Əsl “26-lar” abidəsinin AXC hakimiyyəti vaxtı söküldüyünə dair yeni sensasiya...

 

Həsən Kərimov: “Cəbhə hakimiyyəti dövründə həqiqətən “Hüzn sütunu deyilən 10x12 metr ölçüdə abidə söküldü”

 

İş burasındadır ki, «26-lar», iddia edildiyi kimi, sökülən abidənin altında deyil, bağın aşağı başında-Rəşid Behbudov adına Mahnı Teatrına gedən yola paralel (səhv etmirəmsə, o küçə Səməd Vurğun küçəsidir-F.M) olan yerdə basdırılıb. Özü də hamısı bir nəfər kimi. Həmin dəfn mərasimilə bağlı lent də var. O lent bizim arxivlərdə qorunub saxlanılır. «26-lar»ın qalıqlarının dəfn edildiyi yerdə eni 10 metr, uzunu 12 metrdən artıq olan «Hüzn sütunu» adlı bir abidə ucaldılmışdır. Bu abidə cəbhəçilərin dövründə söküldü. Mən bu hadisənin canlı şahidiyəm. Bu «Hüzn sütunu» çoxlarının gözü qarşısında dağıdıldı. Hansı ki, həmin sütunun yanında «26-lar»ın Ağcaqum çölündən gətirilən cəsədləri basdırılmışdı. Onların qalıqlarını abidənin altında deyil, orada axtarmaq lazımdır». Bunu qəzetimizin ötən sayına açıqlamasında Mir Cəfər Bağırovun siyasi bioqrafı, tədqiqatçı-alim Fazil Məmmədov deyib. Xatırladaq ki, «Sahil» bağında aparılan yenidənqurma işlərilə əlaqədar olaraq 1920-ci il sentyabrın 10-da burada dəfn edilmiş «26-lar»ın qalıqları şəhər qəbristanlığına köçürülüb və müsəlman, yəhudi və xristian din xadimlərinin iştirakı ilə torpağa tapşırılıb. Onu da bildirək ki, yanvarın 24-26-da aşkarlanan qalıqların sayının 26-ı deyil, 23 olması ölkə ictimaiyyəti, mütəxəssis və mətbuatda geniş müzakirəyə səbəb olub. Ötən yazılarımızda qeyd etdiyimiz kimi, məsələ ilə bağlı yekdil fikir mövcud deyil. Alimlərin bir qismi hesab edir ki, «Sahil» bağında «26-lar»ın şərəfinə ucaldılan abidənin altında dəfn edilən 23 nəfər həqiqətən də 26-lardır, lakin Şaumyan və daha iki nəfərin qalıqları orada yoxdur. Bu fikirdə olanların sözlərinə görə, Şaumyan həmkarları ilə birgə Ağcaqum çölündə güllələnməyib, o, ölümdən yaxa qurtararaq ingilis kəşfiyyatının köməyilə Amerikaya, oradan isə Hindistana qaçırılıb və Hindistanda vəfat edib. Mir Cəfər Bağırovun si-yasi bioqrafı, tədqiqatçı-alim Fazil Məmmədov isə, digər mütəxəssislərdən fərqli olaraq iddia edir ki, Şaumyan da o biri komissarlar kimi Ağcaqum çölündə güllələnib və Bakıda dəfn edilib. Onun iddiasına görə, «26-lar»ın xatirəsinə qoyulmuş abidənin altından çıxarılan 23 nəfərin qalıq-ları 1918-ci ildə Bakının daşnaklardan azad edilməsi uğrunda şəhid olan türk əsgərlərinə aiddir, «26-lar»ın qalıqları isə vaxtilə «Hüzn sütunu» olan yerdə dəfn edilib. O, eyni zamanda bu sütunun cəbhəçilərin hakimiyyəti dövründə uçurulduğunu da bildirir. «Hüzn sütunu»nun Cəbhə hakimiyyəti zamanında uçurulub-uçurulmadığını araşdırmaq məqsədilə AXC dövründə Səbail Rayon icra Hakimiyyətinin başçısı işləmiş, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Həsən Kərimov «Bakı-Xəbər»ə açıqlamasında bildirdi ki, Fazil Məmmədov doğru deyir, həqiqətən də eni 10, uzunu 12 metrdən artıq olan “Hüzn sütunu” Cəbhə Hakimiyyəti dövründə  götürülüb. «Fikrimiz vardı ki, o bağa 15 may adı verilsin. Sonra Elçibəyin fərmanı ilə həmin bağa «Qaçqınlar bağı» adı verildi. Bakı Şəhər icra Hakimiyyətinin qərarı ilə kənarlardakı heykəllərin tədricən köçürülməsi məsələsi ortaya çıxmışdı. 1993-cü ildə «26-lar»ın xatirəsinə qoyulmuş heykəlin arxasında yerləşən o nəhəng lövhə götürüldü, daha doğrusu, beton söküldü və lövhə dağıdıldı. Çünki onu dağıtmadan bütöv götürmək mümkünsüz idi. Bu proses başlamışdı, sonra məlum hadisələr baş verdi və Cəbhə Hakimiyyətdən getdi. «26-lar»ın «Hüzn sütunu»nun altında dəfn edilib-edilmədiyini araşdırmaq artıq tarixçilərin işidir. Amma bir şeyi qeyd edim ki, heykəlin altından çıxan qalıqlar realdır, lövhənin altında cəsədlər yox idi.. Biz o vaxt bunu müşahidə etmədik».

 

«Alim hesab etdiyimiz şəxslər...»

 

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, yazıçı-publisist Mehriban Vəzir isə bizimlə söhbətində «Sahil» bağında «26-lar»ın şərəfinə ucaldılmış böyük bir lövhə olduğunu xatırlayır, amma «Hüzn sütunu»nun cəbhə hakimiyyəti  dövründə dağıdılmasına şübhə ilə yanaşır: »Sahil» metrosu tərəfdən bağa daxil olduqda bağın bir qədər baş tərəfində, sağda nəhəng bir lövhə vardı. Bu lövhənin üzərində 26-ların portretləri, onları xatırladan nişanələr həkk olunmuşdu. Sonra bağ təmir edilərkən o lövhə götürüldü. Mənə elə gəlir ki, hadisə Cəbhə hakimiyyətindən əvvəl baş verib. Çünki onların xatirəsinə hörmət əlaməti olaraq o memorial abidə parkın ortasına Cəbhə Hakimiyyətə gəlməzdən əvvəl qoyulmuş, həmin lövhə bağdan götürülmüşdü. Yəni mən «Sahil» bağında belə bir lövhənin olduğunu xatırlayıram. Amma 1988-ci illər meydanda o bağla bağlı müəyyən etirazlar səslənirdi. Bilirsiz ki, artıq Qarabağ problemi başlamışdı, sovet ruhunu təbliğ  edən «26-lar»ın da başçısı Şaumyan idi. Onların başçısının Şaumyan olması və bu abidənin bağın ortasında qoyulması, əlbəttə, müəyyən qıcıq doğururdu. O vaxt o lövhənin oradan təzyiq vasitəsilə, yoxsa başqa yolla götürülməsi barədə ətraflı məlumatım yoxdur. Bunu prosesin içində olan şəxslər bilər, amma o lövhəni xatırlayıram. Mən bir şeyə çox təəssüflənirəm ki, hələ bu günə kimi 26-lar barədə həqiqətlər araşdırılıb üzə çıxarılmır. Alim hesab etdiyimiz şəxslər isə bu mövzu ilə bağlı ağzına gələni danışır. Məsələn, iddia edirlər ki, guya Məşədi Əzizbəyov və Mirhəsən Vəzirov 1918-ci ilin mart qırğınlarının təşkilatçılarından olub. Məlumat üçün bildirim ki, mən Mirhəsən Vəzirovla eyni nəsildənəm. Bunu dilə gətirmək çox böyük eyib və ədəbsizlikdir. Bu gün həm Məşədi Əzizbəyovun, həm də Mirhəsən Vəzirovun tədqiqatçıları var. Bu insanlar həqiqətən də Bakı Komunasında olublar və qırğının qarşısını almaq üçün əllərindən gələni ediblər. Çünki onlar müəyyən bir ideoloji istiqamətdə fəaliyyət göstərsələr də, məsələn, Mirhəsən Vəzirov solçu eser idi, o daha çox fəhlə-kəndli sinfini müdafiə edirdi. O, ədalətsizliyə qarşı mübarizə aparan bir mücahid olub. Yüksək universitetlərində təhsil almışdı, dövrünün çox mütəfəkkir bir şəxsiyyəti idi, onun əsərləri qalır, fəaliyyəti xatırlanır. Məşədi Əzizbəyov da həmçinin Bakıdakı qırğını gücləri çatacaq qədər onun qarşısını almağa çalışan bu iki şəxsin üzərinə atmaq düzgün deyil. Amma onların fəaliyyəti, daşıdıqları ideya başqa bir şey idi. Bu da normal bir ideya idi, bu insanlar sosial-demokrat idi. Onlar bolşevik deyildilər, dağıdıcı deyildilər. Bax bunlar hamısı nəzərə alınmalıdır».

 

«Bunu sübut etmək üçün çox ciddi tədqiqatlar aparmaq lazımdır»

 

«26-lar» barədə ortada dəqiqi məlumat olmadığından, bu məsələyə birmənalı fikir bildirməyin çətin olduğunu deyən M.Vəzir hesab edir ki, bunu araşdırıb üzə çıxarmaq tədqiqatçı alimlərin boynuna düşür. «Bu hadisənin üstündən uzun illər keçib, tarixi həqiqətlər gizlədilib, bu faktı saxtalaşdırmaq üçün müəyyən qüvvələr əllərindən gələni ediblər. Həmişə eşitmişik ki, Şaumyan güllələnməyib və Hindistana gedib. Hətta «Azərbaycanfilm» Kinostudiyasının istehsal etdiyi «26-lar» adlı bir film var. Xatırlayırsınızsa, o filmdə deyirlər ki, bir nəfər azad ola bilər, kim istəyirsə irəli çıxsın. Filmdə deyilir ki, heç kəs azad olmaq istəmir, həmrəylik nümayiş etdirmək məqsədilə hamı birgə qalmaq istəyir. Bu filmdə tamaşaçıya sirr qalan nə isə var. O bir nəfər kim idi, onu oradan çıxardılarmı, o insan qaçdımı? Amma zaman-zaman Azərbaycan mətbuatında Şaumyanın qaçaraq Hindistana getdiyi və orada yaşadığı barədə məlumatlar dərc edilib. Onun nəvəsi isə babasının Ağcaqum çölündə gülləndiyini və Bakıda dəfn edildiyini iddia edir. Bu ola da bilər, olmaya da bilər. Bunu sübut etmək üçün çox ciddi tədqiqatlar lazımdır. Yəni bütün kin-küdurəti, şəxsi maraqlar kənara qoyularaq, bu hadisə obyektiv şəkildə öyrənilməlidir. Bu məsələdə dövlətin də marağı olmalıdır. Çox təəssüf ki, dövlət buna pul xərcləmir ki, bizim tarixçi alimlərimiz arxivlərdə işləsin. Hindistanda, Moskvada, Türkiyədə, İranda çalışsınlar. Çünki Azərbaycana aid arxivlər, demək olar ki, ölkədə yoxdur. Bizə aid materiallar Türkiyədə, İranda, Tiflisdə, Rusiyadadır. Moskva, Sankt-Peterburq arxivləri dolub-daşır, sadəcə, onu araşdıran lazımdır. Ona görə də düşünürəm ki, heç kəs Şaumyanla bağlı suala dəqiq cavab verə bilməyəcək. Çünki sual çox maraqlıdır və ciddi maraq doğurur. Amma buna cavab vermək çətindir, çünki bu, böyük tədqiqat tələb edir».

«26-lar»la bağlı son prosesləri ciddi izlədiyini deyən M.Vəzirin sözlərinə görə, onun bu məsələdə xüsusi marağı var. Bu isə onunla eyni soydan olan yaxın qohumu Mirhəsən Vəzirovun adının mənfi yöndə hallandırılmasıdır. Bəzən Mirhəsən Vəzirovun üstünə çamur atıldığını deyən M.Vəzirin bildirdiyinə görə, M.Vəzirov millətçi olmasa da, cəmiyyətdə sosial bərabərliyin tərənnümçüsü olub.

 

 

İradə Sariyeva

 

Bakı xəbər.- 2009.- 3 fevral.- S. 7.