Vətən əmanəti
O daim ifa etdiyi
mahnılarla həmrəyliyə çağırıb. Dünya Azərbaycanlıların Həmrəylik
Günü ərəfəsində hərbi-vətənpərvərlik
mahnılarının usta
ifaçısı Şəmistan Əlizamanlı ilə görüşdük. Onun qeyri-adi səsində
işğalla barışmazlıq ruhu, qələbə həyəcanı
var. Minlərlə insan döyüşə məhz onun mahnıları ilə atılıb. Şəmistan
Əlizamanlı bu gün
də səsi ilə döyüşür,
hələ də ermənilər Qarabağda
bu səslə vuruşur.
– Sizə Azərbaycanın
Levitanı deyirlər. Bu ifadə necə
yarandı?
– Yuri Levitan 2-ci Dünya Müharibəsi illərində səsi
ilə qəlblərə hakim kəsildi.
O zaman televiziya yox idi. Hər kəs
müharibədə nələr baş verdiyini radio vasitəsilə
Levitanın səsi ilə duyurdu. Mən də
müharibə illərində hərbi diktor
olduğum üçün
bu bənzətmə çox
xoşdur. Levitan sovet dövlətində müharibə tarixində
böyük bir iz qoymuş sənətkardır.
Tale elə gətirdi ki,
1986-cı ildə Azərbaycan Dövlət Radiosundan
Moskvada SSRİ Dövlət Teleradio Verilişləri Şirkətində diktor kimi təcrübə
keçməyə göndərildim. Artıq Levitan
dünyasını dəyişmişdi, mənim müəllimimsə
Levitanın yaxın dostu idi.
Levitan haqqında çox
şey öyrəndim. Sonradan
1992-ci ildə müharibə illərində hərbi diktor oldum. İkimizin
də vəzifəmiz eyni oldu,
səsimiz də oxşardır.
– Azərbaycanın ilk
hərbi diktorusunuz. Bu
necə baş verdi?
– 1985-ci ildə
Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini bitirdim. Müəllimlərim
həmişə yaxşı səsim olduğu
üçün diktorluq
sənətinin arxasınca getməyimi məsləhət
görürdülər. Tələbəlik illərində də
radio-tamaşalarda əsas rolları
oynayırdım. Getdikcə həvəslənirdim. Sonra diplom
tamaşamızda pərdə əfsanəvi diktor
Aydın Qaradağlının səsi ilə müharibədən
bəhs edən şeirlə açıldı. Şeiri eşitdim və o səs, ifa məni valeh etdi.
A.Qaradağlının bir cümləsi
gözümdə müharibə canlandırdı. Həmin an diktor olmağa
qərar verdim. Düşündüm ki, diktor kimi
də bu sənətin zirvəsinə qalxmaq mümkündür.
1986-cı ildə diktorluq müsabiqəsində
birinci yeri qazandım
və Azərbaycan Dövlət Radiosunda
çalışmağa başladım. 1992-ci ildə Azərbaycan
Dövlət Televiziyasına keçirdilər. O zaman Müdafiə Nazirliyindən səsi
xalqı səfərbərliyə səsləyən diktor axtarırdılar. Bu
seçimdə mənim üzərimdə dayandılar.
– Hərbi diktorun
obrazını necə təsvir edərdiniz?
– Hərbi diktor arxa cəbhə ilə ön
cəbhənin arasında kontakt rolunu oynamalıdır, onları birləşdirməlidir.
O, elə etməlidir ki, müharibə bütün ailələrdə hiss edilsin. Bunu
özüm fikirləşdim və tez bir zamanda
da alındı. O vaxt
könüllülərin sayı-hesabı yox
idi, hara yerləşdirməyi
bilmirdik. Müharibənin içinə girdim və yaşamağa
başladım.
– Cəbhə xəbərlərini
deyərkən hansı hissləri keçirirdiniz?
– Hərbi diktor olduğum illərdə
yaxşı xəbər çatdıra bilmədiyimə
görə çox təəssüflənirəm.
Cəbhə xəbərlərini hazırlayırdım və
qələbə xəbərini mən söyləyəcəkdim.
Bunun xalqım və mənim üçün nə demək olduğunun əhəmiyyətini dərk edirdim. Qələbə xəbərini
hazırlamışdım. Məşq də etmişdim.
Düşünürdüm ki, qələbə xəbərini deyəndən
sonra sakitləşmək üçün
üç gün heç bir yerə getməyəcəyəm.
Lakin qələbə xəbərini
çatdırmaq mənə qismət olmadı. Hərbi diktor, zabit kimi
bu xəbəri çatdırmaq üçün əlimdən gələni etdim. Əlimdə silah cəbhəyə
yollanmağa və qələbə xəbərini
deməyə hazıram. Bu uğursuzluq,
işğalla barışmıram. Dünyadan belə köçmək istəmirəm.
Çünki müharibədə olmuşam. Hamımızın bir işimiz
yarımçıq qalıb – düşməndən qisas ala,
torpaqlarımızı azad edə bilmədik.
– Ən dəhşətli
xəbər hansı olub?
– Hər bir pis
xəbər məni də kədərləndirirdi. Hər bir şəhid mənim
üçün əzizdir. Ağdamda tanıdığım
bir leytenant vardı, iki gün əvvəl görüşmüşdük,
sonra onun şəhid olması xəbərini oxudum və məni
qəhər boğdu. Ağdərə xəyanət nəticəsində
düşmən əlinə keçdi. Bu məni çox
ağrıtdı. Ağdərədə
çaşqınlıq yarandı, ən yaxın dostum, Milli
Qəhrəman Yusif Mirzəyev, uşaqlıq dostum Milli Qəhrəman
Vəzir Sədiyev ikisi bir yerdə şəhid oldu. Bu xəbərləri
efirə söyləmək çox ağır idi.
– Sonra özəl
kanallar yarandı və aparıcı kimi Sizi dəvət etdilər?
– Hərbi-vətənpərvərlik
verilişinin aparıcısı kimi dəvət etdilər,
lakin proqramın formatı məni qane etmədiyi, istədiyim
kimi ciddi xarakterli olmadığı üçün imtina
etdim. İki ali təhsil
ocağına nitq mədəniyyətindən
dərs demək də təklif edildi. Amma əgər tələbələr öyrənmək
istəmirlərsə, bilik və
vaxtımı onlara sərf etməyin mənası
yoxdur. Dərs demək xatirinə
razılaşmaq isə xarakterimə yaddır.
– Siz hərbi-vətənpərvərlik mahnılarının müəllifi
kimi yadda
qalmısız. Bu
yaradıcılığınızı davam
etdirirsinizmi?
– Şəxsi təşəbbüsümlə
yeni mahnılar yazırıq. Lakin belə olmamalıdır. Bu
mahnılar dövlət səviyyəsində yazılmalı
və klipləşdirilməlidir. Çünki
klipin təsiri böyükdür.
Amma bu tək mənim
gücümdə olan iş
deyil. Axı, bu
mahnılara ehtiyac var!
Hərbi-vətənpərvərlik mahnıları çox yazılmalı və orduda
yayılmalıdır, çünki
torpaqlarımız işğal
altındadır. Müharibə şəraitində olan ölkə üçün
hərbi-vətənpərvərlik mahnıları azdır. Bizi müharibəyə səsləyən yetərincə
şüarlarımız yoxdur. Havadan da barıt qoxusu gəlməlidir. Bizdə elə bil müharibə əhval-ruhiyyəsi yoxdur. Bir neçə dəfə
təklif etdim
ki, Azərbaycanda 4500-dək orta məktəb var, heç olmasa hərəsinə
bir dənə hərbi-vətənpərvərlik
mahnılarından ibarət disk verilsin. Amma gerçəkləşdirən
olmadı. Təəssüf ki, belə məsələlərə
bir az biganəyik.
– Dövr dəyişib,
hərbi vətənpərvərlik mahnılarının yeni obrazı necə olmalıdır?
– Hər halda bu əsgərə aid olmalıdır, əsgər və onun xidməti, Vətən, bayraq vəsf edilməlidir. Əsgərin
varlığına hopan mahnılar, əsgər
üçün mənəvi qida olmalıdır. Bu
mahnılar onun daha
şərəfli xidmət etməsinə kömək etməlidir.
– Cəbhə bölgələrinə
yenə də gedirsiniz...
– Bu ay Naxçıvan şəhərində
Gənclik Sarayında böyük bir konsertim oldu. Zalın
çoxu əsgər və kursantlar idi. Mən hərbi geyimdə
idim və Naxçıvan Dövlət Filarmoniyası və
Xor Kollektivi müşayiət edirdi. Bütün
mahnıları canlı ifa edirdik. Naxçıvanda Daxili
Qoşunların hərbi hissəsində də konsertimiz
keçirildi. Bütün əsgərlər mahnıları mənimlə
bərabər ifa edirdi. Bakı və Azərbaycanın
bütün bölgələrində də belə bir konsertlər
olmasını istərdik. Amma bunu təşkil etmək
lazımdır. Sonra Türkiyənin Tarsus şəhərində
Əhməd Cavad adına parkın
açılışında iştirak etdik və Ə.Cavadın
məşhur “Çırpınırdı Qara dəniz”
mahnısını oxudum, sonra iki konsert proqramımız oldu.
– Hərbi hissələrdə
axşam gəzintilərində mahnılar oxunur. Onların
içərisində məşhur “İgid əsgər”
mahnısı da var. Bu
mahnı necə yarandı?
– “İgid əsgər” 1993-cü ildə oxuduğum ilk
mahnıdır. Milli Qəhrəman Yusif
Mirzəyevə həsr
edilib. O vaxt bu cür
mahnılara ehtiyac vardı. Müstəqillik qazanandan sonra
milli marşlar və vətənpərvər
mahnılarımız yox
dərəcəsindəydi. Şahin Musaoğlu ilə bu mahnını hazırladıq. Sonra kaset
kimi buraxdırıb silahlı qüvvələr
arasında yaydıq.
Bu mahnının söz və musiqisi sadə və səmimi olduğu üçün
indiyədək də
oxunur.
– Ümumiyyətlə,
heç başqa mövzuda mahnılar ifa etmisinizmi?
– 4 diskim var. Könlümə yatan, ruhuma uyğun mahnılar ifa edirəm. Əməkdar artist Nuriyyə Hüseynova
ilə birgə bir neçə kərkük xalq mahnıları duetimiz var.
“Vətən əmanəti”
adlı yeni diskim çıxmaq ərəfəsindədir. Orada son zamanlar yazılan və səslənməyən
mahnılar toplanıb.
– Övladlarınız
nə işlə məşğuldur?
– Bir oğlum,
bir qızım var. Oğlum Avropada memarlıq sahəsi üzrə magistr təhsili alır, qızım da ali təhsili
yeni bitirib.
– Heç
vaxt demədiyiniz nəsə var?
–Demədiyim təkcə Qələbə
xəbəridir. Kimliyindən
asılı olmayaraq bu xəbər mütləq çatdırılmalıdır!
Ümidə Həsənli.
Baku
Post.-2012.-30 dekabr.-S.16.