“26-lar”ın dəfn olunduğu yer barədə yeni
sensasiya...
Tədqiqatçı-alim, Milli Kitabxananın direktor
müavini Fazil Məmmədov 23 cəsədin türk əsgərlərinə
məxsus olduğunu qətiyyətlə iddia edir
Milli tariximizdə
mübahisə doğuran qaranlıq və
aydınlaşdırılmamış məqamlar həddən
artıq çoxdur. Tariximiz bütün dövrlərdə
saxtakarlığa məruz qalıb. Tarixçi alimlər bunu
sovet dövründə Azərbaycan tarixini yazan şəxslərin,
əsasən qeyri-azərbaycanlı olması ilə izah edir.
Dünəndən fərqli olaraq, bu gün qələm öz
əlimizdədir, tariximizi olduğu kimi yaza,
saxtakarlıqları həqiqətlə əvəz edə bilərik.
Vaxtilə 26 Bakı Komissarını Azərbaycan xalqına
öz tarixçilərimiz cinayətkar kimi yox, «milli qəhrəman»
kimi təqdim etmişdi. Amma illər keçdikdən sonra bu
«qəhrəman»ların xalqımızın düşməni
və 1918-ci il martın 31-də Bakıda törədilən
soyqırımın başında duranlardan biri olduğu
üzə çıxdı. 26-lar mövzusu bir neçə
dəfə mətbuatın gündəmində olsa da, bununla
bağlı davamlı müzakirələr aparılmayıb.
Son günlər 26-lar mövzusu yenidən mətbuatın gündəmində
əsas yer tutur və bu məsələyə münasibətdə
tarixçi alimlər vahid mövqedən
çıxış etmir. Məlum olduğu kimi, paytaxtın
«Sahil» bağında aparılan yenidənqurma işlərilə
əlaqədar olaraq, 1920-ci il sentyabrın 10-da burada dəfn
edilmiş 26-ların qalıqları şəhər qəbristanlığına
köçürülüb, mərasimdə müsəlman,
xristian, yəhudi din xadimləri də iştirak edib. Qeyd edək
ki, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan
Respublikası Səhiyyə Nazirliyi məhkəmə
tibbi-ekspertiza və patoloji anatomiya Birliyinin aparıcı
mütəxəssislərinin iştirakı ilə 1918-ci il
sentyabrın 10-da Ağcaqumçölündə güllələnən 26-ların qalıqları «Sahil» bağında məşhur heykəltəraş
İbrahim Zeynalov tərəfindən hazırlanan 26-lar abidəsinin
altından-dəfn edildikləri yerdən
çıxarılıb. Bu zaman məlum olub ki, burada 26 nəfər
deyil, 23 nəfər dəfn edilibmiş. Skelet sümüklərinin
məxsus olduğu şəxslərin 11 nəfərinin 20-29,
10 nəfərinin 30-39, 2 nəfərinin isə 40 yaşdan
yuxarı olduğu bəlli olub.
Şahidlər nə danışır?
AMEA-nın Ədəbiyyat
və Tarix İnstitutlarının alimləri skeleti
tapılmayan üç nəfərdən birinin Bakı
Komissarlarının başçısı Stepan Şaumyan
olduğunu desələr də, Şaumyanın nəvəsi,
Moskva Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun hind araşdırmaları mərkəzinin rəhbəri
Tatyana Şaumyan Rusiyanın «Kommersant» qəzetinə verdiyi
müsahibədə, babası da daxil olmaqla, 26 Bakı
komissarlarının hamısının «Sahil» bağında dəfn
edildiyini iddia edib.
Xatırladaq ki, filologiya
elmləri namizədi Asif Rüstəmlinin qəzetimizin ötən
saylarından birinə verdiyi müsahibədə bildirdiyinə
görə, Şaumyan digər komissarlarla birgə Ağcaqum
çölündə güllələnməyib, o, Anastas
Mikoyanın köməkliyilə güllələnmədən
canını qurtarıb. Əksər alimlər
Şaumyanın ingilis kəşfiyyatının köməyilə
Amerikaya, oradan isə Hindistana qaçdığını deyir.
Bəzi şahidlər ısə iddia edir ki, vaxtilə Ermənistan
televiziyasında Şaumyan haqqında veriliş
hazırlanıb və burada onun Hindistandakı məzarı
göstərilib. Şahidlər, həmçinin, Şaumyanın
Bakıda 26-ların şərəfinə ucaldılan abidəni
ziyarət etdiyini gördüklərini də iddia edirlər.
Bunlar bəlkə də adicə bir şaiyədir, elə bir
şaiyə ki, onun yalan olduğuna çox az adam inanır. Nə
qədər ki, bu mövzu əlaqədar qurumlar, elmi tədqiqat
institutları tərəfindən ətraflı
araşdırılıb həqiqət üzə
çıxarılmayıb, bir o qədər onun ətrafında
ehtimallar, şayiələr, söz-söhbətlər
dolaşacaq. Fərziyyələr tarixi həqiqətləri
üstələməyə çalışacaq.
26-lar abidəsinin
altından cəsədləri çıxarılan 23 nəfər
kimlərdir?
Mir Cəfər
Bağırovun siyasi bioqrafı (yəni siyasi şəxsiyyətlərin
həyatını tədqiq edən
şəxs), tədqiqatçı-alim Fazil Məmmədov redaksiyamızla əlaqə saxlayaraq, mövzu ilə bağlı fikirlərini
oxucularımızla bölüşmək istədiyini bildirdi.
F.Məmmədov «Bakı-Xəbər»ə
açıqlamasında «Sahil» bağından
çıxarılan 23 cəsədin 26 Bakı Komissarlarına
aid olmadığını bildirdi. F.Məmmədov ehtimal edir
ki, bu cəsədlər 1918-ci ildə Bakının
daşnaklardan azad edilməsi uğrunda döyüşlərdə
şəhid olan türk əsgərlərinə məxsusdur.
«Əvvəla onu deyim ki, 26-larla bağlı səsləndirilən
məlumatların hamısı yanlışdır. Yəni
abidənin altından çıxarılan 23 cəsədin
26-ı Bakı Komissarına aid edilməsi doğru deyil. Ona
görə ki, faktlar bunu başqa cür izah və sübut
edir. Mən sizə oxuduqlarımı, eşitdiklərimi və
şahidi olduqlarımı çatdırmaq istəyirəm.
1918-ci ilin sentyabr ayında həqiqətən də 26-lar
Ağcaqum çölündə güllələnib.
Onların güllələnməsilə bağlı məlumatlar
Leninə çatdırıldıqdan sonra məsələni
araşdırmaq məqsədilə xüsusi komissiya
yaradılıb. Həmin komissiya 26-ların bir nəfər
kimi Ağcaqum çölündə güllələndiyini müəyyən
edib. Şaumyan da daxil olmaqla, onların hamısı 26 Bakı
Komissarı adı altında güllələnib. 1919-cu ilin
mart ayına qədər onların cəsədləri
Ağcaqum çölündə
qalıb. Mart ayında Leninin
göstərişilə komissiya onları dəfn edib.
1920-ci ildə Şərq Xalqları qurultayı ərəfəsində
26-ların qalıqlarının Bakı şəhərinə
gətirilərək burada dəfn edilməsi məsələsi
qaldırılıb. İş burasındadır ki, 26-lar,
iddia edildiyi kimi, sökülən abidənin altında deyil,
bağın aşağı başında - Rəşid
Behbudov adına Mahnı Teatrına gedən yola paralel (səhv
etmirəmsə, o küçə Səməd Vurğun
küçəsidir - F.M) olan yerdə basdırılıb.
Özü də bir nəfər kimi. Həmin dəfn mərasimilə
bağlı lent də var.
O lent bizim arxivlərdə
qorunub saxlanılır. 26-ların qalıqlarının dəfn
edildiyi yerdə eni 10 metr,
uzunluğu 12 metrdən artıq olan «Hüzn sütunu» adlı
bir abidə də ucaldılmışdı. Bu abidə cəbhəçilərin
dövründə söküldü. Mən bu hadisənin
canlı şahidiyəm. Bu «Hüzn sütunu» çoxlarının
gözü qarşısında dağıdıldı.
Hansı ki, həmin sütunun yanında 26-ların Ağcaqum
çölündən gətirilən cəsədləri
basdırılmışdı. 26-ların
qalıqlarını abidənin altında deyil, orada axtarmaq
lazımdır. Çox ehtimal ki, «Sahil» bağından
çıxarılan 23 cəsəd o vaxt Bakıda
öldürülən türk əsgərlərinə məxsusdur».
«Həqiqət budur ki, Şaumyan 26-ların cərgəsində
güllələnib»
«Fazil müəllim,
sizin dediyiniz kimi, 26-lar abidənin altında deyil, «Sahil»
bağının aşağı tərəfində dəfn
edilmişdisə, bəs onda nə üçün abidə həmin
yerdə deyil, bağın ortasında qoyulmuşdu?». F.Məmmədov
sualımızı belə cavablandırdı: «Sadəcə,
yer münasib deyildi, abidə bir kənarda qoyula
bilməzdi. Abidə düşünülmüş
şəkildə bağın ortasında qoyulub.
Yadımdadır ki, abidə qoyulan zaman həmin yer 10 metrə
qədər qazılmışdı. O zaman orada heç bir
şey yox idi». F.Məmmədovdan o yer qazılarkən oradan 23
nəfərin cəsədinin hansı səbəbdən tapılmadığını da
soruşduq. F.Məmmədov «o vaxt onlar buna fikir verməyiblər.
Onlar ortanı qazmayıblar, kənarları 2-3 metr qazıblar.
Bəlkə də onlar burada dəfn
olunanlar türk əsgəri
olduğuna görə qəsdən
bunu açıb-ağartmayıblar. İndi mənim dediyim
yerdə qazıntı işləri aparsalar, 26 Bakı Komissarının
26-ların da cəsədini oradan tapacaqlar. 1918-ci ilin may
ayında Şaumyanın Qubaya göndərdiyi quldur dəstəsi
Qubada çox böyük cinayətlər törətmiş,
qətliamlar həyata keçirmişdi. Bu zaman Mir Cəfər
Bağırov Qubada idi və o, bu vəhşiliklərlə əlaqədar
olaraq Xaçmaz şəhərindən Bakıya-Caparidzeyə
teleqram göndərərək, buna öz etirazını
bildirmişdi. Bu fakt tarixdə öz əksini tapıb. Orada
göstərilib Amazaspın dəstəsi dinc əhalini
qırıb məhv edir. Amazasp isə deyib ki, ona bu barədə
Şaumyan göstəriş verib». Stepan Şaumyanın nəvəsi
Tatyana Şaumyanın Ömründə birinci dəfədir
düz danışdığını deyən F.Məmmədovun
sözlərinə görə, T.Şaumyan da babasının
Stalin və Mir Cəfər Bağırov tərəfindən
qəbul edilmədiyini müsahibəsində qeyd edib: ”Həqiqətən
də Stalin və Bağırovun 26-ları, xüsusən də
Şaumyanı görməyə gözü yox idi. Tatyana
ömründə birinci dəfədir ki, həqiqəti
danışır... Şaumyanın cəsədinin,
qalıqlarının indi Bakı torpağında dəfn edilməsinin
elə də bir əhəmiyyəti yoxdur. Həqiqət budur
ki, Şaumyan 26-ların cərgəsində güllələnib
və Bakıda, mənim dediyim yerdə dəfn edilib». Bəzi
tarixçilərin Şaumyanın Mikoyanın köməkliyilə
güllələnmədən canını qurtarması məsələsinə
aydınlıq gətirən F.Məmmədov bunun uydurma
olduğunu deyir. «Şaumyan doğrudan da Hindistanda gizlənmişdisə,
sovet hökuməti üçün onu tapıb aradan
götürmək problem deyildi. Necə ki, vaxtilə Trotskini
öldürtdülər. Şaumyanın o vaxt sağ
qalması ilə bağlı deyilənlər kəşfiyyat
dairələrinin uydurmasından başqa bir şey deyil... Yeri
gəlmişkən, bir məqamı qeyd etmək istəyirəm.
1926-cı ildə 26-ları güllələyən əsgərlərin
başçısı Funtikovun Bakıda məhkəməsi
olub. Həmin məhkəmədə Məşədi Əzizbəyovun
anası, Şaumyanın böyük oğlu Suren və
başqa qohumları da iştirak edib. Burda Əzizbəyovun
anası tərcüməçiyə müraciət edərək
(Funtikova xitabən), deyib ki, bu namərddən soruşun
görək, qoy həqiqəti desin, mənim oğlum güllələnərkən
onlardan imdad istəmişdimi? Funtikov isə cavabında «nə
sizin oğlunuz, nə də başqaları bizdən heç
bir imdad istəməmişlər»-demişdi. Bu zaman Məşədi
Əzizbəyovun anası böyük bir qürurla
üzünü zala tutaraq «Mən fəxr edirəm ki, Məşədi
kimi oğlum olub» deyib.
«Komissiyanın çıxardığı qərar tələsik
hazırlanıb»
F.Məmmədov bizimlə
söhbətində Bakıda bolşevizm ideoloqlarının
heykəllərinin götürülməsinə də
münasibət bildirdi və birmənalı olaraq buna mənfi
yanaşdığını dedi. Onun sözlərinə
görə, bu heykəllərin şəhərin görkəmli
yerlərində ucalmasını istəmirlərsə,
xüsusi bir yer ayırıb bu heykəlləri ora qoysunlar. F.Məmmədov
AMEA, Səhiyyə Nazirliyi və Milli Arxiv idarəsi əməkdaşlarından
ibarət komissiyanın işini qənaət-bəxş hesab
etmədiyini də bildirdi. «Mən onların gəldiyi qənaətlə
razılaşmıram. Fikrimcə, onlar 23 cəsədin 26-lara
məxsus olduğunu deməklə tələskənliyə
yol veriblər. Bu komissiyanın çıxardığı qərar
tələsik hazırlanıb. Bunə görə onlar belə
qərara gəliblər ki, Şaumyan burada dəfn
olunmayıb. Onların məzarı, dediyim kimi, vaxtilə
«hüzn sütunu» ucaldılan yerdədir. Orada axtarış
aparsalar, onların cəsədini taparlar. Söz yox ki,
Şaumyan xəyanətkardır, amma o, ölümdən
canını qurtara bilməyib. Onu da digər komissarlarla birgə
«satıb»lar. Özü də 26-ları Mikoyan yox, Şaumyanın
Pavesyan soyadlı daşnak dostu satıb» - deyən F.Məmmədovun
bildirdiyinə görə, Stalin və Mır Cəfər
Bağırovun Şaumyana nifrət etməsinin ciddi səbəbləri
olub: «Buna Şaumyanın Azərbaycanda ilk dəfə sosialist
bayrağı qaldıran Quba şəhərinə hücum
etməsi səbəb olmuşdu. O, bolşevik ideyalarına xəyanət
etmişdi. Xalqları bir-birilə birləşdirmək əvəzinə
qətliam törətmiş, onları bir-birinə
düşmən etmişdi...»
İradə Sariyeva.
Bakı xəbər.- 2009.- 2 fevral.- S. 7.