Ecazkar Quba-Şirvan xalçaları...

 

  ...Şahnəzərli-bu xalçaları öz adını Şahnəzərli kəndinin adından götürüb. Bu tip xalçalar özündə 35 kompozisiya cəmləşdirib. İstehsal mərkəzinin Şahnəzərli, Məlhəm, Göylərə, Qonaqkənd kəndləri olmasına baxmayaraq, onu həmçinin Quba, Şamaxı və Ağsu rayonunun kəndlərində də toxuyurlar. Xalçanın orta sahəsinin kompozisiyası əsasən şaquli üçbucaq boyu yerləşən bir neçə gellərdən ibarətdir. Orta sahədə bu xalçaya xas olan 2 qubpa və 2 başlıq yerləşib, biri aşağıda birinci gelin əvvəlində, ikincisi yuxarıda axırıncı gelin sonundadır. Olduqca üslublaşdırılmış bu qubpalar medalyonları tamamlamaqla yanaşı, orta sahənin kompozisiyasını tam bitkin şəklə salır və onu təkmilləşdirir, həmçinin gelləri daha yaxşı qruplaşdırır. Azərbaycanda, həmçinin, Orta Asiyada xalq xalça toxuyanları və sənətkarlar kompozisiyadan asılı olmayaraq, bir çox medalyona malik istənilən xalçanı "Güllü" adlandırır. Böyük əksəriyyəti səkkizguşəli forması olançox böyük olmayan kvadratlarla bəzədilmiş bu medalyonlar öz sadəliyi və rəngarəngliyi ilə Qazax, Qarabağ və Cənubi Azərbaycan xalçalarından nəzərəçarpacaq dərəcədə fərqlənir. Olduqca üslublaşdırılmış qubpalar kompozisiyanı tamamlayır və təkmilləşdirir, həmçinin daha yaxşı qruplaşdırır. Əla növ sıxlıq, zəngin bəzək ornamentləri, toxunuşun zərifliyi bu xalça qruplarının səciyyəvi xüsusiyyətləridir.

Herat-tarixən bu xalça XV əsrdə Əfqanıstanın Herat şəhərində yaranıb. Sonralar başqa adlarla Azərbaycanın rayonlarında yayılmağı başlayıb. Əsasən Qarabağda "Balıq" adı ilə tanınır.

Pirəbədil-bu xalça adını Pirəbədil kəndindən götürüb. Yerli xalça toxuyunlar bu xalçanı "Burma", "Qırman", bəzən isə "Qayçı" adlandırır. Bəzi xalça ustaları, həmçinin sənətşünaslar onu "Miqradi" və ya "Qroy" adlandırır ki, bu da "menroy" (qayçı) ərəb sözünün şəkli dəyişilmiş forması olur. Orta sahənin solsağ tərəfindən yalnız bu tip xalçalara xas olan və qayçını xatırladan element yerləşir. Pirəbədil xalçaları digər Azərbaycan xalçalarından daha qədim tarixə malikdir. Əsas elementləri sol-sağ tərəflərdə igidlik və ərlik rəmzi olan "qayçı" və "buynuz" təsviri, orta sahənin mərkəzində "hindtoyuğu", onun kənarlarında isə meyvə ağaclarının yarpaqları və səkkizguşəli gel təsvir olunur. Bu xalçaların böyük əksəriyyətinin orta sahəsi adətən tünd göy, bəzən isə tünd qırmızı olur.

Zeyva-bu xalça öz adını Qubanın cənub-şərqində yerləşən Zeyva kəndindən götürüb. Xarici mənbələrdə o, "Şirvan" adı ilə qeyd olunur. Xalq arasında bu xalça "Qədim Zeyva" kimi tanınır. Xalçanın orta sahəsinin kompozisiyası əsas etibarilə mərkəzi üçbucaqda növbəli yerləşən bir neçə geldən ibarət olur. Forma və mənşəyinə görə Zeyva xalçasının əsas elementini təşkil edən bu medalyonları tərtib olunduqları punktir xətlərinə görə orta əsrlərə aid etmək olar. Müxtəlif növlərdə yaradılmış belə gellərə təkcə Qafqaz xalqlarının dekorativ incəsənətində deyil, həmçinin Baltikyanı ölkələrdə də da rast gəlmək olar. Bura xalçaçılıq və toxuma üçün daha xarakterikdir. Bu gellərin ətrafında "səkkizbucaqlı", "qarmaqlı", "alma" adlanan müxtəlif doldurucu elementlər assimetrik şəkildə səpələnib. Adətən orta sahənin rəngi tünd qırmızı, tünd göy, açıq qəhvəyi rəngdə olur.

Əlixanlı-Quba qrupunun Quba-Şirvan tipinə daxil olan və Əlixanlı adını daşıyan xalça adını Siyəzən rayonunda yerləşən Əlixanlı kəndindən götürüb. Bu xalça həmçinin Azərbaycanın şimal-şərqində, o cümlədən Dəvəçi rayonunun xalçatoxuma məntəqələrində istehsal olunur.

Görkəmli tarixçi, ədəbiyyat, fikir adamı Abbasqulu ağa Bakıxanov "Gülüstani İrəm" əsərində Əlixanlı kəndinin adını "Alqon" divarı ilə əlaqələndirir və hesab edir ki, o, həqiqətən də "Alqonlu" adlanır. Müəllif bunu belə açıqlayır: İsfəndiyar bu divarı tikib (bizim eradan əvvəl VI əsr), Ənuşirəvan (IV əsr) onu bərpa edir. Əlixanlı xalçasının orta sahəsinin kompozisiyası əsasən mərkəzi şaquli üçbucaqda ardıcıl yerləşən bir neçə böyük geldən ibarətdir. Gellərin forması əyri xətlərlə, dişlərlə yerinə yetirilib. Əlixanlı xalçasının orta hissəsində bir, iki, nadir hallarda isə üç gel üfüqi şəkildə yerləşir. Əlixanlı xalçası qırıq xətlərlə düzəldilmiş bəzəklərin mürəkkəb motivlərindən ibarətdir və ornament orta əsr sənətkarlarının incəsənət fəaliyyətinin nümunələrindəndir.

Qonaqkənd-bu xalçalar XVIII-XIX əsrdə istehsal olunub. Tədricən öz zahiri görünüşünü dəyişərək, ilkin əsası olan Xorasan xalçalarından tamamilə fərqlənirlər.

Qonaqkənd xalçasının əsas kompozisiyasını orta sahənin mərkəzində yerləşən böyük medalyon təşkil edir. Medalyonun içərisində mərkəzdə səkkiz kiçik xaç yerləşir. Medalyonlar primitiv kənd təsərrüfatı alətlərini xatırladan həndəsi xətlərin elementləri ilə naxışlanıb. Bu xalça nəzərəçarpacaq dərəcədə öz ilkin formasından uzaqlaşaraq, Azərbaycanın milli xalçaları sırasına daxil olub. XVIII əsrdə, əsasən XX əsrin II yarısında yarmarkaların genişlənməsilə əlaqədar olaraq bu xalçanın kompozisiyası böyük ölçüdə olan xovsuz xalçalarda istifadə olunmağa başladı.

Qədim Minarə-kompozisiyasının orta sahəsi olan "zəncirə"nin "Darağı" adlanan hissəsi mərkəzi üçbucağın sağsol tərəflərinə istiqamətlənərək, bir neçə yeni dördbucaqlı və düzbucaqlı təsvir yaradır. Bu yeni kvadrat və düzbucaqlının səthi əksər hallarda qara, qırmızı və rəngli balaca kvadratların şəbəkəsi ilə örtülmüş olur. Orta fon tünd-göyya qırmızı rəngdə olur.

Uqax-bu xalçalar Qubanın yaxınlığında yerləşən Uqax kəndinin adını daşıyır. Uqax xalçasının orta sahəsinin kompozisiyası aralarında çox qısa məsafə olan rapportlardanbir formatda olan bitki elementlərindən ibarətdir. Xalq arasında "taxanq" kimi tanınır (üzüm yarpağı) və xalçanın əsas elementi olub, rapportların başlanğıcı və mərkəzini qeyd edən xətlərin, yəni kvadrat şəbəkələri yaradan xətlərin kəsişməsində yerləşir. Uzununa və eninə rapportların sayı nə qədər çox olsa, yəni xalçanın ölçüsü nə qədər böyük olsa, onun incəsənət baxımından dəyəri bir o qədər aşağı olar. Uqax xalçasının xətt həşiyəsinin motivləri əslən tətbiqi dekorativ incəsənətin müxtəlif sahələrdə naxışlardan mənimsənilmiş bitki ornamentlərindən götürülüb. Xalça toxuyanlar arasında "çiçəkli" adlandırılan orta haşiyəni həmçinin Qarabağ xalçası olan "Nəlbəkigül"də görmək olar. Bu xalçanını çiçək xüsusiyyətlərindən danışarkən qeyd etmək lazımdır ki, onun fonu tünd qəhvəyi və ya yaşıl olur.

Erfi-bu xalça Erfi kəndinin adını daşıyır. O həmçinin Noxuddüzü, Qayadalı, Dark, Talış, Xırt, Qarabulaq kəndlərində istehsal olunur. Bəzi mütəxəssislər hesab edir ki, qocaman ustaların həmçinin "Heyməgah" adlandırdıqları (çadır qurulan yer) bu xalça Şirvan xalçasıdır. Erfi xalçasının orta sahə kompozisiyasını təşkil edən elementlər çox böyük olmayan şaquli üçbucaqda yerləşir. Orta hissəsinin dekoru əsas etibarilə hər biri müstəqil üfüqi xətt təşkil edən, müxtəlif formalı 2 əsas elementdən ibarətdir. Birinci cərgə "Saçaqlılar" qrupuna daxil olan elementlərdən ibarətdir, bu elementlərə adətən Şirvan qrupundakı xalçalarda rast gəlinir. İkinci cərgəyə xalçanın əsas geli (medalyonu) hesab edilən və xalq arasında "çadır" adlanan element daxildir. Bu elementlər hələ qədim zamanlardan bir çox Azərbaycan xalçalarında saxlanıb. Onlar hər iki cərgədən bir təkrar olunur. Əsas elementlər isə hər cərgədən bir təkrar olunur. Haşiyə bəzəkləri əsasən 3 zolaqda-kətəbənin yanları boyu yerləşən orta haşiyə "kətəbə" və kiçik haşiyə "çaxmağı"dan ibarətdir. Bu kiçik haşiyəni XVI əsr İtalyan rəssamı Lorenso Lotonun (1480-1556) "Ailə" şəklində görmək olar. Haşiyə zolaqlarının rəngi orta sahənin rənginə əsasən dəyişir. Erfi xalçasını incəsənət baxımından incələyərkən belə bir nəticəyə gəlmək olar ki, orta sahənin kompozisiyası adətən köçəri tayfalara xas olan xovsuz xalçalardan mənimsənilib.

"Qırız" xalçasının orta sahəsinin kompozisiyası əsasən mərkəzi şaquli hissədə yerləşən bir neçə böyük gellərdən ibarətdir. Bu xalçaların gelləri formasına görə "xonçanı" və ya "tabaqı" xatırladır. Sağsol tərəfdə ustaların "güllü yaylıq" adlandırdıqları rombaoxşar elementlər yerləşdirilib. Gellərin mərkəzində xalq arasında "aypara" adlandırılan və toy-nişanın təsviri sayılan element var. Gellərin arasında yerləşdirilmiş sırğa cütlərinin, bir sıraya düzülmüş quşların təsvirləri və müxtəlif formalı başqa elementlər "Qırız" xalçaları üçün xarakterdir.

Quba xalçalarının ən parlaq kompozisiyalarından biri olan Cek xalçalarının mərkəzləşmiş məntəqəsi Cek kəndi hesab olunur. Cek xalçaları Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir. Əsasən ceklilər tərəfindən toxunub.

Butalı-Quba qrupunun Quba-Şirvan tipinə daxil olan bu xalça Quba rayonunun Dərəçiçi kəndinə məxsusdur. Nabur, Şamaxı, Alçiman, Şirvan xalçatoxuma məntəqələrində istehsal olunan xalçalar burada yerli texnoloji və rəssamlıq təsirinə məruz qalıb. Butalı xalçanın orta sahə kompozisiyası əsasən "buta" elementləri ilə doldurulub. Xalçanın uzununa və eninə boyu təkrarlanan bu elementlər cərgə yaradır. Haşiyə xətti müxtəlif ölçülü zolaqlardan, o cümlədən "jaqa", "mədaxil", "zəncirə"dən ibarətdir. Ornament üslublaşdırılıb və əla növ sıxlığı, zərifliyi, bəzəkləri ilə seçilir. Rəsmin plastiki çevikliyi, forma və rəngin emosional ifadəsi vasitəsilə naxışlanmış xalçada həyatın sevinc hissi verilir. Rəssamlıq məharəti vahid harmoniya zərurətinə tabe olan dekorativ ifadə vasitələri, ritm, simmetriya, tam aydın kompozisiya quruluşu ilə tətbiq olunur.

"Güllü"-bu xalça Dərəçiçi kəndinə məxsusdur. Orta sahə təkcə "gül" elementləri ilə doldurulur. Xalçanın uzunu eni boyunca təkrarlanan bu elementlər cərgə əmələ gətirir. Haşiyə zolağı müxtəlif ölçülü zolaqlardan, o cümlədən "jaqa", "mədaxil", "zəncirə"dən ibarətdir.

Qeyd edək ki, 1902-ci ildə toxunan Quba xalçaçılıq məktəbinə aid olan Himil xalçası-"Uzundərə xalçası" 2 aprel 2004-cü ildə "Sotbi" auksionunda satılıb.

Azərbaycan xalçalarını şərh edən sənətşünaslar qeyd edir ki, dünən olduğu kimi, bu gün Azərbaycanın müxtəlif bölgələrində toxunan, ayrı-ayrı məktəblərə xas xalçalar dünyanın diqqət mərkəzindədir. Azərbaycan mədəniyyətinin vacib xəttini təşkil edən xalçalar öz qiymətini əbədi olaraq saxlayır.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 24-26 aprel.- S. 15.