsulzadə də 1952-ci ildə "Amerikanın səsi"
radiosu ilə müraciətində deyirdi ki, Azərbaycanın
istiqlal günəşi yenidən doğacaq, buna heç kəsin
şübhəsi olmasın. Doğrudan da bu uzaqgörənliklə
deyilmiş fikir özünü 18 oktyabr 1991-ci il
Azərbaycan dövlət müstəqilliyinin Konstitusiya
aktı ilə göstərdi.
Amma buna qədər baş verən proseslərə
toxunmaq istəyirəm. 1988-ci ilə qədər proses hələ
başlamamışdan əvvəl milli azadlıq hərəkatı,
demokratiyanın inkişafı və sair kimi məsələlər
əsasən 1985-ci ilin martında M.Qorbaçovun SSRİ-nin
baş katibi seçilməsi və həmin ilin aprel plenumunda
"yeni konsepsiyanın" irəli sürülməsi ilə
başladı. Yəni bu "yenidənqurma",
aşkarlıq, demokratiya konsepsiyası idi. Sovet dövləti repressiyalar, insan haqqlarının
pozulması, qan üzərində qurulduğuna görə, elə
bir rejimə demokratiyanın verilməsi onun daxildən
dağılmasına gətirib çıxardı".
M.Zülfüqarlı qeyd etdi ki, nəticədə digər
keçmiş ittifaq respublikaları kimi Azərbaycan da
dövlət müstəqilliyi əldə etdi. Dövlət
müstəqilliyinin bərpasının çox ağır
dövrə təsadüf etdiyini deyən M.
Zülfüqarlı bildirdi ki, bu dövr torpaqlarımız Ermənistanın
təcavüzünə məruz qaldı.
Ermənilərə havadarlıq edən onları
silahlarla, texnika və canlı döyüş qüvvəsi
ilə təmin edən dövlətlərin, güclərin
köməyi ilə bu ölkə torpaqlarımızın
işğal edib 30 ilə yaxın onu işğal altında
saxladı. Azərbaycan
xalqının işğal faktı ilə
barışmadığını deyən
M.Zülfüqarlı qeyd etdi ki, 27 sentyabr 2020-ci ildə
torpaqlarımızın işğaldan azad edilməsi prosesi
baş verdi, müharibə və 23
saatlıq antiterror tədbirləri nəticəsində
torpaqlarımız işğaldan azad olundu və dövlətimizin
ərazi bütövlüyü, öz torpaqları uğrunda
suverenliyi tam bərqərar oldu.
"Suverenlik
və dövlətçilik müstəqil dövlətlərin
mövcudluğunu və tərəqqisini təmin edən
mühüm prinsiplərdir"
AMEA
Z.M.Bünyadov adına Şərqşünaslıq
İnstitutunun şöbə müdiri, institutun Gənc Alim və
Mütəxəssislər Şurasının sədri dosent
Elnur Mustafayevin fikrincə isə
“Konstitusiya və Suverenlik İli” dünya azərbaycanlılarının
daha sıx birləşməsinə şərait yaradacaq. O, vurğulayıb ki,
Azərbaycan
Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı
ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik
İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi,
eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji
prioritetlərin dəqiqləşdirilməsi baxımından
böyük əhəmiyyət kəsb edir. "Bu
qərarı hüquqi dövlətçilik və suverenlik dəyərlərinin
yeni qlobal çağırışlar əsasında
formalaşdırılması üçün böyük
fürsət və imkanlar kimi də dəyərləndirmək
mümkündür. Başqa sözlə
desək, Sərəncam ölkəmizin keçmişi, bu
günü və gələcəyi üçün
xüsusi məna ifadə edir".
E.Mustafayev bildirib ki, suverenlik və dövlətçilik
müstəqil dövlətlərin mövcudluğunu və tərəqqisini
təmin edən mühüm prinsiplərdir. "Bu iki əhəmiyyətli
amil təkcə dövlətin hüquqi-iqtisadi və
siyasi-ideoloji əsaslarını deyil, həm də milli
kimliyini və birliyini ifadə edir. Azərbaycan
Respublikasında suverenlik və dövlətçiliyin əsaslarının
möhkəmləndirilməsi müasir dövlət
quruculuğu və xalqın sosial-iqtisadi rifahı üçün
geniş imkanlar yaradır. Ölkəmizdə 2025-ci ilin
“Konstitusiya və Suverenlik İli” elan edilməsi isə bu
prinsiplərin həm tarixi əhəmiyyətini, həm də
gələcəyə hesablanmış strateji mahiyyətini
müəyyən etmək üçün yeni vəzifə və
öhdəlikləri tələb kimi qarşıya qoyur.
Düz 30
il əvvəl, yəni 1995-ci il noyabr
ayının 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi
ilə ilk dəfə müstəqil Azərbaycan
Respublikasının Ana Yasası olan Konstitusiyamız
hazırlanaraq ümumxalq səsverməsi referendum yolu ilə qəbul
edildi. Həmin günü ölkədə ilk
Konstitusiyamızın qəbul olunduğu gün kimi qeyd edirik.
Azərbaycan Respublikasının Konstitusiya layihəsinin
hazırlanması barədə danışarkən, heç
bir mübaliğəyə yol vermədən, qeyd etmək olar
ki, bu, müstəqil dövlətçiliyimizin qurucusu,
Ümummilli Lider Heydər Əliyevin əsəridir.
1995-ci il iyunun 5-də Heydər Əliyevin Sədrliyi ilə
Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq, 12
noyabr referendumunadək Ümummilli Lider Azərbaycanın
Əsas Qanununun hazırlanmasına, onun bütün prinsipial
müddəalarının geniş ictimaiyyət tərəfindən
müzakirəsinə şəxsən rəhbərlik edib.
Heydər Əliyev bu sənədin təkcə dövrün
tarixi və siyasi reallıqlarının deyil,
bütövlükdə, xalqın milli-mənəvi dəyərlərinin
süzgəcindən keçərək qəbul olunmasına
çalışırdı və buna da nail oldu”, - deyə o əlavə
edib.
Alim qeyd
edib ki, Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa
edilməsi məqsədilə 2023-cü il
sentyabrın 19-da antiterror tədbirlərinə
başlandı. Cəmi 23 saat davam etmiş və
sentyabrın 20-də başa çatmış əməliyyat
nəticəsində rəşadətli Azərbaycan Ordusu
qarşıya qoyulmuş bütün vəzifə və
tapşırıqları yüksək peşəkarlıqla
yerinə yetirdi. Lokal səviyyədə həyata
keçirilmiş antiterror tədbirləri nəticəsində
Azərbaycan beynəlxalq birlik tərəfindən
tanınmış bütün əraziləri üzərində
suverenliyini tam təmin etdi. Hakimiyyətin
aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa
olundu. Bu hadisəni Azərbaycanın
dövlət suverenliyinin formalaşdırılmasında
mühüm bir mərhələ hesab etmək olar. Müstəqilliyini əldə etdikdən sonra daim təcavüz
və işğala, eləcə də beynəlxalq
qurumların təzyiqlərə məruz qalan Azərbaycan
dövlət müstəqilliyinin bütün
atributlarını təmin etməyə nail oldu. Xalqımızın həyatında müstəsna əhəmiyyət
kəsb edən bu möhtəşəm Zəfər sayəsində
Azərbaycanın şanlı Dövlət Bayrağı
suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə
əzəmətlə dalğalanmaqdadır. Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qətiyyətli, müdrik siyasəti və şəhidlərimizin,
qazilərimizin canı və qanı bahasına əldə
olunan bu böyük Zəfər xalqımızın milli sərvətidir.
“Bu gün Azərbaycan Respublikasında həyata
keçirilən hüquqi islahatlar ictimai proseslərin və
münasibətlərin normal tənzimlənməsi faktı ilə
uzlaşır və onu zəruri edir. Bu istiqamətdə
yürüdülən siyasət Heydər Əliyev ənənələrinin
layiqli davamçısı olan dövlət
başçısı İlham Əliyev tərəfindən
xalqın rifahına, insan hüquq və
azadlıqlarının inkişafına, siyasi, iqtisadi və
sosial sferaların dəqiq tənzimlənməsinə xidmət
edir. Tam əminliklə qeyd etmək mümkündür
ki, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və
Suverenlik İli” elan edilməsi dövlətçilik
tariximizin yeni baxış bucağından öyrənilməsinə,
cəmiyyət və müxtəlif ictimai təsisatlar
arasında milli dövlətçilik şüurunun daha da
möhkəmlənməsinə, dünya azərbaycanlılarının
bir hədəf və amal ətrafında daha sıx birləşməsinə
şərait yaradacaq. Bu tarixi qərar Azərbaycan
xalqının birliyinin, həmrəyliyinin və
gücünün nümayişi və ifadəsidir”, - deyə
alim mətbuata bildirib.
İradə
SARIYEVA
Bakı Xəbər 2025.- 18 yanvar (№ 10).- S.8.