13 yaşlı Neft
Fondu
Azərbaycan
Respublikasının Dövlət Neft Fondunun (ARDNF)
yaradılmasından 13 il keçdi. Qurum 1999-cu ildə neft gəlirlərini
gələcək nəsillər arasında ədalətli
bölüşdürmək məqsədilə
yaradılıb. Bundan başqa, Fond neft pullarının
iqtisadiyyata mənfi təsirini aradan qaldırmalı, Azərbaycan
manatının məzənnəsinin həddindən çox
möhkəmlənməsinə imkan verməməklə
makroiqtisadi sabitliyi təmin etməli idi.
İndiyə qədər ölkədə
baş verən proseslər göstərir
ki, ARDNF bu işlərin
öhdəsindən gəlib. Əks təqdirdə, Azərbaycanda
qiymət artımının səviyyəsi indikindən dəfələrlə
çox olardı. “New Baku Post”un suallarını ARDNF-in icraçı
direktoru Şahmar Mövsümov cavablandırır:
– 13 il
ərzində Fondun məcmu gəlirləri və xərcləri nə qədər olub və rəhbərlik
etdiyiniz qurum hansı layihələri maliyyələşdirib?
– İndiyə qədər
ARDNF-in məcmu gəlirləri
82,3 milyard ABŞ dolları (66,3 milyard manat), büdcə xərcləri isə 48,4 milyard ABŞ dolları
(39,7 milyard manat) təşkil edib. Əgər 2001-ci ildə Fondda 279 milyon dollar məbləğində vəsait
vardısa, 1 dekabr
2012-ci il tarixinə bu rəqəm 33,9 milyard dollara
çatıb. İndi bu
vəsaitlər səmərəli
şəkildə idarə
edilir, ölkəmizin
sosial-iqtisadi tərəqqisi
naminə mühüm
ümummilli layihələr
maliyyələşdirilir.
ARDNF qaçqın
və məcburi köçkünlərin sosial-məişət
vəziyyətinin yaxşılaşdırılmasına
və onların məskunlaşdırılmasına 1,1 milyard manat,
Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan Əsas İxrac Boru Kəmərinin inşasına
297,9 milyon manat,
“2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı”nın reallaşdırılmasına
48,7 milyon manat vəsait ayırıb.
– 2013-cü illə
bağlı proqnozlarınız
necədir və mənfəət neftinin satışından gələn aktivlərin
idarə olunmasından
nə qədər gəlir əldə etmək mümkün olacaq?
– Gələn il
ARDNF-in məcmu aktivlərinin
builkindən bir qədər az, təxminən 32 milyard
dollar olacağı proqnozlaşdırılır.
Çünki 2013-cü ildə
dövlət əhəmiyyətli
2 iri layihənin –
Trans-Anadolu Qaz Boru kəmərinin (TANAP) çəkilməsi və
Bakının Qaradağ
rayonunda ARDNŞ-nin yeni neft-kimya kompleksinin tikintisinin maliyyələşdirilməsi nəzərdə
tutulub.
Gəlirlərin strukturunda ölkəmizin
payına düşən
karbohidrogen ehtiyatlarının
satışından əldə
edilən xalis gəlir üstünlük
təşkil edir.
2013-cü ildə Azərbaycan
neftinin 1 barelinin orta illik ixrac
qiymətinin 100 dollar olacağı
proqnozlaşdırılaraq mənfəət neftindən
və qazın satışından formalaşan
daxilolmaların 14,2 milyard
dollar, aktivlərin idarə
olunmasından əldə
olunacaq gəlirlərin
isə 366 milyon dollar təşkil edəcəyi
proqnozlaşdırılır.
– ARDNF-in TANAP layihəsini
maliyyələşdirməsi ilə bağlı nə vaxt qərar
qəbul oluna bilər və layihənin icrası üçün lazım olan 7 milyard ABŞ dollarının hansı hissəsini Fond ayıra bilər?
–
2013-cü ildə bu məqsədlə 110 milyon
dollar məbləğində vəsaitin ayrılması
nəzərdə tutulur.
Hal-hazırda layihədə iştirak edəcək səhmdarların
payları tam olaraq müəyyənləşməyib və bu məsələ
ilə bağlı yekun qərarın da növbəti ildə qəbul edilməsi nəzərdə
tutulur.
– İndiyə
qədər ARDNF nə
qədər qızıl
alıb və onun nə qədəri
Bakıya gətirilib?
– ARDNF-nin 2012-ci il
üçün təsdiq
edilmiş İnvestisiya
Siyasətinə əsasən
Fondun investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri
qızıla investisiya
edilə bilər. 1 fevral 2012-ci il
tarixindən etibarən
sözügedən qiymətli
metalın alınmasına
başlanılıb və
indiyə qədər
təxminən 15 min kiloqram
qızıl alınıb.
Qızıl saxlama sahəsindəki müsbət təcrübələri
və xərclərinin
müvafiqliyi nəzərə
alınmaqla JP Morqan Bankının London anbarında
saxlanılırdı. Lakin artıq
alınmış qızılın
ölkəyə gətirilərək
Dövlət Neft Fondunun yeni istifadəyə
veriləcək inzibati
binasında saxlanılması
barədə qərar
qəbul edilib. Bu məqsədlə yaxın zamanlarda qızılın bir qisminin Azərbaycana gətirilməsi planlaşdırılır.
Fondun yeni binası istifadəyə verilənədək
gətirilmiş qızıl
Mərkəzi Bankda saxlanılacaq.
– Rusiya rubluna investisiya qoyulması ilə bağlı vəziyyət
necədir?
– 19 oktyabr 2012-ci il tarixində ARDNF Rusiyanın
ən böyük banklarından biri olan Qazprombanka 3 milyard rubl (təxminən
100 milyon dollar) məbləğində
qısamüddətli depozit
yerləşdirərək bu
valyutada ilkin investisiyalarına başlayıb.
Gələcəkdə rublda ifadə
olunan digər maliyyə alətlərinə
də müvafiq investisiyaların həyata
keçirilməsi nəzərdə
tutulur.
Namiq Hüseynov
Baku Post.-2012.-30 dekabr.-S.10.