Yaşar Nuri ekranda olacaq

 

Yaşar Nuri sağlığında o filmi görə bilmədi. Dünyasını dəyişən Xalq Artisti hələ ekranlara çıxmayan “Mən evə qayıdıram” filmində əsas rollardan birini oynayıb. Yaratdığı obrazların ömrü ölümünə belə qalib gəlməyi bacarır.

 

Oynamaq istədiyi həyat

 

Y.Nurinin həyat yoldaşı Rəhimə xanım onu görən son insandır: “Heç bir vəsiyyət etmədi. Nəsə yazmaq istəyirdi, həmişə nə isə düşünürdü. Amma əlinə qələm alıb, sonra yerə qoyurdu. Heç vaxt nə həyatdan, nə insanlardan gileylənməzdi. Sağalıb yenidən səhnəyə çıxacağını, mono-tamaşada kiminsə həyatını oynamaq istədiyini deyirdi. Bir dirijorun həyatını səhnədə yaşamaq istədiyini deyirdi”. Xalqın böyük məhəbbəti son illərini xəstəliklə mübarizədə keçirən görkəmli aktyorun təsəlli yeri idi. Onu hamı sevir, sıradan tamaşaçı da, sənət yoldaşları da: 

Xalq Artisti Habil Əliyev: “Yaşar mənim növbəmi əlimdən aldı. Mən ondan böyüyəm. Məni son mənzilə o yola salmalıydı. Yaşar hələ yaşamalıydı! O, yaşamalı Yaşar idi. Şeyx Sədinin belə bir deyimi var ki, Allahın elə işlərini bilirəm ki, desəm qan düşər. Onun elə biri də budur. Yaşarın getməsi xalqa ağır təsir etdi”.

Xalq Artisti İlham Namiq Kamal: “Yaşarı itirmək Azərbaycanda böyük bir nəslin üzdə olan nümayəndələrindən birini itirməkdir. 3 gün əvvəl danışdıq.

Yaşarın ürəyində teatra o qədər məhəbbət vardı ki, xəstə-xəstə səhnəyə çıxmağa belə razı idi. Yaşar Nuri səhnəyə Azərbaycan komediyasının təbii rüşeymlərini, meydan teatrının prinsiplərini gətirdi. Səmimi və təbii sənətkarlar çox azdır. Hətta mənfi obrazlar ifa etsə də, tamaşaçı ona heyran qalırdı. Yaşarın kino və teatrdakı rolları tənqidçilər tərəfindən hələ çox araşdırılacaq”.

Xalq Artisti Firəngiz Mütəllimova: “O mənim tək səhnədə yox, həyatda dayağım idi. Dərdimi ona deyirdim. Mənə o qədər köməkliklər edib ki! 34 illik səhnə  yoldaşım, sirr yerim – sirdaş yerim idi. O əvəzedilməzdir. Hər tamaşada onun yeri görünəcək”.

Xalq Artisti Amalya Pənahova: “Səhnədə, ekranda ifa etdiyi rollar gözümün qarşısına gəlir. Yaşar böyük sənətkar idi. Biz itirə-itirə gedirik. İstedadlar gəlir, amma incəsənətimizdə Yaşarın öz yeri olacaq. Bu itki mənə çox ağrılı məqamlar yaşatdı. 60 yaş nədir ki? O hələ yaşayıb yarada bilərdi...”

Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov: “23 il Yaşarla bir yerdə işləmişəm. Onu  digər sənət adamlarından fərqləndirən cəhət vəziyyətdən asılı olmayaraq sənətinə səliqə ilə yanaşması idi. Yaşara böyük aktyor deyəndə həyəcanlanırdı. Hər zaman sıfırdan başlamağı bacarırdı. Bunu özünə üslubu seçmişdi.

Və hər dəfə hansısa mükafat alanda deyirdi ki, bu, vaxtilə atama qismət olmayan mükafatlardır, indi mənə verilir”.1974-cü ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan Y.Nuri 2008-ci ildən səhnəyə çıxmırdı. Çünki səhhətində problem yaranan Xalq Artisti həmin ilin may ayında İstanbulda qaraciyərindən əməliyyat olundu. Sənətkar  uzun müddət müntəzəm olaraq Türkiyədə müalicə alırdı, sonra müalicəsini Bakıda davam etdirdi

 

“Qızım, mən heç vaxt ölməyəcəm”

 

Səhhətindəki ağırlaşmalar bir neçə dəfə onun haqqında yanlış ölüm şayiələrinin yayılmasına səbəb olmuşdu. O, hamıya, o cümlədən jurnalistlərə qarşı da çox həssas və mehriban idi. Bu xəbərləri də özünəməxsus tərzdə yumorla qarşılayırdı. Bir dəfə belə şayiələrin birində həyat yoldaşı Rəhimə xanıma zəng etdim, Yaşar müəllim dəstəyi aldı və dedi: “Qızım, mən heç vaxt ölməyəcəm. Hər dəfə ekranda mənə baxdıqca yaşayacam. Biz ölümsüzük, qızım! Özümü unutdurmağa imkan verməyəcəm!”.Mən elə buradaca Yaşar Nuri haqqında yazını tamamlamaq istəyirəm!

 

 

Ümidə  Həsənli

 

Bakupost. – 2012. – 24 noyabr. – S. 16.